Təhsil Nazirliyi və DİM-dən onlayn layihə - VİDEO

Təhsil Nazirliyi və DİM-dən onlayn layihə - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar Təhsil Nazirliyi ötən həftədən "virtual məktəb" layihəsinə start verib.

Layihənin məqsədi Nazirlik tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.

“Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunur və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirir. Təhsil Nazirliyi yeni layihədə iştirakın məcburi olmadığını bildirib.

Qeyd edək ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə martın 11-dən yayımlanan teledərslərdə indiyədək 500-dən artıq teledərs videoformatda təqdim olunub.
 


 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə hazırda mərkəzin bütün kollektivinin onlayn şəkildə çalışdığını deyir.

O, Mərkəzin “Youtube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsinin davam etdiyini bildirir. "Yeni dərslər hazır olduqca müvafiq bölmələrə əlavə edilir. Son 20 gün ərzində kanala yerləşdirilmiş dərslərə baxış sayı 100 mindən artıq olub. Otk.az portalı vasitəsilə abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından istifadə edirlər. Martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 12239 istifadəçi tərəfindən 23820 yazılış qeydə alınıb".

Məleykə Abbaszadə şagirdlər üçün yeni onlayn imtahanların layihələndirildiyini də bildirib. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan təhsil müəssisələrində təhsil alan şagirdlər üçün “Azərbaycan dili” fənni üzrə onlayn imtahan işlənib hazırlanır. Elektron imtahanlar zamanı hər hansı qayda pozuntusu və ya sui-istifadə hallarını istisna etmək üçün imtahanların proktorinq, yəni nəzarət sistemi üzərində işlər aparılır, deyə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən