Bal tutan barmaq yalayar: təhsilimizin “ballı” nəticələri

Bal tutan barmaq yalayar: təhsilimizin “ballı” nəticələri
700 bal toplamaq savadın, yoxsa təsadüfün nəticəsidir?

Bu gün Universitetə qəbul olmaq istəyənlər arasında, onlarn ailələrində ən çox istifadə olunan ifadələr “topladığın balla istədiyin ali məktəbə daxil ola bilməyəcəksən”, “balın çatmayacaq, bu il də qaldın” və digər oxşar cümlələrdir. Halbuki illər əvvəl imtahana hazırlıq qalaq-qalaq kitablardan biliklər mənimsəmək, əsərlər oxumaq, hesablamalar aparmaqdan keçirdi.

Bəs həqiqətənmi bizim gələcək taleyimizi üç saat ərzində qaraladığımız dairələr müəyyən edir?

Ekspertlər hesab edir ki,  test imtahanında toplanan ballar bilik göstəricisi ola bilməz. Çünki test biliyi ölçmür, o, sadəcə seçim üsuludur.

Düzdür, test vasitəsilə imtahan verən abituriyent müəllimin çaşdırıcı sualları ilə üz-üzə qalmır. Çünki danılmaz faktdır ki, bilet çəkib imtahan verən yeniyetmə bəzən qarşısındakı müəllimin hansısa marağına qurban gedib. Testdə isə öz əli, öz başı olan abituriyent bildiklərini, hətta bilmədiklərini də dairələyir. Ancaq test imtahanında yüksək bal toplaması, abituriyentin qəbul proqramını yüksək səviyyədə mənimsəməsi anlamına gələ bilməz. Kamran Əsədovun sözlərinə görə, bir çox hallarda 600-dən yuxarı bal toplayıb ali məktəblərə daxil olanlar, işə qəbul zamanı daha aşağı bal toplayanlara uduzur:

“Hər il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan 120 abituriyent ölkə başçısı tərəfindən prezident təqaüdünə layiq görülür. Və təəssüfləndirici hal ondan ibarətdir ki, son 3 il ərzində bu təqaüdü alan 200 nəfər ondan məhrum edilib”

Uşaqların tesdə topladığı bal səviyyəsi onun dünyagörüşünü, seçdiyi ixtisasa yararlı olub-olmamasını heç də əks etdirmir. Məsələn, əgər abituriyent danışma qüsurludursa o, gözəl natiqliyi tələb edən Filologiya fakultəsinə ən yüksək balla daxil ola bilər. Çünki tesdə heç kim ondan bir misra belə soruşmayacaq.

Həmçinin, testin biliklə bərabər, bəxt oyunu olduğunu da nəzərə alsaq onun üstünlükləri ilə bərabər çatışmazlıqlarının da kifayət qədər olduğunu görürük.

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycanda keçirilən test imtahanlarının seçmə və yerləşdirmə məqsədli olduğunu deyir. Qurum rəsmisinin sözlərinə görə, çoxlu sayda sualın eyni vaxtda həmin sayda iştirakçıya təqdim edilməsi ancaq standartlaşdırılmış çoxseçimli test tapşırıqlarından istifadə edilməklə mümkündür. “Belə test tapşırıqlarının qiymətləndirilməsi də daha obyektiv aparılır”

O ki qaldı, testin digər imtahan üsulu ilə əvəzlənməsinə, qurumdan bildirdilər ki, DİM imtahanlarda yalnız çoxseçimli test tapşırıqlarından deyil, həm də açıq formalı test tapşırıqlarından istifadə edir. “Açıq formalı test tapşırıqları namizədlərin bilik və bacarıqlarının hərtərəfli üzə çıxarılmasına, onların əldə etdikləri bilikləri təcrübədə tətbiq etməsinə və qiymətləndirmədə yüksək hazırlıqlı namizədlərin fərqləndirilməsinə imkan verir. Ötən il 9-cu sinif buraxılış imtahanlarında yeni növ qiymətləndirmə tapşırıqlarından geniş istifadə olunub və bu tip tapşırıqların gələcəkdə də istifadə olunması nəzərdə tutulur”.

Bir qədər də testin tarixindən: Test dünya təhsil sistemində ilk dəfə 1969-cu ildə ABŞ-ın orta ümumtəhsil məktəblərində şagirdlərin biliyinin monitorinqini həyata keçirmək üçün tətbiq olunmağa başlayıb. Ondan bir il sonra bu sistemdən Türkiyə ali təhsil müəssisələrində istifadə olunub. Lakin ABŞ-dan fərqli olaraq Türkiyədə testdən, imtahan prosesində iştirak edənlərin biliklərini ölçmək üçün deyil, seçim üsulunu həyata keçirmək üçün istifadə edilirdi.

Azərbaycanda isə ilk dəfə test 1992-ci ildə, ali məktəblərə qəbul imtahanlarında tətbiq olundu. Sonrakı illərdə, yəni 2006-cı  ildən buraxılış imtahanları, yəni attestatların verilməsi də mərkəzləşmiş test imtahanı formatında həyata keçirildi.

Xatirə Məmmədova

Digər xəbərlər
Bu gün
Dünən