Gəncləşən məzarların baş yazısı

Gəncləşən məzarların baş yazısı
Ürəkli oğlanları torpağa gömən ürəklər

Əvvəllər çox nadir hallarda cavan bir insanın ölüm xəbərini eşidirdik. İldırım sürəti ilə elə-obaya yayılan "öldü" xəbəri də hər bir kəsin evində, çöhrəsində yaşanırdı. İllər ötdü. Çox şeylər dəyişdı. İnsanlar çox şeylərə alışmalı oldu. Artıq bu günümüzdə gənc bir insanın ölməsi xəbəri adiləşib, gəncləşən məzarlar çoxalıb. Ətrafımızda dostumuzun, tanışımızın gənc ikən məzardan boylanan şəkilləri, daha təəccüb ilə qarşılaşmır. Ölüm gəncləşir. Ölümə aparan xəstəliklər gəncləşir. Dünya ölkələrində ölüm səbəbləri arasında birinci yerdə ürək-damar xəstəlikləri gəlir. Əksər hallarda insan orqanizmində damarla bağlı xəstəliklər özünü büruzə vermədiyi üçün, insanlar bu xəstəliklərdən xəbərsiz olurlar. Bunun isə sonu ölümlə nəticələnir. Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, Azərbaycanda ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin göstəricisi 60 faizi keçib. Bu isə dünya ölkələri ilə müqayisədə böyük rəqəmdir. Səhiyyə Nazirliyindən də Real TV-nin sorğusuna cavab olaraq bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ürək-damar sistemi xəstəliklərinin 10-15 il cavanlaşdığını təsdiqlədilər. Belə ki, 1960-1980-ci illərdə 35-50 yaşlı insanlarda miokard infarktına çox az, hətta nadir hallarda təsadüf olunurdusa, indi xəstələrin 30-35 faizində infarkt bu yaşda əmələ gəlir.

İnfarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir.Ümumilikdə infarktın baş verməsi hallarına daha çox kişilər arasında təsadüf olunur. Lakin infarkt nəticəsində qadın orqanizmi daha ciddi zədələnir. Buna görə də qadınlarda infarktdan sonra ölüm halları kişilərlə müqayisədə çoxdur: "Çünki qadın orqanizmi buna hazır deyil. Qadınlar infarktın elə ilk dəfə baş verməsi nəticəsində ölə bilərlər. Çünki onlarda zədələnmənin dərəcəsi də ağır olur və daha çox fəsad yaranır. Həm də qadınlar bu xəstəliyə bir az qeyri-ciddi yanaşırlar, kişilər isə qorxurlar". Həm qadın, həm də kişilərdə müəyyən yaş dövrünün onların həyatları üçün daha riskli olmasına gəldikdə, konkret olaraq 40 yaşın kişilərin sağlamlığı üçün riskli olması ilə bağlı söylənilənlərin heç bir elmi əsası yoxdur. Kişilər 40 yaşı özləri üçün riskli yaş hesab edirlər. Ancaq ümumilikdə kişilərdə 45-50 yaşdan sonra riskli yaş dövrü başlayır. Çünki 45-50 yaş arasında olduqda artıq kişilər sağlamlıqlarında müəyyən problemlərlə üzləşirlər.

Əhali arasında infarktdan ölüm hallarının sürətlə artdığını, ölüm səbəbləri arasında insultun da ön sıralarda gəldiyini deyən tibb elmləri doktoru, professor Adil Qeybulla da RealTV əməkdaşı ilə söhbəti əsnasında bunları dedi: ”Ölüm halları təkcə infarkt və insult diaqnozu ilə qeydə alınmır. "Ürəyin elektrik dayanması” deyilən anlayış bu prosesin özəyini təşkil edir. Ani olaraq keçiricilik pozulur və ürək dayanır. Anadangəlmə, ya da sonradan qazanılmış xəstəliklər də ürək-damar xəstəliklərinin ağırlaşmasına səbəb ola bilir. Bu mövzuda dəqiq hər hansı bir statistik rəqəm demək olmur. Amma həkim olaraq, son vaxtlarda bu iki diaqnozda xəstələrin artan dinamikasını görürük. Son vaxtlar xüsusən gənclərin infarktdan həyatını itirməsi ciddi narahatlıq doğurur. Gənclərdə yaşanan infarkt çox hallarda ölümlə nəticələnir. Çünki yaşlılarda körpü damarlar tam formalaşdığından ani infarkt halları zamanı ürək digər damarlardan qan alaraq, qidalanmağa davam edir. Gənclərdə isə bu körpü damarlar formalaşmadığı üçün ani infarkt ölümlə nəticələnir”.

Ürəkdən ölüm halları idmançılarda daha çox yaşanır. Məhz buna görə, artıq İtaliyada uşaqlar 3-4-5 yaşlarından etibarən ürək müayinəsindən keçirlər. Böyüdükdə isə bütün bu illərin müayinə nəticələri nəzərdən keçirilir və heç bir ürək problemi aşkarlanmadığı halda professional idmana başlamasına icazə verilir.

Həkimlər kişilərin 40, qadınların isə 45 yaşdan etibarən ildə bir dəfə ürək müayinəsindən keçməsinin vacibliyini vurğulayır. Anidən artan ürək döyüntüsü, özündən getmə halları, təzyiqin birdən-birə yüksəlməsi, fiziki aktivlik zamanı göyərmə, ürəkdə göynəmə hissləri, ağrılar hiss edildiyində mütləq həkimlə məsləhətləşmək lazımdır: “İnfarkt ağrı ilə başlayır. Qollarda və kürəkdə ağrı hiss etdiyinizdə iki aspirin qəbul edib mütləq həkim çağırın. Yaşanan infarktın səbəbi sadəcə ürək damar yağlanması, ritm pozğunluğu, ürək qapaqlarının və əzələsinin problemi deyil. Yaşları gənc olsa da, yüksək təzyiq, yüksək qan şəkəri olan, siqaret çəkən, artıq çəkisi və şəkəri olan insanlar ürək müayinəsindən mütləq keçməlidirlər”. İnfarkt riskini azaltmaq üçün gənclər ilk olaraq qidalanma və həyat tərzini dəyişməlidir: “Siqaret, spirtli içki istifadəsini tərgitmək, idmanla aktiv məşğul olmaq və stress amilini aradan qaldırmaq lazımdır. Yediyimiz qidaların çoxu karbohidrat mənşəlidir. Gənclərin daha çox üstünlük verdiyi “fastfood” yeməklərinin çoxluğu ciddi problem yaradır. Həmişə çox yağlı və karbohidratlı yemək yemək düzgün deyil. Pəhrizə diqqət etmək lazımdır. İnsanlar ətli yeməklər yerinə daha çox bitki mənşəli qidalara üstünlük versə, meyvə, tərəvəzlərə, göyərtilərə, zeytun mənşəli yağlara doğru yönəlsələr, problem olmaz. Uzun sözün kəsəsi. Əgər ürəyinizin sizi yarı yolda qoymağını istəmirsinizsə, ürəyinizin istədiyi bir çox nəsnələrdən uzaq durmağınız lazım gələcək. Gələcəklə bağlı narahatlığa, keçmişlə bağlı peşmançılığa yol verməmək ücün...  

Afət Telmanqızı

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə