Bayıla dolanan çatı

Bayıla dolanan çatı
Bayıl yamacında sürüşmə aktivləşib.

Bayıl yamacının ənənəvi dərdi yenə təzələnib.  Bayıl adı çəkiləndə Sovet hakimiyyəti illərində həbsxana yada düşürdüsə, son illərdə bu ərazi ömürlük məhkum edilmiş sürüşmə təhlükəsi ilə gündəmə gəlir. Yamacda sürüşmə... Telleqüllədə çat... Şəhidlər Xiyabanında əyilmə və s. Təbiətin sərt üzünə barmaqarası münasibətin nəticəsidir ki, bügünkü gün  təhlükənin miqyası pik həddə çatıb və hazırda  Bayıl yamacında 100-dən çox evin sakini köçürülüb.

Səbail rayon İcra Hakimiyyətindən Real Tv-yə verilən məlumata görə, sakinlər müvəqqəti olaraq qohum və yaxınlarının evinə köçüb. Köçməyə yeri olmayanlar isə rayonun bəzi idarə və təşkilatlarında yaradılmış müvəqqəti sığınacaqlara yerləşdirilib. Əraziyə baxış  da keçirilib. Lakin hazırda təhlükəli zonada neçə evin olduğu hələ ki müəyyənləşdirilməyib.

Sürüşmə ərazisində zolaqların ucu-bucağı, dərinliyi görünmür. Görünən bir tək  odur ki, əlaqədar qurumlar bu problemin əvvəldən fərqində olub. Lakin birinin sözü digərinin boğazından keçmədiyindən, çanaq yenə də vətəndaşların başında çatlayıb. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyir ki, həmin ərazidə hələ ötən ilin noyabrında bir neçə santimetrlik müxtəlif çatlar qeydə alınıb:

Son 3 ay ərzində çat 8 metrə qədər artdı. Sürüşmə artıq rayonun təxminən 7 hektar ərazisini əhatə edir. Yaşayış evlərinə ziyan dəyib. Sürüşmə zonası Bayıl yamacında, Teleqüllənin ətrafında yerləşir. Bu zona ixtisaslaşdırılmış atlaslarda sürüşmələrə meyilli ərazi kimi qeyd olunub. Son zamanlar sürüşmə zonası genişlənib. Həmçinin, Bayıl yamacının sağ tərəfində, "Bayılov dərəsi" adlanan ərazidə 80 metr uzunluğunda çat yaranıb.

80 metr çat... Bu göstərici artıq təbiətin şıltaqlığının boyunu aşan məsələdir. Ortada insan əli ilə təbiətə vurulmuş 80 metr uzunluğunda fakt var. Mütəxəssislərin fikrincə sürüşməni dayandırmaq və ya qarşısını almaq,  başqa tektonik proseslər kimi mümkün deyil. Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirir ki, o ərazidə ümumiyyətlə tikinti aparmaq olmazdı.

"Çünki tikinti torpağın dayanıqlığını azaldır və sürüşmə proseslərini sürətləndirir. Ən böyük narahatlıq doğuran da odur ki, sürüşmə aktiv mərhələdədir. Vəziyyət olduqca təhlükəlidir".

Əgər bütün bu nəticə əvvəldən məlum idisə, ərazidə evlər tikməyə kim icazə verib?  İndiki halda  əhalinin ordan köçürülməsi,  gələcəkdə yeni evlərlə təmin edilməsi dövlətə əlavə yük, xərc, problem deyilmi? İnsan həyatı bu qədərmi ucuzlaşıb bu məmləkətdə? Sualların cavabı Bayıl yamacının çatları qədər dərində deyil əslində. Bunun üçün təkcə Bayıl ərazisində torpaq sahəsinin qiymətinə nəzər yetirmək kifayətdir.

 

Sürüşməsi, lap elə çatıyla da Bayıl şəhərə açılan mənzərəsi ilə hər zaman diqqət çəkib. Ölkə başçısının diqqətini çəkən isə hələ 3 il əvvəl  Bayılda 2 gündə peyda olan villalar olub. 

Xatırladım ki, 2015-ci ildə Dövlət Komissiyasının iclası zamanı ölkə başçısı İlham Əliyev Səbail rayonu, “Dostluq parkı” deyilən ərazidə tikilən villaların sökülməsilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova göstəriş verib. Həmin vaxt Hacıbala Abutalıbov mediaya açıqlamasında 45 villanın söküldüyünü demişdi. Söküntünün getdiyi ərazidə yüzlərlə ağac əkildi. Amma Prezidentin tapşırığı kimi, bu ağaclar da unuduldu. Əkilən fidanlar susuzluqdan qurudu, ərazi zibilliyə döndü. Bəzi villalar isə hələ də yerindədir. Zurna-nağara ilə sökülən hasarlar da yenidən tikilir. Səssiz-səmirsiz...

Təbiət isə bu qədər sakit deyil. İnsan faktoru riyazi dəqiqliklə  işləyən təbiət qanunlarını işə salıb. Necə? Çox sadə: Yamacı saxlayan ağaclar kəsilib, tikinti çoxalıb, kanalizasiya sistemi isə yoxdur. Su torpağı yumşaldıb üzüaşağı gətirir.

Bundan başqa, həmin ərazi mərkəzə yaxın olduğundan ətrafda son standartlara uyğun yollar, mərmər səkilər salınır. Amma bu işlər yağıntının qarşısını kəsməklə problemi bir qədər də dərinləşdirir.  

Daldan atılan daş topuğa dəysə belə, sürüşmənin qarşısını almaq, vurduğu ziyanı azaltmaq üçün qurumlar işə başlayıb. Səbail rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, FHN, Milli Elmlər Akademiyası və başqa strukturların mütəxəssisləri sürüşmə zonasındadır. Mütəxəssislər sürüşmənin əhatəsini, xarakterini, səbəblərini, həmçinin mümkün nəticələrini müəyyənləşdirirlər. Tədqiqatların nəticələri sonda hökumətə təqdim ediləcək.

Ancaq məsələ bu deyil. Məsələ təbii fəlakətin bir daha yaşanmaması üçün görüləcək tədbirlər, bu boyda narahatlığa yol açanların cəzalandırılmasıdır.  Bu əmələ görə cəzalanan varmı deyə axtardıqda isə qarşımıza yalnız 2015-ci ilə aid fakt çıxdı.

Dostluq" parkının ərazisinin qanunsuz torpaq alqı-satqısı həyata keçirməkdə şübhəli bilinən iş adamı Tərlan Kərim oğlu Hüseynov  tutularaq istintaqa cəlb edilib. Onun barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. İş adamı Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib.

Dünyada isə təbiətlə bu cür naşı davrananlara qarşı ciddi mübarizə üsulları mövcuddur. Məsələn qonşu Türkiyədə-Ataşehir sürüşməsinə görə, ağacları kəsib bina tikən şirkət rəsmisindən tutmuş, ərazini satan bələdiyyə sədrinə qədər hər kəs istintaqa cəlb edilib.

Dünya təcrübəsindən öyrənməli olduğumuz daha bir məqam isə bu təbiət hadisəsinin qarşısını necə almaqdan ibarətdir. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun sözlərinə görə dünya təcrübəsində sürüşmənin qarşısını alan ən effektiv üsul ağacların əkilməsi hesab olunur:

Ağac kökləri imkan vermir ki, su aşağı getsin, onu ətrafında saxlayır. Yaşıllıq torpağı bərkidir.

Tədbirlər görüləcəyi təqdirdə Bayılda sürüşmənin passivləşdirilməsi real görünsə də, insan nəfsi ilə mübarizə bir o qədər müşkül görünür. Təbiət isə nəticə etibarı ilə hər zaman qalibdir. Hərdən elə kükrəyir ki, yer də ayağımızın altından qaçır. Bayıl olduğu kimi ... 

Ayşəm Rüstəmova

Real TV






 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            



 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə