Şəhid olum, ya prokuror?

Şəhid olum, ya prokuror?
Şəhid ailəsi 300 AZN, təqaüdçü prokuror 4500 AZN alır

Azərbaycanda 1 milyon 300 min nəfər pensiya alır. Ölkədə orta pensiya 204 manatdır. Bu da təxminən istehlak səbətinə (155 AZN) bərabərdir.

Əslində bu gün istehlak səbəti də insanların ehtiyacını ödəmir. Nəzərdə tutulan məbləğ bəlkə də ərzaq ehtiyacını az-çox qarşılaya bilər. Amma bu əsasda verilən pensiya bir ailənin bütün dərdlərinə dərman ola bilməz. Həmin şəxsin müalicəyə ehtiyacı var. Ölkədə tibbi sığorta olmadığına görə, əlil olan şəxslər öz vəsaitləri hesabına müalicə olunmalıdırlar. 204 azn isə orta statistik pensionerin dərman pulunu ödəmir. Üstəgəl onların kommunal ödənişləri var. Hələ geyim, istirahət ehtiyaclarını heç demirəm. Deməli, 204 azn vətən yolunda sağlamlığını qurban vermiş şəxsin ehtiyaclarından qat-qat aşağıdır. Acınacaqlısı isə odur ki, bu 204 azn də hamını əhatə etmir. Ölkədə pensiya alanların təxminən 70 faizinə orta həddən aşağı məbləğ ödənilir. 110-150 azn arası.

Bəs bu 204 azn necə yaranır? Bu gün prokurorluq, ədliyyə orqanlarından pensiyaya çıxanların, məsələn elə 12.5 il prokuror işləmiş şəxsin təqaüdü 4500 azn təşkil edir. 204 manatı da yaradan orta pensiya məbləği hesablanarkən 5-10 nəfərin aldığı pensiya məbləği ilə müəyyən edilir.

Müharibə veteranları, şəhid ailələri üçün vəziyyət daha da acınacaqlıdır. Şəhid ailələrinə 220 azn prezident təqaüdü, ayda 15 azn də çörəkpulu verilir. Yəni oğlunu vətənə qurban vermiş adama 15 azn çörək pulu. Düzdür, bu 15 azn onun çörəyinin pulu edər. Amma QURU ÇÖRƏK PULU. Axı onun oğlu sağ olsaydı, yaşlı ata-anasına quru çörək yedirtməyəcəkdi. Bəlkə də bu gün prokuror kreslosunda 12 il oturub sonra 4500 azn pensiya alan şəxsdən də çox qazanaraq ata-anasını da xan kefində dolandıracaqdı. Bəlkə də bu gün ata-anasının ayda 15 azn çörəkpuluna möhtac olduğunu görüb hər vəchlə vətənini müdafiə etməkdən yayınacaqdı- şəhid yox, prokuror olmaq istəyəcəkdi. Reallığa baxanda isə onu bu hərəkətinə görə heç kim qınaya bilməz.

Düzdür bu gün şəhid ailələrinin mənzil şəraiti yaxşılaşdırılır. Bir qisim şəhid ailəsi, müharibə veteranı mənzillə təmin edilib. Hətta şəhid ailələrinə 11 min manat birdəfəlik yardım - sığorta pulu ödənilir. Amma bu pul onun yetim qoyub getdiyi uşaqların neçə il maddi ehtiyacını ödəyər?

Halbuki, iqtisadi inkişaf baxımından Azərbaycandan çox-çox geridə qalan Ukraynada, Gürcüstanda bu rəqəm 50 min dollardır (85 min azn). İnkişaf etmiş ölkələrdə isə 200 min dollara qədərdir. (340 min azn). Yəni həmin ölkələrdə vətənin müdafiəsinə yollanan hər bir kəs vətən yolunda canını qurban verdikdən sonra maddi baxımdan ailəsinin çətinlik çəkməyəcəyini bilir.

Ekspert Nazim Məmmədlinin fikrincə, ölkəmizin maddi imkanları bu gün bizdə də bu məbləğin dəfələrlə artırmağın mümkün olduğunu deyir.

“ Çox təəssüf ki, 11 min azn oğlu, həyat yoldaşı şəhid olmuş, uşaqları yetim qalmış ailənin heç bir ciddi problemini həll edə bilməz. Bu isə ən birinci vətənpərvərliyə ciddi zərbədir. Müharibə şəraitində olan və müharibə aparan bir ölkənin əsgəri, zabiti ciddi sığorta olunmalıdır və şəhid olarkən bu rəqəm cox yüksək olmalıdır ki, onu hərbi xidmətdən yayındırmasın. Yəni, adam düşünməsin ki, mən vətən qarşısında borcumu yetirərəkən şəhid olaramsa məndən geridə qalanlar necə olacaq. Bu günkü Azərbaycan reallığında mən bu rəqəmi 100 min manat görürəm. Yəni, ən azı o insanın ailəsinə 100 min manat ödənilməlidir ki, o da heç olmasa maddi baxımdan ailə başçısının yoxluğunu hiss etməsin. 12.5 il sərhədyanı bölgədə prokuror işləmiş adamlar var. Onlara işlədiyi dövrdə də imtiyazlar verilib. Pensiyaya çıxanda isə 4500 azn təqaüd alan prokurorlar tanıyıram. Bunlar isə müqayisəolunmaz dərəcədə yanlışlıqdır.  Faktiki olaraq şəhid ailəsinin, vətənin müdafiəsində xidmət etmiş və sağlamlığını itirmiş şəxslərin aldığı pensiya və müavinətlərlə müqayisədə kifayət qədər çoxdur“.

Düzdür, dövlət öz qulluqçularına fikir verməlidir. Onların maaş və pensiyaları yüksək olmalıdır ki, dövlətə xidmət etsinlər. Amma dövlətə qulluq edən və canını vətən yolunda qurban vermiş şəxsin geridə qalan ailəsi də daha çox himayə olunmalıdır. Bunu da Nazim Məmmədli deyir:

“Azərbaycanda 2006-cı ildən bu yana dəfələrlə pensiya qanunvericiliyində dəyişikliklər olunub. Onun hesablanmasında, pensiya yaşının artırılmasında. Amma danılmaz faktdır ki, Azərbaycanda mövcud pensiya sistemi, Dövlət Sosial Müdafiə fondu özünü doğrultmur. O baxımdan mənim təklifim odur ki, Dövlət Sosial Müdafiə fondu ləğv olunsun, onun funksiyaları, dövlət sosial sığortayığma haqqı verilsin Vergilər nazrliyinə. Pensiyalar və müavinətlər isə Maliyyə Nazirliyi tərəfindən verilməlidir. Həmçinin bizdə  110 manat pensiya alan da var, 4500 manat alan da. Çox ədalətsiz bir sistemdir. Orta pensiya yoxdur. Müavinətlərin verilməsində ədalətlilik prinsipi gözlənilməlidir. Ona görə də pensiyalar Maliyyə Nazirliyi tərəfindən büdcədən verilməlidir. Ən azından pensiyalar arasında 110-la 4500 kimi yerlə-göy arasında fərq olmamalıdır“.

Millət vəkili Musa Quliyevin fikrincə də, Qarabağ müharibəsi veteranlarına, eləcə də şəhid ailələrinə qayğı daha da artırılmalıdır:

“Bu gün həmin kateqoriyadan olan şəxslər mənzillə təmin olunur. Prezident təqaüdü verilir. Amma etiraf edək ki, bu məbləğ onların bütün ehtiyaclarını qarşılayacaq qədər deyil. Ona görə də qanunvericilikdə də dəyişikliklər etməyə ehtiyac var. Buna görə də Milli Məclisin növbəti iclasında da pensiyalar haqqında qanun müzakirəyə çıxarılacaq”.

Ümid edək ki, bu laqeydlik tezliklə aradan qalxar və dövlət qulluqçuları ilə dövlətə, vətənə qulluq edənlər arasında fərq itər. Hərbçi də, prokuror da dövlət və hüquq müdafiəçisidirlər. Onların hər ikisinin sosial müdafiəsini də bərabər qaydada aparmalıdır. 

Vüsalə Xaməmmədqızı

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər