Dəbdən düşən güzgü

Dəbdən düşən güzgü
Cibimizdə əzilən xəbərlər...

Okeaniyada 9 adadan ibarət, sahəsi 25 kilometr olan kiçik bir ölkə var. Avstraliya ilə Havay adalarının arasında yerləşən bu ölkənin adı Tuvaludur. “Tv” domeni Tuvaluya aiddir. Və dünyadakı bütün televiziyalar internet portalına tv domeni almaq üçün pul ödəyirlər. Tuvalunun dünya televiziyalarının həyatında təsadüfi rolu və əhəmiyyəti nə qədərdirsə, indiki televiziyaların da insan həyatında, təyinatında, hətta bəzən müqəddaratında rolu o qədər təsadüfi və əhəmiyyətlidir.

  Bəzən adamda elə təəssürat yaranır ki, televizora çox baxan adamlar, işsizlikdən əziyyət çəkən, kasıb ölkələrin vətəndaşlarıdır. Amma dünyada ən çox televizora baxan ölkələr statistikasında ABŞ, İngiltərə, Almaniya, İtaliya, Yaponiya kimi inkişaf etmiş ölkələrin adını görəndə düşünürəm ki, bəlkə o yerlərin adamları elə daha çox televizora baxdığına görə inkişaf ediblər?!

 Özümüzdən götürək. Televiziya ilk yarandığı vaxtlarda kinolar, musiqi nömrələri nümayiş etdirirdisə, sonralar tədris proqramları, siyasi-analitik verilişlər, cəmiyyətdəki hadisələri şərh edən tok-şoular yarandı. 1991-92-ci illərdə AzTv-də sədr olmuş Məmməd Muradın dövründə yeni layihələr, fərqli baxış bucaqları işıqlanmağa başladı. Artıq diktor buraxılışları yerini müəllif proqramlarına verdi. İnsanlar daha çox maarifləndilər, daha çox danışdılar, mətləblərdən daha rəngli, daha səsli agah oldular. 35 il sosializm təbliğatından dəm vuran bir televiziyada “Dəyirman”, “215kl təqdim edir”, “Həftə”, “7 gün” kimi yeni biçimdə olan verilişlər adamların kolxoz-sovxoz söhbətlərindən yaxa qurtarıb inteqrasiyaya yol açmasına bir cığır oldu. Musiqi nömrələrinin yerini kliplər, mış-müşdür xarakterli, pafoslu diktor xəbərçiliyinin yerini isə daha sərbəst, daha söhbətcil şəkildə əvəz edən aparıcılar aldılar. Adamlar verilişlərarası reklamlara baxdılar, dünyanın o başından çalarlı xəbərlər aldılar. Bu inteqrasiya hər şeydə özünü göstərdi. Mədəniyyətdə də, iqtisadiyyatda da, sosial həyatda da.

 Amma zənnimcə, televizora baxa-baxa biz bir yerə qədər inkişaf etdik. Sonra qaragüruhçular efirlərə yol tapmağa başladılar. Dedilər ki, “bilirsiz, hadisələrə milli-mənəvi dəyərlər prizmasından baxmaq lazımdır. Bu nə tərzdir?! Bu nə janrdır?! Bizim babalarımız bəyəm rep oxuyub?! O vaxt Şövkət Ələkbərova bunu görsəydi ürəyi partlayardı. Bu nə geyimdir?! Bülbül belə geyinməmişdi! Bu nə duruşdur?! Rəşid Behbudov belə durmurdu axı?!” Və bütün bu söhbətlər iqtisadiyyatdakı, təhsildəki çatışmazlıqlara kölgə sala-sala müzakirə olunurdu.

Yeniliklərə təzəcə alışmış yenilikçi  tamaşaçı daha bu dedi-qodulara baxmaq istəmədi. O, qonşu və digər xarici ölkələrin kanallarını izləməyə başladı. Beləliklə həmin ölkələr ayaqları burada, qafası orada olan virtual vətəndaşlar qazanmağa başladılar.

  Hazırda ölkə televiziyalarında ən çox baxılan “Səni axtarıram”, “Bizimləsən”, “Çıxış yolu” kimi insanların acı taleyindən bəhs edən verilişlər və seriallardır. Fikrimcə, bu verilişlərin baxımlı olmasına 2 amil səbəbdir. Birincisi, adamlar başqasının dərdinə ona görə baxır ki, ay Allah yaxşı ki, mən belə deyiləm. Əzabı izləmək, ağır talelərə acımaq bir növ bu arealın adamlarına xas bir şeydir. İkincisi isə, efirlərdə o tip verilişlərdən daha maraqlı informasiya proqramı yoxdur. Hər hansı bir debat buraxılışında təzə nə eşidəcəyik?! Həyatımıza, planlarımıza, maddi artıma hansı təsiri olacaq?! Heç olmasa şoulaşmış olsun. Bizi dərdə, neqativə çəkməsin. Bu arada aparıcıların da səriştəsi önəmlidir. Portret verilişlərdə qəhrəmana verilən suallar hamının bildiyi məlumatlar olur. Tok-şoularda da aparıcılar sanki bəzi qonaqlardan çəkinir. Ütülənmiş suallarla verilişin duzunu qaçırırlar. Və ya qonaqlardan daha çox danışmağa başlayırlar. Veriliş maraqlı olanda isə ona tək ölkəsində baxmırlar. Necə ki, Opra Uinfrinin, Ellen Li Deceneresin, Andrey Malaxovun, İvan Urqantın tok-şoularını dünyanın hər yerində izləyirlər.

90-ların sonuna, 2000-ci ilin əvvəllərinə nəzər yetirsək nə qədər yeni mahnıların və janrların yarandığını, layihələrin təqdim edildiyini görərik. Bəs indi?! Nə baş verdi?!  Etalonlaşdırılan keçmişi hissə-hissə, qırıq-qırıq milli dəyərlər adıyla yenidən bu günümüzə dartışdırmağa başladılar. Və o keçmiş çox uzaqda deyildi. Yaşlı dayıların və əmilərin, xalaların və bibilərin adminstrativ müdaxilələrləriylə yenidən ekranlara qayıtdı. Bəlkə də ilk baxışdan hiss olunmur, amma artıq yenidən diktorlar revanş almağa, köhnə mahnılar retrooranjeman adıyla qayıtmağa başlayıblar. Gənc müğənnilər yeni bəstələr axtarışında olmaq əvəzinə köhnə mahnılara əl gəzdirib oxumaq yarışına çıxıblar. Çünki bu mahnılar onlara qiymət verən insanların sovet dönəmində yaşaya bilmədikləri gəncliklərinin zümzüməsidir. O zümzümə ki, şablon notlardan kənara çıxa bilmir. Çərçivəyə salındıqca isə təzə tonallıqda yeni ölçülər olmayacaq.

Amma zaman öz sözünü dedi. İlin-günün bu vaxtı, müharibələrin yenidən qaynadığı, gündə bir elmi və tibbi yeniliklərin, iqtisadiyyatın, birjaların, həyatın ildırım sürətiylə dəyişdiyi bir vaxtda televiziyalar da dəbdən düşdü. Ölkədə internet kütləviləşməyə başladı. Artıq adamlar televiziyanın “filan vaxtı mənə bax, ha” diqtəsinə məhəl qoymadılar. Daha portativ informasiya vasitələrindən istifadə etməklə vaxt diqtəsi olmadan, geniş yer tutmadan, daha tez, daha lakonik, daha ucuz informasiya alırlar. Hər şey əl boyda texnikanın içində və cibimizdədir. Smartfonlarla işlərimizi də həll edirik. Xəbər də alırıq. Efirinə gecikdiyimiz verilişləri də izləyirik. Amma bu xəbər gözləyənlərin hamısını doydururmu?! Ağılllı tamaşaçı hadisəni tək internetdə görməklə kifayətlənmir. Praqmatik tamaşaçı xəbərin içində, yanında olmaq istəyir. Selfi çəkdirməklə, canlı yayımda şəxsi mülahizələrlə yox. Peşəkar, ciddi arqumentlərlə hadisələrin sabaha təsirini bilmək istəyir. Tamaşaçını yalnız keyfiyyətli və operativ xəbərlə, rəngarəng layihələrlə yenidən “sehrli güzgü”nün qarşısına gətirmək olar, halal kolbasalarla yox.

 

Orxan Məmmədli

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər