Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədi ilə monitorinq keçirildi

Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədi ilə monitorinq keçirildi

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə Bakının rayonlarında günün müxtəlif saatlarında monitorinq keçirilib.

"Report"un xəbərinə görə, bunu jurnalistlərə Departamentin direktoru Ramal Bağırov bildirib.

O söyləyib ki, monitorinq zamanı paytaxtın Nəsimi, Xətai, Nizami, Binəqədi, Səbail, Nərimanov, Yasamal, Qaradağ və Sabunçu rayonlarının ərazisində çirkləndirici qaz qarışıqlarının sanitar normadan artıq olduğu müəyyən edilib. 

R.Bağırovun sözlərinə görə, əsasən də nəqliyyatın sıx olduğu saatlarda çirkləndirici qaz qarışıqlarının miqdarı Neftçilər, Ziya Bünyadov, Nobel, Heydər Əliyev prospektləri, Sahil, Nərimanov metro stansiyaları, Azneft meydanı, 20 yanvar, Lökbatan, Ukrayna dairələri, Şərifzadə küçəsi, Xırdalan–Sumqayıt yolu ərazilərində yol verilən qatılıq həddini keçib:

“Aparılan monitorinq və araşdırmaların nəticəsi göstərir ki, nəqliyyat vasitələrindən havaya atılan tullantıların azaldılması məqsədilə ekoloji cəhətdən təmiz elektrik və hibrid avtomobillərinin ölkəmizdə istifadəsinin genişləndirilməsi havaya atılan tullantıları azalda bilər. Sevindiricidir ki, artıq “BakıBus” şirkəti havaya minimum tullantı atan sıxılmış qazla işləyən avtobuslardan istifadə edir. Bu proses ölkəmizdə daha da kütləviləşməli və təşviqedici addımlar atılmalıdır. Hər kəs daha çox ictimai nəqliyyatdan istifadə etməklə, yaxın məsafələrə piyada getməklə və istirahət günlərini avtomobilsiz keçirməklə havaya atılan tullantıların azaldılmasına töhfə verər”.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər