Çin səddi turistlər üçün açılıb - VIDEO

Çin səddi turistlər üçün açılıb - VIDEO
Tibb işçiləri üçün giriş pulsuzdur

REAL-ın Çin Bürosu xəbər verir:

Yeni növ koronavirus böhranı getdikcə zəiflədiyindən Böyük Çin səddinin turistlər üçün olan hissələri yenidən fəaliyyətə başlayır. Səddin paytaxt Pekindən keçən hissəsinin turistlərin ziyarəti üçün nəzərdə tutulan Cuyonquan bölməsi, habelə 1368-1644-cü illərdə Çini idarə etmiş Min sülaləsinin imperatorlarının və ailə üzvlərinin məzarları olan məbəd təxminən 2 aylıq fasilədən sonra yenidən ictimaiyyət üçün qismən açılıb. Həmin yerlərə giriş "COVID-19" infeksiyası ilə əlaqədar xüsusi profilaktik və nəzarət tədbirləri çərçivəsində mümkündür. Belə ki, əvvəlcədən onlayn qaydada bilet bron etmiş turistlər səddə və məbədə girərkən onların bədən hərarəti ölçülür. Bundan başqa, turizm obyektlərinin iş vaxtı pandemiyadan əvvəlki dövrlə müqayisədə daha qısadır.

Obyektlərin administrasiyası epidemiya ilə mübarizəyə verdikləri töhfələri dəyərləndirmək məqsədilə ölkənin bütün tibb işçilərini il ərzində ödənişlərdən azad etmək qərarına gəlib.

Qeyd edək ki, başlanğıcını Sarı dəniz sahillərindəki Boxay boğazından götürən Çin səddi qərbə doğru təxminən 6 min kilometr uzanır. Qədim Çinin şimal sərhədi sayılan səddin hündürlüyu təxminən 10 metr, eni isə bəzi hissələrdə 8 metrə çatır ki, bu da 5 süvarinin yan-yana rahatlıqla hərəkət etməsinə imkan verir. Tarixçilər inşası təxminən 2 min il çəkən səddin tikintisinə 2 milyon adamın cəlb olunduğunu yazırlar.
Bir neçə gün əvvəl səddin Badalin hissəsi də turist ziyarətləri üçün qismən açılıb. Amma kanat xətti hələ bağlı olaraq qalır.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər