Mir Şahinin vaxtı - VİDEO (23.02.2020)

Mir Şahinin vaxtı - VİDEO (23.02.2020)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin Vaxtı başladı.

Biz Sizinlə çox zəngin və kifayət qədər maraqlı bir həftə yaşadıq. Həftənin əsas hadisələrini şərh edəcəyik. Təbii ki, əvvəlcə bütün Yollar Romaya aparacaq.

Prezidentin tarixi-strateji səfərinin əhəmiyyətinə yeni dünya qaydaları fonunda baxacağıq.

Energetika naziri Pərviz Şahbazovla əlahiddə müsahibəmiz də elə bu mövzuda olacaq.

Təhlil gündəliyimiz təbii ki Prezident İlham Əliyevin təkcə Azərbaycan yox, bütünlükdə region üçün mühüm olan İtaliya səfərindən başlayır. Və təkcə ona görə yox ki, bu, Azərbaycan Prezidentinin İtaliyaya TARİXDƏ!!! ilk dövlət səfəri idi.

Səfərə unikal sambal verən başqa səbəblər də var. Amma icazənizlə daha bir-neçə anons verib sonra Romaya gedək.

Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının yerli Harun ər Rəşidlər və ya harın ər rəşidlərin ifşası və yaxalanması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışacağıq. Xəbərdarlıqlarımız olacaq. İcbari sığortayla bağlı əksər suallarınıza düşünürəm ki, məhz bu gün tam cavab alacaqasınız. Məsələn, çox sualların cavabını elə mən özüm də İcbari tibbi sığorta üzrə dövlət agentliyi idarə heyətinin sədri Zaur Əliyevlə söhbətə qədər bilmirdim.

Beləliklə, Avropa. İtaliyanın paytaxtı Romadayıq. Azərbaycan Prezidentinin bu ölkəyə səfəri iki ölkə arasındakı münasibətlərin artıq strateji tərəfdaşlıq xarakteri daşımasının sübutu oldu. Yeni dünya sistemində, 4-cü sənaye transformasiyasının çağırışları fonunda Azərbaycanın yeri və rolu baxımından bu çox mühüm hadisədir. Planet ikinci dünya müharibəsindən sonrakı dövrdə heç vaxt belə mürəkkəb vəziyyətə düşməyib. Biz bu gün dünyanın yenidən bölünməsi prosesinin şahidləriyik. Və Azərbaycan bölüşdürülən hədəf olmamaqdan ötrü var gücü ilə çalışır. Birləşmiş Ştatlarda Donald Trampın hakimiyyətə gəlməsindən sonra buna qədərki samanaltı su yeritməkliklər, altdan-altdanlıqlar arxa plana keçib. Flaqman olaraq Ağ Evin kabina siyasətindən, üstüaçıq, bir növ kuzov kursuna keçməsi dünyanın bütün imkanlı-imkansız, iddialı-iddiasız dövlətlərini də öz yollarına və yoldaşlarına yenidən baxmağa vadar edir. Rusiya, Türkiyə, İran kimi region qüdrətləri açıq siyasət aparır. Dünənki dostluqlar, müttəfiqliklər dərhal pozulur və anidən bərpa olur. Yeni siyasi-beynəlxalq sahman, geosiyasi yerləşmələr baxımından Azərbaycan Prezidentinin İtaliya gedişi ilk növbədə 7-lik üzvü olan seçilmiş ölkəyə dövlət səfəri kimi əhəmiyyətlidir. Əliyev bu ölkəylə münasibətləri əsrarəngiz bir üzəvurma olmadan, ehtiyat, amma sabitqədəm şəkildə qurub. Təbii ki, dövlətlərarası münasibətlər qarşılıqlı maraq və mənafelərə uyğun olaraq tərtib olunur, bu baxımdan şübhəsiz ki, Romanın Bakıya rəğbəti mühüm şərtdir. Amma mən bir təhlilçi olaraq hesab edirəm ki, İtaliya-Azərbaycan münasibətlərinin artıq strateji tərəfdaşlıq həddinə gəlib çatmasında İlham Əliyevin rolu müstəsnadır. Ona görə ki, İtaliyada Azərbaycanla münasibətlərin, xüsusilə TAP layihəsinin icrasının istəməzlərinin sayı çox idi və etiraf edək ki, onlar bu gün də vaxtaşırı pristuplarla ağrı yaradırlar. Azərbaycan isə bütün çətinliklərə, əngəllərə baxmayaraq özünü Azvropadan ötrü çox mühüm tərəfdaş kimi təqdim etməyi bacardı. Avropadan ötrü həyati əhəmiyyətə malik olan enerji layihəsinin sonuncu fazasının bu il başa çatmayacağından və bununla da İtaliyanın özünün qovşağa çevriləcəyindən indi asanlıqla danışmağa nə var ki?! Amma bu cümlənin alt qatında o qədər sualtı maneələr, qirdablar, burulğanlar olub ki... Azərbaycanla strateji tərəfdaş olan böyük yeddilik ölkəsi İtaliya NATO-nun üzvüdür.

Azərbaycan da NATO-nun sülhməramlı əməliyyatlarının və bu eqida altında həyata keçirilən anti-terror əməliyyatlarının fəal iştirakçısıdır. İki ölkə arasında imzalanmış "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" Azərbaycan Ordusunun yeni texnika ilə təchiz olunmasında İtaliyanın rolunu konkretləşdirəcək yeni saziş və müqavilələrə vəsilə oldu. İtaliya eyni zamanda ATƏT-in Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradılmış Minsk Qrupunun üzvüdür. Düzdür, həmsədr deyil, amma üzv kimi nüfuzu kifayət qədərdir. Elə bu səbəbdən də Romanın Azərbaycanın Ərazi bütövlüyünü, Dağlıq Qarabağ ərazisi də daxil olmaqla tanımasının bir xüsusi mənası var. Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi, habelə ATƏT-in himayəsi altında aparılan danışıqlar prosesi çərçivəsində sülh yolu ilə nizamlanmasının birmənalı şəkildə dəstəklənməsi ilə Azərbaycanın haqlı mövqeyi tam müdafiə edilir.”

Üstəgəl, İtaliyanın Azərbaycanla hərbi-texniki əməkdaşlığı. Deməli, buradan nə çıxır?! Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi tək tanıyan Avropa ölkəsi həm də işğala məruz qalmış respublikamızla hərbi-texniki əməkdaşlıqla dəstək verir. Yeri gəlmişkən İtaliya Avropanın Azərbaycanla ən məhsuldar və effektiv əməkdaşlıq edən dövlətidir. Bir daha xatırladırıq. İtaliya Avropanın ən nüfuzlu, Böyük 7-liyin üzvü, NATO-nun üzvü- Azərbaycanı strateji müffətfiq kimi qəbul edir. Çox istərdim ki, bu cümləni yadda saxlayaq. Elə-belə yox. Həm də gələcək üçün. Və bu sadəcə gəlişi gözəl, pafoslu sözlər deyil. Birgə Bəyannamə siyasi, müdafiə təhlükəsizlik məsələlərini, ticarət və enerji, investisiyalar, nəqliyyat və digər məsələlərdəki planları əhatə edir.

STRATEJİ ƏMƏKDAŞLIQ BUDUR! Məncə burda dayanaq, İtaliya və Azərbaycan Prezidentlərinin mətbuata çıxışlarını xatırlayaq:

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella: “Prezident İlham Əliyevi Kuirinaledə qarşılamaq mənim üçün çox böyük məmnunluqdur və böyük şərəfdir. Bu, onun İtaliyaya ilk dövlət səfəridir. Çox məmnunam ki, mənim Bakıya təqribən iki il bundan əvvəlki səfərimdən sonra cənab Prezidentin buraya səfəri baş tutur. İki il bundan əvvəlki səfərdən mənim çox gözəl xatirələrim var. Bu gün cənab Prezidentin Romaya səfəri bir daha İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin nə qədər güclü olduğunu göstərir.

Biz artıq apardığımız danışıqlar nəticəsində bir neçə məsələni qeyd etdik. Burada İtaliya ilə Azərbaycan arasında olan əlaqələri xüsusilə vurğuladıq. Yalnız enerji sahəsində deyil, həmçinin digər sahələrdə, həm siyasi, həm mədəni sahələrdə olan əlaqələri vurğuladıq. Burada müxtəlif sahələrdə tərəfdaşlığın gücləndirilməsi ilə bağlı Birgə Bəyannamə qeyd olundu. Cənab Konte və cənab Prezident tərəfindən imzalanan bu bəyannamə əlaqələrimizin demək olar ki, bütün sahələrdə inkişafına təkan verəcək.

İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır. Azərbaycan dialoqa çox açıq və bütün dünya tərəfindən görünən müasir bir ölkədir. Burada mən, həmçinin Qoşulmama Hərəkatına Azərbaycanın üçillik sədrliyini qeyd etmək istəyirəm. Azərbaycan bu öhdəliyi öz üzərinə götürmüşdür və bu, onun beynəlxalq sahədəki işini daha da gücləndirəcək. Mən bu işdə cənab Prezidentə uğurlar arzulayıram.

Biz iqtisadi-ticari sahədə çox intensiv əlaqələrə malikik, çox böyük inkişafla irəli gedirik. İtaliya müəssisələri Azərbaycana cəlb olunur, bir çoxları işləyir və bundan sonra digərləri də bu sahəyə cəlb olunacaqlar.

Bundan başqa, cənab Prezident və bütün hökumət ölkənin iqtisadi-siyasi həyatının şaxələndirilməsi ilə bağlı bir çox planlar reallaşdırır. Biz bu işə dəstək olmaq üçün hər zaman hazırıq. Bugünkü görüşlər zamanı bir neçə sahə üzrə imzalanmış sazişlər mübadilə olunacaq. Bu, bizim iqtisadi, siyasi sahələrdə inkişaf edən əməkdaşlığımızın bariz göstəricisidir. Bundan əlavə, Cənub Qaz Dəhlizi layihəsini qeyd etmək istərdim. Artıq TAP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir. Bu, İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına yardımçı olacaq.

Mən Azərbaycanın beynəlxalq məsələlərə müsbət baxışını qeyd etmək istərdim. Azərbaycan enerji sahəsində hər zaman hamı ilə əməkdaşlıq etməyə açıq bir ölkədir. Mən bir daha qeyd etməliyəm ki, Azərbaycan beynəlxalq məsələlərdə bütün ölkələrlə dialoqa hazırdır. Bundan başqa, bir qədər öncə biz cənab Prezidentlə qeyd etdik ki, ölkələrimiz arasında mədəni sahədə də inkişaf gedir. Bugünkü görüşlər zamanı bu sahədə də bir çox sazişlərin imzalanması gözlənilir və bütün bu sazişlər çox mühümdür. Lakin mən onların içərisində ən mühümlərindən birini xüsusi qeyd etmək istərdim. Azərbaycanın Azərkosmos şirkəti ilə İtaliyanın tərəfdaş şirkəti arasında gələcək əməkdaşlıq və yüksək texnologiyanın tətbiqi ilə bağlı saziş mübadilə olunacaq.

Mən artıq cənab Prezidentə bu barədə bildirdim ki, 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub. Bu, bizim əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək. Bundan başqa, biz, həmçinin Dağlıq Qarabağla bağlı müəyyən bir sabit nəticənin əldə olunması haqqında danışdıq. Biz bu məsələyə İtaliya tərəfindən hər zaman dəstək olduğumuzu bildiririk. Biz ümid edirik ki, bu məsələ üzrə siyasi danışıqlar sayəsində qısa bir zamanda müəyyən nəticələr əldə olunacaq.

İtaliya Azərbaycanla Avropa İttifaqı arasında da əlaqələrə hər zaman dəstək olmağa hazırdır. Biz Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrə stimul olmaq üçün bu sahədə də çox geniş formada əməkdaşlıq etməyə hazırıq. İtaliya Azərbaycanı, həmçinin Avro-Atlantik Tərəfdaşlıq üzrə də ən əsas tərəfdaş kimi görür. Əfqanıstanda terrorizmə qarşı mübarizədə və gördüyünüz kimi, hər bir sahədə bizim ölkələrimiz arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Azərbaycan hər zaman bu əməkdaşlıqda İtaliyanın dostluğuna və dəstəyinə əmin ola bilər. Bir daha xoş gəlmisiniz."

 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:

“Təşəkkür edirəm, hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, məni İtaliyaya dövlət səfərinə dəvət etdiyinizə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Bu gün həm təkbətək görüş zamanı, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda bir daha əmin oldum ki, İtaliya və Azərbaycan bir-birinə çox yaxın olan dost ölkələrdir.

Cənab Prezident, Sizin Azərbaycana rəsmi səfərinizi məmnuniyyətlə xatırlayıram. Həmin səfər ölkələrimizin gələcək əməkdaşlığına çox güclü təkan vermişdir və səfər zamanı əldə edilmiş bütün razılaşmalar bu gün həyatda öz əksini tapır.

Bu gün çoxsaylı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur. Onların hər biri çox önəmlidir, bir çox sahələri əhatə edir. Ancaq mən xüsusilə strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Çünki bu bəyannamədə, əslində, bizim strateji tərəfdaşlığımızın gələcək istiqamətləri müəyyən edilir. Bu, çox dərin və müfəssəl sənəddir və həm siyasi, həm iqtisadi, mədəni, humanitar, bütün sahələri əhatə edən bir sənəddir. Eyni zamanda, İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında da müddəa var. Bu da yaxın, dost ölkələr, müttəfiqlər arasında olan bir məsələdir.

İqtisadi sahədə əməkdaşlığımızın gələcək inkişafı çox müsbət olacaqdır. Əminəm ki, bundan sonra biz İtaliya şirkətlərinin qeyri-neft sektorunda əməkdaşlıq etmələrini görəcəyik. Bu günə qədər də bir çox İtaliya şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak etmişlər. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya bizim üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Düzdür, bunun böyük hissəsi neft sektoruna aiddir. Ona görə biz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cənab Prezident dediyi kimi, biz məsələni müzakirə etdik. Bu məsələnin həlli yolları imzalanmış Birgə Bəyannamədə də göstərilir. Orada göstərilir ki, İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında, Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həll olunması göstərilir. Hesab edirəm ki, bu, çox ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqedir və bu mövqeyə görə biz İtaliya tərəfinə minnətdarıq.

O ki qaldı, məsələnin konkret həlli ilə bağlı addımlara, Ermənistan tərəfindən çox məyusedici və bir-birini inkar edən və ziddiyyətli bəyanatlar səslənir. Ermənistan rəhbəri bir dəfə demişdi ki, Dağlıq Qarabağ Ermənistandır. Ondan sonra demişdir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Hər ikisi həqiqəti əks etdirmir. Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir. Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Dağlıq Qarabağ daxil olmaq şərtilə bütün dünya tərəfindən tanınır və qəbul edilir. Ona görə münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Biz bu gün, cənab Prezidentin dediyi kimi, mədəniyyət sahəsində əməkdaşlığa da toxunduq. Biz bu sahədə əməkdaşlığı dərinləşdirmək istəyirik. Azərbaycanın İtaliyada Mədəniyyət Mərkəzinin açılışı nəzərdə tutulur. Bir neçə il bundan əvvəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi Villa Borgeze parkında ucaldılıb.

Bizim təhsil sahəsində çox yaxşı əməkdaşlığımız var və bu sahədə də sənədlərin imzalanması nəzərdə tutulur. Hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır.

O ki qaldı, energetika məsələlərinə, Azərbaycan İtaliya üçün bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir və bu müddət ərzində heç bir problem, heç bir fors-major hadisəsi olmamışdır. Yəni, Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib.

O ki qaldı, təbii qazın ixracına, bu layihə də yekunlaşmaq üzrədir. TAP layihəsinin icrası 92 faizə çatıbdır və TAP layihəsi Cənub Qaz Dəhlizinin dördüncü və sonuncu layihəsidir. Bundan əvvəl üç layihə icra edilmişdir. Cənub Qaz Dəhlizinin bir tərəfində Azərbaycan və o biri tərəfində İtaliya dayanır. Bizim aramızdakı daha beş ölkə, bütövlükdə yeddi ölkə arasında əməkdaşlıq yaranır. Bu əməkdaşlıq enerji və bütün başqa sahələrə də müsbət təsir göstərəcək. Çünki bu ölkələr artıq bir-biri ilə sıx bağlı olan ölkələr olurlar. Bundan sonra bu ölkələr arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı da təbii ki, daha sürətlə gedəcək.

Cənub Qaz Dəhlizi tarixi layihədir və mən xüsusilə Prezident Mattarellaya onun göstərdiyi səylərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki 2018-ci ilin iyul ayında Azərbaycanda rəsmi səfərdə olarkən Prezidentlə bizim bu barədə söhbətimiz olub. Bu söhbətdən sonra TAP-ın icra edilməsi daha sürətlə getmişdir və hazırda biz layihənin son mərhələsindəyik.

Biz, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş gedir. Hesab edirəm ki, bu gün imzalanacaq çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə bu saziş üçün də gözəl əsas təşkil edə bilər.

NATO-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz qoşunlarımızı Əfqanıstana uzun illər bundan əvvəl göndərmişik. Sülhməramlı əməliyyatlarda Azərbaycan fəal iştirak edir və NATO qoşunları üçün çox önəmli logistik və nəqliyyat xidmətləri göstəririk. Nəzərə alsaq ki, Azərbaycanın coğrafi yerləşməsi və nəqliyyat infrastrukturu çox əlverişlidir, biz bu sahədə də uğurlu əməkdaşlıq edirik.

Yəni, səslənən bu məsələlər və fikirlər artıq aydın göstərir ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq əlaqələri vardır və bu əlaqələr bundan sonra da uğurla inkişaf etdiriləcəkdir. Sağ olun."

Avropanın enerji təhlükəsizliyi üçün Azərbaycanın əhəmiyyəti, qoca qitənin bu baxımdan az qala nəfəsliyinə çevrilmə şansımıza qayıtmaq istərdim. Bu gün Azərbaycan Qafqazın kiçik respublikası olmaqla həm də öz boyundan dəfələrlə böyükdür. Mütəxəssislər, təhlilçilər Avropanın məruz qaldığı enerji təhdidi qarşısında Azərbaycanı ən mühüm dövlətlərdən biri adlandırırlar. Yeri gəlmişkən, İtaliya Azərbaycanla icra etdiyi bu nəhəng layihəylə həm də öz dəyərini, əhəmiyyətini bir neçə dəfə artırır. Bu ölkə özü xaba çevrilir. Avropanın bu aparıcı dövləti Azərbaycanla əməkdaşlıqdan özü üçün də ciddi uğurlar əldə edir və bu baxımdan yanaşsaq, İtaliyanın Azərbaycana minnətdar olmaqdan ötrü çoxlu səbəbə malik olduğunu görərik. Yəni Azərbaycana kimsə, o cümlədən Avropanın bu nüfuzlu dövləti qara qaşına, ala gözünə, qara neftinə, mavi qazına görə minnət etmir. Onun real dəyərini verir. Bu həqiqətin sübutu kimi İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin İtaliya-Azərbaycan Biznes Forumundakı çıxışından bir parçanı təqdim edirəm:

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Mayon: “İtaliya Azərbaycanın birinci ticari tərəfdaşı hesab olunur. On ildən az müddətdə bizim ticari əlaqələrimiz 70 faizə qədər artıb. Son on ildə İtaliyanın Azərbaycandan olan idxalı 55,5 milyard avro təşkil edib. Bu gün burada iştirak edən italyan şirkətləri müxtəlif sahələr - nəinki neft və qaz sahəsi, eləcə də digər sahələr üzrə fəaliyyət göstərirlər. Bu şirkətlərin əlaqələrimizin inkişafına öz dəstəyini verməsi gözlənilir. Son 15 ildə İtaliya şirkətləri tərəfindən Azərbaycanda qazanılmış tenderlərin dəyəri 7 milyard avro təşkil edir.

Bizim münasibətlərimiz mühüm strateji əməkdaşlığımızı bir daha təsdiq edir. Həqiqətən də Azərbaycan hökumətinin iqtisadiyyat sahəsində, eləcə də iş adamları ilə münasibətləri möhkəmlətmək istiqamətində göstərdiyi səylərə görə çox böyük minnətdarlığımızı bildiririk. Hökumət biznes mühitinin, eləcə də KOB-ların və digər iş adamlarının hüquqi sistem baxımından qorunmasına böyük dəstək göstərir. Biz buna görə də təşəkkürümüzü bildiririk.

Bizim 100-dən çox şirkətimiz hazırda Azərbaycanda fəaliyyət göstərir. İstər dizayndan turizmə, istər aqrar sənayedən yaşıl texnologiyaya və istərsə də nəqliyyatdan logistikaya qədər hər bir sahədə biz Azərbaycanda fəaliyyət göstəririk. Təbii ki, bu, şirkətlərimizə Azərbaycanda göstərilən böyük dəstəyin nəticəsidir.

Cənab Prezident, mən bilirəm ki, bizim sənaye sahəsində əməkdaşlığımızı gücləndirmək üçün lazımi şərtlərimizin hamısı var. Biz bu fürsətləri, eləcə də imkanları bir yerdə dəyərləndirməliyik.

Mən bu gün biznes forumun əsas sektorlarını düşünəndə demək istəyirəm ki, İtaliya bütün bu sahələr üzrə dünya səviyyəsində böyük təcrübəyə malikdir. Məsələn, infrastruktur və nəqliyyat sahəsində İtaliya dünya səviyyəsində özünün əvəzolunmaz rolunu oynamışdır. Xüsusən də bu, şirkətlərin beynəlmiləlləşdirilməsi və KOB-lara dəstək verilməsində böyük rol oynayır. Biz əminik ki, italyan şirkətlərinin bacarıqları sizə kömək edəcək. Bu sahədə göstərdiyi dəstəklə, yeni İpək Yolunun yaradılması ilə Azərbaycan əsas nəqliyyat habına çevrilib. Məsələn, yeni Ələt Limanında xüsusi iqtisadi zonanın yaradılması buna misaldır.

Aqrar sənayedə bizim şirkətlərimiz texnologiya və istehsal səviyyəsi baxımından dünyada birincidir. İtaliya şirkətləri xüsusən də kənd təsərrüfatı avadanlığının təkmilləşdirilməsi üzrə ixtisaslaşmışdır. Həmin avadanlıqlar əsasən ətraf mühitin qorunmasında xüsusi rol oynayır. Bunun hesabına bizim kənd təsərrüfatımız istixana qazını 50 faiz azaldıb. Təbii ki, bu, Avropa İttifaqındakı digər ölkələrə nisbətən ən yaxşı göstəricidir.

Bərpaolunan energetika və ekodayanıqlı texnologiya sahəsində İtaliyanın uzunmüddətli təcrübəsi var. Günəş, külək və geotermik sahələrdə bərpaolunan enerji mənbələrinin istifadəsində zəngin təcrübəyə malikik. İtaliyanın 432 minə yaxın şirkəti son 15 ildə biotexnologiyaların inkişafına öz dəstəyini göstərmişdir. Xüsusilə biotexnologiyalar sahəsində şirkətlərin sayı 31,2 faiz təşkil edir, emal sahəsində isə 35,8 faiz.

Mən əminəm ki, Abşeron ərazilərinin münbitləşdirilməsində italyan şirkətləri böyük rol oynaya biləcəklər. Eləcə də demək istəyirəm ki, italyan şirkətləri infrastruktur, maşınqayırma, aqrar sənaye, rəqəmsallaşdırma, əczaçılıq və tekstil sahələrində fəaliyyət göstərməkdə çox maraqlıdırlar. İtaliya hökuməti də buna böyük dəstək göstərir. Çünki bildiyiniz kimi, ticari siyasətin strategiyası və beynəlmiləlləşdirilməsinin genişlənməsi ilə bağlı İtaliya hökuməti şirkətlərə öz dəstəyini göstərir. Burada əsas məqsəd şirkətləri xarici bazarlarda təqdim etmək və bu şirkətlərin sayını daha da artırmaqdır. Bu şirkətlərin, assosiasiyaların, eləcə də digər şirkətlərin bunu etməkdə əsas məqsədi onların həqiqətən güclü “nou-hau”ya malik olmasıdır. İtaliya hökumətinin məhz iş adamlarına dəstək verməsi onların Azərbaycanda fəaliyyət göstərməsinə kömək olacaq.”

Azərbaycan Prezidentinin çıxışı isə həm də qlobal Davos çağırışları və standartları baxımından DİQQƏTƏLAYİQ idi. Diqqətinizi bir fakta yönəltməyinizi xahiş edəcəm.

Prezident Əliyev deyir: “Ancaq biz onu bilməliyik ki, bu, ilk növbədə, Azərbaycandan İtaliyaya xam neftin ixrac edilməsinə görə mümkün olmuşdur. Bizim əsas vəzifəmiz ticarət əlaqələrimizin şaxələndirilməsidir. Neft-qaz sektorundan başqa layihələrin həyata keçirilməsi, hesab edirəm ki, belə imkanlar yaradacaqdır”.

Bu isə o deməkdir ki, Azərbaycanın lideri İtaliya ilə, ümumiyyətlə istənilən ölkə ilə münasibətdə dördüncü sənaye transformasiyasının şərtlərinə istinad edir. Bu isə yalnız keçmiş və bu günlə deyil, həm də və daha çox gələcəklə yaşamaq fəlsəfəsidir. Neftə, qaza beynəlxalq münasibətin dəyişməkdə olduğu bir vaxtda İlham Əliyevin nə dediyi, nə demək istədiyi son dərəcə mühüm və aydındır. Prezident siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, energetika, kosmik sənaye, hərbi sənaye və digər sahələri əhatə edən Birgə Bəyannaməyə bu baxımdan yüksək qiymət verdi.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bu, çox ciddi siyasi sənəddir və əslində, bizim gələcək ikitərəfli əməkdaşlığımızın əsas prioritetlərini müəyyən edən bir sənəddir. Bu sənəddə çox önəmli müddəalar var. Bu müddəalar onu göstərir ki, bizim əlaqələrimiz hətta müttəfiqlik əlaqələrinə yaxındır. Çünki oradakı maddələrdən birində göstərilir ki, biz beynəlxalq təşkilatlarda maraqlarımızı nəzərə alaraq bir-birimizi dəstəkləyəcəyik.

O ki qaldı, iqtisadi sahəyə, cənab nazirin dediyi kimi, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Ancaq biz onu bilməliyik ki, bu, ilk növbədə, Azərbaycandan İtaliyaya xam neftin ixrac edilməsinə görə mümkün olmuşdur. Bizim əsas vəzifəmiz ticarət əlaqələrimizin şaxələndirilməsidir. Neft-qaz sektorundan başqa layihələrin həyata keçirilməsi, hesab edirəm ki, belə imkanlar yaradacaqdır.

Azərbaycan uzun illərdir ki, İtaliyanı xam neftlə təchiz edir. Azərbaycandan gələn xam neft İtaliyanın istehlakının 18 faizini təşkil edir və Azərbaycan birinci yerdədir. TAP layihəsinin uğurla başa çatması nəticəsində Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər. TAP layihəsi başa çatmaq üzrədir. Layihənin icrası 92 faiz təşkil edir və bildiyiniz kimi, TAP Cənub Qaz Dəhlizinin 4-cü seqmentidir. Bu günə qədər digər 3 seqmentdə işlər tamamilə başa çatıb. Əminəm ki, bu ilin sonunda biz layihənin tam istismara verilməsini qeyd edəcəyik. Dünən Nazirlər Şurasının Sədri cənab Konte ilə görüş zamanı mən onu Azərbaycanda keçiriləcək təntənəli rəsmi mərasimə dəvət etdim. O da bu dəvəti qəbul etdi.

Azərbaycan və İtaliya Cənub Qaz Dəhlizinin iki məntəqəsində yerləşir. Bizim aramızda daha 5 ölkə var. Bu nadir infrastruktur layihəsinə həm texniki, həm maliyyə, eyni zamanda, beynəlxalq əməkdaşlıq baxımından doğrudan da analoq tapmaq çox çətindir. Yeddi ölkəni birləşdirən, aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilən və bir çox qabaqcıl şirkətlərin iştirakı ilə reallaşan bu layihə İtaliya-Azərbaycan dostluğunun təzahürüdür. Biz bu layihəni yalnız dostluq şəraitində icra edə bilmişik. Demək olar ki, biz layihənin artıq son mərhələsindəyik.

Eyni zamanda, indi bizim əsas vəzifəmiz TAP-dan sonrakı iqtisadi əməkdaşlığı dərinləşdirməkdir. Dünən mən işçi nahar əsnasında İtaliyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşmüşəm. Onların bir çoxu Azərbaycanda artıq uzun illərdir ki, fəaliyyət göstərirlər, bir çoxları isə fəaliyyətə başlamaq istəyirlər. Biz də bunu istəyirik və imzalanmış kontraktlar cənab nazirin qeyd etdiyi kimi, milyardlarla avro həcmindədir. Əminəm ki, gələcək əməkdaşlıq daha da genişmiqyaslı olacaq. Çünki strateji tərəfdaşlar kimi biz ticarət və biznes sahələrində də bir-birimizi dəstəkləməliyik.

Hesab edirəm ki, gələcək əməkdaşlıq üçün bir çox sahələr seçilə bilər. Əslində, bu sahələr dünən və bu gün imzalanmış və imzalanacaq sazişlərdə öz əksini tapıb. Mən nəqliyyat sahəsini xüsusilə qeyd etmək istərdim. Azərbaycan öz ərazisində nəqliyyat infrastrukturunu tamamilə yeniləşdirib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında nəqliyyat infrastrukturu baxımından Azərbaycan dünyada 34-cü yerdədir. Dəmir yollarının səmərəliliyinə görə 12-ci, hava yollarının səmərəliliyinə görə isə 11-ci yerdədir. Azərbaycan - açıq dənizlərə çıxışı olmayan ölkə artıq beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb nəqliyyat dəhlizi Azərbaycanın ərazisindən keçir. Bu, Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra mümkün olmuşdur. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi də Azərbaycanın ərazisindən keçir. Azərbaycan yeganə ölkədir ki, hər iki önəmli nəqliyyat dəhlizinin iştirakçısıdır və bu dəhlizlər, əslində, genişmiqyaslı beynəlxalq əməkdaşlığa da yol açıb. Hazırda biz Şimal-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri ilə bağlı işlərlə məşğuluq. Yüklər artıq bu dəhlizlər üzərindən dünya bazarlarına çıxarılır. Dünən imzalanmış memorandumun birində Azərbaycan Dəmir Yolları ilə İtaliyanın müvafiq qurumları arasında məsələ öz həllini tapıbdır. Biz İtaliyadan dəmir yolu texnikası alacağıq.

Kosmik sənaye də çox perspektivli sahədir. Azərbaycanın artıq 3 peyki vardır. İtaliyanın bu sahədə əldə etdiyi təcrübə bizim üçün çox maraqlıdır. Bu günə qədər iki ölkə arasında kosmik sənaye sahəsində əlaqələr olmayıb. Ancaq dünən imzalanmış sənədə görə biz artıq bu sahədə də əməkdaşlığı davam etdirəcəyik.

Sənaye istehsalının artması və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi işində İtaliya şirkətləri bizə kömək göstərirlər. Cənab Mattarellanın səfəri çərçivəsində biz böyük neft-kimya müəssisəsinin açılışında bərabər iştirak etmişik. İtaliyanın aparıcı şirkətlərindən biri Azərbaycanda təqribən 1 milyard dollara yaxın dəyəri olan iki böyük sənaye müəssisəsi istifadəyə vermişdir. Yəni podratçı kimi işləmişdi. Hazırda həmin şirkət Azərbaycanda neftayırma zavodunun yenidən qurulmasında fəal iştirak edir. İmzalanmış kontraktların məbləği 800 milyon avrodan çoxdur. Bu, hələ başlanğıcdır və əminəm ki, Azərbaycanın gələcək sənaye inkişafında İtaliya şirkətləri öz rolunu oynayacaq.

Bildirməliyəm ki, keçən il Azərbaycanın qeyri-neft sənayesi 16 faiz, bu ilin yanvar ayında isə təqribən 14-15 faiz artmışdır. Bu, onu göstərir ki, sənaye istehsalına çox böyük diqqət göstərilir və özəl sektor bu sahəyə böyük investisiyalar qoymaqdadır. Əminəm ki, bundan sonra da bu istiqamətdə işlər aparılacaq.

Mən dünən imzalanmış sənədlər arasında birini də xüsusi qeyd etmək istərdim. Bu, hərbi sənaye kompleksinə aiddir. Bu da bir başlanğıcdır. Bu günə qədər İtaliya ilə Azərbaycan arasında hərbi sənaye sahəsində əməkdaşlıq olmayıb. Ancaq imzalanmış memorandum əsasında bu əməkdaşlığa start verilir. Əminəm ki, bu ilin sonuna qədər bütün lazımi texniki və kommersiya şərtləri razılaşdırılacaq və beləliklə, biz hərbi sənaye sahəsində uğurla əməkdaşlıq edəcəyik.

Cənab nazirin dediyi kimi, İtaliya şirkətlərinin kənd təsərrüfatı sahəsində çox böyük təcrübəsi var. Şirkətlərin bəziləri Azərbaycanda fəaliyyət göstərir. Hətta bir İtaliya şirkəti Azərbaycanda şərabçılığın inkişafı ilə məşğul olur və çox uğurla məşğul olur. O şirkətin istehsal etdiyi məhsul xarici bazarlara da ixrac edilir. Biz bu sahəyə də xüsusi əhəmiyyət veririk. Keçən il Azərbaycanda rekord səviyyədə-təqribən 200 min ton üzüm tədarük edilmişdir. Həmin üzümün əsas hissəsi texniki sortlardır. Ona görə hesab edirəm ki, şərabçılığın inkişafı çox perspektivli sahədir. İtaliyanın bu sahədə zəngin təcrübəsi var. Azərbaycanın da təcrübəsi var və müvafiq bazarlara çıxış üçün bizim heç bir problemimiz yoxdur.

Kənd təsərrüfatının digər sahələrini də qeyd etmək istərdim. İtaliyanın zeytunçuluq sahəsində böyük təcrübəsi var. Azərbaycan artıq zeytun yağlarını ixrac etməyə başlamışdır. Biz İtaliya şirkətlərini bu sahəyə məsləhətçi və podratçı kimi dəvət edirik. Fındıqçılıqda Azərbaycan və İtaliya dünya miqyasında aparıcı istehsalçılardır. Biz deyəsən, üçüncü-dördüncü yerləri bölüşürük və bu sahənin də çox böyük perspektivi var. O cümlədən Azərbaycan İtaliyaya fındığın ixracı ilə məşğuldur və bilirəm ki, İtaliya şirkətlərinin bu sahəyə böyük marağı var. Biz onları dəvət edirik ki, Azərbaycanda bu və digər sahələri bizimlə bərabər inkişaf etdirsinlər. Çünki indi Azərbaycanda yeni texnologiyaların tətbiqi nəticəsində məhsuldarlıq kəskin şəkildə artır. İtaliyanın bu sahədə böyük təcrübəsinin olması, əlbəttə ki, bu əməkdaşlığı şərtləndirir.

Hesab edirəm ki, İtaliyanın turizm sahəsində nadir təcrübəsi var. İtaliya turistlərin sayına görə zənnimcə, dünyada birinci, ya ikinci yerdədir. Azərbaycanda da bu sahə inkişaf edir. Keçən il turistlərin sayı təqribən 20 faizə yaxın artıbdır. Şadam ki, son üç il ərzində İtaliyadan Azərbaycana gələnlərin sayı təxminən 40 faiz artmışdır. Bu, insanlar arasındakı əlaqələrə də çox müsbət təsir göstərir.

Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsindəki əməkdaşlığı xüsusilə qeyd etmək istərdim. Artıq səkkiz ildir ki, Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizaminin abidəsi ucalıb. Azərbaycanın Romada Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi ilə bağlı müvafiq addımlar atılıbdır. Şəhərin mərkəzində gözəl bina alınıbdır və əminəm ki, yaxın zamanlarda Azərbaycan Mədəniyyət Mərkəzi Romada fəaliyyətə başlayacaq.

Biz bütün başqa sahələrdə də əməkdaşlığa açığıq. Azərbaycanın gələcək planlarına gəldikdə, infrastruktur layihələri prioritet təşkil edəcək və biz İtaliya şirkətlərini dəvət edirik. Əminəm ki, biznes forum çərçivəsində Azərbaycanda görüləcək işlər haqqında təqdimat ediləcək və İtaliya şirkətləri məlumatlandırılacaqlar. Xüsusilə, içməli su layihələri, meliorativ tədbirlərin görülməsi və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması bu gün gündəlikdə duran məsələlərin arasındadır. Çünki Bakının da yerləşdiyi Abşeron yarımadasının neft hasilatına görə ekoloji vəziyyətinin yaxşılaşdırılmasına böyük ehtiyac var. Azərbaycan dövləti bu məqsədlərə böyük vəsait ayırır. Bildiyimə görə, İtaliya şirkətləri bu sahədə hələ ki, fəal işləmirlər. Digər Avropa şirkətləri, demək olar ki, bu sahəni əhatə edirlər. Ona görə mən İtaliya şirkətlərini bu sahəyə dəvət edirəm. Əminəm ki, Azərbaycan hökumətinin üzvləri bu məsələ ilə bağlı lazımi məlumatı təmin edəcəklər.

Əminəm ki, elektroenergetika sahəsində imzalanmış memorandum icra ediləcək. Yenə də qayıdıram Davos Ümumdünya İqtisadi Forumunun hesabatına. Orada göstərilir ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Bizim bütün yaşayış məntəqələrimiz elektrik enerjisi ilə təchiz edilib. Biz elektrik enerjisini ixrac edirik. Bu ilin yanvar ayında iki böyük şirkətlə 440 meqavat gücündə külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı müvafiq sənədlər imzalanıb. İtaliya şirkətlərini də bu sahəyə dəvət edirik. Bizim bərpaolunan enerji ilə bağlı çox böyük potensialımız var. Azərbaycanda İtaliyadakı kimi, günəşli günlər kifayət qədər çoxdur. Ancaq İtaliyadan fərqli olaraq küləkli günlər də çoxdur. Bəzən bu, problem yaradır. Ancaq bərpaolunan enerjinin istehsalı üçün, hesab edirəm ki, bu, əlverişli amildir. Ona görə bu sahəyə də İtaliya şirkətlərini dəvət edirik.

O ki qaldı, Azərbaycanın ümumi iqtisadi inkişafına, ölkəmizin iqtisadi vəziyyəti çox sabitdir. Bizim çox aşağı səviyyəli xarici dövlət borcumuz var, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Mənim tərəfimdən təsdiq edilmiş strategiyaya görə, bir neçə il ərzində bu, 10 faizə düşməlidir. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan altı dəfə çoxdur. Ona görə biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Yəni, bu, imkan verir ki, biz önəmli layihələrə beynəlxalq maliyyə bazarlarından da vəsait cəlb edək, baxmayaraq ki, Beynəlxalq Maliyyə Korporasiyası – IFC-nin hesabatında Azərbaycan artıq donor ölkə kimi tanınır və bu imkanlar gələcəkdə artacaqdır.

Onu da bildirməliyəm ki, Azərbaycan ölkədən kənarda böyük investisiyalar qoyur, böyük layihələr icra edir. Bu günə qədər ölkəmizin hüdudlarından kənarda təqribən 17 milyard dollar həcmində sərmayə qoyulubdur. İtaliya şirkətləri də bu layihələrdə iştirak edirlər. Dünən biz bu barədə söhbət etdik. Biz gələcəkdə Azərbaycanın maliyyə təminatı ilə xarici ölkələrdə reallaşan layihələrə İtaliya şirkətlərini də dəvət edirik.

Bütövlükdə son 16 il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə bölünüb. Bunu deməyə əsas verən mühüm amil odur ki, 16 il bundan əvvəl Azərbaycan əhalisinin təxminən 50 faizi yoxsulluq şəraitində yaşayıb. Bu gün isə yoxsulluq şəraitində yaşayanların sayı 4,8 faizdir. Bir sözlə, ölkə qarşısında ciddi iqtisadi problemlər yoxdur. Əsas məsələ biznes iqliminin yaxşılaşdırılmasıdır və bu sahədə də islahatlar aparılıb və bu gün yəqin ki, bu barədə danışılacaq. Bir məsələni qeyd etmək istəyirəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan biznes mühitinin sağlamlaşdırılması istiqamətində atılmış addımlara görə 20 ən islahatçı ölkə sırasındadır."

Prezidentin çıxışının elə bir yerinə çatırıq ki, burada mən ayrıca dayanmalıyam. Söhbət Bakı - Roma təmasının ən yüksək nəticəsindən gedəcək. Azərbaycanın milli maraqlara istinadla yürütdüyü siyasət həm də öz layiqli beynəlxalq səmərəsini verir. Prezidentə qulaq asaq:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Çıxışımın sonunda bir məsələni qeyd etməliyəm. Artıq hökumət üzvlərinə bu barədə mənim tərəfimdən müvafiq göstəriş verilib ki, Azərbaycan və İtaliya dünəndən strateji tərəfdaşlar kimi əlaqələrimizin tarixində yeni səhifə açıblar. Avropa məkanında İtaliya bizim üçün bir nömrəli tərəfdaş ölkədir və tam əminəm ki, eyni tərəfdaşlıq biznes sahəsində də olmalıdır. İtaliya şirkətləri Azərbaycanda dövlət xətti ilə həyata keçirilən və keçiriləcək layihələrdə ön sıralarda olmalıdırlar. Biz bunu arzulayırıq. Əminəm ki, İtaliya şirkətlərinin də marağı bizim marağımızla üst-üstə düşür. İnanıram ki, biznes forum bu istiqamətdə önəmli addım olacaqdır”.

Beləliklə, biz Prezidentin bu çıxışını təkcə Azərbaycanda işləməyə, bu maraqlı və mühüm respublikaya investisiya yatırmağa dəvət kimi yox, həm də dəqiq, bütün ölçüləri ilə ciddi işlənmiş yol xəritəsi tək qiymətləndirməliyik. İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətindəki çıxışları təqdim edirəm. Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da ziyafətdə iştirak edirdilər. Doğrudan da ortada bir ailə səmimiyyəti var idi. Qarşılıqlı ailə səmimiyyəti.

 

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella:

-Cənab Prezident.

Xanım Birinci vitse-prezident.

Hökumət nümayəndələri.

Xanımlar və cənablar.

Dərin hörmət hissi ilə Sizə və xanımınıza İtaliyaya “Xoş gəlmisiniz!” demək istərdim. Azərbaycan Prezidentinin İtaliyaya ilk dövlət səfəri münasibətilə Sizi müşayiət edən nümayəndə heyəti ilə birlikdə qəbul etməkdən çox məmnunam. Xüsusilə də mənə Azərbaycanda göstərdiyiniz səmimi qonaqpərvərliyə görə minnətdaram. Parlaq xatırladığım Azərbaycan səfərimdən iki il sonra Sizin burada Prezident Sarayında olmağınız ölkələrimizi birləşdirən yüksək səviyyəli əlaqələrin əhəmiyyətli göstəricisidir. Sürətlə möhkəmlənən və şaxələnən bu münasibətlər mütəmadi və məhsuldar əlaqələrə təkan verərək yalnız qurumlar, hökumətlər və müəssisələr arasında deyil, həmçinin mədəni və akademik reallıqlar arasında da inkişafa səbəb olmuşdur.

Sizin səfəriniz Sovet İttifaqından tam ayrılma prosesinin başlanğıcını qoyan və yaddaşlardan heç zaman silinməyən, tarixin acı səhifəsi olan Qara Yanvar faciəvi hadisələrinin baş verdiyi tarixdən 30 il sonraya təsadüf edir. Müstəqilliyini bərpa etdikdən sonra üçüncü onillik ərəfəsində Azərbaycan regionun ən inkişaf edən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq etmişdir. Burada kökləri keçən əsrin əvvəlində dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin çox əhəmiyyətli tarixi təcrübəsinə dayanan tolerantlıq nümunəsi və fərqlilik içində sülh şəraitində birgəyaşayışdan söhbət gedir.

Cənab Prezident, 25 ildən çoxdur ki, mövcud olan diplomatik əlaqələr çərçivəsində İtaliya və Azərbaycan arasındakı münasibətlər müstəsna inkişafa nail olmuşdur. Bu, həmçinin öz baxışlarını Avro-Aralıq dənizi məkanına yönəldən və balanslaşdırılmış geosiyasi mövqeyinə görə güclü olan Bakının seçimi sayəsində mümkün olmuşdur.

Azərbaycanın Xəzər dənizi və Aralıq dənizi arasında körpü rolu oynaması digər tərəfdən də bu gün Cənub Qaz Dəhlizinin tamamlanmasına güclü təsir edir. Belə ki, TAP layihəsinin yekunlaşması ilə Azərbaycan qazı İtaliyaya nəql ediləcək. Bu da Avropa İttifaqının enerji siyasətinin əsası olan marşrutların və mənbələrin şaxələndirilməsi üçün önəmli bir göstəricidir. Bu siyasəti xarakterizə edən seçimləri hər zaman dəstəkləyən İtaliya Brüssel ilə yeni tərəfdaşlıq sazişinin imzalanması vasitəsilə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsinə müsbət baxır. Eyni istiqamətdə Bakı və Atlantik Tərəfdaşlıq Şurası arasındakı Aralıq dənizi sahəsində bütün maraqlı ölkələr üçün həyati əhəmiyyətə malik olan və sabitləşməyə töhfə verən sərfəli əməkdaşlıq davam edir. Azərbaycan və Avropa arasında əlaqələrin möhkəmlənməsi fərqli mədəniyyətlər və dinlərin daha ahəngdar birgəyaşayışı üçün əlverişli şəraitin yaranmasına imkan verə bilər.

Cənab Prezident, Azərbaycan öz enerji ehtiyatları ilə keçən əsrdə dünyada gedən əhəmiyyətli modernləşmə prosesinin baş qəhrəmanı oldu. Bu gün İtaliya Respublikası Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolunda addımlamasına dərin hörmət hissi ilə baxır. Qlobal səviyyədə birinci ticari tərəfdaş kimi Roma Sizin idarəetməniz sayəsində başladılan iqtisadiyyatın şaxələndirilməsi prosesində Azərbaycan Respublikasının yanında olmaq niyyətindədir və ətraf mühitin qorunmasına yönəldilmiş texnoloji innovasiyalara açıq elmi və sənaye yenilikləri ilə töhfə verməyə hazırdır.

Bundan əlavə, illərdir ki, ölkələrimiz çoxtərəfli sahələrdə, xüsusən də ikitərəfli əməkdaşlığımızda əhəmiyyətli şəkildə seçilən energetika və sənaye sektorlarında, həmçinin mədəni və sosial əhəmiyyətli təşəbbüslər daxil olmaqla, bir sıra uğurlu əməkdaşlıqlara imza atmışdır.

Xüsusi məmnunluq hissi ilə qeyd etmək istərdim ki, italyan dili və mədəniyyəti artan marağa səbəb olur. Mən inanıram ki, elm, texnologiya və təhsil sahələrində bağlanmış sazişlər bizim xalqlarımız arasında mövcud olan qarşılıqlı anlaşmanı və dostluğu daha da gücləndirəcək.

Bu axşamkı konsert yalnız Azərbaycan yaradıcılığının qeyri-adiliyini deyil, həmçinin Azərbaycan və İtaliya arasında mövcud dərin mədəni oxşarlıqları bir daha sübut edir. Təsadüfi deyil ki, proqram İslam dünyasında ilk opera olan, keçən əsrin əvvəllərində Bakıda səhnələşdirilən və elə o dövrdən etibarən bizim mədəniyyətlərin yüksək sintezini ifadə edən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərinin məşhur bir parçası ilə başlayacaq.

Cənab Prezident, ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir. Sizin tarixi əhəmiyyətli dövlət səfəriniz də əminəm ki, bunu daha da gücləndirməklə strateji sektorlarda əməkdaşlığı inkişaf etdirərək Bakı və Roma arasında dostluğun təşviqinə töhfə verəcək.

Sizə, xanımınıza və Sizi müşayiət edən nümayəndə heyətinə bir daha “Xoş gəlmisiniz!” deyirəm".

 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:

- Hörmətli cənab Prezident.

Hörmətli xanım Laura Mattarella.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, məni İtaliyaya dövlət səfərinə dəvət etdiyinizə, eləcə də mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə, cənab Prezident, Sizə minnətdarlığımı bildirirəm.

Azərbaycan və İtaliya arasında əlaqələrin zəngin tarixi vardır. Ən azı 30 min ildən artıq yaşı olan petroqliflərin yerləşdiyi və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş Qobustan Dövlət Tarixi Qoruğu ərazisindəki qayalar üzərində Roma İmperiyası legionlarının bizim eradan əvvəl I əsrə aid latınca yazıları vardır. Bu yazılar Roma İmperiyası legionlarının Azərbaycan ərazisində olduğunu sübut edir. İtalyan səyyahı Marko Polo öz əsərlərində Azərbaycandan bəhs etmişdir. XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi, diplomatik əlaqələr qurulmuşdur. 1469-1478-ci illərdə Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan ilə Neapol Krallığı arasında təmaslar mövcud olmuşdur. Müsəlman aləmində ilk parlament respublikası olan, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Azərbaycan və İtaliya arasında diplomatik münasibətlər yaradılmışdır. İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərmişdir. 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış elan edilmişlər. Hazırda Azərbaycan və İtaliya arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir.

Cənab Prezident Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana rəsmi səfəri əlaqələrimizin inkişafına mühüm töhfə vermişdir. Səfər zamanı Mehriban Əliyevanı və məni İtaliyanın yüksək dövlət ordenləri ilə təltif etməyinizi Azərbaycan və İtaliya arasında dostluğun inkişafına verdiyimiz töhfənin təzahürü kimi qiymətləndiririk.

Cənab Prezident, bu gün biz Sizinlə olduqca səmərəli görüş keçirdik. Bu görüşümüz zamanı müzakirə olunan məsələlər iki ölkə arasındakı münasibətlərin strateji mahiyyətini təsdiqləyir. Dövlət səfəri çərçivəsində 20-dən çox sənədin imzalanması nəzərdə tutulur. Onların sırasında Azərbaycan və İtaliya arasında "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"ni xüsusi olaraq qeyd etmək istərdim. Bu sənəd münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaqdır. "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyirlər. Sənəddə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. Bu prinsiplər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və təcavüzkar Ermənistanın qoşunlarının Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxarılmasını tələb edən qətnamələri ilə uzlaşır. Uzun illərdir ki, Ermənistan Azərbaycanın ərazilərini işğal etmiş, etnik təmizləmə aparmış, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

İqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığımız davamlı olaraq genişlənir, ticarət dövriyyəmiz yüksək səviyyədədir, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2019-cu ildə İtaliya ilə ümumi ticarət dövriyyəmiz 6 milyard dollardan artıq olmuşdur. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Uzun illərdir ki, Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir. İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Azərbaycanın təşəbbüsü ilə reallaşan və Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP yekunlaşmaq üzrədir.

Mədəniyyət sahəsində münasibətlərimiz uğurla inkişaf edir. 2012-ci ildə Romanın görkəmli Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Hazırda Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və italyan dili mərkəzi fəaliyyət göstərir. İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir.

İtaliya qədim sivilizasiyanın beşiyidir. İtalyan mədəniyyəti, incəsənəti, kino sənəti Azərbaycanda çox sevilir. Çoxlu sayda Azərbaycan vətəndaşı hər il İtaliyaya turistik səfərlər edir. Son üç il ərzində İtaliyadan ölkəmizə gələn qonaqların səfər dinamikasında 40 faizdən çox artım qeydə alınmışdır.

Hörmətli cənab Prezident və hörmətli xanım Laura Mattarella, ölkənizə və dost İtaliya xalqına əmin-amanlıq, inkişaf və tərəqqi arzulayıram".

Buradan da aydın görünür ki, Azərbaycan bərabər hüquqlu tərəfdaş kimi beynəlxalq ləyaqətini, transmilli mərdanəliyini çoxdan sübut edib. İlham Əliyevin təbirincə desək, bizim sözümüz İmzamızdır. Və mən indi səfərin incə, nəzakətli bir təvazökarlıqla, amma iri planda müşahidə etdiyim hissəsi barədə danışmaq istərdim. İtaliya –Azərbaycan münasibətlərinin bu günkü səviyyəyə çatmasında Birinci xanım Mehriban Əliyevanın rolu özünəməxsusdur. Yaxın keçmişə qayıdaq. Birinci vitse-prezident Mehriban Əliyeva, İtaliyada təkcə elə qədim katakombaların qayğısına qalanda çox ağızlar göyçəklik edirdi. İndi gördük ki, Azərbaycan haqlıdır. Haqq Allahdır. Allaha bir yol da elə Vatikanın üstündən keçir.

Prezidentin İtaliyaya səfərini Energetika naziri Pərviz Şahbazovla müzakirə edirik.

Biz bəzən hər gün rastlaşdığımız, bir növ artıq adət etdiyimiz hadisələrə onların əslində layiq olduğu qiyməti verə bilmirik. Səbəb elə bu cümlənin içindədir. Ona görə ki, hər gün rastlaşırıq və elə buna görə də adət edirik. Məncə, Avropanın dayaq dövlətlərindən biri olan İtaliyaya baş tutan səfəri də hələ uzun müddət tam təfərrüatıyla anlamaq iqtidarında olmayacağıq. Ona görə ki, biz artıq diplomatik uğurlara, Avrasiyanın ciddi diskusiya və dialoq platformasına, özü də asas platformalarından birinə öyrəşmişik. Bakı Prosesi, Qoşulmama Hərəkatının zirvə toplantısı, NATO və Rusiya Silahlı qüvvələrinin Baş Qərargah rəislərinin görüşü, və sair və sair və sair... Əslində isə ciddi proseslər, Azərbaycanın regionda yenidən dəyərləndirilməsi baş verir. Bir həftə əvvəl Münxendə Azərbaycan liderinin Nikol Paşinyana münaqişə xırdalaması və ya Paşinyanı xırdalamasını da Azərbaycan mətbuatının təkhüceyrəli hissəsi elə-belə yola verdi. Baxmayaraq ki, Münxendə Ermənistan diplomatiyasının əslində iflası baş vermişdi və bu, Avropanın ən ali toplantılarının birində-nüfuzlu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş vermişdi. Bu müstəvidə aparılan panel müzakirələri bir qayda olaraq tarixdə nümunə kimi qalır. Məsələ bunda deyil. Söhbət indi Azərbaycanın Ermənistana bütün mümkün platformalarda qalib gəlməsindən də yox, belə uğurların ənənəyə çevrilməsindən gedir. Münxen təsadüf deyildi. Roma təsadüf deyildi. Yəqin mənimlə razılaşarsınız ki, indi gətirəcəyim misaldan sonra Fransanın da təsadüf olmadığı bəlli olacaq. Bu hadisə təzə deyil. Bu il, yanvar ayının 29-da baş verib. Fransa prezidenti Emmanuel Makron Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin ənənəvi ziyafətində iştirak edib. Amma gəlin dərhal Makronu bu ziyafətə qatıldığına görə məhkum etməyək. Ardına qulaq asaq. Fransa prezidenti çıxışı əsnasında qondarma erməni soyqırımı, Dağlıq Qarabağ münaqişəsi və fransız bələdiyyələrlə Dağlıq Qarabağ separatçıları arasında bağlanan anlaşmalara toxunaraq, bu anlaşmaların hüquqi cəhətdən tanına bilməyəcəyini bildirib. Çünki bu proses hüquqi cəhətdən qeyri-mümkündür.” İlk baxışda burada iki fakt tdiqqət çəkir. Biri odur ki, Fransa Prezidenti bu açıqlamanı artıq qondarma Dağlıq Qarabağ Respublikası ilə Fransa bələdiyyələri arasında bağlanan dostluq müqavilələrinin yerli məhkəmələr tərəfindən ləğvi başlanandan sonra verib. Yadımıza salaq ki, işğal olunmuş Xocavənd rayonunun inzibati bölgəsi ilə Desin-Şarpyö şəhəri və Sent-Etyen şəhəri ilə Şuşa şəhəri arasında imzalanan qeyri-qanuni sazişlər, Fransa Respublikasının Lion İnzibati Məhkəməsinin qərarı ilə 2019-cu ilin sentyabr ayında ləğv edilib. Fransa rəhbəri bu tip anlaşmaların ləğvinin hökümət tərəfindən qəbul edilmiş siyasi qərarlar olmadığı və Fransa prefektlərinin tələbi ilə müstəqil hakimlər tərəfindən qəbul edildiyini erməni nümayəndələrin diqqətinə ermənilərin ziyafətində çatdırıb. Emmanuel Makronun fikrincə, sazişlər, Fransanın yerli idarəetmə orqanları ilə beynəlxalq səviyyədə tanınmayan bir qurumun idarəetmə orqanlarını eyni səviyyədə tutduğu üçün hüquqi cəhətdən problem yaratmaqdadır. Bu çərçivədə ölkə rəhbəri Ermənistanın özünün belə Dağlıq Qarabağı tanımadığını xatırladaraq, məsələnin Dağlıq Qarabağ münaqişəsi prizmasından kənara çıxdığını açıq deyib. Beləliklə, artıq sirr deyil ki, Ermənistanın işğalı legitimləşdirmək cəhdləri səmərə vermir. İşğal olunmuş ərazilərdə separatçı anlaşmaların legitimliyini beynəlxalq münasibətlər sistemi tanımır. Beynəlxalq aləmdə ərazi bütövlüyünün toxunulmazlığı, münaqişələrin həllində əsas prinsip olaraq qəbul edilir. Gəlin uğurun adiləşdiyindən irəli gələn etinasızlığımızın keyini açaq və çaş barmağımızı gicgahımıza sıxaraq anlayaq: erməni diasporunun Fransanın ictimai-siyasi və mədəni həyatına təsirlərini nəzərə alaraq anlayaq. Anlayaq, başa düşək, qanaq ki, qeyri-qanuni sazişlərin məhkəmələr tərəfindən ləğvi mühüm əhəmiyyət kəsb edir. Bu, rəsmi Bakının, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktiv siyasət həyata keçirdiyini və heç vaxt işğalla barışmayacağını bir daha sübut edir və bir daha vurğulayır ki, Valday, Aşqabad, Münhen, Roma məqsədyönlü məntiq kombinasiyasının etibarlı komponentləridir.

Azərbaycanın xarici siyasəti Prezidentin sözlərilə desək milli maraqları əsas tutur. Milli Maraqlar isə xarici siyasəti ilk növbədə dövlət müstəqilliyinin qorunmasına yönəldir. Dövlətin təhlükəsizliyi isə yalnız xarici təhdid və risk mənbələrinə məruz qalmır.

Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçalada apardığı xüsusi əməliyyatın kadrlarını təqdim edirəm. Bayaq demişdim. Bəzi yerli harun və ya harın ər rəşidlər yaxalanıb. Maraqlıdır. Yaxalanmaq, yaxalamaq həm də yüngül duş almaq, təmizlənmək və ya təmizləmək mənasını verir. Neftçalada bir qrup vəzifəli şəxs yaxalanıb, amma təmizlənməyib. Təmizlənmələri çoooox vaxt aparacaq!

Biz bu mövzuya gələn həftə yenidən qayıdacağıq. Sadəcə indi bir incəliyə diqqətinizi çəkmək istəyirəm. Hörmətli tamaşaçılar və getdikcə hörmətli sözünə daha az haqq edən bir çox məmurlar, bir çox icra başçıları. Prezidentin Sizə müraciətini təkrar edirik. Diqqətlə baxın. Özünüzü. Ailənizi, dövlətinizi, dövlətimizi rüsvay etməyin!

Belə. Rüşvət alan özünü alır, rüşvət verən özünü verir. Özünüzü alıb-satmağa son qoyun. Heç kimin Qanun qarşısında xüsusi immuniteti yoxdur. Hər biriniz barmaqlarınızın arasındasınız. Bu gün o belədir, sabah belə ola bilər. Heç kim sığortalanmayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə baxın.

Allah hamımıza şəfa versin.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər