Dövlətin gözünün günü (VİDEO)

Dövlətin gözünün günü (VİDEO)
Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasından 101 il ötür

Xüsusi Xidmət orqanları dövləti, xalqı gözə gürünmədən, diqqət çəkmədən qorumaq kimi olduqca mürəkkəb, amma son dərəcə mühüm vəzifənin daşıyıcılarıdır.

Azərbaycan xüsusi xidmət orqanlarının mürəkkəb tarixi var. İkinci Dünya Müharibəsinin gedişində, Böyük Vətən müharibəsi başa çatandan sonrakı dövrdə, və nəhayət Azərbaycanın müstəqillik illərində, Dağlıq Qarabağ münaqişəsinin xüsusilə ilk illərində bu xidmət orqanları xüsusi olublar, əldə silah vuruşublar da. Azərbaycanın Xüsusi xidmətçilərini fərqləndirən, onların məsuliyyətini iki qat artıran bir vacib cəhət haqqında isə ayrıca danışmaq istərdik. Bu, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Dövlət Təhlükəsizlik Xidmətində keçən mərhələsi və bu mərhələnin yaratdığı əlahiddə məsuliyyət hissilə bağlıdır.

Bu gün hər bir orqan işçisi üzərində ilk növbədə Heydər Əliyevin həmişə onların üstündə olan dərin baxışlarını, iti gözlərini hiss edir. 1993-cü ilin yayını, Heydər Əliyevin ölkənin rəhbərliyinə xalqın təkidli dəvətindən sonrakı dövrü yaxşı xatırlayırıq. Fəaliyyətinin mühüm bir hissəsini xüsusi xidmətdə keçirmiş Əliyev dövlətin dağılmasının qarşısını almağa başlarkən həm də Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə yenidən baxdı. Amma qurumu dirçəltmək, yenidən qurmaq, peşəkarları iş başına qaytarmaq asan olmadı. Sonralar ali rəhbərin yüksək etimadından sui-istifadə edərək dövlətin sarsılmasına çalışan insanlarla da mübarizə aparmaq lazım gəldi. Yalnız işdən azad etmələr kifayət etmədi. Həbslər də oldu. Əfsanəvi çekist adının yenidən peşəkarlığın, prinsipiallığın sinoniminə çevrilməsi üçün çox işlər görülməliydi. Heydər Əliyevin ciddi nəzarəti və tələbkarlğı nəticəsində xüsusi xidmət orqanlarının fəaliyyətində ciddi keyfiyyət dəyişiklikləri baş verdi. Xüsusi xidmət orqanları dövlət müstəqilliyinin qorunması istiqamətində öz layiqli yerlərini tutdular. Şəhid də verdilər, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu əməliyyatlar da keçirdilər. Beynəlxalq terror şəbəkəsilə mübarizədə mühüm rol oynadılar. Prezident İlham Əliyevin rəhbərliyi dövründə də xüsusi xidmət orqanları diqqət mərkəzində oldular. Azərbaycan Prezidenti təhlükəsizlik xidməti əməkdaşlarına etimad göstərdi. Onlardan ulu öndərin tələb etdiyi keyfiyyətləri, təmizliyi, prinsipiallığı, dövlətə, xalqa sədaqət kimi xüsusiyyətləri gözlədiyini nümayiş etdirdi. Amma Milli Təhlükəsizlik nazirliyinin ayrı-ayrı əməkdaşlarının ən müxtəlif səviyyələrdə yol verdiyi nöqsanlarla bağlı gördüyü tədbirlərlə də heç kimin keçmiş xidmətinin nəzərə alınmayacağını aşkar nümayiş etdirdi. Rəhbərlik səviyyəsində yol verilmiş qanunsuzluqlara, cinayətlərə görə Milli Təhlükəsizlik Naziriliyi ləğv edildi və Dövlət Təhlükəsizlik xidməti yaradıldı. Xüsusi Xidmət orqanlarının fəaliyyətində bununla da yeni dövr başlandı. Dövlət bu quruma daha bir etimad şansı verdi.

Dövlət Təhlükəsizlik Xidməti bu mərhələdə MTN-in bədheybət, qorxunc imicini insani, səmimi görkəmə dəyişməklə ictimai xofu aradan qaldırmağa başladı. Növbəti dəyişiklikdən sonra isə DTX yenidən əsas tələbin peşəkarlıq, yüksək sədaqət, əlin və qəlbin təmiz, qanın isti və beynin soyuq olduğu təşkilat, ulu öndər Heydər Əliyevin tövsiyə etdiyi kimi, Prezident İlham Əliyevin tələb və göstərişlərinə uyğun olaraq həyatımıza daxil oldu. Bu gün biz onların peşəkar fəaliyyətini hər yerdə hiss edirik. Qeyri-qanuni əməllərlə, dövləti içindən sarsıtmaq yolu tutmuş insanlarla, qurumlarla, mürəkkəb terror şəbəkələrilə mübarizədə görürük. Prezidentin islahatlar kursunun yeni mərhələsində Dövlət Təhlükəsizlik orqanlarının yeri xüsusidir. Onlar üçüncü göz olaraq hər bir məmurun başı üstündədir. Bu göz hər zaman açıq olacaq, prezidentin və xalqın etimadını doğrultmaqda davam edəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər