Mir Şahinin vaxtı - VİDEO (08.03.2020)

Mir Şahinin vaxtı - VİDEO (08.03.2020)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdır. Bu vaxt ərzində biz dövlətimizin daha bir həftəsini təhlil edəcəyik.

Regionu sıxan İdlib düyünündən də, Putin-Ərdoğan görüşündən də danışacağıq. Amma...

Amma daha çox Azərbaycana fokuslanacağıq. Daha doğrusu, dövlət müstəqilliyimizin güclənməsi üçün atılan addımlara. Prezident İlham Əliyevin bu həftə ölkəmizin bir sıra bölgələrinə səfərləri, eləcə də Bakıda yeni icrabaşçılarını qəbul etməsi əslində dövlətin ideoloji platformasının əsaslarının izahı üçün tribuna oldu.

Hansı əsaslardan söhbət gedir? Prezidentin çıxışlarında həm mənəviyyat, həm tarix, həm mentalitetin faydalı cəhətləri baxımından vurğulanan yerlər var idi. Məsələn, koronavirusla bağlı qlobal təşviş yaşandığı, əksər dövlət başçılarının səfərlərini təxirə saldığı bir zamanda İlham Əliyevin öz proqramına heç bir dəyişiklik etməməsi, qısa müddətdə bir neçə rayona baş çəkməsi, xeyli obyektin açılışını etməsi liderin hərəkətlərinə bir fərdi cürət əlaməti verirdisə, muzeydə Azərbaycanın xəritəsinin diqqətsiz təqdim olunmasına Prezidentin olduqca həssas, bir az da sərt reaksiyası tarixə ehtiramın bariz təzahürü idi. İlham Əliyev rayon icra hakimiyyəti başçılarının bəlkə də çoxdan unutduğu bir sözü dilinə gətirməklə də heyrətləndirdi:

“Uşaqlar soruşacaqlar ki, hanı məmləkətim?”

Məncə, yerli başçıların ən böyük problemi onların şüurunda dövləti monumentallığın, respublika epikliyinin təsəvvür olunmamasıdır. Onlar rəhbərlik etdikləri ərazini bir küll halında görə, təsəvvür edə bilmirlər. Yaxud Prezidentin ASAN Xidmətin əməkdaşlarıyla görüşdə dəbdəbə sayrışdıran kreslo. Məncə, elə kreslodan başlayaq.

-Mənə belə xüsusi kreslo qoymusunuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən.”

Bu replikaya bir az sonra qayıdacağıq. İndi isə gəlin bəzi təfsilatlara varaq. Əvvəla bu sözləri Prezident həmişə qürurlandığı, dövlətin gələcəyinin anonsu tək qəbul və təqdim etdiyi ASAN Xidmətin yeni əməkdaşları qarşısında deyir. Özü də Bakıda yox ha. Əyalətdə. Davos çağırışlarının əsas daşıyıcılarından biri, bəzən isə hətta birincisi olan ASAN-ın izləri Tovuzdadır. Prezidentin ASAN-dan gözlədiyi çoxdur və İlham Əliyevdən ötrü bu yalnız iş yeri, xidmət sferası deyil. ASAN həm də yeniliyin, ən modern çağırışların rəmzidir. Azərbaycan dövlətinin gələcəyinin idarəedilmə, idarəolunma maketidir. Bu qəlib bütün ölkəyə köçürülür. Köçürüldükcə cəmiyyət yeni anlayışlar, yeni vərdişlər, yeni dəyərlər yaradır. Prezident ASAN-a yürütdüyü siyasətin bir çox əlamətlərinin öz əksini tapdığı məkan, xalis Azərbaycan intellektual məhsulu kimi baxır.

“Artıq 18-ci mərkəz işə düşür və mən bütün mərkəzlərin açılışında şəxsən iştirak etmişəm. Hər dəfə yeni planlar, yeni proqramlar, yeni layihələr haqqında mənə məruzə edilir, o cümlədən bu gün”.

Bu fikirlər Prezidentin çıxışındandır. ASAN rayonlara, kəndlərə meqapolisin, şəhərin müsbət xarakterik xüsusiyyətlərini daşımalıdır və bir urbanizasiya zərurəti kimi artıq daşıyır. Kənd və şəhər arasındakı fərq aradan qalxmalıdır. Qalxır. Amma təbii ki, kəndlinin məşğuliyyət özünəməxsusluğunun qorunub saxlanması şərtilə. Ola bilər ki, qulaqlarımız öyrəşib və bəzən statistikanın adiləşdirdiyi rəqəmlər bizi daha heyrətləndirmir. Amma xahiş edirəm ASAN xidmətin, ASAN Mərkəzin təqdim etdiyi yenilikləri, fəaliyyət növlərini onların yerləşdiyi rayonların adlarıyla birlikdə çəkək. Elə-belə. Özümüz üçün. Onda aydın olacaq ki, ASAN məzmunu olduğu hər bir yeri, hər bir yaşayış məntəqəsini öz konstitusiyasına, öz göstəriciləri və standartlarına tabe edir. Mən əksər ASAN xidmət və ASAN mərkəzlərdə olmuş bir jurnalist kimi deyə bilərəm ki, onların hamısı bir-biri kimi müasir, abad və mədənidir. Prezident ASAN-da məmnunluq əmsalının 99,4 faiz olduğunu qürurla deyir.

Nəyə görə? Çünki: sitat gətirirəm: “ASAN xidmət”də bizim siyasətimiz öz əksini tapır. Vaxtilə mənim tərəfimdən verilmiş göstərişlər dəqiqliklə icra edilir!”. Sitatın sonu. Prezident dünənin ifrat dəbdəbəli, təntənəli, həm də artıq köhnəlmiş, nə qədər təzə görünsə də, nimdaşlaşmış kreslo nümunəsində gələcəyin idarə üsulunu təqdim edirdi. Replikaya bir daha qayıdaq:

-Mənə belə xüsusi kreslo qoymusunuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən. ”

Deməli, belə şeylərə yol vermək olmaz! Prezident bu məzəmməti gənclərin qarşısında səsləndirir. Niyə? Çünki...

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir, yeni nəslin nümayəndələridir. Burada onlar yeni baxışlarla, yeni təfəkkürlə, yeni mədəniyyətlə xidmət göstərirlər. Ona görə “ASAN xidmət” çox uğurlu layihədir və bu uğurun təməlində həm düşünülmüş siyasət, həm də bu işi təşkil edənlərin səmərəli fəaliyyəti dayanır. Biz qısa müddət ərzində ictimai xidmətlər sahəsində inqilab edə bildik. İctimai xidmətlər sahəsi həmişə çox problemli sahədir. Hələ sovet dövründə bu sahə ilə bağlı çoxlu şikayətlər var idi. O cümlədən müstəqillik illərində də ictimai xidmətlər sahəsində bürokratiya, korrupsiya, rüşvətxorluq adi hal kimi qəbul olunurdu və əfsuslar olsun ki, vətəndaşların bir çoxu buna öyrəşmişdi. Ona görə “ASAN xidmət”in fəaliyyətə başlaması həm böyük ümidlər yaratdı, həm də müəyyən dərəcədə təəccüb doğurdu. Çünki bu, doğrudan da yenilik idi. Amma bu gün artıq 18-ci mərkəz işə düşəndə hesab edirəm, hər kəs görür ki, bu, hansısa bir fərdi layihə deyil. Bu, yanaşma tərzidir, bu, düşüncə tərzidir, bu, bizim siyasətimizdir. “ASAN”da olan şəffaflıq, mədəniyyət hər yerdə tətbiq edilməlidir. Yəni, “ASAN xidmət” bir çox sahələr üçün nümunə olub. Təsadüfi deyil ki, indi sosial təminat sahəsində də buna oxşar layihə həyata keçirilir – DOST mərkəzləri fəaliyyətə başlayır və “ASAN xidmət” kimi, DOST mərkəzləri də bütün ölkəmizi əhatə edəcək. “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı kifayət qədər geniş proqramımız var. Dediyim kimi, bu, sayca 18-ci mərkəzdir, ancaq yaxın gələcəkdə mərkəzlərin sayı 27-yə çatacaq. Ağcabədi, Balakən, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran və Salyan şəhərlərində mərkəzlər, Bakıda isə daha iki mərkəz tikiləcək. Əlbəttə ki, bu proses sonra da davam etdiriləcək. Beləliklə, insanlara daha da keyfiyyətli xidmətin göstərilməsi təmin olunacaq. Bu mərkəz bir neçə rayonu əhatə edir. Bu rayonlarda 700 min əhali yaşayır. Bu, qərb zonasında sayca 2-ci mərkəzdir, birincisi dediyim kimi, Gəncə şəhərində açılıb. Üçüncü mərkəz də Gəncə şəhərində açılacaq. Çünki buna tələbat var. “ASAN xidmət”in üstünlüklərinin biri də odur ki, burada növbələr müşahidə olunmur. Ancaq Bakıda tələbat o qədər böyükdür ki, biz iki yeni mərkəzin açılışına qərar verdik. O cümlədən Gəncə və Sumqayıt şəhərlərində də ikinci mərkəzin fəaliyyətinə ehtiyac var."

Burada dayanmaq istərdim. Ona görə ki, Prezidentin ASAN-ın beynəlxalq əlverişlilik kimi məziyyəti barədə dediklərinə sonradan qayıdacağıq. İndi isə istərdim ki, ASAN-ın millət və dövlətin taleyində oynadığı müstəsna bir Roldan danışaq.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədə “ASAN xidmət”in xüsusi rolu var. Çünki bu mərkəzlərdə göstərilən xidmətlər artıq korrupsiya, rüşvətxorluq üçün yer qoymur. Ona görə biz bu bəla ilə bir çox alətlərlə mübarizə aparmalıyıq. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri.

Son vaxtlar bütün vətəndaşların diqqətinə çatdırılan operativ tədbirlər, rüşvətxor məmurların ifşa olunması, onların bədnam əməllərinin ifşa edilməsi – bütün bunlar onu göstərir ki, korrupsiya və rüşvətxorluqla bağlı tədbirlər sistem xarakteri daşıyır. Əgər kimsə bunu bu günə qədər başa düşməyibsə, o, gərək başa düşsün və bu mübarizə davam etdiriləcək. Cəza tədbirləri cinayətkarlara qarşı tətbiq olunmalıdır. Eyni zamanda, sistem xarakterli tədbirlər də olmalıdır. Onlardan biri və bəlkə də birincisi “ASAN xidmət”də yaradılmış qaydalardır. Çünki burada imkan da yoxdur. Gənclər artıq bu ruhda tərbiyə olunur. Dürüst olmaq, xeyirxah olmaq, həmişə kömək etməyə hazır olmaq - bütün bunlar insanların formalaşması üçün çox önəmli amillərdir. Ona görə “ASAN xidmət” haqqında danışanda biz, sadəcə olaraq, vətəndaşlara göstərilən xidmətlərlə məhdudlaşmamalıyıq. Bu, daha dərin, daha geniş məna daşıyan çox ciddi bir hərəkatdır və bizim siyasətimizi əks etdirən hərəkatdır”.

Məhz hərəkat. Bundan daha yaxşı demək mümkün deyil. Bu gün Azərbaycanda klassik inqilab, onun dağıdıcılıq kimi mirasını köhnə təfəkküründə daşıyan, ibtidai icmaçılığın neo dövründən heç cür ayrıla bilməyənlərin anlayışı üçün təkrar edək. Bəli Azərbaycanda bu gün böyük hərəkat baş qaldırıb və onun adı ASAN-dı. Hər bir rayon, hər bir yaşayış məntəqəsində yaradılan ASAN-lar, onların sükanı arxasına keçib dünənki ucqarları irəli daşıyan gənclər, könüllülər bu hərəkatın avanqardındadırlar. ASAN-ın fundamental məzmunu rüşvətxorluğu onun bütün formalarında rədd edir. Bu davranış tərzi 21-ci əsrin azərbaycanlısını tam dəyişməyə qadirdir və dəyişir. ASAN-ın beynəlxalq mühitə işləmək gücünə, transmilli miqyasına gəlincə burada da bazalana biləcəyimiz etibarlı dayaqlar var:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Onu da bildirməliyəm ki, bizim təcrübəmiz digər ölkələrdə öyrənilir. Artıq “ASAN xidmət” “ASAN” adı altında başqa ölkələrdə də fəaliyyət göstərməyə başlayıb. Bu, bizim şərtimiz idi, çünki bu, bizim brendimiz, bizim intellektual məhsulumuzdur. Əlbəttə, biz öz təcrübəmizi istənilən ölkə ilə bölüşməyə hazırıq və bunu edirik. Əlbəttə, sevinirik ki, digər ölkələr də bizim təcrübəmizdən istifadə edirlər.

Beynəlxalq təşkilatlar “ASAN”ın fəaliyyətini yüksək qiymətləndirirlər. BMT “ASAN”ı fərqləndirib, mükafat verib. Bu da əlbəttə ki, görülən işlərin nəticəsidir!”

Amma ASAN ilk növbədə özümüzün və özümüz üçündür. Prezidentin sözlərilə desək: “Bu mərkəzdə təkcə “ASAN xidmət” sahəsində 200-dən çox, könüllülər üçün isə 50 iş yeri yaradılıb. Eyni zamanda, ABAD fabrikində birinci mərhələdə 50 iş yeri yaradılıb. Bir az əvvəl dedik ki, kənd və şəhər arasındakı fərqin müsbət mənada aradan qaldırılması zərurəti var. Təsəvvür edin: Tovuz şəhərində bu günə qədər, yəni, müasir dövrdə kinoteatr olmayıb.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Amma indi iki kinoteatr var. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün bütün imkanlar var.

Əlbəttə ki, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır. İndi könüllülər hərəkatı digər sahələri də əhatə edir. Mən göstəriş vermişəm ki, dövlət qurumlarında könüllülər dəstələri, qrupları yaradılsın. Artıq bəzi nazirliklərdə könüllülər qrupları yaradılıb. Bizim beynəlxalq tədbirlərdə - Avropa və İslam oyunlarının keçirilməsində könüllülər çox böyük xidmət göstərmişlər. Amma başlanğıc “ASAN”dan start alıb. Bu gün minlərlə könüllü artıq bu təlimdən keçib və həyatda öz layiqli yerini tutub. Əminəm ki, “ASAN xidmət”də çalışan, eyni zamanda, könüllülər kimi fəaliyyət göstərən gənclərin çox parlaq gələcəyi olacaq. Çünki onlar artıq çox xeyirxah bir işlə təmin olunublar. Bu iş çoxşaxəlidir, insanlarla birbaşa ünsiyyətdir, insanlara göstərilən yardımdır, xidmətdir, köməkdir. Eyni zamanda, mərkəzlər innovasiya baxımından çox mütərəqqi təcrübəyə malikdir. Ona görə gənclərin gələcəkdə həyatlarını daha da yüksək səviyyədə təmin etmələri üçün bu təcrübə, hesab edirəm ki, əvəzolunmazdır. “ASAN xidmət”, eyni zamanda, bizim xalqımıza xas olan xüsusiyyətləri də özündə ehtiva edir. Çünki xalqımız həmişə qonaqpərvər olub. Buraya müraciət edən vətəndaş da buranın qonağıdır. Biz həmişə qonaqlara böyük hörmət göstərmişik. Gənc nəsil də bu milli dəyərlər əsasında tərbiyə almalıdır. Mədəni davranış, mədəni rəftar qaydaları, mədəni xidmət - bütün bunların Azərbaycanda dərin kökləri var. Sadəcə olaraq, bu gün bu, mütəşəkkil formada “ASAN xidmət”də öz əksini tapır. Bu, ümumiyyətlə, ictimai münasibətlərə də müsbət təsir göstərir. Mən tam əminəm ki, bu mərkəzə qədəm qoyan hər bir insan buradan məmnunluqla ayrılacaq."

Prezidentin çıxışlarından xüsusi bir xətt kimi keçən məzmuna da toxunum. Bayaq qeyd etdik ki, İlham Əliyev gələcəyin insanlarını məhz gələcəyin çağırışlarına hazır olmağa dəvət edir. Hazırlayır. ASAN tək deyil. DOST və bu kimi başqa qaydalar sistemi gələckdə qanunlaşacaq və bununla da 23-24-cü əsrin modernazərbaycanını quracaq vərdişlər, tərzlər sistemi doğuracaqlar. Amma Prezident bütün yenilikləri milləti millət olaraq saxlayan əlahiddəlikləri qorumaqla tətbiq etməyin tərəfdarıdır. Dövlət öz vətəndaşını müstəqil vətəndaş olaraq da, müstəqil dövlət olaraq da qorumaq əzmində olmalıdır.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Əlbəttə, bir daha demək istəyirəm, gənclər burada çox gözəl məktəb keçərək həyatda layiqli yer tutacaqlar ki, gələcəkdə ölkəmizin inkişafı üçün səylərini əsirgəməsinlər. Buna nail olmaq üçün ilk növbədə, bilikli, savadlı və vətənpərvər olmalısınız. Hesab edirəm ki, bu üç əsas amil gələcəkdə də Azərbaycanı bütün bəlalardan qoruyacaq, necə ki, bu gün qoruyur. Bu gün dünyada gedən proseslər gözümüzün qabağında baş verir. Yeni münaqişə ocaqları, yeni müharibə ocaqları, yeni köçkün dalğası, ziddiyyətlər, kütləvi etirazlar, polis zorakılığı, dinc nümayişçilərə qarşı amansız zorakılıq göstərilməsi, minlərlə nümayişçinin həbs edilməsi, onların öldürülməsi - bunlar inkişaf etmiş ölkələrdə bizim gözümüzün qabağında baş verir, hansısa geridə qalmış ölkədə deyil. Bunun səbəbləri var. Səbəblər də kütləvi narazılıqdır. Bunun da səbəbləri var. Bu, təkcə maddi amillərlə məhdudlaşmır. Ədalətsizlik, hakimiyyətlə xalq arasındakı uçurum, təbəqələşmə, sosial problemlərin həll edilməməsi, bir çox amillər var, mən hamısını sadalamaq istəməzdim. Ancaq fakt budur ki, bu, bu gün reallıqdır. Belə bir mənzərə fonunda Azərbaycanda mövcud olan əmin-amanlıq, sabitlik, inkişaf, əlbəttə ki, bizim böyük sərvətimizdir və bunu biz özümüz qazanmışıq, heç kim bizə kömək etməyib. Ən ağır günlərdə heç kim bizə kömək etməyib. Mən istəyirəm ki, gənclər bunu bilsinlər. Nəyi əldə etmişiksə, öz gücümüz, cəsarətimiz, istedadımız hesabına əldə etmişik. Bizim elə günümüz var idi ki, pulumuz yox idi. O vaxt - 1990-cı illərin əvvəllərində Azərbaycan əhalisi 8 milyon idi, bunlardan 1 milyonu qaçqın, köçkün. Pul yox, iqtisadiyyat dağılmış, sənaye iflic vəziyyətdə. Çadır şəhərcikləri, köçkünlər vaqonların içində, vaqonların altında yaşayırdılar. Bütün bunları biz yaşamışıq. Amma görün, bu gün düşünülmüş siyasət, sabitlik nəticəsində Azərbaycan dünya miqyasında inkişaf baxımından aparıcı yerlərdədir. Sabitlik, əmin-amanlıq, cəmiyyətdəki müsbət ovqat - bütün bunlar Azərbaycan reallıqlarıdır. Bölgələrin inkişafı. Tovuz şəhəri Bakıdan uzaqda yerləşir. Amma Tovuz şəhərinin timsalında biz bu inkişafı görürük. Baxın, indi qazlaşdırmanın səviyyəsi 90 faizdir. Təmirli yolların səviyyəsi 90 faizdir. İçməli su həmişə böyük problem olub. Artıq bir neçə ildir ki, Tovuz şəhərinin içməli su problemi öz həllini tapıb. Müasir xəstəxana, müasir dializ və diaqnostika mərkəzləri, idman kompleksi, parklar, sənaye müəssisələri. Bu gün mən Aşıq Sənəti Dövlət Muzeyinin və xalça fabrikinin açılışlarında iştirak etmişəm. Bütün bunlar onu göstərir ki, ölkəmizin hər bir bölgəsi inkişaf edir. Gənclər gələcəkdə elə işləməlidirlər ki, bu inkişaf dayanıqlı olsun, müstəqilliyimiz əbədi olsun. Ona görə bir daha demək istəyirəm, - bunu nə qədər çox təkrarlasaq ziyanı yoxdur, - bilik, savad, vətənpərvərlik, Vətənə bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır. Bizi xalq kimi, millət kimi əsrlərboyu qoruyan, assimilyasiyadan qoruyan bizim dəyərlərimiz olub. Ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz və milli şüurumuz. Bunu biz heç vaxt itirə bilmərik, heç vaxt! Nə qədər ki, mən prezidentəm, var gücümlə çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun, o cümlədən gənclər arasında. Çünki indi gənclər yaşlı nəsildən təbii ki, fərqlənir. Onların maraqları da fərqlidir. Onların informasiya əldə etmək üsulları da fərqlidir. Gənclərin bir çoxu televiziyaya baxmır. Onların əlində telefon var, bütün informasiyanı oradan alırlar. Gənclər bəzi hallarda virtual məkanda yaşayırlar, real həyatdan bir qədər kənarda qalırlar. Bütün bunlar, təbiidir, bu, dövranın, necə deyərlər, mənzərəsidir. Amma bütün bunlara baxmayaraq, bizim gənclər milli ruhda tərbiyə almalıdırlar. Bilməlidirlər ki, Azərbaycanın bundan sonra da müstəqil ölkə kimi yaşaması üçün onların hər biri vətənpərvər olmalıdır. Hər biri öz bayrağını həmişə uca tutmalıdır, öz milli atributlarına hörmətlə yanaşmalıdır və heç kimin təsiri altına düşməməlidir.

Xalqımız uzun əsrlərboyu başqa ölkələrin, imperiyaların tərkibində yaşayıb. Müstəqillikdən, azadlıqdan mərhum olub, başqalarının diktəsi ilə yaşayıb. Biz artıq 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq və əbədi yaşamalıyıq. Bundan sonra heç vaxt müstəmləkə olmamalıyıq. Buna nail olmaq üçün iqtisadi, hərbi, mənəvi gücümüz, dəyərlərimiz olmalıdır, var və hər şeydən üstün olmalıdır. Ona görə indi müxtəlif yollarla, müxtəlif adlar altında gah qloballaşma deyirdilər, indi bu söz də artıq lüğətdən silinib. Bəlkə də 10 il bundan əvvəl qloballaşma deyilən bir meyil var idi və belə bir fikir aşılanırdı ki, qloballaşma sərhədləri aşacaq, sərhədləri, millətləri aradan götürəcək, hamı bir dildə danışacaq, hamı bir təfəkkürdə olacaq. Milli xüsusiyyətlərin sarsıdılması və məhvi üçün ziyanlı bir siyasət aparılırdı, bu gün də aparılır, amma bu gün başqa adlarla. Bu gün bəzi hallarda demokratiya adı ilə ölkələri öz təsirləri altına almaq istəyirlər. O ölkələr ki, özləri demokratiyanı kobudcasına pozurlar, insan haqlarını pozurlar, jurnalistləri əsassız ittihamlarla həbs edirlər, nümayişçiləri əzirlər, öldürürlər, itləri, atları onların üstünə salırlar, rezin güllələrlə vururlar, gözlərini çıxarırlar, qazlardan istifadə edirlər, hamısı göz qabağındadır. Bizə demokratiyadan dərs vermək istəyənlərin özləri bunu edirlər. Ona görə demokratiyanı şüar edib xalqları, dövlətləri özlərinə tabe etmək istəyirlər, o cümlədən bizi. Ona görə də təzyiqlərlə, iftiralarla, çirkin kampaniyalarla üzləşirik. Ona görə ki, heç kimin qabağında baş əymirik və heç vaxt əyməyəcəyik. Bizim milli qürurumuz, ləyaqətimiz hər şeydən üstündür. Ona görə müxtəlif vasitələrlə gəncləri yoldan çıxarmaq istəyirlər. Çünki bilirlər ki, gənclər hələ yetişməyiblər, formalaşmayıblar, onlar daha çox tələbkardırlar, pozuntulara daha çox dözümsüzdürlər. Bu da təbiidir, bu da olmalıdır, amma xalq naminə, dövlət naminə, hansısa başqa paytaxtda oturanın maraqlarını təmin etmək üçün yox. Ona görə bütün bunları gənclər bilməlidirlər və düzgün təhlil aparmalıdırlar. Bilməlidirlər ki, bizim hamımızın birinci vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək, Azərbaycan dövlətinin qüdrətini artırmaq və öz milli xüsusiyyətlərimizi qorumaqdır. “ASAN xidmət” mərkəzlərində, o cümlədən burada işləyənlər və könüllülər bax, bu ruhda tərbiyə alırlar. Buna görə bir daha qayıdıram “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə ki, xalq tərəfindən belə yüksək qiymət verilir. Mən sizi mərkəzin açılışı münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun."

Deməli, ASAN əslində elə Azərbaycan dövlətinin müstəqillik platformasıdır. Bu ictimai hərəkat növü özünü gələcəyə hərəkatın fəal üzvü kimi hazırlamaq istəyənlər üçün də maraqlı olmalıdır. Necə deyərlər, hərəkat istəmirsən, buyur, bu hərəkat, bu da bərəkət. Özü də bu hərəkatın qarşısına polis dəyənəklə, cərimələrlə çıxmır e. Əksinə xeyir-dua, təhlükəsizlik, mədəniyyət, alicənablıq, millətə və dövlətə fayda. Bir anlıq tutuşduraq. İcazəsiz aksiyaya çıxmış şəxs bir də görürsünüz danışır. Şamaxıdan. Gözləri böyümüş halda şikayətlənir ki, məni gətirib bura və niyə qoyub gediblər?! Və ya bir başqası çıxır şikayətlənir ki, aparıb onu Şəkiyə çıxarıblar... Niyə axı? Məncə keçmişin eksponatları kimi onlar o qədər də maraq doğurmamalıdırlar. Gələcək ASAN –la gəlir, bütün üstünlükləri ilə, cazibədarlığı ilə. Keçmiş isə bir-iki marginalı ilə. Yenidən Kresloya qayıdaq. Burada müdrik sətiraltılar da var idi. sətirüstülər də. Sətiraltı barədə. Biz Prezidentin iradında kreslonun mahiyyətinə yeni münasibət gördük. Buna qədər bir neçə kreslonu batırmış məmurlar rüsvayçılıq üstündə yaxalanmış, işdən alınmış və təcridxanaya göndərilmişdilər. Necə deyərlər kreslolarını batırmışdılar. Rüşvətə bulaşdırmışdılar. Prezident isə məhz gələcəyin elçilərinin qarşısında nümayiş etdirdi ki, keçmiş heç də həmişə yaxşı təcrübə demək deyil. Bu pis vərdişlərin yığılıb qaldığı zaman zibilxanası da ola bilər. Düzdü, bəzi kütləvi informasiya vasitələri Prezidentin çoxmənalı jestindən məkrli nəticə çıxararaq öz aləmlərində ikibaşlı ad da qoymuşdular: “məsələn, "Mənə kreslo lazım deyil, adi stul verin!" Amma başa düşən başa düşdü ki. söhbət hansı kreslodan və hansı stuldan gedir. Və ümumiyyətlə, bu həftəni Prezidentin əla atmacalar və çoxmənalı jestlərinin aktivinə yazmaq olar.

Prezident Mirhəsən Seyidov və Nahid Bağırova icra başçısı yeri göstərdi. Amma eyni zamanda onlara anlatdı ki, hər kəs öz yerini bilməlidir. Yeri gəlmişkən, bu sözü deyən Prezident Artur Rəsizadə ilə ayaqüstə, kostyumda, Ramiz Mehdiyevlə ayaqüstə kostyumda, Dilarə Seydizadə ilə ayaqüstə kostyumda görüşmüş vidalaşmış, salamlaşmışdı. Onun ağ köynək və tünd qalstukda qəbul etdiyi məmurlarla da əl tutub sağollaşması tam milli əkabürlüyə və abır-ərkana xas idi. Beləliklə, Prezident məzmunca yeni başçılara məzmunca yeni kreslolar həvalə edir: buyurun oturun. İşləyin. Yoxsa başqa cür oturacaqsınız:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: - Mən sizi - birinizi Neftçala, birinizi də İsmayıllı rayonuna icra başçısı vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadımı doğruldacaqsınız və elə işləyəcəksiniz ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də mən sizin işinizdən razı olum. Buna nail olmaq üçün, sadəcə olaraq, mənim tapşırıqlarımı yerinə yetirmək lazımdır. Bu tapşırıqlar da çox sadədir - vətəndaşlarla bir yerdə olmaq, daim xalq arasında olmaq, xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək. Əgər siz bu tapşırıqlarımı layiqincə yerinə yetirsəniz, həm dövlət sizin işinizdən razı olacaq, həm də vətəndaşlar.

İsmayıllı və Neftçala rayonlarının sosial-iqtisadi inkişafı üçün bir çox layihələr icra edilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmışdır. Hazırda dördüncü proqram icra olunmaqdadır və əminəm ki, 2023-cü ilə qədər rayonların infrastruktur və sosial problemləri tamamilə öz həllini tapacaq. Həm qazlaşdırma, həm elektrik enerjisinin təchizatı, həm də kənd yollarının çəkilişi, içməli su layihələrinin həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir və bir çox layihələr icra edilib. Bildiyiniz kimi, bu layihələr mərkəzi icra orqanları tərəfindən dövlət investisiya proqramı çərçivəsində icra edilir. Eyni zamanda, sosial obyektlərin tikintisi, təmiri də mərkəzi icra orqanları tərəfindən həyata keçirilən layihələrdir.

Sizin isə işiniz əsasən rayonda mövcud olan potensialı səfərbər edib, həm iqtisadi artımı təmin etmək, iş yerlərinin yaradılması ilə bağlı əməli addımlar atmaq və rəhbərlik edəcəyiniz rayonlara sərmayənin gətirilməsinə nail olmaqdır. Həm xarici investorları, həm də yerli investorları cəlb etmək üçün hər bir rayonun başçısı fəal işləməlidir. Bu tapşırıqları mən əvvəllər də vermişəm. Bəzi rayonlarda bu sahədə yaxşı nəticələr var, bəzi rayonlarda investisiya qoyuluşu zəifdir. Bunun obyektiv səbəbləri də ola bilər. Rayonların potensialı eyni deyil, amma buna baxmayaraq, hesab edirəm ki, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbedici ola bilər. Sadəcə olaraq, yerli icra orqanlarının rəhbərləri oturub bu investisiyaları gözləməməlidirlər. Özləri fəal olmalıdırlar, özləri investorları tapmalıdırlar, onları inandırmalıdırlar və cəlb etməlidirlər. Bəzi hallarda bəzi rayonlarda investor vəsait qoymaq istəyir, amma əfsuslar olsun ki, onun qarşısında süni əngəllər törədilir. Yaxud da ki, yerli icra orqanları ona qarşı əsassız və qanunsuz tələblər irəli sürürlər. Ona görə bu hallara qarşı çox ciddi mübarizə aparılmalıdır. Rayonlarda həm ictimai-siyasi ab-hava sağlam olmalıdır, ictimai münasibətlər sağlam zəmində qurulmalıdır və həm də xalqı narahat edən problemlər həll edilməlidir. O problemləri ki, müəyyən səbəblərə görə siz özünüz həll edə bilmirsiniz, gərək mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq nazirliklərə təkliflər verəsiniz və fəal olasınız.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır. Bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır.

Əfsuslar olsun ki, hələ də bunu dərk etməyən insanlar var. Neftçala rayonunda aparılmış xüsusi əməliyyat onu bir daha göstərdi. Xalqın gözü önündə bu biabırçı mənzərə bir daha göstərdi ki, əfsuslar olsun, bizim bəzi yüksək ranqlı məmurlar nəinki xalqın, dövlətin etimadını doğrultmurlar, onların hərəkətləri ikrah hissi doğurur. Bütün bu sübutlar göz qabağındadır, nümayiş etdirilən videogörüntülər, sadəcə olaraq, bəzi məqamları işıqlandırır. Ancaq Neftçala rayonunda rüşvətxorluq və korrupsiya sistem xarakter daşıyırdı, sistemli əsasda həll olunurdu və demək olar ki, rüşvətxorluq və korrupsiya bütün qurumları sarsıtmışdı.

Təsəvvür edin, rayonun ən zəngin insanlarından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq mühafizə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər. Ona görə bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq.

Korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülük sıfır səviyyəsində olmalıdır. Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrət hissi oyadır. Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir. Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə bu biabırçı kadrlar, əlbəttə, onu göstərir ki, bu insanın və buna oxşar insanların mənəvi deqradasiyası nə dərəcədədir. İndi operativ məlumat toplanılıb və toplanılır. Əlbəttə ki, mən istintaqa qarışmaq istəmirəm, istintaq hər şeyi özü göstərəcək. Son sözü məhkəmə deyəcək. Ancaq artıq aşkar olunan faktlar onu göstərir ki, Mərkəzi Rayon Xəstəxanasında bütün şöbələr baş həkimə aylıq haqq ödəyir. Məktəblərdə rüşvətxorluq kütləvi xarakter alır. Məktəb direktorlarından haqq tələb olunur, bələdiyyələrdən rüşvət tələb olunur, ictimai əsaslarla ödənişli iş yerlərinə insanlar cəlb edilmir, onların ödəniş kartları götürülür və icra başçısı tərəfindən o pullar çəkilir. Eyni zamanda, dövlətdən maaş alan və ödənişli ictimai yerlərdə işləməli olan həmin vətəndaşlar icra başçısına aid bir çox kommersiya obyektlərində və təsərrüfatlarda qul kimi işlədilir.

Yəni, bir daha demək istəyirəm ki, bu, mənəvi deqradasiyanın pik həddidir və bu, hər kəsə dərs olmalıdır. İstisna olunmur ki, onun kimi icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Heç kim toxunulmaz deyil və bu hadisələr bir daha onu göstərir.

Siz gənc kadrlarsınız, sizin tərcümeyi-halınız mənə təqdim olunub. Siz bu günə qədər heç bir qanunazidd əmələ əl atmamısınız, gəncsiniz, birinizin 40 yaşı, digərinizin 30 yaşı var, gənc nəslin nümayəndələrisiniz. Sizin təyinatınız bizim kadr siyasətimizi göstərir. Onu göstərir ki, bəyan etdiyimiz prinsiplər həyatda öz əksini tapır. Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidirlər. Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik. Ona görə rəhbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq. Əgər sizə göstərilən böyük etimadı bütövlükdə doğrultmasanız bu, eyni zamanda, cəmiyyətdə də məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gənclərdir, yeni təfəkkürlə, yeni yanaşma ilə, amma eyni yolla gedirlər. Ona görə bir daha sizə ciddi tapşırıram ki, əsas vəzifəniz bütün işləri düzgün qurmaq və xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır.

Eyni zamanda, ilk növbədə, rayonlarda vəziyyət təhlil edilməlidir. İnsanları narahat edən məsələlər ciddi araşdırılmalıdır və onların həlli yolları ilə bağlı təkliflər hazırlanmalıdır, yaxud da ki, bu məsələlər yerində öz həllini tapmalıdır.

Əgər işlər düzgün qurularsa, rayonların potensialı kifayət qədər böyük ola bilər. Neftçala rayonunda sənaye zonası yaradılıb. Deyə bilərəm ki, rayonların arasında birinci sənaye zonası Sumqayıtdan sonra Neftçala şəhərində yaradılıb və artıq fəaliyyətə başlayıb. Azərbaycanda avtomobillər Neftçalada istehsal olunur və bu sənaye zonasının gələcək inkişafı ilə bağlı konkret təkliflər verilməlidir. Hesab edirəm ki, Neftçalada balıqçılıq sənayesinin çox böyük perspektivləri var. Baxmayaraq biz Xəzər dənizinin sahillərində yerləşirik, əfsuslar olsun ki, özümüzü balıqla təmin edə bilmirik, idxaldan asılıyıq. Eyni zamanda, balıqçılıq təsərrüfatlarının yaradılması geniş vüsət almayıb. Mövcud olan təsərrüfatların böyük hissəsi çox primitiv səviyyədədir. Ona görə balıqçılıq həm bizim qeyri-neft sektorumuzun önəmli sahəsi ola bilər, eyni zamanda, ixracyönümlü sahə ola bilər və olmalıdır. Ona görə investorları bu sahəyə cəlb etmək üçün mütləq işlər aparılmalıdır.

Eyni zamanda, hesab edirəm ki, Neftçala rayonunun turizm potensialı da çox perspektivli ola bilər. Bu günə qədər rayonda turizmlə bağlı demək olar ki, heç bir iş görülməyib. Halbuki Bakıya o qədər də uzaq deyil, yaxşı yollar da çəkilir. Hesab edirəm ki, orada da turizm infrastrukturunun yaradılmasına ehtiyac var. Əlbəttə ki, kənd təsərrüfatı Azərbaycanın hər bir rayonunun önəmli sahəsidir, əməktutumlu sahədir. Bu sahəyə də diqqət yetirilməlidir.

O ki qaldı, İsmayıllı rayonuna, hesab edirəm ki, İsmayıllı rayonunun əsas inkişaf potensialı turizm və kənd təsərrüfatı ilə bağlıdır. İsmayıllı rayonunun çox mənzərəli, səfalı yerləri, zəngin təbiəti vardır. Ona görə bu imkanlardan tam şəkildə istifadə olunmalıdır. Dövlət isə öz tərəfindən bundan sonra da infrastruktur layihələrinin icrası ilə bağlı önəmli addımlar atacaq. Necə ki, bu yaxınlarda Lahıc qəsəbəsinə yeni yolun çəkilişi təmin edilib. Bu da əvvəlki yola nisbətən xeyli təhlükəsiz yoldur və məsafə baxımından Bakıdan daha qısa yoldur və Şamaxı rayonundan düz Lahıc kəndinə gəlir. Yolun açılışını mən şəxsən etmişəm. Özüm sükan arxasında bu yolu getmişəm və artıq turistlər üçün Lahıca gəlmək imkanı daha da genişdir. Eyni zamanda, Lahıc qəsəbəsinin qazlaşdırılması, yeni məktəbin tikintisi həll olunub. Bizim digər tarixi kəndimiz olan Basqalın tarixi irsinin qorunması ilə bağlı mənim tərəfimdən müvafiq Sərəncam imzalanıb. Bu da bu kəndin tarixinə, keçmişinə və zəngin mədəni irsinə Prezident tərəfindən verilən yüksək qiymətdir. Çünki çox nadir hallarda Prezident tərəfindən hansısa kəndin inkişafı ilə bağlı Sərəncam imzalanır. Düzdür, bu məsələlər daim diqqət mərkəzindədir. Hər bir kənd mənim üçün doğmadır və əzizdir, amma Azərbaycanın müxtəlif bölgələrində tarixi yaşayış yerləri vardır ki, onlara dövlət tərəfindən xüsusi qayğı göstərilməlidir. Basqal kəndinin gələcək inkişafı ilə bağlı əsas amillər tarixi keçmişimizi qorumaq və turizm imkanlarımızı genişləndirməkdir.

Bir sözlə, hesab edirəm ki, kənd təsərrüfatı və emal sənayesi sahəsində böyük imkanlar var və siz çalışmalısınız ki, bu rayonlarda gedən işlər yaxın zamanlarda öz nəticəsini versin. Sizin fəaliyyətinizdə bax, bu amillər əsas rol oynayacaq - vətəndaşların məmnunluğu, rayonların inkişafı, iqtisadi-sosial göstəricilər və investisiyaların cəlb edilməsi.

Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız."

Prezident fərqli məkanlarda fərqli məzmunu əhatə edən çıxışlar etdi. Amma bu çıxışdan irəli gələn mətnləri peşəkarcasına bir-birilə əlaqələndirməklə ortaya əməlli-başlı ideoloji doktrina qoymaq olar. Burada tarixə dürüst münasibət formalaşdırmaqdan tutmuş gənclərin yoldan çıxarılaraq müstəqilliyə qarşı qoyulmasına qədər kifayət qədər geniş miqyas aiddir. Prezidentin tarixə nə qədər həssas yanaşdığını, fakt və məlumatlardan necə sərrast istifadə etdiyini biz yaxşı bilirik. Elə bu yaxınlarda Nikol paşinyana Münxendə verilən tarix dərsi yadımızdadır:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “. İlk növbədə, cənab İşingerə bu tədbiri təşkil etdiyinə görə minnətdarlığımı bildirmək istərdim. Mən elə indicə cənab İşingerə dedim ki, bir neçə il əvvəl Davosda Ermənistan və Azərbaycan rəhbərliyi tərəfindən mesajlar ötürülməsi üçün imkan var idi. Cənab Paşinyanın sələfi də iştirak etməli idi, lakin son anda o, iştirakını təxirə saldı. Beləliklə, mən şadam ki, nəhayət, həmin an gəldi və biz mesajları çatdıra biləcəyik. Düşünürəm ki, bu gün yetərli suallara cavab verə biləcəyik, ilk növbədə, münaqişənin həlli ilə bağlı. Münaqişənin necə həll edilməsi haqqında danışmaq üçün hər şeydən öncə biz geriyə qayıtmalı və məsələnin tarixinə baxmalıyıq. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə, - sazişin mətni internetdədir, - Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr - Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistan da həmçinin. Beləliklə, bu, məsələnin tarixi tərəfidir. Daha sonra Rusiya imperiyasının süquta uğradığı, Gürcüstan və Azərbaycan Demokratik respublikaları yaradıldığı zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan biri Yerevanın Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı idi. Bu da, həmçinin tarixi faktdır. Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub. 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdi. Saxlanılması barədə qərar, bəzi erməni tarixçilərinin yazdığı kimi verilməsi barədə yox. Bu da, həmçinin tarixi faktdır. Digər tarixi fakt ondan ibarətdir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul etdi. Beləliklə, bu, tarixdir. Sonralar, 1980-ci illərin sonunda Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, 300 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olundu. Sonra Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 1990-cı illərin əvvəlində bizim ərazilərimizin təxminən 20 faizi işğal altına düşdü və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Xalqımız etnik təmizləməyə məruz qalıb. 1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti - Xocalı soyqırımını törətdi. Nəticədə aralarında 106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü. Xocalı soyqırımını 10-dan artıq ölkə tanıyır.

Beynəlxalq hüquq məsələsinə gəlincə, yenə deməliyəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir."

Bu misalı ona görə gətirirəm ki, Prezidentin bir rayonun icra başçısına tutduğu iradın əslində sistemli, mötəbər bazaya malik şəxsə məxsus olduğu anlaşılsın.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “-Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov: "Mədəniyyət Nazirliyindən."

Prezident İlham Əliyev: "Mədəniyyət Nazirliyindən? Qədim adlar, məsələn, Sisian yazılıbdır. O vaxt Sisian adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki, Bərdə, Qəbələ, Naxçıvan - bütün bunlar qədim şəhərlərimiz olub. Ona görə soruşuram, bu, hansı əsrə aiddir? Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb. Ona görə buna baxmaq lazımdır. Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm dəqiq olmalıdır, həm də bunun tarixi göstərilməlidir.

Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən bu tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu, nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük."

Bu isə o deməkdir ki, bu iraddan sonra ölkənin bütün uyğun kabinetlərində Azərbaycanın xəritələrinə yeni, daha doğrusu qədim, amma dürüst mövqedən baxılmalıdır. Və onu da nəzərə alaq ki, bu gün ermənilçilk bütün dünyada öz yerlərini yuxarı başa və laaaap alt qata köçürməkdən ötrü ən ciddi çabalardadı. Bir dəfə bu mövzuya toxunmuşam. 2020-ci ilin yanvar ayının 29-da Fransa prezidenti Emanuel Makron Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin ənənəvi ziyafətinə qatılmışdı. Yəqin yadınıza düşdü. Görüşdə erməni nümayəndələr qarşısında nitq söyləyən Fransa prezidenti, ötən dövrdə Şərq Xristianlarının irsinin qorunması və bərpa edilməsi istiqamətində aparılan işlərin əhəmiyyəti haqda məlumat verib. Makron erməni icmalarına müraciət edərək, Şərq Xristianlığını dəstəkləmələrini və yaradılacaq yeni fonda maliyyə dəstəyi göstərmələrini xahiş edib. Fondun məqsədi, Orta Şərq xristian məktəblərində fransız dilinin tədrisinin aparılması və xristian məktəbləri arasında təhsil şəbəkəsinin dəstəklənməsini təmin etməkdir. Qeyd edək ki, Fransa prezidentinin diqqətinin mövzuya yönəlməsinə Fransanın Milli İrs İnstitutunun direktorunun hesabatı səbəb olub. Hesabatda tövsiyə edilir ki, Suriya, İordaniya, Fələstin, Misir, Livan və Türkiyə kimi dövlətlərdə xristian mədəni irsinin qorunması ilə bağlı fəaliyyət aparılsın. Ancaq layihənin digər bir məqsədi, Orta Şərq regionunda Fransa dövlətinin mədəni təsir dairəsini genişləndirməkdir. Erməni diasporunun ləyihə çərçivəsində Fransa dövlətinin Orta Şərq regionunda yumşaq gücünün formalaşdırılmasında “istifadə edilməsi” diqqət çəkir. Tarix boyu bir sıra güc mərkəzlərinin siyasi oyunlarına alət olan erməni siyasəti, 21-ci əsrdə eyni prosesi davam etdirir. Keçən əsrin əvvəllərində Osmanlı Türkiyəsinə edilən xəyanət müsəlman xalqlarının yaddaşından silinməyib. Fransa rəhbərliyinin bu məsələdə məhz erməni diasporuna müraciət etməsi, tarixən formalaşan erməni xarakterinin buna uyğun olması ilə bağlıdır. Adı çəkilən regionda erməni diasporunun aktiv fəaliyyəti həmçinin, qondarma erməni soyqırımının tanınması planlarının sürətlənməsinə yardımcı ola bilər.

Tovuzda, muzeydə asılmış bir xəritənin İlk baxışda bəlkə də Parisə, hansısa ziyafətdə erməniçiliyin hesabatı ilə əlaqəsi bəlkə də yoxdur. Amma bir az dərindən düşünsək taparıq. Baş nazirin müavini Əli Əhmədovla həftənin əsas mözuları ətrafında danışmışıq. Koronavirusdan başlayaraq başqa viruslara qədər çox mətləbə toxunmuşuq.

Bu həftə sosial şəbəkələrdə bir maraqlı məlumat da tirajlandı. Hansısa Şəhla adlı keçmiş vəkil birdən-birə sosial şəbəkələrin yeni Xədicə İsmayılına çevrildi. Azərbaycanda o qədər də yaxşı reputasiyaya malik olmayan, neqativ əməllərə görə vəkillikdən kənarlaşdırılan bu qadın Amerika Birləşmiş Ştatlarının “Beynəlxalq Cəsarətli qadınlar” mükafatına layiq görülüb. Yüz minlərlə Azərbaycan qadınının sırasında yalnız Şəhla Əlikram Hümbətovun soyaddaşının “qəhrəman” seçilməsi nəylə bağlı ola bilər? Əcəba harada və kimə göstərib bu xanım öz cəsarətini və cəsarət deyiləndə nəyi nəzərdə tutublar?

Bu suala cavab axtaraq. Seçim prosesində ABŞ tərəfindən “ikili standartların” tətbiqi açıq aydın görünür. Belə ki, Azərbaycanın tarixi ərazilərini işğal etmiş, milyona yaxın azərbaycanlını qaçqın və məcburi köçkün həyatını yaşamağa düçar etmiş, Xocalı faciəsində yüzlərlə qadın və qızların vəhşicəsinə ölümünə səbəb olmuş, dözümsüzlüyün tüğyan etdiyi və insan hüquqlarının qorunması sahəsində çoxsaylı problemləri olan Ermənistanı təmsil edən Lüsi Koçaryan qadınlara və uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində fəaliyyətinə görə təltif olunub. Şəhla Əlikram Hümbətovun soyaddaşı ilə bir salonda, bir cərgədə daha kim olub? Əlbəttə Anna AKOPYAN! İşğalçı Ermənistanın baş nazirinin həyat yoldaşı. Çox təəssüf ki, Xocalı soyqırımının ildönümündən bir həftə sonra ABŞ rəsmiləri bu faciəni yaşamış, ağlasığmaz əzablardan keçmiş, ailə üzvlərini itirmiş onlarla Azərbaycan qadınına mənəvi dəstək vermək əvəzinə, əksinə öz ölkəsinə və hökumətinə qarşı fəaliyyət aparan şəxsə “mükafat” verir. Əgər həqiqətən də bu “mükafat” sülh və ədalət uğrunda qadınların mübarizəsinə dəstək üçün nəzərdə tutulubsa, onun ermənilər tərəfindən 2016-cı ilin aprel ayında öldürülmüş 16 yaşlı Turanə Həsənovanın, 2017-ci iyul ayında nənəsi Sahibə Quliyeva ilə birlikdə qətlə yetirilmiş balaca Zəhranın analarına, yaxud Xocalı faciəsinin canlı şahidi Dürdanə Ağayevaya verilməsi daha yerində olmazdı. Maraqlıdır, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerin Şəhla Əlikram Hümbətovun soyaddaşı ilə bağlı xüsusi fəallıq göstərməsi nəylə bağlıdır? Axı hər hansı bir diplomatik nümayəndənin əsas vəzifəsi öz ölkəsi ilə akkreditə olduğu ölkə arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdir. İndi mən sual versəm ki, hörmətli səfir, siz bilavasitə və ya dolayısı ilə yerləşdiyiniz ölkənin daxili işlərinə qarışmırsınız ki və sizcə bu dövlətlərarası münasibətləri tənzimləyən qaydalara, diplomatik praktikaya zidd hərəkət deyilmi? – məni sabah səfirlikdən axtaracaqlar.

Nəysə, siyasətə qarışmayaq və öz yolumuzla gedək. Onsuz da Azərbaycanda bütün yollar müstəqil dövlətə doğru aparır. Yolumuz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovla Azərbaycan yollarınadır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər