Örüş yerini dəyişmək olmaz

Örüş yerini dəyişmək olmaz
Yaz əkinçi, qış dilənçi.

Azərbaycanda heyvandarlıqla məşğul olanlar üçün problemlər yaranıb. Bu problemlərdən ən başlıcası isə heyvanları otarmaq üçün örüş sahələrinin yetərincə olmamasıdır.

Belə problemlərdən biri də Yevlax rayonunda mövcuddur. Orada heyvandarlıqla məşğul olan sakinlər mal-qaralarını otarmağa örüş sahələri tapa bilmirlər. Rayon sakinlərinin Real TV-yə dediyinə görə, əvvəllər heyvan otardıqları sahələr indi əllərindən alınıb.
Qoyun Binəsi kəndində sakinlərin heyvanlarını otarmaq üçün nəzərdə tutulan 70 hektar otlaq sahəsində indi pambıq sahəsi salınıb. Bu səbəbdən də, heyvanları həmin əraziyə buraxmırlar. Rayon sakini Elvin Babayev deyir ki, hazırda vətəndaşlar heyvanlarını otarmaq üçün yaxınlıqdakı meşələrə üz tutublar. Ancaq meşə həm təhlükəli, həm də heyvanların rahat otlaması üçün lazımi şəraitin olmadığı məkandır. Üstəlik mal-qara meşələrə ziyan vurur.

Rayon sakini Sərkər Sərkərli də deyir ki, onların əlindən alınan örüş sahələri pambıq əkmək üçün ayrıldığından, indi həmin ərazidə dərmanlama işləri gedir.

“Pambıq biçilənə qədər heyvanlarımızı əraziyə buraxmırlar. Sonra isə sahə açıq qalır. Ora heyvan aparmağa qorxuruq. Sahə dərmanlandığı üçün mal-qara tələf ola bilər. Bu səbəbdən də, hazırda qoyun-quzunu, mal-qaranı otarmağa boş sahə tapa bilmirik”, - deyə Sərkər Sərkərli bildirib.

Kənd sakini deyir ki, ot və yem problem olduğu üçün artıq mal-qara saxlamaq çətinləşib. Ona görə də, insanların çoxu heyvanlarını kəsib, yaxud da dəyər-dəyməzinə satıblar. Eyni problem İmişli və Balakən rayonlarında da yaşanır.

Qeyd edək ki, bu problem bir neçə il bundan əvvəl də yaranmışdı. 2014-2015-ci illərdə rayonlarda fermerlər yem çatışmazlığı səbəbindən heyvanlarını kütləvi şəkildə kəsməyə başladı. Məhz bu səbəbdən də, həmin illərdə ölkədə mal və qoyun ətinin qiyməti kəskin şəkildə ucuzlaşdı. Həmin illərdə mal əti 5, qoyun əti isə 6 manata satılırdı. O vaxt mütəxəssislər həyəcan təbili çalaraq bildirmişdilər ki, bir neçə ildən sonra ölkədə heyvan çatışmazlığı yaranacaq, ardınca isə mal və qoyun ətinin qiyməti kəskin bahalaşacaq. Bu fikirlər Kütləvi İnformasiya Vasitələrində yayılsa da, məsələyə diqqət ayıran tapılmadı. Fermerlər üçün şərait yaradılmaq əvəzinə mövcud örüş sahələri də sakinlərin əlindən alındı.

Ekspertlərin fikrincə, bu gün pambıqçılığın inkişaf etdirilməsi heyvandarlığın inkişafına mane olmamalıdır. Vüqar Bayramov Real TV-yə bildirib ki, hökumətin tələbini icra hakimiyyəti orqanları düzgün yerinə yetirmirlər.


“Hökumət onların qarşısında tələb qoyub ki, mövcud olan boş sahələrdə əkin sahələri yaradılsın. Hökumət tələb etmir ki, otlaq yerlərində pambıq əksinlər. Elə bir tələb yoxdur. İstifadə olunmayan və sahəsi daha geniş olan ərazilərin pambıq üçün istifadə edilməsinə ehtiyac var. Apardığımız monitorinqlər göstərir ki, bəzi rayonlarda kiçik otlaq sahələri belə pambıq üçün istifadə edilir. Bu da effektli deyil. Pambıq üçün daha geniş ərazilər lazımdır. Otlaq sahələrində isə pambıqçılığın inkişaf etdirilməsi iqtisadi baxımdan arzu olunan deyil. Bəzən kiçik otlaq sahələrində əkilən pambığın yığılmamasının şahidi oluruq”, - deyə ekspert bildirib.

V.Bayramov deyir ki, iqtisadi tərəfdən otlaq sahələrində pambığın əkilməsi sərfəli olmadığı kimi, heyvandarlığa da mənfi təsir edir: “Bu zaman ot və yem azalır, eyni zamanda onların qiymətində artım müşahidə edilir. Yemin bahalaşması ətin qiymətinin artımına təsir göstərir. İri və kiçik buynuzlu mal-qaranın azalması ilə nəticələnir. Belə problemlər demək olar ki, əksər rayonlarda müşahidə edilir”.

İqtisadçı düşünür ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu məsələnin daha intensiv öyrənilməsinə ehtiyac var: “Nazirlik hansı sahələrin pambıqçılıq üçün daha əlverişli olmasını dəqiqləşdirməlidir. Bu sahədə xüsusi xəritə hazırlanmalıdır. Həmin xəritədə hansı ərazilərdə pambığın əkilməsi göstərilməlidir və məlumatlar icra hakimiyyətlərinə verilməlidir. Yerli icra orqanları da pambıq əkinlərini təşkil edən zaman həmin tövsiyələrə uyğun olaraq iş görməlidir”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Real TV-yə açıqlamasında bildirib ki, torpaqların əkin sahəsi üçün yararlılığı müəyyən olunandan sonra bu proses həyata keçirilir. Onun sözlərinə görə, boş qalmış sahələr əkinə cəlb olunur.


“İstər pambıq olsun, istərsə də digər bitkilər olsun, boş ərazilərdə əkilir. Kiminsə əlindən məcburi torpaq almırlar. Əkin sahələri üçün ayrılan ərazilər dövlətin torpaqlarıdır. Hökumətin qərarı ilə həmin ərazilərin təyinatı dəyişdirilir. Bunlar əkin altına cəlb edilir. Bu prosesdə mütəxəssislərlə məsləhətləşmələr aparılır”, - deyə Murtuzəli Hacıyev bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi İmran Cümşüdov Real TV-yə açıqlamasında bildirib ki, pambıq sahələri əlverişli torpaqlarda salınır. Onun sözlərinə görə, bu prosesi həyata keçirərkən heyvandarlığın inkişaf etdirilməsi də nəzərə alınmalıdır.

“Respublikamız torpaq ehtiyatları az olan ölkələr qrupuna daxildir. Əkin üçün yararlı olan torpaqlar 1 milyon 800  min hektara yaxındır. Ona görə də, bu torpaqlardan səmərəli istifadə etmək üçün bölgələrə uyğun əkin sxemi hazırlanır və kəndlilərin istifadəsinə verilir. Suvarma sistemi olan, pambıq əkmək üçün əlverişli şəraitə malik ərazilərdə bunu həyata keçirmək olar. Lakin geniş ərazilərdə pambıq əkmək daha əlverişlidir. Müasir texnikaları tətbiq etmək və istehsal olunan məhsulun maya dəyərini aşağı salmaq üçün geniş ərazilərdə pambıqçılığın salınması daha məqsədəuyğundur”, - deyə İmran Cümşüdov bildirib.

KTN-nin torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Eldəniz Həsənov Real TV-yə açıqlamasında bildirdi ki, əgər örüş üçün ayrılan torpaqlarda əkin sahəsi yaradılırsa, bu qanunsuz prosesdir. 

“Bunun qarşısını almaq üçün vəsadət qaldırılır ki, həmin torpağın təyinatı dəyişdirilsin. Bu səbəbdən də, vətəndaş subsidiyalardan da məhrum olur. Nəticədə örüş sahələri də itirilir”, - deyə alim bildirib.

Məlumat üçün deyək ki, torpaqların təyinatının dəyişdirilməsi üçün bir neçə mərhələ tələb olunur:

Birinci növbədə torpaqların təyinatının dəyişdirilməsi ilə əlaqədar icra hakimiyyəti vəsadət qaldırır və məsələyə Əmlak Məsələlər Dövlət Komitəsində baxılır. Torpaqların xəritəsinin hazırlanması da həmin qurumun nəzarətində həyata keçirilir. Ayrılan torpaq sahəsinin yeri və ölçüsü müəyyən olunandan sonra sənədlər rəy bildirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə göndərilir. Rəy alınandan sonra sənədlər Nazirlər Kabinetinə göndərilir. Məsələ araşdırıldıqdan sonra yekun nəticə əldə olunması üçün sənədlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə geri qaytarılır. Yenidən araşdırılma aparıldıqdan sonra sərəncam layihəsi hazırlanır və Nazirlər Kabinetinə qaytarılır. Sonda Nazirlər Kabineti torpağın hansı istiqamət üzrə istifadə edilməsi barədə yekun qərar verir.

Ekspertin fikrincə, bu gün iri sahələrdə pambıqçılığa, taxılçılığa və digər bitkilərin əkilməsinə önəm verilir: “Burada iqtisadi səmərəlilik mütləq nəzərə alınır. Yəni mütəxəssislər hesablayırlar ki, örüş sahəsi kimi torpaqdan daha çox gəlir götürmək olar, yoxsa pambıq əkilən zaman faydası yüksək olar”. 

Eldəniz Həsənov həmçinin heyvanların pambıq sahələrində otlanması zamanı zəhərlənmə ehtimalı ilə bağlı səslənən fikirlərə də münasibət bildirdi. Mütəxəssis təcrübədən çıxış edərək dedi ki, belə iddialar yanlışdır.

Ziya Səccad

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə