Mir Şahinin vaxtı - VİDEO (12.04.2020)

Mir Şahinin vaxtı - VİDEO (12.04.2020)

REAL Təhlil və İnformasiya Mərkəzindəsiz. Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar!

Dünyanın əsas hadisəsi həm də neft ətrafında baş verənlərlə bağlıdır. Amma baş xəbər hələ ki pandemiya olaraq qalır.

Bu həftə İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündən başlayaq.

Bu toplantı planetdə yaranmış fövqəladə vəziyyətə həsr edilmişdi. Azərbaycan liderinin çıxışı Yer kürəsinin boğazından qəflətən yapışan bəşər fəlakətilə mübarizə hesabatı xarakteri daşısa da, eyni zamanda digər dövlətlərə təcrübə mübadiləsi üçün, görüb götürməkdən ötrü xeyli qida verirdi. Yəni bu çıxışa diqqətlə baxmaqla pandemiya ilə mübarizəni necə səmərəli qurmağın yolunu öyrənmək mümkün idi. Nəzərə alaq ki, zirvə görüşünə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru da dəvət edilmişdi və burada səslənən fikirləri şəxsən dinləmək, reaksiya və təklif vermək imkanına malik idi. Prezident Əliyevin çıxışı isə həm də onu göstərdi ki, onun siyasi təfəkkürü yalnız milli həmrəylik görüşləri ilə məhdudlaşmır. Həmrəylik və həmfikirliyin növbəti haləsi daha böyük geosiyasi ərazini əhatə edir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca yayılmış və faciəvi nəticələrə gətirib çıxarmışdır. Pandemiya səbəbindən ölkələrimizdə və dünyada həyatını itirənlərə rəhmət diləyir, onların yaxınlarına başsağlığı verir və yoluxanların tezliklə şəfa tapmasını arzulayıram. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir.

: Eyni zamanda bir xüsusi məsələyə də diqqəti çəkək. Düzdü, Azərbaycan lideri bu məqama təvazökarcasına toxundu. Söhbət dəhşətli epidemiyanın bütün planetdə yaratdığı fövqəladə vəziyyətə baxmayaraq Azərbaycanın bir xab, qovşaq olaraq oynadığı roldan gedir.

Hörmətli dostlar, hesab edirəm ki, bugünkü fövqəladə Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atdığımız addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə dəstək göstərilməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsidir. Mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir. Ölkələrimizin iqtisadiyyatı, ticarət münasibətlərimiz və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir. Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görmüşdür. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur. Səhiyyə xidmətləri sahəsində əməkdaşlığımız, o cümlədən tibb mütəxəssislərinin təcrübə mübadiləsi, birgə tibbi komissiyaların yaradılması üçün yaxşı imkanlar vardır. Bundan əlavə, sərnişin nəqliyyat daşımalarının müvəqqəti bağlanmasına görə ölkələrimizin ərazisində qalan bir-birimizin vətəndaşlarına dəstək və yardım göstərməyimiz vacibdir. Bizim gördüyümüz bu tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatlarımızın davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır. Ümid edirəm ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcəkdir."

Biz bir az sonra bu mövzuya yenidən qayıdacağıq və bəri başdan deyim ki, mən bir aparıcı olaraq təvazökarlıq nümayiş etdirməyəcəm. Sizin çoxunuzun bildiyi faktları yanaşı qoymaqla monumental bir mənzərəni təqdim edəcəm. Çox sirrdən özünüz agah olacaqsınız. Bir az səbr edin. İndi isə mən Azərbaycanın təklifilə keçirilən fövqəladə zirvə toplantısına, xüsusi olaraq dəvət edilmiş Ümumdünya Səhiyyə Təşkilatı Baş direktorunun çıxışından bəzi parçaları Sizə təqdim edirəm.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus: “Hörmətli Prezident Əliyev, mən Azərbaycanda olarkən həqiqətən Sizin öz işinizə sədaqətinizin şahidi oldum. Fürsətdən istifadə edib bunu etiraf etmək istərdim. Səfərim müddətində mənə göstərdiyiniz qonaqpərvərliyə görə sağ olun. Ümidvaram ki, pandemiya başa çatandan sonra mən və digər prezidentlər yenidən oraya gələcəyik. Mən də söz verirəm ki, Sizi ziyarət etmək üçün əlimdən gələni edəcəyəm. COVID-19 virusu həqiqətən qlobal miqyasda yayılıb. Siz və Sizin Şura bizimlə sıx əməkdaşlıq edirsiniz. Bu əməkdaşlıq xəstəxanaların imkanları, humanitar yardım, testlər, elmi, texniki biliklərin mübadiləsi, tibbi və texniki dəstək məsələlərini əhatə edir. Bu, sərhədaşırı əməkdaşlıq nümunəsidir. Pandemiyaya qarşı səmərəli mübarizə aparmaq üçün bizə bu lazımdır. COVID-19 meydana çıxandan bəri 100 gündən artıq vaxt keçib. COVID-19-un qlobal miqyasda yayılması səhiyyə sisteminə ciddi zərbə vurub, dünya iqtisadiyyatını sarsıdıb, ciddi sosial problemlərə gətirib çıxarıb. Ölüm göstəricisi qrip ilə müqayisədə 10 dəfə yüksəkdir. Bundan əlavə, virus olduqca yoluxucudur, çox sürətlə yayılır. Yoluxanların sayı 1,3 milyon, ölənlərin sayı 80 mindir. Əməkdaşlıq Şurasının üzvü olan 5 dövlət 36 min yoluxma və 750 ölüm faktı barədə məruzə ediblər. Bu, pandemiyadır. Bu, səhiyyə böhranından da artıqdır."

Baş Direktorun çıxışından daha bir parça təqdim edirəm. Burada həm Azərbaycanın planetar bəlayla mübarizəyə verdiyi töhfə, həm də fəlakətin bitməsinin hələ uzun cəkəcəyi qeyd edilir.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus: "Azərbaycan hökumətinə və Azərbaycan xalqına da verdikləri töhfəyə görə təşəkkür etmək istəyirəm. Həqiqətən, Azərbaycan 5 milyon dollar ianə verib. Türkiyə də sağ olsun. Əlbəttə, çox sağ olun. Avropalı qonşularınıza kömək edir, onlara əsas materiallar göndərirsiniz. Hamınıza təşəkkür etmək istərdim. Gəlin həmrəylik layihəsində iştirak edək. Gəlin baxaq, hansı metodlar, hansı vasitələr daha səmərəli olub. Bu həmrəylik layihəsində artıq bir sıra ölkələr iştirak edirlər. Pandemiyaya son qoymaq üçün əlbəttə, əməkdaşlığı və qarşılıqlı fəaliyyəti genişləndirmək lazımdır. Siz isə bunu edə biləcəyinizi göstərdiniz. Biz hamımız birlikdə bu vəziyyətə düşmüşük. Biz hələ uzun bir yol keçməliyik. Prezident Əliyevin indicə dediyi kimi, nə lazımdır – həmrəylik və qətiyyət. Biz bu ümumi təhlükəni birlikdə dəf edəcəyik. Çıxış etmək imkanı verdiyinizə görə çox sağ olun. Zati-aliləri, Sizin tədbirinizdə iştirak etmək mənim üçün böyük şərəfdir."

Bu çıxışdan sonra kiçik bir haşiyəyə ehtiyac duyuram. Biz həmişə Prezident Əliyevin fəaliyyətini şərh edərkən onun çoxdan əlahiddə götürülmüş bir dövlətin rəhbəri çərçivəsindən çıxmasından, təsir radiusunun beynəlxalq dərəcə kəsb etməsindən bəhs etmişik. Və hər dəfə 4-cü sənaye transformasiyası zamanında yeni dünya qaydalarının müəyyənləşdirilməsi kontekstində Azərbaycan liderinin özünün, sözünün, imzasının hansı çəkiyə malik olduğunu faktlarla təqdim etmişik. Elə bu il Davosda

Və əgər, bu gün, Azərbaycan insanları, Azərbaycanın vətəndaşları Prezident Əliyevə səmimi minnətdarlıq məktubları yazırlarsa, yeri gəlmişkən, onların bir qrupunun icmalını REAL Televiziyası da həftə ərzində təqdim edib, bu müraciətlər, dövlət başçısına təbii, yerli etimadın, etibarın təzahürüdür. Məktub söhbətinə göyçək ağızlarını büzən bəzi ağzıgöyçəklərin üst və alt dodaqlarını bir-birinə yapşıdırmaq missiyasını isə məmnuniyyətlə virtual sammit iştirakçılarının öhdəsinə buraxıram.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev: “-Hörmətli dövlət başçıları, sammit iştirakçıları. Çıxışımın əvvəlində bugünkü tədbirin təşəbbüskarı olan Azərbaycan Prezidentinə səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesusa təşəkkür edirəm ki, bu gün bizimlə bir yerdədir. Artıq Türk Şurası çoxtərəfli məsələlərin müzakirə olunduğu platformaya çevrilib. Bu, bizim ölkələrimizin ümumi nailiyyətidir."

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov: "-Hörmətli həmkarlar. Sizinlə görüşməyə şadam. Koronavirus infeksiyasına qarşı mübarizədə bütün dünyaya uğurlar, tezliklə adi həyata qayıtmaq və dövlətlərimizin firavanlaşmasını arzu etmək istərdim. Bu təşəbbüsə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Heydər oğlu Əliyevə və Türk Şurasına dərin minnətdarlığımı bildirirəm."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: "- Dəyərli qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm... Bütün bəşəriyyət indi görünməz bir düşmənə qarşı çətin müharibə aparır. Türk Şurasının bu fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizəmizdə aramızdakı həmrəyliyi möhkəmləndirəcək. Türk dünyası olaraq Allahın izni ilə bu çətin dövrdən də güclənərək çıxacağımıza səmimi qəlbdən inanıram."

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev: "İlk növbədə, Türk Şurasının bugünkü növbədənkənar Zirvə görüşünün təşkil olunması təşəbbüsü ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə səmimi minnətdarlığımı bildirirəm. Videokonfrans formatında görüşümüz bütün dünyada böyük narahatlıq doğuran koronavirus pandemiyasının qarşısının alınması kimi olduqca vacib və aktual məsələyə həsr edilib."

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov: "- Hörmətli sammit iştirakçıları.

Mən də öz növbəmdə sizi səmimi qəlbdən salamlayıram. Sizin hamınıza cansağlığı, dövləti və beynəlxalq fəaliyyətinizdə uğurlar arzu edirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə bu sammitin təşkili ilə bağlı irəli sürdüyü təşəbbüsə görə dərin minnətdarlığımı bildirirəm. Bu görüş bizə bütün dünya ölkələrinə aid olan qlobal xarakterli məsələləri müzakirə etməyə yaxşı imkan verir."

Macarıstanın Baş Naziri Viktor Orban: "-Hörmətli cənab prezidentlər, əziz dostlar. Sizi salamlayıram.

Mən dostum cənab İlham Əliyevə məni bu viodeokonfransa dəvət etdiyinə görə minnətdarlığımı bildirirəm. Cənab Prezident Ərdoğan, Türkiyənin maska hazırlamaq üçün bizə materiallar göndərdiyinə görə Sizə təşəkkürümü bildirirəm. Biz bu xeyirxahlığı heç vaxt unutmayacağıq. Cənab Prezident Əliyevə - mənim əziz dostuma Azərbaycan tərəfindən bizə göstərilən köməyə görə çox minnətdarıq."

Türk Şurasının Baş katibi Bağdad Amreyev: "-Cənab prezidentlər və Baş Nazir. İlk növbədə, Türk Şurasının üzvü olan dövlət başçılarını salamlayıram. Xüsusilə Türk Şurasının fəaliyyətdə olan sədri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bugünkü tədbirin yüksək səviyyədə təşkilinə görə səmimi qəlbdən dərin hörmət və ehtiramımı bildirmək istəyirəm. Pandemiya bizim ölkələrə də təsir edib. Lakin xoşbəxtlikdən dünyanın başqa yerlərinə nisbətən vəziyyət o qədər də faciəvi deyil. Bu, onun nəticəsidir ki, virusla mübarizədə sizin qabaqlayıcı tədbirləriniz, qətiyyətli qərarlarınız daha böyük faciələrin qarşısını almağa imkan verdi. Bizim ölkələrimiz bir-birinə humanitar yardım göstərdi, o cümlədən tibbi avadanlığın və maskaların, qoruyucu eynəklərin və əlcəklərin, test dəstlərinin verilməsi baxımından. Xüsusən də vətəndaşların evakuasiyası ictimaiyyət tərəfindən müsbət qarşılandı. Bu vəziyyət göstərdi ki, Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək vacibdir."

Biz indi sizinlə türk dünyasının liderlərinin İlham Əliyevə, Azərbaycana minnətdarlıqlarını eşitdik və bunun üçün hər bir dövlətin öz tutarlı səbəbi var.

Koronavirus epidemiyası ilə əlaqədar olaraq dünyanın bir sıra ölkələrində sosial-iqtisadi vəziyyətin ağır olması hamının gördüyü mənzərədir. Amma bir məsələ də var ki, əsl dostluq, qardaşlıq, müttəfiqlik məhz belə böhranlı dövrlərdə test olunur. Dövlətlər arasında mehriban qonşuluq və dostluq əlaqələrinin nə dərəcədə səmimi, gerçək olduğu nümayiş etdirir. Pandemiya dövründə biz gördük ki, bir sıra qərb dövlətləri tibbi ləvazimatlar uğrunda bir-biri ilə necə amansız rəqabət apardı, hətta qonşu ölkələrə məxsus xilasedici avadanlıqlar belə müsadirə edildi. Biz ənənəvi, pafoslu “müttəfiqlik prinsiplərinin” necə çeynənildiyinin şahidi olduq.

Epidemiyadan ən böyük zərər çəkən ölkələrdən biri də qonşu İran İslam Respublikası idi. Koronavirusun yayılma tendensiyasının kəskinləşdiyi dövrdə, hələ mart ayında, ağır vəziyyətə düşən qonşu dövlətə yardım edən ölkələrdən biri Azərbaycan oldu. Nazirlər Kabinetinin 07 Mart 2020-ci il sərəncamına əsasən, İran İslam Respublikasında koronovirus xəstəliyi ilə mübarizə aparılması və xəstəliyin qarşısının alınması üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 5 000 000 (beş milyon) ABŞ dolları həcmində humanitar yardımın ayrılması qərara alındı. Aprelin 7-də isə Heydər Əliyev Mərkəzinin binası üzərində İran İslam Respublikasının bayrağı videoproyeksiya olundu. Qeyd edim ki, «COVID-19» pandemiyasının yayılmasına qarşı Azərbaycanın həmrəyliyinin ifadəsi olaraq virusdan zərərçəkən dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə nümayiş etdirilir. İran da istisna olmadı.

Son həftələrdə atılan addımlar, rəsmi Bakının «COVID-19» epidemiyasından əziyyət çəkən İran dövlətinə və onun xalqına dəstəyini, hörmət və ehtiramını ifadə etdi və etməkdədir. Bu münasibət Azərbaycan və İran arasında dostluq və mehriban qonşuluq münasibətlərini zədələməyə çalışan anti-Azərbaycan qüvvələrin qeyri-adekvat fikirlərinin uydurma olduğunu bir daha sübut edir. İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini proqramımıza dəvət edirik və əminik ki, tezliklə maraqlı bir söhbət edəcəyik.

Sözü və planetar taleyə təsir göstərən müsbət məzmunlu müdaxilələri, Bakının təklif etdiyi təşəbbüs və düsturlar ən dalana dirənmiş beynəlxalq məsələlərin həllinə əsaslı təsir göstərir. OPEC+un toplantısından danışacaq, bu son dərəcə mühüm tədbirin gedişində Azərbaycanın oynadığı samballı rol barədə ilk dəfə, məhz bizdən eşidəcəksiniz.

Artıq müəyyən qədər toxtamalıyıq ki, OPEC+un toplantısı nəhayət ki, baş tutdu. Rusiya və Səudiyyə Ərəbistanı kimi iki enerji nəhəngi nəhayət ki, razılaşdı və bundan sonra neftin qiymətinin sürətlə enməyəcəyinə müəyyən mənada zəmanət yarandı. Və nəinki enməyəcəyinə, hətta əksinə neftin qiymətinin, onunla birlikdə elə hörmətinin də qalxacağına ümid var. Çünki OPEC, Rusiya və neft hasil edən daha bir neçə ölkənin uzunsürən toplantısından sonra hasilatı azaltmaqla qiymət müharibəsinə son qoymaq qərarına gələ bildilər. Təhlilçilərin fikri bir məsələdə üst-üstə düşür ki, təklif edilən azaltma dünya iqtisadiyyatının bu günkü bulanıq və bədbin vəziyyəti üçün heç şübhəsiz kifayət deyil, amma ən azı irəli atılmış ciddi psixoloji addımdır. Çünki söhbət vəziyyətin düzəlməsinə kömək etməyəcək həcmdən gedir: neft mütləqiyyətlərinin qara qızıl cümə axşamında əldə edilən ilkin razılaşma OPEC+qrupunun üzvü olan ölkələrin neft hasilatını gündə 10 milyon barrel azaltmağı nəzərdə tutur. Bu isə dünyanın neft istehlakının korona-virusun 25, hətta 30 faizə qədər azaltdığı tələbatının belə,,,, təxminən 10 faizi deməkdir. Birləşmiş Ştatlar da öz addımıyla prosesə pozitiv qatıb. Düzdü, Amerika söz verib ki, hasilatda ixtisar aparmayacaq. Amma neft idxalını da azaldacaq. Bu isə elə dolayısı ilə dünya bazarı üçün ixtisara bərabərdir. Ekspertlər sakitləşməyin hələ çox tez olduğunu zənn edirlər. Hətta bəzi proqnozlara görə, son razılaşmadan sonra da Brent markalı neftin qiyməti 20 dollardan aşağı düşə bilər. Məsələn, mart ayının 9-da qiymət OPEK+un toplantısının yaratdığı ümidin hesabına 32 dollara yaxınlaşmışdı. Ekspertlər optimist deyil? Ona görə ki, ilkin razılaşmalar may və iyun ayını nəzərdə tutur. Qarşıda isə aprel ayının iki özbaşına həftəsi var. Deməli manevrlər və “tezbazar qabağa nə düşdün-düşdün qaçaqaçı” hələ 14 gün, 14 gecə rəsmən çəkəcək. Azərbaycan da planet üçün taleyüklü diskussiyada iştirak edib və hasilatın azaldılması ilə bağlı öhdəlik götürüb.

İndi isə bir az əvvəl vəd etdiyim maraqlı məlumata hazır olun. OPEK+da əldə edilmiş nəticəyə görə iştirakçılar həm də Prezident İlham Əliyevə, daha doğrusu, bütün toplantı boyu Azərbaycan liderinin müntəzəm məsləhətləri, tövsiyələrilə hərəkət edən Azərbaycan nümayəndə heyətinə, iki keçmiş diplomata minnətdardırlar. Ona görə ki, ərəblər hər dəfə razılaşmayıb danışıqlardan çıxmaq istəyəndə Energetika naziri Pərviz Şahbazov və SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov işə qarışıb, danışıqların pozulmamasını təmin edib. Necə deyərlər Səudiyyə Ərəbistanı və Rusiya Federasiyasının razılığa gəlməsində rolu əhəmiyyətli dərəcədə olub.

Vurğulayaq ki, Prezident Əliyevin yönləndirməsilə. Ümumiyyətlə, Azərbaycan neft danışıqlarının, xüsusilə bu polemikanın son zamanlarkı bütün böhranlı mərhələlərində faydalı tərəfdaş və təşəbbüskarlığı ilə seçilib. OPEK-in Baş katibi Barkindonun Prezident İlham Əliyevə bir neçə dəfə, sonuncu dəfə isə Davos forumu çərçivəsində təşəkkür etməsi, sadəcə nəzakət jesti deyildi. Bu əslində kiçik bir dövlətin Planet üçün vacib məsələlərə verdiyi töhfənin acizanə etirafı idi. Bir detal da maraqlıdır. Məsələn, dünyanın hətta aparıcı dövlətləri belə neftin qiymətinin sümüyə düşməyən fristaylından qeyzlənəndə Azərbaycan Lideri soyuqqanlı bir davranış nümunəsi göstərirdi. İlham Əliyevin çıxışlarından bəzi məqamları xatırlayaq.

Məsələn, Prezident korona virusun ciddi təsiri altında neftin qiymətinin düşdüyü fonda, heç bir sosial layihənin təxirə salınmadığını və salınmayacağını deyirdi, yaxud etiraf edirdi ki, bəli, neft ucuzlaşıb, amma eyni zamanda iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun artım templərini sübut edən statistika ilə bölüşürdü. Dünya iqtisadiyyatının tərkib hissəsi olan da məruz qaldığı böhrana verilən ən ağrılı reaksiya uzaqbaşı bu ola bilirdi ki, dövlət başçısı təxirə salınması mümkün olan ikinci dərəcəli proyektlərin icrasını müvəqqəti dayandırmağı tövsiyə edirdi. Vəssəlam. Azərbaycan heç bir qlobal risk qarşısında öz prioritetlərini dəyişmir. Milli maraqlar. Dövləti maraqlar. Vətəndaş təhlükəsizliyi. Eyni zamanda planetə görə məsuliyyət. Və uzaqgörənlik. Mən indi Sizə bir neçə məlumat verəcəm. Artıq neçə müddətdir ki, Azərbaycanda idarəetmə online rejimə keçirilir. Süni intellektin tətbiqilə məmurla təmas aradan qaldırılır. İdarəetmə hakimiyyətin bütün pillələrində gəncləşdirilir. Prezidentin istefa ərizəsi yazmış iki ahıl dövlət xadimini başqa yaşlılara nümunə kimi təqdim etməsindən sonra başlanan istefalar, işdən getmələr, işdən çıxarılmalar. Özü də düz Prezident Adminstrasiyasına qədər gedib çıxır. Nağd ödənişlərdən maksimum qısa müddətdə imtina kart sisteminə keçid. Elektrik enerjisinin əlçatanlığı. Şirin su ehtiyatlarına görə dünyada son yerlərdən birini tutan respublikanın artezian quyuları ilə, su anbarları ilə təmin edilməsi...Ərzaq təhlükəsizliyi proqramı. Ekoloji saflaşdırmada flaqman rolunda iştirak, həssas təbəqələrin maddi ehtiyaclarının ödənilməsi üçün görülən işlər, əmək müqavilələrinin bağlanması, kölgə iqtisadiyyatı ilə qəti müharibəyə qalxan və qalib gələn struktur islahatları və əlbəttə ki, çevik, orta yaş etibarilə kifayət qədər cavan hökumət. Fikir verirsinizsə mən qəsdən məhz o komponentləri xatırladıram ki, Prezident bu gün bütün ölkələrin özünütəcrid mühitində Azərbaycanı sürətli, müstəqil və təhlükəsiz, sabit idarəetməyə kifayət edir. İndi bir anlığa təsəvvür edək ki, ad çəkməyəcəm, ümumdünya böhranı zamanında hökumətdə iş başında köhnə Nazirlər Kabinetinin qocafəndi, ağır taxta, olsun lap müdrik, amma ləng, yeni idarəetmə prinsiplərini olduğu kimi dərk etmək imkanları yüksək olmayan üzvləri idi...

Bir daha təkrar edirəm. Ad çəkmədən, detallara varmadan sadəcə öz-özlüyümüzdə keçmişi illüstrativ bərpa etməyə çalışaq. Və elə buna görə də Azərbaycan 4-cü sənaye transformasiyasının birinci onluğuna daxil olan ölkələrdəndir. Bu gün Azərbaycan pandemiya ilə mübarizədə dünyanın ən inkişaf etmiş dövlətlərinə belə örnək ola bilir. Amma çatışmayan cəhətimiz var. Bu orta statistik vətəndaşdır. Təəssüf. Prezidentin milli həmrəyliyə çağırışını icimai qulaqla eşitsə də, fərdi qulağının ardına vuran vətəndaş. Baxmayaraq ki, biz məhz indi həm vətəndaş, həm xalq, həm də dövlət kimi öz sözümüzə nə qədər sahib olduğumuzu göstərə bilərik. Başa düşürəm sosial şəbəkədə onun-bunun qeybət sətirlərini oxumaq qədər maraqlı deyil heç olmasa cocuqlara nağıl oxumaq. Amma heç olmasa öz himnimizi oxuya bilərik axı.

Məsələn, oxusaq orda belə cümlələrin olduğunu görərik. Səndən ötrü can verməyə cümlə qadiriz, səndən ötrü qan tökməyə cümlə hazırız.

Bu cümlələri oxuyandan sonra düşünək. Bizdən indi bu saat, bu dəqiqə nə can vermək, nə də qan tökmək tələb olunur. Bizdən yalnız evdə qalmaq, evdən bayıra çıxmamaq tələb olunur. Və mövqe ortaya qoymaq. Əslində bu gün bütün dünyada bütün ölkələr mövqe tutmaqla məşğuldur. Özünütəcrid elə budur. Öz mövqeyinə çəkilmək. Vətəndaşdan da məhz öz dövlətinə oxşamaq, öz kiçik dövlətinə, evinə, mənzilinə çəkilmək tələb olunur. Bu əmr hansı dövlət və hansı vətəndaş tərəfindən səhvsiz, dəqiq icra edilirsə, o dövlət, o vətəndaş koronavirusdan özünü, dövlətini daha etibarlı qorumuş olur. Deyəsən o qədər “evdə qal, evdə qal!” deyib, bu əmri “yaxınşərqdəvəziyyətgərginolaraqqalır”laşdırmışıq ki, artıq bu ifadə bizə dəyib düşür. Bəlkə də çoxunun yadından çıxıb ki, evdə niyə qalmaq lazımdır və ya niyə küçəyə çıxmamaq lazımdır! Ona görə ki, korona virus var, bu dəhşətli epidemiya bütün dünyanı bürüyüb. Azərbaycanda da var, geniş vüsət almaqdadır. Dövlətin gördüyü bütün tədbirlərin effektini bizim vətəndaş səhlənkarlığımız və ya antivətəndaş səhlənkarlığımız azaldır. korona virus fəlakətinə dövlət olaraq göstərdiyi reaksiya və verdiyi ciddi əhəmiyyətə orta statistik insanımız adekvat deyil. Baxın bu kadrlara. Aprel ayının 11-də işə gələrkən çəkmişəm. Bu qədər avtomobil şənbə günü hara gedir. Fəlakət günü. Xüsusi vəziyyət günü. Karantin dövründə.

Əziz qardaşlar, bacılar, yoldaşlar, vətəndaşlar! Biz neynirik? Hara gedirik bu vətəndaş xarakteristikamızla? Sonda nə gözləyir bizi? Vəziyyəti sosial şəbəkə nəzarətsizliyi bir qədər də böhranlı edir. Sossetdə söz demək imkanı olan hər bir fərd müəllifi olduğu təhlükəli avantüranı söz azadlığının tərkib hissəsi hesab edərək sadəcə etinasızlıq, boşboğazlıq, yüngül beyinlik edir. Bu məsuliyyət defisiti yaşayanlar arasında hər növ insan var. Cəmiyyəti intizama, vəziyyəti real qiymətləndirməyə dəvət edənləri isə sosial şəbəkə boşluğundan sui-istifadə edərək linç etməyə çağırırlar. Ayrı-ayrı fərdlər, onlar arasında jurnalistika fəaliyyəti ilə keçmişdə məşğul olan uğursuzlar da, siyasətçilər də, sadəcə sosial şəbəkə yiyəsizləri, yüyənsizləri də var. Burada dövlətin sosial kursunu gözdən salanlar fəaldır. Onlar abırlı-ədəbli-ərkanlı, dırnaqarası yüksəksəviyyəlilərin günahından meydan sulayır.

Hökumətin yaşayış minimumu kimi ayırdığı 190 manat vəsait ətrafında qaralama kompaniyası aparılır. Dövlət, onu idarə edənlər təhqir edilir. Xaricin elektron imkanlarından istifadə edərək ölkəyə böhtan yağdıran, Azərbaycanı sosial partlayışlara qərq etməkdən ötrü var gücü ilə çalışan, Osmanqızı, Qənimət, Kərimli kimi potensial terror vahidlərinin odabaşılığına kösövlük edirlər. Xüsusi olaraq məhz 190 manat məsələsi ətrafında ajiotaj yaradılır. Baxmayaraq ki, bu bütün dünyanı bürüyən böhrandan Azərbaycan vətəndaşının qorunması üçün görülən işlərin ən kiçik bir faktıdır. Prezidentin təbirincə desək, Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib. Hazırda bu fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır. Prezident Azərbaycan xalqının daxili böyüklüyünə, milli alicənablığına bel bağladığından Azərbaycan vətəndaşının yerini uca bilir. Ona görə də belə deyir: “Dövlət vəsaiti ilə bərabər, ayrı-ayrı şəxslərin, sahibkarların və təşkilatların fonda könüllü ianəsi həm də böyük rəmzi məna daşıyır. Bu, Azərbaycan cəmiyyətində olan həmrəyliyin nümunəsidir!”. Sitatın sonu. Amma yeni sitatın əvvəli: “Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılıb. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlayaraq təsdiq edib. Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, görərik ki, 600 minə yaxın insan bu vəziyyətdən daha çox əziyyət çəkir. Sahibkarlara müraciət olunub ki, iş yerləri ixtisar edilməsin. Qırx dörd min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək!. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaq. Banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat və ya təqribən 300 milyon dollar həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək.” Hörmətli tamaşaçılar! Mənim verdiyim bütün bu məlumatların hər biri faktdır. Ciddi. Birbaşa həyatımızda hiss edəcəyimiz, etdiyimiz fakt! Davam edirəm: Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaqdır. Dövlət zəmanəti olmayan 1 milyard manat, təqribən 600 milyon dollar həcmində mövcud bank kreditləri üzrə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaq. Bunun üçün dövlət büdcəsindən 50 milyon manat və ya təqribən 30 milyon dollar vəsait ayrılıb. Bir mənsəb nakamı Qubad İbadoğlu var e. O gərək izah edəydi öz qaragüruhuna bu rəqəmlərin arxasında dayanan mətləbləri. Bu tədbirin əsas məqsədi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir. Sosial təcrid tədbirləri nəticəsində əhali tərəfindən elektrik enerjisi sərfi artıb. Bunu nəzərə alaraq kommunal ödəmələrə güzəşt edilib. Bu məlumatları niyə çatdırmır küt və onun ləsi!!! Prezident Zirvə toplantısına verdiyi hesabatda dedi ki, bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində də iş aparılır. Bütün bunlar bir kənarda qalır, mövzunu dəyişmək üçün artıq dəfələrlə sınanmış üsula əl atılır.

Məsələn: bu dəfə sosial şəbəkələrdə müasir Azərbaycan mədəniyyətinin görkəmli xadimi, Azərbaycanın Xalq Artisti Afaq Bəşirqızını söylədiyi fikirlərə görə linç edtməyə başlayırlar. Bu həmin o Afaqdır ki, ötən il Prezidentlə görüşdəki çıxışına görə elə həmin sosial şəbəkələr, həmin sosial fərdlər onu qəhrəman etmişdilər. Çünki hədəfdə Afaq Bəşirqızını qəhrəman etmək deyildi. Ondan istifadə edərək SSRİ Xalq artisti Zeynəb Xanlarovanı gözdən salmaq idi. Afaq Bəşirqızını ittiham edən hansı yuvaya məxsus olduğunu bildiyimiz quş Osmanqızı və onunla bir budağa qonmuş hansısa Yunus rəhmətlik Bəşir Səfəroğlunu misal çəkir, guya elə atadan belə övlad gözləmədiklərini peşiman peşiman vird edirdilər. Baxmayaraq ki. Sevincin atası Osman bu kiçik türkün sözü qızına görə o dünyada artıq vertolyot.... qəzasını ikinci, üçüncü, üçyüzüncü və 100 mininci dəfə və hər dəfə keçirir... Azərbaycanın, dövlətin, vətənin düşmənlərinin quş yuvası olan Osmanqızı kanalına çıxanların hər biri nəzərə almalıdır ki, öz karyerasını, milli təəssübkeşliyini zərbə altına qoyur. Çünki bu adam bu kanalı yalnız Azərbaycana qarşı işlətmək üçün açıb.

Buyurun. Elə aprelin 11-də Osmanqızı bayaq adını çəkdiyim personajla müsahibə edirdi. Tutaq ki, adam....Azərbaycan haqqında ağzına gələni danışdı, danışdı... Osmanqızı da başını dala-qabağa, dala qabağa, dala-qabağa apardı... və tutaq ki adam birdən Amerika Birləşmiş Ştatları Prezidenti Tramp haqqında nəsə tənqidə bənzər kəlmə deməyə hazırlaşdı. Gəlin bu zavallı mənzərəyə baxaq.

Belə. Və bu tutaq ki, adam...lar. Afaq Bəşirqızına ağız atırlar. Yalnız öz fikrini bildirdiyinə görə. Yalnız ona görə ki, Afaq qaragüruhun düşünmədiyini, anlamadığını deyib. Və bu tutaq ki, adam...lar guya söz azadlığı mücahidləridir, insanların öz fikirlərini azad ifadə etmək uğrunda qatıq, süd, qaymaq aclığına çağırırlar... Bir adamın azad sözünə dözə bilməyən güruhbaşılar. Keçmiş olsun, Afaq xanım. Onsuz da keçmişdilər. Onların gələcəyə dəxli yoxdur. Bu gün ölkədə müharibə vəziyyətidir. Deyək ki lap elə korona virusla. Bütün hallarda xüsusi rejimdə işləyir, fəaliyyət göstəririk. Qaydalar sərtləşdirilməli, Ali baş komandana dövləti xüsusi vəziyyətlərdə necə idarə etməyi öyrətmək eşqinə düşənləri, bir sözlə özünütəcrid edə bilməyənlərin özünü təcrid etmək, gərəkirsə müharibə qanunlarının hökmü ilə təcili həbs etmək lazımdır. İndi ölkə, xalq, tam intizam rejiminə transformasiya olunmalıdır. Yarımçıq hamiləliklə bitirmək lazımdır. Söhbət koronavirusdan, onun yaratdığı beynəlxalq iqlimdən çox, ümumxalq intizamından gedir. Əlimizdə olan özünütəşkil imkanlarından istifadə etməliyik. Detallı şəkildə izah edək. Mövqe aydınlatması baş verməlidir. İnsanların bir-birinə münasibətində, cəmiyyətə, dövlətə, qanuna, planetə, bəşəriyyətə, beynəlxalq dəyərlərə, pinqvin ya çinar olmasından asılı olmayaraq canlılara, güzəştə və prinsipiallığa, nifrətə və məhəbbətə, zamana, keçmişə, bugünə, gələcəyə, məsuliyyətə, qarşılıqlı borc və öhdəliklərə münasibətdə mövqe aydınlığı yaranmalıdır. Sən kimin və nəyin yanında olduğunu nümayiş etdirməlisən. Hər bir sakin hardasa məskunlaşmış pozuq, yayğın əhali vahidindən Böyük Hərflə Başlayan Vətəndaşa çevrilməlidi. Dövlət evini hətta jurnalist evi qədər də hiss edə bilməyənlərin etinasızlığı, bivecliyi zibilliyə atılmalı, iki min on səkkizinciliçilik riyakarlığı aradan qaldırılmalıdır.

Nədir 2018-ciilçilik?

Mövqe bildirmək anında təhqirdən, söyüşdən qorxur, gizlənir, sənə isə nümayiş etdirdiyin nöqtəvi mövqeyi irad tuturlar. Açıq mövqe nümayiş etdirənlər kimi ola bilməməyin, olmaq istəməməyin acığını bunu bacaranları, edənləri təhqir və təhdid etməklə çıxırlar. Vəziyyətin ciddiliyini izah etməyə çalışanları panika yaymaqda ittiham edirlər. Xüsusi kütlər üçün likbez. Panika. Bu söz nədir? Gəlin dilimizə çevirək.

Panika-çaxnaşma. Qəfil qorxu hissi. O qədər güclü olur ki, məntiqi düşüncəyə üstün gələrək onu kor-koranə qəzəblə əvəz edir, qorxunun çulğadığı fərdə “vur və qaç!” reaksiyası hakim olur. Panika sosial psixologiyada yoluxucu xarakterə malik hiss kimi səciyyələndirilir. Panika-nın əsas tərifi budur. Cəmiyyətin xüsusi vəziyyətə uyğun olaraq intizama dəvət edilməsi isə adından göründüyü kimi XÜSUSİ VƏZİYYƏTDİR! İfrat kütlər üçün təkrar edirik. Ölkədə xüsusi vəziyyətdir. Fövqəladə vəziyyətin bir addımlığındayıq. Vətəndaşların evdən bayıra çıxması xüsusi icazə sistemilə tənzimlənir. Dükana, həkimə, hətta yas yerinə belə xüsusi arayışla gedilir. Belə olan halda əhaliyə, xalqa, vətəndaşa izah edilir ki, ehtiyatlı və intizamlı olsun, özünü könüllü epidemiya tranzitinə çevirməsin. Heç kimi yoluxdurmasın! Ali Baş Komandan xalqa dörd dəfə müraciət edib! Daha nə baş verməlidir? Kifayət qədər sərt qaydalar var. Ölkənin informasiya məkanını idarə edənlər sərt ton ortaya qoymalıdırlar. Belə jurnalistlərə yox, Qaragüruha, Osmanqızı kimi provakatorlara, Əli Kərimli kimi pozucu vahidlərə cavab verilməli, onların hərəkəti fövqəladə vəziyyətin qaydalarına uyğun olaraq qiymətləndirilməlidir. Xüsusi vəziyyəti, qanunu, vətəndaş məsuliyyətini, şəraitin ciddiliyini başa salan jurnalistlərin platformasına panika yarlığı yapışdırıb əvəzində məsuliyyətsizlik, etinasızlıq, intizamsızlıq təklif, təlqin edən hər bir ictimai vahid təftiş edilməli, onun məsələn təfəkkür tərzi olaraq Osmanqızıyla, qaragüruhla nə qədər bağlı olub-olmadığı araşdırılmalıdır. Tutaq ki, biz deyirik evə gedin, panika yayırıq! Onlar isə küçəyə çağırır, panika yaymırlar. Panika harda olur, evdə ya küçədə? İnsanları depressiyaya yuvarlanmaqdan qorumağın başqa yolları var. Və biz Azərbaycanın pandemik böhrandan ən az itki ilə çıxmasına çalışmalıyıq. Evdə qalmaq dövlətin bu gün vətəndaş qarşısında qoyduğu əsas vəzifədir! Prezident də, Birinci vitse-prezident də bunu hər bir vətəndaşdan tələb edir. Bütün dünya dövlətləri bunu bir-birindən, hər bir ölkədən tələb edir. Əlbəttə nikbin adama nə var ki... Ona Sinyor Robinzon filmi də kifayətdir ki, baxıb özünü görsün, qəşş etsin. Üstəlik də bizdə Cümə mübarək sayılır.

İndi isə otimist tamaşaçılarımızı biz də özünəməxsusluqla ekrana dəvət edirik. Hörmətli tamaşaçı! Evdən bayıra çıxma. Buna məcbursansa tələblərə və qaydalara riayət et! Başa düş ki, dövlətin təhlükəsizliyi, xalqın taleyi sənin əlindədir. Qorxma. Çəkinmə. Onsuz da bu bəla əbədi deyil. Bu da keçib gedəcək. Amma çalışaq ki, bizi xatırlamasınlar bu xəstəliklə. Biz xatırlayaq. Siz xatırlayasız. Azərbaycanda epidemioloji vəziyyət bu gün dünyada ən yaxşılardandı. Amma dövlətin apardığı işə görə. Depressiyaya düşməyək. Bu hadisə bizə bir neçə yeni reallıq təqdim etdi. Korona virusun ləğvindən sonrakı yeni vəziyyət Azərbaycan üçün yeni üstünlüklər vəd edir. Əvvəla ondan başlayaq ki, sərhədlər özünün klassik mənasını dəyişəcək. Daha doğrusu, yeni dəyərlərin tətbiqindən sonra deformasiyaya uğramış məzmununu. Sərhədlərin əhəmiyyəti xüsusi mahiyyət kəsb etdi və bu dərinləşəcək. Öz ardınca da beynəlxalq hüquq prinsipini möhkəmləndirməyə təhrik edəcək. Korona virus göstərdi ki, sərhədsiz dünya sadəcə illüziyadır. Sərhədlərə mütləq nəzarət olmalıdır. Avropa İttifaqı timsalında yəqin ki, sərhədlərin toxunulmazlığı yenidən gündəliyə qayıdacaq. Şengen-mengen aristokratiyası filan yavaş-yavaş öz yerini mənimki mənimdir! Vətən sərhəddən başlayır! Hökmünə verəcək. Belə olan halda Azərbaycanın sərhəd toxunulmazlığı, ərazi bütövlüyü kimi tələbləri artıq öz sərhədlərinin sərhəd refleksini özünə qaytarmağa məcbur olan Avropalılar tərəfindən başa düşüləcək. Ağrımız hiss olunacaq. Və bizim Qarabağ münaqişəsi zəminində Azərbaycan-Ermənistan sərhədlərindəki mənəvi-hərbi ovqatımız asan anlaşılacaq.

Düşməməyimiz üçün başqa bir səbəb yeni şəraitdə Azərbaycanın kəsb etdiyi loqistik mahiyyətdir. Pandemiya göstərdi ki, əlaqələndirmə dəhlizləri bu gün ən vacib əhəmiyyətə malikdir. Elə Prezident İlham Əliyev Türk zirvəsindəki çıxışında Azərbaycanın nəqliyyat xabı olaraq oynadığı yüksək rola toxunarkən yeni geosiyasi səhmanın reallığını vurğulamış oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışını da xatırlayaq.

“Türkiyə ilə Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün istifadə edilən dəmir yolu xəttini Orta Asiyayadək uzada bilərik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə mövcud yükə əlavə olaraq gündəlik 3500 ton yükün daşına bilməsi üçün işlər görürük. Bağlanan quru yollar ilə əlaqədar Azərbaycan və Qazaxıstan türk nəqliyyatçıları üçün mühüm bir tranzit marşruta çevrilib.”

Deməli, yeni şərait ən ciddi böhranda əlaqələndirmə koridorları kimi nəqliyyat dəhlizlərini nəzərdə tutur və bu zaman insanların yox, əmtəələrin, yüklərin fasiləsiz və səmərəli axını təmin olunur. Burada cansız yükün canlı yükə nisbətdə risk hədəfi olmadığı onu əlverişli edir. Yol Fəlsəfəsi qloballaşmanın mahiyyətini dəyişəcək. Artıq aydındır ki, nə baş verir versin, nəqliyyat işləməlidir. Bu nəzər nöqtəsindən yanaşanda İlham Əliyevin Azərbaycanı xaba çevirməsinin əhəmiyyətinin misilsiz olduğunu anlamaq çətin deyil. Bir kəmər bir yol –ideyası da eyni fəlsəfəyə köklənir. Hadisələr göstərdi ki, sabah Qərb dövlətləri də bu layihənin əhəmiyyətinə şərik olmaq istəyəcək. Tarixi xatırlayaq. Çindən şüa kimi sızan Böyük İpək Yolu ilk qlobal proje idi .O yalnız bir Çin layihəsi deyildi. Müharibələr şəraitində xab olması Azəbaycana faydalı iqtisadi mühit vəd edir. Bizim ticarətimizin təxminən 50 faizdən artığı Qərblədir. İpək yolu və TRACECA-nın işi əhəmiyyətli şəkildə artıracaq. Bəli, neftin qiymətdən düşməsi faktdır. Amma Azərbaycan buradan itirdiyi vəsaiti xab, qovşaq, yolların mərkəzi olmasıyla kompensasiya edəcək. Nəqliyyat dəhlizindən olan gəlir ölkəni mürəkkəb vəziyyətdən çıxaracaq. Bu günlər dünya öz siyasi gündəliyinə ciddi dəyişikliklər edir. Məsələn, aprelin 10-da Avropa İttifaqı böhranlı vəziyyətlərin idarə olunması, krizisdən çıxmaq məqsədilə qərar qəbul etdi. İlkin yardımı iqtisadi qüdrəti daha çox olan dövlətlər verdi. Belə də demək olar: Prezident ilham Əliyevin Azərbaycanda irəli sürdüyü və ilkin vəsaiti dövlətin yatırdığı Fondun təxminən eynisini Avropa dövlətləri yaratdılar. Azərbaycan bu dəfə də birinci oldu. Yəni pula, vəsaitə konseptual yanaşma dəyişir. Büdcə intizamı yeni məzmuna köçür. Büdcə vəsaitlərinə qənaət edilir.

Belə bir vəziyyəti təsəvvür edək. Tutaq ki, xəstə reanimasiya stolundadır. Ona sistem köçürmək lazımdır. Gimnastika hərəkətləri etməyi tapşırmaq yox. Bədən tərbiyəsi sonranın işidir. Fond həmin o sistem şüşəsi olacaq. Yaranmış böhranda dərhal işə salınacaq. Ayaq üstə dayanmağa qadir vəziyyətə gətirəcək. Yalnız ondan sonra dövlət ö büdcəsi və imkanlarıyla qatılacaq. Azəbaycan Prezidenti bütün çıxışlarında dövlətin siyasi müstəqilliyindən əvvələ iqtisadi müstəqilliyi çəkir. Ona görə də xarici borcun 17 faizdən çox olmamasını, əksinə azaldılma tapşırığını vurğulayır. Birləşmiş Ştatlara nə var ki... Odu e bu həftə İki trilyon dollar çap etdi. Azərbaycan çap etmir, o pulu qazanır. Əziyyətlə, Dövlətin iqtisadi siyasətinin 4-cü sənaye inqilabının, yeni dövrün çağırışlarının dürüst yerinə yetirilməsiylə. Elə ona görə də böhran zamanı Avropa ittifaqına üzv olan Albaniya Respublikasına məhz Azərbaycan kömək etdi. 1 milyon dollar. Türk Şurasında yardımına görə Azərbaycana təşəkkür edən Macarıstan da Avropa İttifaqının üzvüdür. Azərbaycanın qlobal əhəmiyyəti getdikcə artır. Əgər dünənədək biz məsələn xüsusi vəziyyətdə Amerika Qoşunlarının Əfqanıstandan çıxarılması üçün öz hava məkanımızı təklif etməklə yararlı olurduqsa, bu gün belə işlər artıq xırda məsələlərdir...

Düşməmək üçün daha bir arqument: Aprelin 11-ə olan məlumata görə, məsələn, Belçikada, niyə bu ölkəni misal çəkirəm, ona görə ki, təxminən elə Azərbaycan boydadı, beləliklə, Belçikada 1351 pasientdə yeni koronavirus faktı aşkar edilib. Onlardan 756 nəfəri Flandriyada, 149-u isə Brüsseldə yaşayır. Qalan şəxslərin harda məskunlaşması barədə əlavə məlumat verilmir. Aprelin 11-nə olan məlumata görə Belçikada pandemiya başlanandanbəri 28 min on səkkiz nəfər korona virusa yoluxub. Son 24 saat ərzində 327 nəfər vəfat edib. Onlardan 70 nəfəri Brüsseldə ölüb. Təkrar edirəm. Belçika əhalisinin sayına görə Azərbaycana yaxındır. 11 milyon. Və bir milyon əhaliyə düşən xəstələnənlərin və ölənlərin sayı isə Azərbaycanla müqayisəyəgəlməzdir. Söhbət Belçikadan gedir. Avropanın səhiyyə sahəsində ən inkişaf etmiş dövlətlərindən birindən. Yaşlıların və testlərin sayına görə də bizdən irəlidə deyillər. Və nəhayət şənbə günü Amerika Birləşmiş Ştatlarında 2 min yüz səkkiz nəfər ölüb. Amerika Birləşmiş Ştatlarında... Azərbaycanda isə. Müqayisə edin.

Azərbaycanda vəziyyət ona görə belə yaxşı deyil ki, hər asqırana kimsə sağlam ol deyir o da olur sağlam.

Bu, mənzərənin müəlliflik hüququ dövlətə məxsusdur. Bizdən isə bircə şey tələb olunur. Vətəndaş əxlaqı nümayiş etdirmək və evdə qalmaq! Əgər vəziyyətin fövqəladə olmasını istəmiriksə, özümüzü fövəladə aparaq.

Baş nazirin müavini Əli Əhmədovla həm pandemiyadan, həm qaragüruhdan da, qaragüruhçuluqdan müalicə üsullarından da danışmışıq.

Digər xəbərlər
Bu gün
Dünən