Çində həftəsonu tətilində yenilik - VİDEO

Çində həftəsonu tətilində yenilik - VİDEO
Hər həftə 2 gün yarımlıq istirahət iqtisadiyyatın dirçəlməsinə yönəlib

Çində iqtisadiyyatı dirçəltmək üçün 2 gün yarımlıq həftəsonu tətili tətbiq olunacaq. Yeni növ koronavirus epidemiyasının ölkə iqtisadiyyatına gətirdiyi tənəzzül fonunda atılan bu addımın məqsədi əhaliyə istirahət üçün daha çox vaxt ayrılmasını təmin etmək, bununla da istehlakın təşviqinə nail olmaqdır. İlkin olaraq Çinin 3 vilayətində aprelin 1-dən 2 gün yarımlıq həftəsonu tətili tətbiq ediləcək.

REAL-ın Çin Bürosu xəbər verir ki, Ciansu vilayəti hökuməti istehlakın təşviqi məqsədilə plan da hazırlayıb. Bura bəzi turizm məkanlarına biletlərin qiymətində 50 faizlik endirimlərin tətbiqi, habelə müxtəlif təşkilatlar və şirkətlərin öz işçilərinə pulsuz səyahət vauçerləri verməsi də aiddir. Vilayət hökumətinin açıqlamasında qeyd olunur ki, 2 gün yarımlıq həftəsonu tətili işçilərə qısa müddətə səyahətə getməyə imkan yaradır. Bu da öz növbəsində turizm sektorunda istehlakın stimullaşdırılmasına, nəticə etibarı ilə iqtisadiyyatın canlanmasına şərait yaradacaq.

Qeyd edək ki, Çində "COVID-19" infeksiyasının yayılması müəssisələrin, o cümlədən turizm və iaşə obyektlərinin, ticarət mərkəzlərinin böyük əksəriyyətinin bağlanmasına, nəticədə turizm və nəqliyyat da daxil olmaqla bir çox sektorda tənəzzülə səbəb olmuşdu. Son günlər Çində epidemioloji vəziyyətin yaxşılaşmasından yararlanan hökumət müxtəlif addımlarla iqtisadiyyatın dirçəlişinə dəstək verməyə çalışırlar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən