Mir Şahinin vaxtı - VİDEO (05.04.2020)

Mir Şahinin vaxtı - VİDEO (05.04.2020)

REAL Təhlil və İnformasiya Mərkəzindəsiz. Salam.

Bu gün dünyanın iki əsas xəbəri var. Neft və korona virus. 

Hər ikisinin kəmiyyəti yüksəlir və onların adət etdiyimiz dəyərləri enir.

Dünyada milyondan artıq insan əsrin epidemiyasından əziyyət çəkir. On minlərlə insan dəhşətli əzablar içində vəfat edib. Korona virusun iflic etdiyi həyat hərəkətdən, heydən düşüb. Hərəkətin maye təcəssümü olan neft isə o qədər lazımsızlaşıb və elə bu səbəbdən də istifadəsiz qalaraq qiymətdən o qədər düşüb ki, sudan da ucuzdur.

Hər gün minlərlə insan ölür. Boğularaq. Nəfəsi kəsilərək. Yaradan insandan kəsdiyi ağacların havası bətnində boğulan yarpaqlarının, korlanmış planetinin qisasını alır.

Davos fenomeni yer kürəsinə, bəşəriyyətə tanış olandan sonra iki zərurət taleyüklü olub. Bunlardan biri intellektin yeni üfüqləri, digəri isə yolların keyfiyyəti. Bu iki mühümlük planeti kiçiltdi. Yer kürəsi uzağı 24 saat ərzində dəyib qayıdıla bilinəcək A və B məntəqələrindən ibarət oldu. İnsan hər açdığı yeni marşruta, istifadəyə verdiyi sürətli, ultra sürətli nəqliyyat vasitəsinə sevindikcə, bu yolların gətirəcəyi təbii, süni bəlaların daha sürətlə yayılacağını da nəzərə almadı.

Bəşəriyyət çat verib. Bir-birini sıxan əllər qırıldı.

Planet indi sözün həqiqi mənasında mənzillənib, yəni mənzillərə parçalanıb. Əvvəllər xilas üçün hamını birləşməyə çağıran idrak indi ayrılmağa dəvət edir.

Birləşmiş Millətlər Təşkilatı Ayrılmış Millətlər Təşkilatına çevrilməkdədir. Braziliyalı bir qocanın ölümünün şahidi olan nəvəsi ağlaya-ağlaya “babam balıq kimi öldü, ağzını dəfələrlə açıb-yumdu və öldü!” deyib… Düz deyib. Bu xəstələr əksər hallarda balıq kimi ölürlər…Havasızlıqdan. Boğularaq. Azərbaycanda ölənlərin sayı azdır, doğrudur, 3-5 nəfər. Amma xəstələrin sayı 500-ü keçib. Müharibə dilinə çevirsək, həlak olanlar və yaralılar da demək olardı.

Niyə artım sürəti belə yüksəkdir? Niyə biz hələ də böyük bir fəlakətlə zarafat edirik, öz taleyimizi lağa qoyuruq?

Yaşlılarımızı, cavanlarımızı, körpələrimizi qeyri-ciddiliyimizlə tabutlara qablaşdırırıq. Cəmiyyətdə qəribə bir vətəndaş ovqatı formalaşıb. Sosial şəbəkələrin avantürist mahiyyətilə daha idbar şəkil alan qaragüruh platformasında hakimiyyətdəki həssas düşərgənin səmimi mərhəmətindən əla şantajlıq fürsət kimi istifadə edilir. Qaragüruh, eləcə də onun sosial şəbəkələrdəki təmsilçiləri korona virusun yaratdığı vəziyyəti cəmiyyət böhranına çevirmək məqsədilə əllərindən gələni edirlər. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan hakimiyyətinin pandemiya ilə mübarizədə atdığı addımları bəyənməsi tək ən vacib məqam arxa plana atılır. Prosesin içindən qoparılaraq çıxarılan ayrı-ayrı epizodlar qəsdən təhrif edilir. Məsələn. tutaq ki, bütün dünya kimi, Azərbaycanı da qəfil yaxalamış pandemiya zamanı maska və əlcək qıtlığı var. Bu zaman maska qıtlığı mövzu olaraq meydana çxarılır. Hətta məsələ o dərəcədə qabardılır ki, hakimiyyət orqanları maska məsələsini günün prioritetləri sırasına, bəzən isə ən birinci yerə qoyur və onun həllinə çalışır. Əslində isə, yəqin ki, bu saat, ölkədə ən vacib olan məsələ maska qıtlığı yox, insanların küçələrə çıxmaması olmalıdır.

Bəs nə baş verir?

Ustalıqla qurulmuş tələ hakimiyyəti özü ilə kəndirçəkdi oyununa təhrik edir. Bununla da, böhranın idarə edilməsi və vəziyyətdən çıxış məqsədilə yaradılmış Operativ Qərargah iki məsələ ilə məşğul olur. Birincisi və təbii ki ən əsası: Evdəqal! Bu xitabın qeyd-şərtsiz və fəsadsız, mümküncə ağrısız icrası üçün lazım olan addımlar atılır. Vətəndaşın özünü sosial təcrid etməsindən ötrü gərəkən bütün zəruri tədbirlər həyata keçirilir. Prezidentin və Birinci vitse-prezidentin rəhbərliyi ilə idarə edilən bu səmimi ümumxalq hərəkatının bir vacib hissəsi “evdəqal!” çağırışıdır. Prezident və Birinci vitse-prezident artıq bir neçə dəfə xalqa bu çağırışın fəlsəfəsini izah edən çağırışlarla müraciət ediblər.

Hamı, o cümlədən Kütləvi İformasiya Vasitələri bu istiqamətdə əlimizdən gələni edirik. Çalışırıq ki, lüzumsuz risklərə yol verilməsin, insanlar virus daşıyıcısı olmasınlar. Bəlanın yayılma tempini azaldaq, ölüm zəncirini qıraq. Hamılıqla bu mühüm vəzifəylə məşğul olarkən sosial şəbəkələrdə qabardılan maska məsələsi ilə rastlaşırıq. Maska hay-küyü o səviyyəyə qaldırılır ki, Operativ Qərargah tez-tez bu mövzuya xüsusi vaxt ayırır. Baxmayaraq ki, maska məsələsini planlı şəkildə ortaya atanlar özləri də yaxşı bilirlər ki, bu saat bu məsələ ən aktual deyil. Çünki əsas vəzifə evdə qalmaqdır. Evdə qalanlarınsa maskadan istifadəsinə demək olar ki, ehtiyac yoxdur. Və ya qətiyyən ehtiyacı yoxdur. Maska almaq niyyətinə düşənlər təbii ki, evdə qalmaq istəməyənlərdir və əgər onlar maska alacaqlarsa onu taxıb harasa getmək istəyəcək və gedəcəklər. Bu baxımdan həm maskalara olan tələbatın artıqlamasilə ödənilməsi, həm də “Evdəqal!” kompaniyasının keyfiyyətli nəticəsinə eyni vaxtda nail olmaq mümkün olmayacaq. Bax az əvvəl dediyim özü ilə “kəndirçəkdi” oyunu da elə budur. Bir yandan maska ilə camaatı küçəyə təşviq və təhrik edir, digər tərəfdən isə onları evdə qalmadıqlarına görə cəzalandıracağımızla xəbərdar edirik. Kəndiri sağ əlimizlə sol əlimizdən çəkirik və əksinə. Cəmiyyətin aztəminatlı hissəsindən, sosial həssas qruplardan məkrli istifadə halları var. İnsanlar evdə oturub neyləsin, bəs onlar necə dolansın? sualının cavabı ya şübhəsiz ki, məlumatsızlara aydın deyil, ya da onlar “hə də!” cavabı verməlidirlər. Çünki bu sualın ümidinə buraxılanların əksəriyyəti ya bilmir, ya da qəsdən bilmək istəmir ki, onlar küçələrə “iki saat içində buğda bitsin deyə su səpib çörək arzulamağa düşməyiblər, sadəcə Peçorinin epidemic-pandemik oxşarlarıdır Zəmanəmizin düşük “qəhrəmanları”!”Bu avantüranın təşviqində ortada yeyib qıraqda gəzən fürsətcillər daha təhlükəlidir. Onlar müəyyən zamanlarda hansısa imkanlara, imtiyazlara malik olmuş və elə məhz avantüralar nəticəsində yol verdikləri kobud səhvlərə görə öz yerlərini itirmişlərdir. Onlar bu gün dünyanı bürüyən fəlakəti qeyri-dəqiq təsvir və təfsir etməklə populist platformalar sərgiləyir. Azərbaycanın rəhbərliyinin bütün dünyada gedən prosesləri nəzərə alaraq hazırladığı həm soyuqqanlı, həm də çevik tədbirlər planı nəticəsində əldəedilmiş idarəolunan vəziyyətin səbəbləri korluğa vurulur.

Bu gün Prezidentin imzaladığı böyük bir sənədlər paketi var ki, Operativ Qərargahın birbaşa nəzarəti altında müvəffəqiyyətlə icra edilir. Ölkənnin iş adamlarının, iri və ya kiçik bizneslə məşğul olmasından asılı olmayaraq ziyanının qarşılanması üçün bütün tədbirlər görülür. Amma bu 3 milyard manata yaxın vəsait bekarçılıqdan gəzənlərin ayağı altına küçələrə tökülməyib. Əksinə, o pulu almaq üçün məhz evdə oturmaq lazımdır! Bir vaxtlar qaragüruhun dilində belə bir söz var idi e. Qan pulu. Bax həmin məntiqlə yanaşsaq dövlət vətəndaşa bu dəfə can pulu ayırıb! Biz qədim mədəniyyətə malik xalq olduğumuzu qürurla deyirik. Amma bir mədəniyyət var ki, ondan məhrum olduğumuzu etiraf etməliyik. Söhbət məhz karantin mədəniyyətindən gedir. Ola bilər ki, bu Azərbaycan xalqını heç vaxt tərk etməyən azadlıq hissinin bəzən xüsusi məqamlarda belə cilovlana bilməməsiylə bağlıdır, ya da 25 ildən artıq bir dövrdə tam rahat, azad təhlükəsizlik yaşayan vətəndaş sadəcə olaraq təhlükəni hiss etmək duyğusunu yadırğayıb. İlk baxışda hər şey çox sadədir. Dünyanı bürüyən bəla, pandemiya Azərbaycanı da qabağına qatıb qovur. Belə olan halda isə şübhəsiz ki, xalq özünü qoruma hissini oyatmalı, sağ qalmaq üçün dövlətin tavanı altına girməlidir. Özünün yaratdığı, özünün qoruduğu dövlətin. Bəzən təhlükəli, ilk baxışda hətta cazibədar səslənən, mahiyyətcə isə ikibaşlı bəyanatlar da eşidirik.

Məsələn, “Bu gün dövlət xalqı qorumalıdır!” kimi. Müharibədir, cənablar! Müharibələrdə vəziyyət dəyişir! Dövlət xalqı yox, xalq dövləti qorumalı olur! Dövlətin adı olur vətən və hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün!-olur. Belə həssas məqamlarda ritorika sərt də ola bilir. Bəzən ifrat sərt, emosionallıq da. Amma nəticə səbəbə bəraət verir. Əvvəla sərt ritorika xalqa deyil, sadəcə xalqın bir hissəsinədir ki, məhz o qism küçələrdə qalmağına bəraət qazandırmaqla, bütün əhalini, dövlətin taleyini risk altına atır.

Prezidentin təbirincə desək, məsuliyyətsizlik edir. Və bu gün kimsə dövlətin, indiki halda müharibənin Baş Qərargahının işini yerinə yetirən Operativ Qərargahın qərar və iradəsini şübhə altına alırsa, onu qanunun ən sərt maddələriylə cəzalandırmalıyıq. Nazirlər Kabinetinin Mətbuat Katibi İbrahim Məmmədov real vəziyyətin dürüst təqdimatına görə daşıdığı məsuliyyəti gözəl başa düşür və ona görə də bəzilərinin gözlədiyi yastığı onların düşünmək iqtidarından məhrum başları altına qoymur. Çünki bu yastığın ölüm yatağına gedib düşə biləcəyini bütün cavabdehliyilə dərk edir. Və bu narahat, nigaran çağırışlar hər birimizə, hər birimizin yaxınlarınadır!

Təşəkkür etmək alicənablığına malik deyilsənsə, susmaq ləyaqətin olsun! Ali Baş Komandanın, Birinci vitse-prezidentin evdə qal!müraciəti isə müzakirə olunmamalı, baş üstə yerinə yetirilməlidir. Yoxsa, bütün dünya Fövqəladə Vəziyyətə keçib. Kimsə birdən meydana çıxaraq şüurun aprel fəallığının nailiyyətlərini ortaya qoyur.

Məsələn: Əli Kərimli kimi. Qaragüruhbaşı Osmanqızının kanalında bu günlərdə şok açıqlamalar verirdi. Ən yumşağını sitat gətirirəm. Bizdə cəmi 5 nəfər ölüb, xəstələrimizin də sayı təxminən filan qədərdir. Bu boyda sərt qaydalar, filan nəyə lazımdır? Baxmayaraq ki, cavab elə sualın özündədir, yəni əslində bizdə ölənlərin sayı məhz ona görə 5 nəfərdir və xəstələrin də sayı o səbəbdən azdır ki, qaydalar sərtdir… xüsusi rejimdir. Və bu gün bu qaragüruh düşüncəsinin başqa peyk daşıyıcıları da var ki, müharibə zamanı göyərçin yumurtası üzərində kürt yatırlar. Avantürist “dırnaqarası”cənablar! Ölkədə qeyri-rəsmi səfərbərlik olunub. Görmürsünüz? Birinci vitse-prezidentin o cür isti, ana-bacı müraciətindən sonra da kimlərsə yenə “o tin sənindi, bu tin də mənim!” oxuyursa, daha mənim heç bir sözüm yoxdur. Bəzən müxbirlərimizə saymazyana şəkildə, “özüm bilərəm, öz canımdı!” deyə müsahibə verən kəslərə isə duamız var. Allah eləməsin ki, müsahibəni tabut başında ağzı maskalı, yaxın qohum kimi, ya da tabut içində inkir-minkirə verəsiz! Beləliklə, Adəm və Həvva yenidən qovulub. Bu dəfə artıq Yer kürəsindən. Onları Allah yox, İnsan qovub. Özünün yaratdığı cəhənnəmə. Böyük Yer kürəsindən, azad küçələrdən, xiyabanlardan, al-əlvan bağ-bağçalardan, dəniz sahillərindən, nəhayətsiz səma altından qısıq dam altına, dar mənzillərə…

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə bir az səmavi, bir az yerüstü, bir az da yeraltı mətləblərdən danışdıq.

Şeyx Bütün Qafqaz müsəlmanlarına müraciət etdi.

Bu gün sosial şəbəkələrdə kök salmış həvəskar siyasətbazların əsas şüarı “İqtidar! Evdəkilərə pul ver! Küçədəkilərə pul ver! Palatkadakılara pul ver! Kredit götürüb qaytara bilməyənlərə pul ver!”dən ibarətdir!

Baxmayaraq ki, müharibənin qanunları başqa dəyərlər diqtə edir. Biz pul istəməməli, pul toplamalı, pul verməliyik. Elə Ali Baş Komandan, Birinci vitse-prezidentin öz əmək haqlarını keçirdikləri fond bizim genefondumuzun isbatıdır. Kinomuzda “Tütək səsi” də var ay düdük…çalanlar:

Bu gün Azərbaycanda yalnız bir məsələ prioritet olmalıdır! Azərbaycanın müdafiəsi.

Bunun tərkib hissəsi olaraq vətəndaşın epidemiyadan qorunması, qoruması. Qalan hər nə varsa təfərrüatdı. Sosial şəbəkə, sosial şəbədə azarkeşləri! Kiminsə həbsi, kiminsə hansı sözüsə yanlış tələffüzü, kiminsə işdən çıxarılması yox! Korona virus!

Məsuliyyət hissi və insan birdir. Məsuliyyət hissinin itkisi insan itkisidir. Vətən vətəndaşdan irəlidir. Bütün müharibələrdə olduğu kimi. Vətəndaş müvəqqəti, vətən əbədidir. Atatürk demişdi: mən Sizə ölməyi əmr edirəm. Əliyev isə eyni ciddiyyətlə Yaşamağı əmr edir! Bizə və şəxsən mənə ya sətiraltı, ya sətirüstü televiziya işini öyrədənlərə, təbliğat vəzzariyyatı oxuyanlara isə korona virusun sadə məsləhətini verirəm: ağzını bağla! Bunun sənə də, dövlətə də ancaq xeyri ola bilər! Döyüş adama ancaq uzaqdan ASAN gəlir…

Digər xəbərlər
Bu gün
Dünən