Mir Şahinin vaxtı - VİDEO (22.04.2020)

Mir Şahinin vaxtı - VİDEO (22.04.2020)

REAL Təhlil və İnformasiya Mərkəzindəsiz. Hər vaxtınız xeyir.

Korona virus yer kürəsindən daha sürətlə fırlandığından, hələ ki, irəli çıxıb. Və bizim baş xəbərimiz olaraq qalır.

Qara tarix davam edir. Bütün klassik kəlmələr, ibarələr gülməli gürünür. Bir zamanlar qızılın öz gerçək mənasını arxa plana keçirən “ neft” belə indi o qədər alçaldılıb ki, “su qiyməti”nə satılır” demək bir zamanların “qara qızıl”ından ötrü böyük kompliment olardı. Bakı vaxtı, Moskva vaxtı, Qrinviç vaxtı kimi standartlar sırf statistikləşib.

Bu gün ortada bircə vaxt var: Korona zamanı.

Korona zamanı dünyadakı bütün dövlətləri könüllü blokadaya məhkum edib. Və indi hər bir dövlət öz müstəqilliyinin əsl gücünü görmək, hiss etmək imkanı qazanıb. Hadisələr göstərir ki, bizim ənənəvi anlayışımıza görə dünyanın ən qüdrətli dövlətləri müstəqillik çatışmazlığından əziyyət çəkirlər və əksinə Azərbaycan kimi kiçik respublika nə qədər azad, müstəqil ola bilir. Bu ölkənin hər bir sahəsi xalq, dövlət qarşısında imtahan verir. Buyurun, neçə vaxtdır ki, sərhədlər bağlıdır.

Bu həm də o deməkdir ki, bizim xəstələr İrana, Türkiyəyə, Rusiyaya, Almaniya və başqa bu kimi ölkələrə müalicəyə getmirlər, gedə bilmirlər... öz həkimlərimizin ümidinə qalıblar və bu ümiddən də arxayındırlar. Səhiyyəmiz belə müstəqillik imtahanı verir. Özümüz özümüzlə baş-başa, əl-ələ qalmışıq. Xalq və dövlət özü özünü ayaqda saxlamalıdır və saxlayır da.

Bu həftə Prezident “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi açıldı. Deyəkki ölkənin enerji müstəqilliyi daha da gücləndi. Dövlət müstəqilliyimizin bu sferadakı hissəsi çox ciddi və etibarlı dayaqlara malik oldu. Və təbii ki, olduqca mühüm bir istiqlal binasının açılışında Prezident İlham Əliyev iştirak etməliydi. Və təkcə bu obyektin tarixi dəyəri, memarlıq özəlliyi barədə danışmaq məqsədilə yox. Dövlət başçısının çıxışı onu nümayiş etdirdi ki, İlham Əliyev daha çox dövlət müstəqilliyinin əhəmiyyətini çatdırmaq niyyətindədir.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi ən müasir səviyyədə yenidən qurulub. Enerji sektorunun inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi son nəticədə ona gətirib çıxarıb ki, indi Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac da edir. Bu prosesin bir adı, əsas adı enerji müstəqilliyidir. Baş İdarəetmə Mərkəzi vasitəsilə enerjisistem avtomatik idarəediləcək, idxal-ixrac prosesləri, tənzimləmələri həyata keçiriləcək. Əməliyyatlar insan müdaxiləsi olmadan məsafədən həyata keçirilir. Burada bir haşiyəyə ehtiyac var məncə.

Son zamanlar, xüsusilə dünyanın Davos standartlarına uyğunlaşması zərurətə çevrildikcə insan təmasının arxa plana keçirilməsi aktuallaşır. Azərbaycanda yeni nə inşa edilir, nə istifadəyə verilirsə, orada mütləq və mütləq bu vəzifə, gələcəyin, belə demək olarsa əsas texniki şərtlərindən biri xüsusi şəkildə qarşıya qoyulur.

Məsələn, burada proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sistemi qurulur. Kiçik iş deyil. Təsəvvürünüz olsun deyə bir az statistika: Yeni sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 80 yarımstansiyanı əhatə edəcək və SCADA layihəsini ilin sonunda tam başa çatdırmaq nəzərdə tutulur.

Təkcə tarix predmeti deyil və onu yalnız bayramlardakı qeyri-iş günlərinin ləzzətli, artıq yuxusu, ya da qəşəng bir çığırtmalı aşın mədə səviyyəsilə həzm etməyək. Müstəqillik işdir. Məsələn, bu Mərkəzdə həm də yeni bilik və düşüncə tərzi tələb edilir. Elə ona görə də məsələn on ədəd nəzəri və praktik trenajor zalı yaradılıb ki, kompleksin Tədris Mərkəzində enerji sistemində çalışan şəxslərə yeni texnika və texnologiya öyrədiləcək, onların idarə edilməsi tədris olunacaq. Burada stansiya və yarımstansiyaların simulyasiyası, rele mühafizəsi və avtomatika, alternativ və bərpa olunan enerji mənbələri, informasiya texnologiyaları, elektrik təhlükəsizliyi və digər aidiyyəti otaqlar yaradılıb. Elə Energetika institutunun da burada olması prosesin içində bişmək və peşəkarlaşmaq məqsədi daşıyır.

Bir az əvvəl dediyimiz Korona vaxtı da unudulmayıb. Kompleksin binasında tibbi maskaların istehsalı üçün xüsusi otaq ayrılıb, təbii ki, uyğun avadanlıq da quraşdırılıb. Və indi bu kiçik arayışdan sonra Prezidentin çıxışına baxaq. Məsləhət görərdim ki, bu günkü verilişdən sonra babalı-nənəli, ahıl atalı-analı evlərdə nəvə-nəticəyə, oğul-uşağa Prezidentin həmin dövrlə bağlı dediklərini öz başlarına gələnlər, gördükləri, şahid olduqlarının timsalında genişləndirib danışsınlar. Yoxsa, tarixçilərimizi ki, belə görürəm, ya Qopuzdan yada Qobustan deyə-deyə qalacaq. Sazdan qavala, qavaldan saza ötürə-ötürə rakkada-çıkko dastanları danışacaq. Niyə? ona görə ki, orada kiminsə xətrinə dəymək riski yoxdur... birdən ən müasir tarixə keçərlər. ağrıyarlar.

Beləliklə, Prezident danışır. Və çıxışdan sonra, daha doğrusu verilişdən sonra sizin-bizim evdəkilər, şahidlər, başı çəkənlər..

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: ““Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Baş idarəetmə mərkəzinin istifadəyə verilməsi münasibətilə sizi təbrik edirəm. Şadam ki, bu gözəl binada “Azərenerji”nin bir çox qurumları yerləşir. Dispetçer mərkəzi, baş idarəetmə mərkəzi, energetika institutu, tədris mərkəzi, laboratoriya, energetiklərin mədəniyyət mərkəzi. Hesab edirəm ki, indi burada şərait çox yaxşıdır. Bu binada qısa müddət ərzində əsaslı yenidənqurma işləri aparılmışdır. Demək olar ki, bina yenidən qurulmuşdur və indi bir yerdə, bir mərkəzdə “Azərenerji”nin əsas departamentləri yerləşir və beləliklə, idarəetmə üçün daha da gözəl imkan yaranır. Çünki bundan əvvəl “Azərenerji”nin departamentləri, qurumları müxtəlif yerlərdə yerləşirdi, bəzi hallarda yarımstansiyaların binalarında yerləşirdi və əlbəttə ki, idarəetmə üçün bu, o qədər də məqbul hal deyildi.

Bu bina sovet dövründə tikilib. Bir müddət bundan əvvəl özəlləşdirməyə çıxarılmışdı, “Azərenerji”nin balansından çıxarılmışdı. Mən bundan xəbər tutandan sonra göstəriş verdim ki, bu, dərhal “Azərenerji”nin balansına qaytarılsın. Çünki əks-təqdirdə bu binanı özəlləşdirən hansısa sahibkarların burada nə yaradacaqları bəlli deyildi. Bina çox böyükdür, ərazisi də böyükdür, təqribən 4 hektara yaxındır. Əvvəlki binanın sahəsi 13 min kvadratmetr idi, indi isə artırılıb 20 min kvadratmetrə çatdırılıb. Yəni, burada ya hansısa bir mehmanxana, yaxud şadlıq evi, yaşayış binası, ya da ki, hansısa bir ictimai iaşə obyekti yaradılacaqdı və energetiklər bu binadan məhrum olacaqdılar.

Bu bina energetiklərə qaytarılandan sonra, 2018-ci ilin sonunda burada əsaslı yenidənqurma-təmir işləri başlamış və uğurla başa çatdırılmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti energetika sahəsinə çox böyük əhəmiyyət verir. Təsadüfi deyil ki, bizim infrastruktur layihələrinin icrası ilə bağlı ilk addımlarımız məhz energetika sahəsinə də aid idi. Hələ 2004-cü ildə regionların birinci sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilərkən orada infrastruktur layihələrinin arasında əsas diqqət energetika sahəsinə yönəlmişdi. Bu, təbii idi. Çünki o vaxt biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik. Biz xaricdən elektrik enerjisi alırdıq. Həm valyuta xaricə gedirdi, həm də bizim mövcud infrastruktur xətlərimiz imkan vermirdi ki, ölkəmizi elektrik enerjisi ilə təmin edək. Hətta Bakı şəhərində gecə saatlarında elektrik enerjisi kəsilirdi. Yadımdadır, - gənc nəslin nümayəndələri bəlkə də bunu xatırlamır, - o vaxt hətta televiziya verilişləri axşam saat 12-də dayandırılırdı ki, insanlar televiziyaya baxmasınlar, enerjidən çox istifadə etməsinlər. Yəni, böyük qıtlıq var idi. O ki qaldı, Azərbaycanın bölgələrinə, orada, ümumiyyətlə, dayanıqlı enerji təminatı nədir, insanlar bilmirdilər. Ən yaxşı halda sutka ərzində 2-4 saat elektrik enerjisi verilirdi və əlbəttə ki, bu, həm insanların həyat tərzinə mənfi təsir göstərirdi, eyni zamanda, bizim iqtisadi, sənaye potensialımızın artımına da böyük problem yaradırdı. Ona görə mənim göstərişimlə birinci regional inkişaf proqramında bu məsələyə çox böyük diqqət göstərildi və biz dərhal işlərə başladıq. O vaxt regional elektrik stansiyalarının tikintisinə başlamışdıq. Astara, Xaçmaz, Şəki, Şahdağ və Səngəçalda elektrik stansiyalarının tikintisi müəyyən dərəcədə imkan yaratdı ki, öz tələbatımızı özümüz təmin edək. Ancaq bununla paralel olaraq yeni elektrik stansiyalarının, böyük elektrik stansiyalarının inşası da nəzərdə tutulurdu və son 16 il ərzində bütövlükdə ölkəmizdə 30-dan çox yeni stansiya tikilmişdir. Əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat daha çox asılı olacaqdı, nəinki 2000-ci illərin əvvəllərində. Bu stansiyalar arasında böyük stansiyalar xüsusilə əhəmiyyət daşıyır. Ən böyük stansiya Şirvan şəhərində tikilmişdir – “Cənub” Elektrik Stansiyası. Onun generasiya gücü təxminən 800 meqavata bərabərdir. Ondan sonra Sumqayıt Elektrik Stansiyası, 525 meqavat. “Şimal 2” bu yaxınlarda istifadəyə verilib. Onun generasiya gücü 400 meqavata yaxındır. “Səngəçal” stansiyasının generasiya gücü 300 meqavatdır. Təkcə bu dörd stansiyanın generasiya gücü 2 min meqavatdan çoxdur. Bundan əlavə, ölkəmizin müxtəlif yerlərində su elektrik stansiyaları tikildi. Bildirməliyəm ki, Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar respublikanın tələbatını ödəmək iqtidarındadır. Vaxtilə İrandan və Türkiyədən elektrik enerjisi alan Naxçıvan Muxtar Respublikası indi özünü tam təmin edir və eyni zamanda, orada ixrac potensialı da yaranmışdır. O cümlədən bütövlükdə ölkəmizdə bu gün ixrac potensialı var və biz elektrik enerjisini idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik.

Əlbəttə ki, bu böyük infrastruktur layihələri böyük vəsait tələb edir. Bu vəsaitin böyük hissəsi büdcənin hesabına təmin edildi, digər hissə götürülmüş kreditlər hesabına və bu kreditlər qaytarılır. Beləliklə, biz çox müasir enerji sistemimizi yaratdıq və bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksəkgərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi, bir çox yerlərdə yeni yarımstansiyalar tikildi, transformatorlar quraşdırıldı. Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji ilə təminat necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər.

Bizim enerji potensialımız artan iqtisadi inkişafımıza uyğun olmalıdır. Eyni zamanda, “Azərenerji” son iki il ərzində mövcud stansiyaların generasiya güclərinin bərpası barədə yeni layihə təqdim edib. Çünki bu stansiyaların əksəriyyəti çoxdan tikilib. Bu stansiyalarda mövcud vəziyyət bizi heç cür qane edə bilməzdi. Hamımızın yadındadır ki, Mingəçevir Elektrik Stansiyasında baş vermiş qəza hansı fəsadlara gətirib çıxardı. Ölkəmizi qaranlıq bürüdü. Metronun bütün stansiyalarında böhran yarandı və ölkəmiz qaranlığa qərq olmuşdu. Bu, ilk növbədə, səhlənkarlıq, məsuliyyətsizlik ucbatından baş vermiş qəza idi. Ona görə “Azərenerji”nin rəhbərliyi dəyişdirildi, cəzalandırıldı. Yeni rəhbərlik gətirildi. Yeni rəhbərlik qarşısında çox konkret vəzifələr qoyuldu və bu vəzifələr bu gün icra edilir. Çünki enerji təminatı hər bir ölkənin döyünən ürəyidir. Bu olmasa, heç nə olmayacaq. Bu olmasa, sənaye, kənd təsərrüfatı inkişaf etməyəcək, suvarma işləri təmin edilə bilməyəcək, ictimai nəqliyyat işləməyəcək. Ümumiyyətlə, həyat iflic vəziyyətə düşəcək. Ona görə bizim əsas məqsədimiz müstəqil enerji sistemi yaratmaq, xaricdən asılılığı aradan götürmək idi. Enerji potensialımızı elə həcmdə yaratmalı idik ki, bizim ehtiyatda da kifayət qədər generasiya güclərimiz olsun və bu gün bu var. İndi müxtəlif rəqəmlər səslənə bilər, amma ən aşağı rəqəmlər onu göstərir ki, bizim hazırda ehtiyatda ən azı 1000 meqavat generasiya gücümüz var. Mövcud stansiyaların güclərinin bərpası artıq başa çatır. Bunların arasında, ilk növbədə, Mingəçevirdəki İstilik Elektrik Stansiyasını qeyd etməliyəm. Çünki bu, bizim ən böyük generasiya gücümüzdür və həmin stansiyada baş vermiş qəza nəticəsində ölkəmiz qaranlığa düçar oldu. Bu stansiyada 8 blokun hamısı yenidən qurulur. Ümid edirəm ki, yaxın bir neçə ayda bu stansiya tamamilə yenidən qurularaq istifadəyə veriləcək. Bu stansiyada təkcə bərpa olunan güclərin həcmi 600 meqavata yaxındır. Təsəvvür edin, ancaq bərpa işlərini düzgün aparmaqla biz 600 meqavat gücündə əlavə generasiyaya sahib olacağıq. Əgər bunu biz ayrıca bir stansiya kimi götürsək görərik ki, bu, ölkəmizin generasiya gücünə görə ikinci böyük stansiya olacaq, “Cənub” stansiyasından sonra.

Digər elektrik stansiyalarında da bərpa işləri aparılır və əminəm ki, biz bu istiqamətdə öz hədəfimizə çatacağıq. Bütün bu işlər, o cümlədən ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, iqtisadi inkişaf, sənaye potensialımızın artması, eyni zamanda, qonşu ölkələrlə enerji xətlərinin təmin edilməsi, inşası ona gətirib çıxarıb ki, xarici investorlar artıq bu sahəyə böyük maraq göstərirlər. Biz bunu həmişə arzulamışıq. Ancaq görəndə ki, xarici investor bu sahəyə maraq göstərmir, bütün işləri biz özümüz görürük, öz pulumuzla. Müəyyən hissəni biz borc kimi götürdük, amma əsas hissəni öz pulumuzla həll etdik və bu gün dünya miqyasında ən səmərəli enerji sistemindən biri məhz Azərbaycandadır və bunu təsdiqləyən Davos Ümumdünya İqtisadi Forumunun hesabatıdır. Bunu mən elə-belə demirəm. Beləliklə, Forumun hesabatında elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycan dünyada ikinci yerdədir. Təsəvvür edin, ikinci yerdə. Bizdən qabaq, sadəcə olaraq, bir ölkə var. Yəni, bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq. Özü də nə vaxt, qısa müddət ərzində.

Bizim müstəqilliyimizin hələ 30 yaşı tamam olmayıb. Biz müstəqil ölkə olanda enerji təsərrüfatımız bərbad vəziyyətdə idi. Ondan sonra daha da bərbad vəziyyətə düşdü. Biz o illəri xatırlayırıq. Burada bir “Barmek” şirkəti peyda olmuşdu, özü də qeyri-təmiz sxemlər əsasında, keçmiş məmurlarla sövdələşmə əsasında gəlib bizim Bakı şəhərinin bütün enerji təsərrüfatına sahib olub və pul qoymaq əvəzinə, bu sistemi bərbad vəziyyətə salıb, Azərbaycandan milyonlarla pul aparıb. Sonra da bu, azmış kimi, bizi hələ məhkəməyə vermək istəyirdi. Mənim göstərişimlə bu çirkin sövdələşməyə son qoyuldu, bu dələduz şirkət Azərbaycandan qovuldu və mənim Sərəncamımla o vaxt “Azərişıq” Səhmdar Cəmiyyəti yaradıldı. Adını da mən qoymuşam, “Azərişıq”. Biz bütün enerji təsərrüfatımızı dövlət mülkiyyətinə qaytardıq. Əgər bunu etməsəydik, bu gün biz qaranlıq içində yaşayacaqdıq və “Azərenerji”nin bütün əmlakı dağıdılacaqdı, necə ki, bu bina. Təsəvvür edin, 13 min kvadratmetrlik binanı çıxardılar özəlləşdirməyə və ucuz qiymətə satmaq istəyirdilər. Əgər mən xəbər tutmasaydım, mənə məlumat verilməsəydi, göstəriş verməsəydim satacaqdılar. İndi görün siz nə gözəl binada yerləşirsiniz. Bu, demək olar ki, bizim enerji sistemimizin tənzimlənməsi işində əsas mərkəzdir. Skada sistemi, dispetçer sistemi, idarəetmə sistemi, hamısı burdadır, harada yerləşəcəkdi? Bizim enerji sistemimizi belə dağıtmaq istəyirdilər.

Ona görə bizim vətəndaşlar bunu bilməlidirlər və xatırlamalıdırlar. Bu gün haradan-hara gəlmişik, dünya miqyasında ikinci yerdəyik. Bu gün bizim enerji potensialımız artan iqtisadiyyatı dəstəkləyir. Təkcə bu ilin 3 ayında, - baxmayaraq ki, neftin qiyməti düşdü, koronavirus pandemiyası bizim ölkəmizə də çox böyük təsir göstərdi, - qeyri-neft sənayesi sahəsində artım 23 faizdir və bütün bu artan sənaye müəssisələri enerji tələb edir. Həm generasiya, həm ötürmə, həm dayanıqlı təchizat - bütün bunlar bu gün təmin edilir. Ona görə hesab edirəm ki, bu gün bu binanın açılışı çox böyük rəmzi məna daşıyır. Təbii ki, burada institut yerləşir, Baş İdarəetmə Mərkəzi, Tədris-Laboratoriya Mərkəzi, Dispetçer Mərkəzi və eyni zamanda, bu, bizim enerji sistemimizin yeni simasını əks etdirir. Bu bina artıq satışdan, hərracdan çıxarılaraq energetiklərə, onun sahiblərinə qaytarılmışdır. Ona görə bu binada işləyən vətəndaşlar öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər. Elə etməlidirlər ki, bizim enerji təminatımız daim yüksək səviyyədə olsun.

Bütün bunlarla yanaşı, hələ görüləcək işlər çoxdur. “Azərenerji”nin böyük planları var və hesab edirəm ki, ardıcıl siyasət nəticəsində bütün bu planlar həyata keçəcək. Bir daha demək istəyirəm ki, bütün bu müsbət dinamika və eyni zamanda, sabitlik ona gətirib çıxardı ki, xarici investorlar Azərbaycana pul qoymaq qərarına gəlmişlər. Bu ilin yanvar ayında ilkin razılaşma əldə edildi və bərpa olunan enerji sahəsində böyük təcrübəyə malik 2 böyük şirkət Azərbaycanla ilkin sazişləri də imzaladı. Bu sazişlər əsasında ölkəmizdə 440 meqavat gücündə - biri külək, biri günəş olmaqla, 2 stansiya tikiləcəkdir, sırf xarici investorların hesabına. Onu da bildirməliyəm ki, bu layihələri icra etmək, yəni, investisiya qoymaq istəyən şirkətlərin sayı 7 idi. Mən ad çəkmək istəmirəm, onların arasında dünyanın ən böyük enerji şirkətləri də vardı. Ancaq müsabiqə onu göstərdi ki, 2 şirkət daha gözəl şərtlər verib və onlar artıq bu işləri başlamalıdırlar. Düzdür, bu koronavirus araya girdi, ola bilər ki, müəyyən yubanma olsun, amma prinsip etibarilə bütün ilkin razılaşmalar əldə edilib. Bu, öz növbəsində, digər şirkətlərə də yol açacaq. Bizim bərpa olunan enerji potensialımız çox böyükdür, günəş, külək bizdə boldur. Ona görə əmin edirəm ki, həm yerli, həm də xarici şirkətlər bu sahəyə maraq göstərəcəklər.

Bir də xarici şirkətlərin fəaliyyəti ilə bağlı bildirməliyəm ki, müəyyən müddət ərzində biz bu sahəni dövlət inhisarında saxlamışdıq və mən bunun səbəbini də bildirdim. Ancaq hazırda Azərbaycana investisiya qoymaq istəyən istənilən şirkət öz təkliflərini versin və yeni stansiyalar tiksin, investisiya qoysun və bizimlə bərabər işləsin.

Bilirəm ki, bəzi şirkətlərin mövcud stansiyalara marağı vardır. Ancaq buna baxmaq lazımdır, bu, bizə lazımdır, yoxsa yox. Çünki mövcud stansiyalar hamısı işlək vəziyyətdədir, dövlət hesabına böyük investisiyalar qoyulub. Əgər hansısa xarici şirkət bizdən o stansiyaları daha yaxşı işlədə bilərsə, buyursun təklif versin, göstərsin ki, nədir bunun üstünlüyü, əgər bu, özəl əllərdə olarsa baxarıq, əgər onlar doğrudan da daha səmərəli işləyəcəklərsə işləsinlər. Ancaq xarici investorları mən, ilk növbədə, yeni stansiyalara yönəltmək istəyirəm. Gəlsinlər pul qoysunlar. Yoxsa hazır vəziyyətdə gəlməyi hər kəs istəyər. Gəl pul qoy, istehsal et, ötür ümumi sistemə və öz biznesini genişləndir. Bax, mənim xarici şirkətlərə tövsiyəm bundan ibarətdir, o cümlədən yerli şirkətlərə. Əminəm ki, bundan sonra dövlət-özəl sektor tərəfdaşlığı bu sahədə də mümkün olacaqdır.

Bir daha sizi ürəkdən təbrik edirəm və sizə, bütün Azərbaycan energetiklərinə yeni uğurlar arzulayıram. Sağ olun”."

Beləliklə, enerji müstəqilliyimiz daha bir özül, özü də çox nəhəng və həcmli özül qədər möhkəmləndirildi. Korona virus testinin meydana çıxardığı “başqa dövlətdən asılı olmadan özünü ayaqda saxlamaq, kifayət qədər komfortlu saxlamaq” kimi nəticə qürur vericidir. Bütün məsuliyyətimlə bildirirəm ki, Azərbaycan dövlətinin bugünkü dünyada müstəqil mövcudolma imkanlarını koronavirus şəraiti qədər heç bir başqa səbəb ortaya çıxara bilməzdi. Bir anlıq təsəvvür etməyə çalışaq. Azərbaycan ordusu. Bu gün orada koronavirusdan əziyyət çəkən bir nəfər belə yoxdur və şəxsi heyət dövlət müstəqilliyimizin keşiyində dayanır. Sərhədçilərimiz də eynilə. Mətin və ayıq. Bir nəfər belə müstəqil səhiyyə. Necə ləyaqətli və dözümlü mübarizə aparır. Asayiş keşikçiləri, hətta mənim bəzən bir vətəndaş olaraq “niyə axı bu qədər mülayim?”, axı bu qədər maşın çoxdu karantin vaxtı üçün?!” dediyim anlara baxmayaraq, nə qədər səliqəli, sahmanlı və mütəşəkkil şəkildə… Üstəlik, Azərbaycanda karantin dövründə cinayətlərin sayı da iki dəfədən artıq azalıb. Müəllimlər, təhsil işçiləri onlardan ötrü çox yeni olan distant üsuluna qısa zamanda öyrəşdilər. Davos standartlarının daha bir tətbiq məkanı olan televiziya vasitəsilə tədris. Məgər bütün bunlar müstəqil idarəetmə və idarəolunma faktları deyilmi? Bütün bunları bir kənara qoyaq, artıq Bakı ilə də hava əlaqəsi kəsilən, tam blokada şəraitində yaşayan və müstəqillik imtahanından üzüağ çıxan Naxçıvan Muxtar Respublikası xüsusi qürrə və fəxarət mövzusudur.

İlham Əliyev deyəndə ki, Azərbaycan bu gün heç kimdən asılı deyil və bizim müstəqilliyimiz getdikcə artmaqdadır, bizdən ötrü əsas olan müstəqillikdir, müstəqilliyimizi qəbul etməyən qüvvələr var və onlar bizə təzyiq etməyə, iradımızdən, yolumuzdan döndərməyə çalışırlar, amma onların arzuları gözündə qalacaq, biz müstəqilik, bu müstəqillik əbədi olacaq-bax bu günə, belə günlərə, dövlətin iqtisadi-siyasi-mədəni-elmi qüdrətinə söykənərək danışır! Azərbaycan lideri əmin rəhbərlik etdiyi dövlətin imkanlarına, gücünə əmin olmasa hansısa beynəlxalq qurumun sənədinə “kağız parçası!” deyə bilərmi? Yox əlbəttə. Və ya elə bayaq baxdığınız parka:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bilirəm ki, bəzi şirkətlərin mövcud stansiyalara marağı vardır. Ancaq buna baxmaq lazımdır, bu, bizə lazımdır, yoxsa yox. Çünki mövcud stansiyalar hamısı işlək vəziyyətdədir, dövlət hesabına böyük investisiyalar qoyulub. Əgər hansısa xarici şirkət bizdən o stansiyaları daha yaxşı işlədə bilərsə, buyursun təklif versin, göstərsin ki, nədir bunun üstünlüyü, əgər bu, özəl əllərdə olarsa baxarıq, əgər onlar doğrudan da daha səmərəli işləyəcəklərsə işləsinlər. Ancaq xarici investorları mən, ilk növbədə, yeni stansiyalara yönəltmək istəyirəm. Gəlsinlər pul qoysunlar. Yoxsa hazır vəziyyətdə gəlməyi hər kəs istəyər. Gəl pul qoy, istehsal et, ötür ümumi sistemə və öz biznesini genişləndir."

Tona, maneraya fikir verdiniz. Bax müstəqil dövlətin davranışı, yanaşması, özünəarxayınlığı budur. Özü də baxın, bu saat bütün dünyada böhrandı və daha ağır gələcək gözlənilir. Amma Azərbaycan seçir. Bunu edək, etməyək, xarici şirkətdi? Olsun da xarici şirkət. Baxaq görək nəylə gəlir. Azərbacanın strateji sahəsi olan bu sektor mütləq müstəqillik şəraitində fəaliyyət göstərməlidir. Prezident dünyanın posneft periuduna keçidi də unutmur. Bərpa olunan enerji sahəsində böyük təcrübəyə malik 2 böyük şirkət Azərbaycanla ilkin saziş imzalayıb. 440 meqavat gücündə - biri külək, biri günəş olmaqla, 2 stansiya tikiləcək. Düzdür, bu layihələr sırf xarici investorların hesabına inşa ediləcək. Amma müstəqilliyimizə işləyəcək. Burada, diqqət, söhbət məhz bərpa olunan enerji potensialından gedir, günəş, külək bizdə boldur. Buyurun, bu da neftsiz, qazsız enerji... ilin-günün bu vaxtı: neftin bir qəpiklik hörməti qalmayanda. Amma neftin qiyməti demişkən. bu həftə peşəkarlı-peşəkarsız o qədər söyləmələr, səyləmələr oldu. İt aşı kimi qarışmışdı hər şey. Sosial şəbəkələrdə az qala neft buruqlarına başdaşı kimi baxmağa başlayanlar var idi. bəs nə baş verirdi: Axır ki, elə sosial şəbəkələrdə uyğun, məntiqli yanaşma tapdım. Şərhçi Vüsal Məmmədov özünə peşəkar deyənlərin qarşısına çıxdı və soyuqqanlı şəkildə izah etdi:

“Neft necə 1 dollara ola bilər? Axı hansı ağılsız 20 dollara çıxardığı neftin barrelini 1 dollara (sudan 50 dəfə ucuz) satar? Təbii ki, heç kim. Burada gəlib çıxırıq "fyüçers" adlanan sehirli sözə. Nədir fyüçers?Təsəvvür edək ki, mən, məsələn, payızlıq pambıq əkirəm. Sizə isə payızda pambıq lazım olacaq.

Siz gəlib mənə deyirsiniz: "Gəl, müqavilə imzalayaq ki, sən payızda mənə kilosu 50 qəpikdən 100 kilo pambıq satacaqsan". Bu sövdələşmədə hər birimiz uda da, uduza da bilərik, amma gələcək riskləri sığortalamaq baxımından ikimizə də sərf edir. Ona görə, belə bir anlaşma imzalayırıq: "Bu sənəd öz sahibinə ixtiyar verir ki, o, payızda kilosu 50 qəpikdən 100 kilo pambıq alsın". Bax, həmin bu anlaşma "fyüçers" (future - "gələcək" sözündəndir) adlanır.

Məsələ ondadır ki. fyüçersin özü də əmtəədir, yəni alınıb-satıla bilir. Siz yayda görsəniz ki, pambıq əkənlər azdır və vaxtı çatanda qiymət məsələn, 2 manat olacaq, payızı gözləmədən həmin fyüçersi 1.5 manata satıb, vaxtından qabaq qazancınızı götürə bilərsiniz. Və ya əksinə: Mümkündür ki, payızda pambığın kilosu 10 qəpik olsun. Onda siz həmin fyüçersi satmaq istəsəniz, təbii ki, ziyanla satacaqsınız. Bütün birja məhsulları (neft, pambıq, qızıl, gümüş, kofe, portağal şirəsi və s.) bu şəkildə fyüçerslərlə alınıb-satılır. Yəni, siz məndən sənəd almısınız ki, iyun ayında sizə barreli 30 dollardan milyon ton neft satacağam. İndi görürsünüz ki, yox, iyunda 30 dollara neft heç kimə lazım olmayacaq, ona görə də, əlinizdəki fyüçersi təcili sataraq, ziyanın yarısından qayıtmağa çalışırsınız. Təsəvvür edin ki, hansısa konkret birjaya (məsələn, NYSE) çıxışı olan yüz min nəfər eyni anda həmin fyüçersləri başından rədd eləmək istəyir. Təbii ki, eyni anda hamı satsa, qiymət kəskin düşəcək. Amma satılan neft deyil axı, fyüçersdir. Hamı satdığı üçün fyüçersin qiyməti 1 dollara düşür. Burada ziyanı çəkən o fyüçersi iyun üçün 30 dollara alan şəxs, yəni treyderdir. Nefti çıxaran isə vaxtı çatanda onu fyüçersdə göstərilən qiymətə satacaq. Bu mexanizm təxminən belə işləyir!”

Məncə, aydın izahdır və bir daha diqqəti sosial şəbəkələr deyilən avantüra episentrinə yönəldir. Bu sahə diqqətdə saxlanılmalı, qaragüruhun at oynatdığı bu virtual oylaqda cahil, avam, savadsız kütlə qabağında gedən zəncirlilərə bir ələk appa təqdim olunmalıdır. Ən azı bölməyi öyrənsinlər. sosial şəbəkələrdəki sosial-ın birinci üç hərfi artıq siqnaldır. SOS! Burada ya dövlət daha ciddi və ağıllı fiqurlarla güclənməli, ya da burada şayiə, pozuculuq, təxribat və ideoloji diversiya ilə məşğul olanlar tapılıb qanun qarşısına çıxarılmalıdır.

Məsələn məni bu dəqiqə qətiyyən qaragüruhun virtual müstəviyə qusub-qaytardığı plintusdan aşağı səviyyəli “virus oyundu-filan” kimi sərsəm mülahizələr narahat etmir. Amma ümumiyyətlə narahat da deyiləm-deyə də bilmirəm. Çünki, bu gün karantin dövrünün sərtliklərini gözdən salma, vətəndaşda ifrat arxayınçılıq yaratma, maska geyinməməyə, əllərini yumamağa təhrik etmələr məhz bu virtual məkandan təlqin edilir. Və burada hər şeyi ona görə edirlər ki Ali Baş Komandanın cəmi 20 gün evdə qalmaq əmri yerinə yetirilməsin. Amma artıq neçənci dəfədir ki, təkrar edirəm: Tutaq ki, ümumiyyətlə bunu etməyə, yəni evdə qalmağa heç bir əsaslı səbəb-filan yoxdur, nə virus, nə bir başqa əsas!

PREZİDENT sadəcə əmr verib. Bəs nə ölürük onda indi?

Yenidən köhnə. Mövqe məsələsi Müstəqil görünmək niyyəti bəzən riyakarlıq, mənəviyyat şpionu olmaq kimi obraz yaradır.

Məsələn: Hər bir televiziyada baş verə biləcək bir hadisə baş verir. Efirə söyüş səsi gedir. Özü də o qədər aşağı səslə ki, onu xüsusi olaraq artırmasan eşidilməz. Amma yooo... eşidilir və xalq artisti linç edilir. Baxmayaraq ki, linç prosesinə qatılanların südündən-irininə bütün zatını tanıyıram və elə virtual məkanda dövlətin ünvanına, ayrı-ayrı rəhbər şəxslərin ünvanına xaricdən-daxildən kürül-kürül yağdırılan söyüşün, təhqirin qabağına çıxmaq nədi e... heç yanından belə keçməyiblər. Anklav qeyrətlərini qoruyublar.

Açıq danışacam. Söyüş pisləyənlər, təhqir sevməyənlər, psevdoqeyrət dağarcıqları, sizə siyahı təqdim edirəm və gözləyirəm: Osmanqızı Sevinc, Həsənli Cəmil, Orduxan Temirxan, Ramiz Yunus, Qənimət Zahid... Qurban Məmmədov, Gültəkin Hacıbəyli... hələlik bunlar. Qaragüruhun üfunət zirzəmisi.

Söyüşü sevmirsiz? Onlara cavab verin. Xalq artistini buraxın. Gələn dəfə susqun ziyalıların adını, soyadını bu qulbeçələrin, qulfərələrin adı ilə bir sırada çəkəcəm. Şəkillərini yanaşı qoyacam! Söz verirəm! Bir həftə vaxt var. Baxaq görək kim kimdir. Pah atonnan söyüş xoşlamayanlar tapılıb. Səhv olub. Xəta olub. Teleradio Şurası tənbeh edib. Kanal bir neçə saatlığına yayımını dayandırıb. Sosial şəbəklərdə Osmanqızının, altındakı, Gültəkinin altındakı söyüşlərə cavab verin e! Kişi qırıqları, qadın qırıqları” Sosial şəbəkələrdə getməlidi mübarizə. İnternet tvlərə cavabı. Bir böyük virus təhdidi var.

Baxın görün Prezident və Birinci vitse-prezident bizi necə qoruyur və biz onları necə qoruyuruq?

Bir neçə il əvvəl bir müəllimim mənə yenidən dərs keçmək niyyətinə düşmüşdü. Ona cavab yazmışdım. O məktubu oxumaq qərarına gəldim. Bir balaca əl gəzdirməli oldum mətnə. Amma ünvan xaricdə oturub Azərbaycana sarı ulayan bayquşdaşlaradır. “Siçan-pişik dövrü keçdi. Gəlin açıq danışaq. Biz sizinlə ayrı-ayrı düşərgələrdəyik. Ən azı mən Azərbaycandayam. Siz isə Azərbaycanda deyilsiniz. Sözün həm məcazi, həm coğrafi mənasında. “Mən bu vətənə dönmək istəmirəm” deyən siz, əslində Azərbaycana paraşütlə düşmək istəyirsiniz. Mən isə bu ölkənin milyonlarla alpinistindən biriyəm və hər bir çətinliyi dişimlə, dırnağımla dəf edirəm. Bizim ayrı-ayrı ideoloji baxışlara malik olduğumuzla razılaşmalıyıq.

Siz Azərbaycana qaranquş gözü ilə baxırsınız. Biz isə sərçə. Sizin sevginiz mövsümi xarakter daşıyır, bizim hisslərim isə aborigendir. Siz Azərbaycanı harasa-filana dəyişə, illərlə qürbətdə yaşaya bilərsiniz, amma bu, bizdə alınmır. Şəxsən mənim Azərbaycansız qalmağımın limiti maksimum 3 həftə olur... Sonra bu hava üçün, bəyənmədiyiniz vətən üçün dəli kimi darıxıram, boğulan adam kimi nəfəslik axtarıram. Mən ən ağır günlərimdə də Azərbaycandan qaçmaq, iraq olsun, buranı birdəfəlik tərk etmək barədə düşünməmişəm. Ona görə ki, bacarmaram. Mənim əvvəllər çalışdığım şirkəti neçə dəfə bağlayıblar... bu şirkəti də və neçə dəfə bağlasalar, ölkədən qaçmağı, fərariliyi özümə sığışdırmaram.

Bizim bir böyük fərqimiz var. Siz istəyirsiniz ki, hakimiyyət dəyişsin. Mən isə istəyirəm ki, ölkə dəyişsin və bu dəyişikliyin baş verdiyini, necə baş verdiyini də hər gün görürəm. Mən hesab etmirəm ki, bu gün Azərbaycanda hakimiyyəti dəyişmək vaxtıdır.

Dövlətin eksperiment dovşanına çevrildiyi 1991-93-cü illər o qədər də uzaqda deyil. Azərbaycanda hakimiyyəti dəyişmək istəyənlərin fərasəti nəticəsində düşmən az qala Gəncəyə gəlib çıxmışdı. Bəs deyil? Kim deyir ki, vaxt geri qayıtmır? Yalan deyirlər. Olur! Sadəcə təqvimdə başqa rəqəmlər olur!!! Mən isə həmin vaxtın geri dönüşünü istəmirəm. Mən sizi və sizin kimi düşünənləri, qaranquş ideologiyası daşıyıcılarını hakimiyyətdə görmək istəmirəm. Qoy sərçə olsun!!! Amma bu yerlərin qışını da, payızını da, yazını da, yayını da görsün, içində çəksin. Sevsin. Donsun. Yansın. Amma burada. AZƏRBAYCANDA!

Adım Şahin olsa da bu yerdə sərçə olmaqdan qürur duyuram.

Mən siyasətçi deyiləm və belə bir iddiam da yoxdur. Mən jurnalistəm. Öz işimlə məşğul olmaq istəyirəm. Məni siyasi bataliyalara, bataqlıqlara çəkməyin. Allah xatirinə! Lazım deyil. Mən insan haqları, söz azadlığı kimi demaqogik çərpənçiliklərə uyacaq qədər avam deyiləm. Ona görə ki, o azadlığı qundağında görmüşəm. Hələ 2005-2006-cı illərdə. Düz Ağ evin qarşısında. Haradansa peyda olan velosipedli polis əməkdaşları burada sadəcə stəndap çəkdiyim üçün məni həbs etdilər... Allah haqqı! İnsan haqqı. Söz haqqı. Söz azadlığı, zadlığı, filan... Azərbaycanın müstəqilliyini təhlükə altına ala biləcək həddə olmamalıdır. Biz dövlət müstəqilliyimizi hansısa ağız boşluğu sərbəstliyinə görə itirməli deyilik. Nə qədər ki, Qarabağ problemi həll olunmayıb, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyib, biz söz azadlığı, insan haqları mövzusunu sadəcə baş qatmaq priyomu və Azərbaycana içəridən və bayırdan təzyiq üçün bəhanə sayacağıq.

Qoy Qarabağı qaytaraq, söz azadlığı və insan haqları barədə danışarıq!

Bu gün koronavirusdan daha qorxulusu Kərimovirusdur.

Məhz o və onun kimi düşünənlər virusdur və bu virus Azərbaycana xaricdən gəlir. Bu virusun daşıyıcıları Azərbaycanı, onun həyatı yenicə dərk etməyə başlayan yeniyetmə və gənclərinin tərbiyəsini, vətəndaşlıq kodekslərini çaşdırırlar. Həyatın bərkini, boşunu görməyən bu nəsil elə bilməməlidir ki, vətənpərvərlik belə olur. Xocalı soyqırımının müəlliflik hüququnu ermənilərdən alıb azərbaycanlıların öz ayağına yazmaq!!! Sonra da bunu edənlərin müdafiəsinə durmaq! Bu, vətənpərvərlik deyil. Dayazın birisinin dövriyyəyə buraxdığı “psevdovətənpərvərlik” əslində budur! Yəni doğrudan aydın deyil ki, hamiləlik yarımçıq olmur? Ya hamiləsən, ya yox. Ya vətənpərvərsən, ya yox! Bəs onda onlar nəyi təbliğ edir? Zatınaməluluğu, ya da qəşəng səslənsin deyə kosmopolitliyi? Mən millətçiyəm. Amma irqçi deyiləm. Mən hesab etmirəm ki, mənim millətim bütün millətlərdən artıqdır.

Amma mən hesab edirəm ki, mənim millətim heç bir millətdən əskik deyil. Budur mənim qayğı olduğum ideologiya.

Mən Azərbaycançıyam. Azərbaycanın müstəqilliyini qorumaq naminə hətta mənim ağzımın qapanması belə lazımdırsa, buna razıyam. Ola bilər ki, siz məni anlamayacaqsınız: amma mən beləyəm. Bura mənimdir. Azərbaycan dövləti mənimdir. Heç bir oliqarxın, rüşvətxorun, şərəfsizin yox... Nə iqtidarın, nə də müxalifətin. Şəxsən mənim - Mir Şahin Ağayev Mir Dilavər oğlunun!!! Mən bu ölkədə yaşayıram. Buranın korrupsiyasını da görürəm, yaltağını da, rüşvətini də, rüşvətxorunu da...

Amma dözməliyəm. Bu ölkədə qarışıqlıq sala biləcək hər bir prosesin əleyhinəyəm! Azərbaycanda Prezidentin iki dəfədən artıq seçilməsinə qoyulmuş məhdudiyyətlər aradan qalxanda kimlərsə onu demokratik prinsiplərin pozulması təki qəbul etdi. Amma mən sevindim! Bilirsiniz niyə? Ona görə ki, Qarabağ məsələsində güzəşt ummağa yeni namizəd tapılmayacaq. Danışıqları aparan kəs sonadək aparacaq!!!

Bax belə! Mən belə düşünürəm. Mən düşünürəm. Sizə söz azadlığı lazımdır... Mənə Azərbaycan!

Sizə hakimiyyət lazımdır... Mənə Azərbaycan! Azərbaycanın müstəqilliyi hamıdan qorunmalıdır!!!

Maraqlıdır, söz azadlığı və insan haqları uğrunda mübarizə apararkən dövlətimizin müstəqilliyini itirəriksə, nə baş verəcək? Kimsə çıxıb sadəcə tarixdən üzr istəyəcək?

Azərbaycanı itirəndən sonra harada olacağıq prezident? Guya uman yerdən küsürsüz, filan. Guya əlinizi məndən üzməmisiniz. Ola bilər. Amma mən üzmüşəm. Bilirsiniz nə vaxt? 2001-ci ilin baharından. O zaman ki, Ki-Uest danışıqları gedirdi və dövlətə kömək lazım idi. Heydər Əliyev danışıqlarda “Azərbaycanda Qarabağ mövzusunda iqtidar-müxalifət yoxdur. Mənə xalqın təzyiqi var. Güzəştə gedə bilmərəm” deyəndə. Dəstək üçün mitinq lazım idi... Bax, o zaman dırnaqarası “demokratik düşərgə” bu mitinqdən boyun qaçırdı. Hansısa səfirliyin əmri ilə. Azərbaycana lazım olan mitinqi etmədiniz!!! Və biz müxalifətin əslində nədən və kimdən ibarət olduğunu anladıq.

Mən Azərbaycanı bəlkə də hamıdan çox və sərt tənqid edirəm. Amma özümüzünkülərin yanında. İnciməyin, sizin yanınızda bunu eləməyəcəyəm. Heç vaxt. Bütün bunları niyə xatırladım və xatırlatdım? Ona görə ki, Azərbaycanın əleyhinə çalışanlar, vuruşanlar bu gün də fəaldırlar! Onlar yenə də xaricə dayaqlanaraq daxili qarışdırmaq istəyirlər. Biz də elə həmişəkiyik. Yerimizdə. Və yolumuzda! Sonda isə bir ana təqdim edəcəm. Türk ana. Nədənsə mənə elə gəldi ki, onun müraciəti yerinə düşər. Sadəcə qulaq asaq iki dövlət və bir millətin anasına. Analarından birinə. Bircəciyinə. Orda adları, soyadları dəyişmək də olar.

Digər xəbərlər
Bu gün
Dünən