“Neftçala işi” üzrə məhkəmə - VİDEO

“Neftçala işi” üzrə məhkəmə - VİDEO
Sabiq icra başçısı və digərləri barəsində həbs qərarı verilib

Səbail rayon Məhkəməsində Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb. Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.
 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər