Mir Şahinin vaxtı - VİDEO (24.05.2020)

Mir Şahinin vaxtı - VİDEO (24.05.2020)

REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin.

Hesab edək ki, bu həftə mədəniyyət həftəsi oldu. Yəni hər kəs öz mədəniyyətini nümayiş etdirdi. Siyasi mədəniyyət, səhiyyə mədəniyyəti, fərdi mədəniyyət bəzən də kiminsə fantoma ağrısı tək.

Başlayaq dövlət mədəniyyətindən, vətəndaş mədəniyyətindən.

Son zamanlar hər şey heç vaxt olmadığı kimi aydın görünür. Pisliklər də, yaxşılıqlar da. O qədər aydın görünür ki... Çünki. Çünki Prezident Əliyev işıqla işləyir. Bu təkcə obrazlı ifadə deyil. İslahatların 2018-ci il seçkilərindən sonra başlanan növbəti və ən genişmiqyaslı mərhələsini bir sözlə belə ifadə etmək olar. Kölgədən çıxmağa çağırış, buna dəvət, bunu tələb və sonda məcbur etmə. Bu iqtisadiyyatda da belədir. Siyasətdə də. İdarə etmədə də. Şəffaflıq əsasdır. İşıq əsasdır. Ki kölgələr, qaranlıqlar yox olsun. Və elə buna görə də mən İlham Əliyevin korrupsiya və rüşvətlə apardığı amansız müharibə və dünyanın işıqlandırma təsərrüfatının şəriksiz lideri “Signify”-ın rəhbərliyi ilə dövlət başçısı arasında keçən videoqəbul arasında bir qanunauyğunluq, bir məntiqi bağlılıq görürəm. Belə düşünməyimin bir səbəbi də Azərbaycan rəhbərliyinin öz siyasi-iqtisadi saatını Azərbaycan vaxtı, amma Davos standartları ilə qurmasıdır. Bu dəfəki qəbul da Davosda razılaşdırılmış əlaqənin davamı idi.

Xatırlayırsızsa, Prezident bu il İsveçrədə, Ümumdünya forumu çərçivəsində keçirdiyi bütün görüşlərdə, forumlarda Azəbaycanın elektrik enerjisi əlçatanlığına görə dünyada ikinci olmasını fəxrlə qeyd etmişdi.

Bundan sonrakı mötəbər tədbirlərdə də bu nəticədən qürurla bəhs edilmişdi. Gələcəyin üfüqündə isə yeni uğur hədəfləri boy verir. Alternativ enerji zamanı ənənəvi cərəyan dövrünü, işığın su dəyirmanında üyüdülüb emal edilmə çağlarını arxa plana keçirir. Biz dördüncü sənaye transformasiyasının yeniliklərini öyrənirik. Yeni enerjiçiliyin tələblərindən biri, ikisi təhlükəsizlik, etibarlılıqsa, üçüncüsü qənaətdir.

Onu da xatırlayaq ki, Mingəçevir İstilik Elektrik Stansiyasındakı müəmmalı 2018-ci il qısa qapanması həm də yeni açılımların anonsunu verdi.

Açılımalar yox ha. Aıçlımlar. Məsələn işıq müstəqilliyi. Dünyanın işqlandırma sistemindəki şəriksiz liderlə görüşə həm də bu kontekstdə yanaşmağımızı istərdim. Başqa həmkarlarımı bilmirəm, amma mən bəşəriyyətin ev və ya yer kürəsi dustaqlığı şəraitində Azərbaycan liderinin yürütdüyü onlayn siyasəti Davosa istinadla daha yaxşı başa düşə bilirəm. Beləliklə, hesab edək ki, bu görüş 2020-ci ilin yanvar ayının 22-də keçən görüşün davamı, daha doğrusu, ondan sonrakı dövrün hesabat mübadiləsidir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: "Təşəkkür edirəm. Davosdakı görüşümüzü xatırlayıram. Mənə verilən məlumata görə, o vaxtdan bəri bizim yaxşı irəliləyişimiz olub. Baxmayaraq ki, koronavirusla bağlı vəziyyət bizim planlarımıza bir az müdaxilə etdi, lakin mənə məlumat verildiyi kimi, bizim müzakirə etdiklərimizin və razılaşdırdıqlarımızın hamısı indi icra mərhələsindədir."

Baş icraçı direktor Erik Rondolat: "Bəli, tamamilə doğrudur. Çox məmnunuq ki, Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək. Qənaət göstəricisi minimum 50 faiz təşkil edir. Həmin layihə davam edir. Eyni zamanda, çox şadıq ki, Siz bizə tam dəstək verirsiniz. Bu işə bağlantının yaradılması ilə başladıq. Bu, ona görə edilir ki, sonrakı mərhələdə quraşdırılan işıqlar arasında bağlantı mümkün olsun."

Prezident İlham Əliyev: "Çox yaxşı. Şadam ki, bayaq da qeyd etdiyim kimi, hər şey cədvələ uyğun olaraq gedir. Mənə məlumat verildi ki, Davosdakı görüşdən sonra sizin komandanız bizi mart ayında ziyarət etmişdir. Sizin də qeyd etdiyiniz kimi, sentyabrın sonunadək bizdə Bakı üçün minlərlə yeni küçə işığını özündə ehtiva edəcək birinci mərhələ artıq icra edilmiş olacaq. Bu da birinci növbədə küçələrin işıqlandırılması baxımından vəziyyəti yaxşı olmayan əraziləri əhatə edəcək. Eyni zamanda, sizin də qeyd etdiyiniz kimi, biz böyük miqdarda enerjiyə qənaət etmiş olacağıq. İnsanlar da bunun faydasını görəcəklər. Bizim müzakirə etdiyimiz kimi, bu birinci layihədən sonra birgə fəaliyyətimizin genişləndirilməsinə, Bakı və digər şəhərlərin əhatə edilməsinə dair böyük planlarımız var. Birinci mərhələdə ola bilsin ki, böyük şəhərlər əhatə olunacaq. Biz Sumqayıt şəhərinin küçə işıqları barədə danışdıq. Mənim bildiyimə görə qiymətləndirmə prosesi gedir. Beləliklə, ümid edirəm ki, bizim bu sahədə uzunmüddətli əməkdaşlığımız olacaq."

Erik Rondolat: "Bəli, biz də dəqiqliklə həmin işləri görmək istərdik. COVID-19 səbəbindən bizdə işin icrası ilə bağlı müəyyən yubanma ola bilər. Lakin hesab edirəm ki, hamımız işin başa çatdırılmasına köklənmişik."

Erik Rondolat: "Biz çox fərəhlənirik ki, işıqlandırmanın ən son yeniliklərini Bakıda tətbiq edə biləcəyik."

Prezident İlham Əliyev: "Bəli, təşəkkür edirəm. Bilirəm ki, şirkətiniz artıq Azərbaycanda dövlət və özəl sektorla bir neçə layihə həyata keçirib. Lakin Davosda müzakirə etdiyimiz və indi birgə icra etdiyimiz bu layihə, əlbəttə ki, ən böyük miqyaslı layihədir. Əvvəllər də müzakirə etdiyimiz kimi, onun gələcək üçün böyük potensialı var. Çünki bu, birinci təcrübədir. Mən əminəm ki, bu, çox uğurlu bir təcrübə olacaqdır və sonra da bələdiyyə, şəhər idarəetmə orqanları bunun faydasını görəcəklər. Bildirildi ki, biz çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa digər məqsədlər üçün, ixrac üçün qənaət edəcəyik və şəhərin həyatını daha da yaxşı edəcəyik."

Erik Rondolat: "Əvvəlcə qeyd etdiyim kimi, biz sonrakı mərhələdə bağlantını da təmin edəcəyik və onun sayəsində əlavə imkanlar ortaya çıxacaq. Beləliklə, Bakı şəhərinin işıqları “Ağıllı şəhər”in komponentinə çevriləcək. Bir daha verdiyiniz dəstəyə görə minnətdaram."

Ağıllı şəhər barədə bundan əvvəlki görüşdə də söhbət getmişdi.

Mən Prezidentin CISCO şirkətinin icraçı vitse-prezidenti və Baş Maliyyə direktoru Kelli Kremerlə videokonfransını nəzərdə tuturam.

O zaman biz bu innovasiyasını Ağıllı Dövlət paketinin tərkib hissəsi tək şərh etmişdik. Qeyd etmişdik ki, bu gün planetin idarəolunmasının kibernetika səviyyəsi Azərbaycanı klassik sükançılıqdan sürətlə aralanmağa sövq və təşviq edir və İlham Əliyev yeni dünya menecmentinin ustalarındandır. Müşahidələrimə də belə rezüme vermişdim ki, Prezident Əliyev başlanğıc və son nöqtələri uğurla bir-birinə bağlayan daxili və xarici siyasət kursuyla effektli beynəlxalq nəticəyə işləyir. O görüşün də əsası Davosda qoyulmuşdu. Təhlilçi olaraq Prezidentin bundan sonrakı belə qəbul və görüşlərini diqqətlə izləməyimiz lazım gələcək. Baxmayaraq ki, bütün belə danışıqların, mükalimələrin nəticə etibarillə hara yönəldiyi aydındır.

Azərbaycan---yeni dünya formatının diqtə etdiyi qaydalara əsaslanmaqla özünə həm virtual ərazi hüdudları müəyyənləşdirir, yalnız eninə-uzununa yox, həm də hündürlüyə inkişaf etməklə 3 ölçülü sistemə can atır. 3 de formatına.

Azərbaycan özünü işqlandırmaqdan çəkinmir. Qorxmur. Qüsurumuzu görərlər, ayıbdır- təfəkkürü ləğv edilib. Qüsurlarını, nöqsanları aşkara çıxararaq yeni zəka dövrünün azərbaycanlısını elmə, biliyə hazırlayır. Üzərinə gedilən qüsurun, dərdin harada, hansı orqanda yerləşməsinin fərqi yoxdur. Bələdiyyə nümayəndəsi, icra nümayəndəsi, icra başçısı, nazir, nazir müavini, komandan müavini... Siyahını davam da etdirmək olar. Heç kimdə toxunulmazlıq simvolu yoxdur. İndi isə qayıdaq işıq gələn başqa tərəflərə. Bayaq dedik, Prezident işıqla işləyir. Və işığa işləyir. Ağstafa və İmişlı rayonlarının icra hakimiyyəti başçılarını qəbul edən dövlət başçısının çıxışından bəzi fraqmentlərə baxaq.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir. Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın”."

Bu çıxışda bir neçə müddəa var. Əvvəla, başçıları təyinat məntəqəsinə Prezident şəxsən, xalqın gözü qabağında təlimatlandıraraq yola salır. Hamımız görürük ki, Xalq və Prezident arasında 3-cü, yəni artıq şəxs yoxdur! İcra başçılarını Adminstrasiyadan kimlərinsə gedib yerli camaata təqdim etməsi ənənəsi sıradan çıxır. Onlayn təqdimat, özü də əlahiddə götürülmüş rayona yox. Bütün Respublikaya.

Hər belə qəbul yeni başçılara təlimat, köhnələrə isə xəbərdarlıqdır. Prezident bütn tapşırıqları özü verir. Şəxsən. Heç bir sətiraltısız. Xalqa xidmət et. Sən ağa deyilsən, xidmətçisən. belə işlə, ya da özünü bədbəxt edəcəksən! Deməli sabah kabinetində, yaxud ayrı bir yerdə icra başçısı haqq istəyəndə və bunu da edərkən barmağını göyə tuşlayanda və eyham vuranda ki, guya vallah ondan asılı deyil, o uzağı öz payından imtina edə bilər, bax o zaman qarşısındakı vətəndaş ən azı bu məmurun yalan danışdığını biləcək və bu barədə susmayacaq!

Deməli başçı vəzifə başına, şəxsən Prezidentin səlahiyyətli nümayəndəsi tək getdiyini və başlıcası da TƏK getdiyini başa düşməlidir.

Onun arxasında dövlətdən başqa dayaq olmayacaq. Dayday-mayday olmayacaq! İndi isə dövlət başçısının əsas həssas yeri, sosial həssas təbəqə, yoxsulların haqqını qamarlamamaq barədə.

Əslində, Prezident Başçılara korrekt şəkildə tapşırır ki, OĞURLAMAYIN! RÜŞVƏT ALMAYIN!

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Ödənişli ictimai iş yerlərinin yaradılması artıq bir neçə ildir ki, təmin edilir və biz bu kateqoriyaya aid olan insanların sayını ildən-ilə artırırıq. Biz 30 mindən başlamışıq. Bu il mənim göstərişimlə 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır və bu istiqamətdə artıq nəticələr vardır. Ancaq əfsuslar olsun ki, bəzi icra başçılarının cinayətkar əməllərinə görə, bu sahə də ən korrupsiyalaşmış və ən çirkin sahəyə çevrilib. O işlərə cəlb edilən insanların ödəniş kartları icra başçıları tərəfindən oğurlanırdı. Həbs olunmuş bütün icra başçılarının iş otaqlarından və onların yaxınlarının iş otaqlarından yüzlərlə ödəniş kartı çıxır. Bu pul kasıb, özünə iş tapa bilməyən insanlara çatmalıdır. Xüsusilə pandemiya dövründə bütün ölkələrdə iş yerləri ixtisar edilir, bütün ölkələrdə işsizlik artır, o cümlədən Azərbaycanda. Belə bir vəziyyətdə kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir. Ona görə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib ki, onlar ümumi nəzarət və eyni zamanda, monitorinq aparsınlar. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bu işləri ciddi təhlil edin, görün nə qədər insan cinayətkar icra başçıları tərəfindən bu imkandan məhrum edilib. Biz bu ədaləti bərpa etməliyik."

Qarşıya qoyulmuş vəzifələr aydındır, konkretdir və dövlət başçısı çox sadə dildə başa salır ki, həm rayonun icra başçısı asan anlasın, həm də tapşırığın əsas obyekti-sadə vətəndaş. Niyə mən sadə, anlaşıqlı izah tərzini vurğulayıram. Ona görə ki, bir sıra hallarda vətəndaşlarla məmur elə danışır ki, bu, başa salmaq yox, yola salmaq olur. Əli və ümidi boş... Prezidentin bu göstərişini hər bir sakin dürüst anlamalıdır. Burada tapşırığın məmura da, qarşı tərəfə də dəxli eyni dərəcədədir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bölgələrdə gedən işlər daim mənim nəzarətimdədir. Mənim çoxsaylı səfərlərim, eyni zamanda, o məqsədi güdür ki, görülmüş işlərin icrasını görüm, tanış olum və insanları narahat edən problemləri insanlardan eşidim və biz bunları həll edək. Amma deyə bilərəm ki, bir çox hallarda icra hakimiyyəti başçısı öz iş otağından çıxmır. Bütün icra hakimiyyəti başçıları, o cümlədən siz bütün kəndlərdə insanlarla görüşməli, insanları narahat edən problemləri insanların dilindən eşitməli və ondan sonra qərar qəbul etməlisiniz. Elə məsələ var ki, sadəcə olaraq, laqeydlik, biganəlik və məsuliyyətsizlik ucbatından həll olunmur. Elə məsələ var ki, heç böyük vəsait, böyük əziyyət tələb etmir. Sadəcə, onların vecinə deyil. Onlar hesab edirlər ki, orada ağa kimi rəhbərlik etməlidirlər, insanları incitməlidirlər, öz şəxsi maraqlarını təmin etməlidirlər. Belə təfəkkürlə yaşayan insanların bizim aramızda yeri yoxdur. Onların yeri başqa yerdədir. Ona görə, siz bütün kəndlərdə olmalısınız, bütün problemləri vətəndaşlardan öyrənməlisiniz və onları həll etməlisiniz. Bir daha demək istəyirəm ki, yerli səviyyədə həlli mümkün olmayan problemlər dərhal müvafiq mərkəzi icra orqanlarına çatdırılmalıdır."

Bir mühüm nüans da var. Prezident bu görüşlərdə yeni başçıların həm də dövlətin özünün, Azərbaycanın etibarlılıq göstəricisi tək sınağa çəkildiyini bəyan edir. Məmur xalqın hüzuruna Prezidentin adı ilə gedir və o adı batırmağa riskin qiyməti reputasiyası, karyerası, bəzən də bütün həyatı ola bilər.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bu gün Azərbaycan yeniləşir, müasirləşir və yeni kadrlardan çox şey asılıdır. Sizin fəaliyyətinizdən çox şey asılıdır və insanların inamı, əhval-ruhiyyəsi, ədalətə inanması bir çox hallarda yerli rəhbərlərin işindən asılıdır. Siz elə işləməlisiniz ki, insanlar sizə inansınlar, sizi dəstəkləsinlər və sizin işinizdən razı olsunlar. Bunu da bilməlisiniz ki, sizin fəaliyyətinizə diqqət göstəriləcək, nəzarət olunacaq. Elə işləməlisiniz ki, mənim tərəfimdən verilən bütün tapşırıqlar yerinə yetirilsin, Ağstafa və İmişli rayonlarının uğurlu inkişafı təmin edilsin.”

Prezidentin tövsiyə və tapşırıqlarını xüsusi sadələşdirməyə ehtiyac yoxdur. Hamının, hər kəsin vəziyyəti və vəzifəni xırdalığınadək başa düşməsi üçün burada hər şey var. Tamaşaçılar və icra başçıları üçün xüsusi bir qeydim də var. Xüsusilə də yeni rəhbərlərin öz siyasi dünyagörüşü və ideoloji bağlılığını nümayiş etdirməsindən qıcıqlananlara. Prezidentin qəbulunda gənc başçı Seymur Orucov yaxın tarixə kiçik bir ekskurs etdi.

Seymur Orucov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı: “Gənclərin bu gün ölkənin ictimai-siyasi həyatında fəal olmasının əsası Ulu Öndərimiz tərəfindən qoyulmuşdur. Çünki möhtərəm cənab Prezident, 1990-cı illərin əvvəllərində hakimiyyəti zəbt etmiş AXC-Müsavat dövründə Azərbaycan gəncliyini zorla ali təhsil ocaqlarından, iş yerlərindən mitinq bölgələrinə və onların yarıtmaz liderlərinə dəstək tədbirlərinə aparırdılar. Gənclərimiz çox bədbin ruhda idilər. Lakin Ulu Öndərimiz hakimiyyətə gəldikdən sonra Azərbaycan gəncliyində gənclik ruhu özünə qayıtdı. Ulu Öndər bütün Azərbaycan gəncliyini vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Siz də bu gün bu siyasəti yeni üslubda, çox möhtəşəm formada həyata keçirirsiniz."

Əslində burada anlaşılmaz bir şey yoxdur. Yeni, gənc başçı Prezidentin etimad göstərdiyi Seymur Orucov bu gün bəlkə də ən vacib olan hərəkətlərdən birini edir. Açıq mövqe nümayiş etdirir. Bu, həm də o deməkdir ki, tarix institutunun, lap yeni, lap-lap-lap yep yeni tarix institutumuzun bütün ağır taxtalı və ahıl damaq personalının hərəkətsizliyinə baxmayaraq bu gənc dövlətin yaxın keçmişindən, 1992-93-cü illərin böhranından xəbərdardır və bir daha belə halların baş verməyəcəyi üçün çalışacağına söz verir. Amma nə baş verir? Düşünmək olardı ki, bu replikanın ardınca, ən yeni tariximizin şahidləri fəallaşacaq, mediyada, mətbuatda, sosial şəbəkələrdə müzakirə açacaq, 34 yaşlı Seymurun dediklərini 60-dan yuxarılar şəxsən öz başına gələnlərlə zənginləşdirəcək. Daha konkret və sanballı faktlara müraciət edəcəklər.

Burada yazıçısı da, müəllimi də, aktrisası da fəal iştirak edəcək. Amma nə baş verdi? O baş verdi ki, kimlərsə Seymurun 1992-ci ildəki yaşını hesabladı... sənin o vaxt nə bilim neçə yaşın var idi..filan.. Niyə?

Növbəti dəfə Seymurun danışdığı dövrlə bağlı kadrlar özüm təqdim edəcəm. Kustar məntiqlilərə görə də bunu etməyə haqqım çatır. O zaman mənim 29-30 yaşım var idi. O biabırçı təhlükə dövrünün salnaməçilərdən biri kimi maraqlı bir çıxış hazırlayacam. Maraqlı və əlbəttə ki, dəqiq. Sərt. Amansız. Yeri gəlmişkən: Biz indi Böyük Vətən Müharibəsindən danışmamalıyıq ki, o zaman dünyada yox idik?! Nə komik yanşmadı belə?

Prezidentin başçılara tövsiyələrindən biri haqqında da danışmaq istərdim. Mənə görə çıxışın bu yeri rayon rəhbərlərindən tamamilə yeni fəaliyyət növü tələb edir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bir sözlə, sizin fəaliyyətiniz rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafında özünü göstərməlidir. Çünki açıq demək istəyirəm, təxminən son 17 il ərzində bölgələrdə görülmüş işlərin ən azı 90 faizi mənim təşəbbüsümlə görülüb, dövlət proqramları çərçivəsində görülüb, 16 min kilometr avtomobil yolu çəkilib, bütün elektrik təsərrüfatı demək olar ki, yenidən qurulub. Biz qazlaşdırmanı təxminən 100 faizə çatdırmışıq, 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın Olimpiya İdman Mərkəzi, nə qədər Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər tikilib. Bütün bunları biz mənim bilavasitə göstərişimlə dövlət büdcəsi hesabına etmişik. İndi baxaq görək icra başçıları nə iş görüblər, hansı daşı daş üstünə qoyublar.”

Bu tapşırıq məncə icra başçıları üçün yeni situasiyadır. Və rayon rəhbərləri işə başlayanda artıq rayonun kobud desək, öz mayasını çıxarıb-çıxarmaması, onun səbəbləri barədə düşünməlidirlər. Yalnız büdcədən ayırmaların dürüst xərclənməsini və oğurlamamaq yox, həm də özləri, məhz özləri daşı-daş üstə qoymalıdırlar.

Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifovdan biz rayonların qazancı, gətirdikləri və ya gətirmədikləri gəlir barədə bir dəfə soruşmuşduq.

Hansı rayonlar...

Bu sualı verəndə təqvimdə 2018-ci il idi. İndi 2020-ci ildir və yəqin ki, rayonların imkanları yenidən hesablanmalıdır. Çünki, son günlər yaxalanan, tutulan, işdən kənarlaşdırılan icra başçılarının böyük cibinin dərdini kiçik məvacibi ilə əlaqələndirənlər fəallaşmağa başlayıb. Maaşı azdır, neyləsin, filan. Amma rayonu gəlirli etməklə və büdcəyə samballı vəsait köçürməklə yeni ödəniş qaydası barədə təkliflər hazırlamaq barədə də düşünülə bilər axı. Amma qanunla. Halal. Haram yox. Oğurluqla deyil, Doğurluqla. Yoxsa, maaş artırılsın-məvacib azdır kimi –populist çıxışlarda qabardılan səthi səbəblərlə dövləti bir növ şantaj etmək, pis rəqqasın bəhanəsinə haqq qazandırmaq səmərəli deyil. Və bir vacib ştrix. Bu barədə biz tez-tez danışırıq.

Deməli, islahatların 2018-ci ildə başlanan növbəti mərhələsinin yerlərdə izahından danışacam.

Yeni icra başçıları Prezidentin kabinetindən ruh yüksəkliyi ilə, dağı-dağ üstə qoymaq niyyətlərilə çıxır. Yeni üsulla işləməyə gedir. Amma islahatlar və Prezidentin tələblərinin anlaşıqlı tərzdə izahı üçün treninqlər, mühazirələr yox, master-klaslar yox. Rayon rəhbərləri arasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının neçə məzunu var sualına cavab verməkdə çətinlik çəkənlər arasında hesab edin ki, mən də varam.

Yeni dövr üçün yeni kadrlar harada hazırlanır? Və kim hazırlayır?

Davos standartlarını mükəmməl bilən və onları Azərbaycana uğurla tətbiq edən Əliyevin 4-cü sənaye transformasiyası üçün tələb etdiyi icra başçıları ən azı onun idarəçilik fəlsəfəsini, yeni çağırışları dumansız anlamalıdır. Aydın anlamalıdır. Bütün bu söylədiklərim dövlət mədəniyyətinin-dövlətçiliyin baza prinsipləridir.

Orta statistik məntiqlə mən burada, ya sosial şəbəkələrin “Şuşanı vur!" çağırışı, ya Dövlət Təhlükəsizlik Xidmətinin Dövlət Sərhəd xidmətinin Sahil Mühafizə Sularında apardığı əməliyyat ətrafında danışmalı, ya da Baş prokurorun ənənəvi müavinlərinin işdən azad edilməsi tək ciddi dəyişmələrə münasibət bildirməliyəm.

Amma mən bunu etmirəm. Bir az geriyə, 2019-cu ilin mart ayının 2-nə qayıdıram. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin mədəniyyət, incəsənət nümayəndələri ilə görüşünə. O görüşdə iştirak edən xadim və xadimələrin daha çox pul, vəsait, teatrlara dərəcə arzularını deyəsən təkcə mən tənqid etmişdim və hətta görüşün əsas məqsədinin qonaqlar tərəfindən dürüst anlaşılmadığını da qeyd etmişdim. Və demişdim ki, bu titullu mədəni və incələrimizi İlham Əliyev yeni dövr üçün mədəniyyət islahatlarına həmmüəllif olmağa dəvət edib və Prezidentin bu görüşünün də məqsədi Dövlət müstəqilliyinin möhkəmləndirilməsidir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz. Çünki mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz. Mən düz bir ay bundan əvvəl gənclərlə görüşdə dedim ki, bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür. Ona görə bu məsələlərlə və istənilən məsələ ilə bağlı bu gün mən sizinlə danışmaq istərdim.”

Biz o görüşün təəssüratlarını uzun müddət yaşadıq. Haqsız qəhrəmanlar, haqsız qarğış hədəfi olanlar oldu. Və əslində o görüş mədəniyyət flaqmanlarımız üçün siqnal olmalı idi. Və Mədəniyyət Nazirliyində aparılan yoxlamalar, ardınca nazirin işdən azad edilməsi ən azı həmin qurumun içindəkilər üçün gözlənilməz olmamalıydı. Onlar bilirdilər ki, ayıb işlər görürlər! və ayıb olsun!ayıb olsun!deməklə ayıb olur, çox olur. Nəsə daha kəskin addım atılmalıdır.

Və Prezident, Birinci vitse prezident sənətkarların aktyor oyununu, rol oyununu qiymətləndirir əlbəttə, amma səhnədə... İş başında, və vəzifəlilərin oyununu yox.

Söhbətə “bu həftə mədəniyyət həftəsi oldu. Yəni hər kəs öz mədəniyyətini nümayiş etdirdi. Siyasi mədəniyyət, səhiyyə mədəniyyəti, fərdi mədəniyyət bəzən də kiminsə fantoma ağrısı tək!” deyə başladıq.

İndi mədəniyyətin, daha doğrusu mədəniyyətsizliyin özünəməxsus fəsadlarından danışacağıq.

Sosial şəbəkələrdə SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın vəfat etməsi barədə şayiə yayan, bu şayiəni paylaşan kim, paylaşımlar altında səs gerbimizə lənətlər yağdıran kim... Bax Mədəniyyət Nazirliyində yoxlama aparılmadan da üzə çıxan bu təhqir, iftira, üfunət konvertlərinin xüsusi araşdırmaya ehtiyac var. Azərbaycan dövləti yalnız coğrafi-siyasi məhum deyil. O dövlət rəsmdə Tahir Salahovdur, səsdə Zeynəb Xanlarovadır.

Siyahını artırmayacam. Amma bizim dövlət ona görə, onlara görə qiymətlidir. Dəyərlidir. Dövlətdir.

Əgər Zeynəb Xanlarovanı qorumaq kimi mükəlləfiyyətimiz yoxdursa, bunu qanmırıqsa, onda dövlət sərhədini niyə qoruyuruq? Biz kimin çox olmasını istəyirik? Zeynəb Xanlarovanın yoxsa, mədə-qursaq kontingentinin tikə-parçlarının? Bəlkə Allahın lütfündən istifadə edib Zeynəbbaycanı ziyarət edək? Onunla ya canlı, ya online görüşlər təşkil edək.

Məncə, Zeynəb Xanlarovanın elə vaxtıdır ki, bəlkə də şəxsən onun səhhətini müntəzəm nəzarətdə saxlamaqdan ötrü xüsusi komissiya yaratmaq olardı. Nəbzini, şəkərini, təzyiqini, hərarətini ölçmək, onu hər bir riskdən qorumaq lazımdır! Daha milli dəyərə çevrilmiş bu insana, daha doğrusu İNSAN-TARİXƏ zədə vurmaq, əsəblərilə oynamaq, yerli-yersiz qıcıqlandırmaq yox! Yeni dövrün mədəniyyət formulu mədəniyyət subyektləri qarşısında yeni tapşırıqlar qoyur.

Karantin dövrü üzə çıxardı ki, ölkənin əslində qara bir toy şəbəkəsi var. Musiqiçisi çalır. Müğənnisi oxuyur, səhnə toyxana və şadlıq saraylarıdır.

Əslində karantin dövründə ən çox qazanmalı zümrə məhz musiqiçilər olmalıydı. Məhz müğənnilər və musiqiçilər öz mənzilində rahat oturub kartına yağan pulların ləzzətini, arxayınlığını çıxarmalıydı. Amma bu baş vermədi. Çünki onlar dünyanın düz vaxtında müəllif hüquqları uğrunda mübarizə aparmadılar. Onların yanındakı sumka gəzdirənlər adicə toy alverçiləri oldu, müəllif hüququnu qoruyan prodüser-hüquqşünas yox. Onlara qazancı efirə gedən mahnılarının qonorarı gətirmədi, satılan albomları gətirmədi. Bu gün karantin rejimi normal mədəniyyət maliyyəsi sistemi yaratmaqdan ötrü əla fürsətdir. Buyurub, yeni dövrə özünü hazırlamaq lazımdır. Bu baxımdan korrupsiyaya qurşanmış rayon icra başçıları ilə müğənnilərin əksəriyyətini ümumi maraq birləşdirir. Sirr deyil ki, əksər, xüsusilə xanım müğənnilərin hard diski icra başçılarının cibindən çıxır. Onların da, bunların da qara qazanclarının yolu kəsilib. İcra başçısı daşı daş üstə qoymalıdır. Müğənni də diski disk. Klassik 11 min manata toya gedirəm, aşağı yerim də var. filan kimi söhbətlər postpandemiya dövründə olmayacaq. Az qala bizə Kəbəni virtual ziyarət tövsiyə edilir. Başqa saatlarla işləyirik. İşləməliyik. Dövlət vətəndaşla arasında olan qara sərhədləri götürməkdədir.

Və Azərbaycan yüksək peşəkarlıqla həm daxili, həm də xarici təhdid və təhlükələrdən qorunur. Yadınızda olar da, bir zamanlar dəbdəydi e. Deyirdilər ki, KQB-nin arxivləri açılsın və s. buyurun arxiv əvvəlcədən açıq yığılır. Şəffaf. Bütün təfərrüatıyla. Dövlətin keçmişində nə vaxtsa eşələnmək istəmiriksə bugününü diqqətlə görək.

Baxın. Bizimki necə bizimki deyil və əsl bizimkilər onları necə ifşa edərək üzə çıxarır.

İndi isə başqa, özü də məhz yeni dövrün təhlükəsi üzərində dayanmalı oluram. Sosial şəbəkələr. Bu yeni müstəvi həm gücümüz, həm də zəifliyimiz ola bilir. Sosial şəbəkəyə çıxışı olan kəsin, kəsimin özünü göstərmədən fikir bildirmək, bir sıra hallarda isə, (bir sıra hallar isə artıq olduqca böyük sürətlə çoxalır!) hətta dövləti faktiki olaraq hədələyən paylaşımlara yol vermək imkanı var. Burada ad çəkməkdən çəkinən adsızlar var, çuğullar var və bir də formaca müstəqil, məzmunca dağıdıcı güruhun ardıcılları. Bu sfera hansısa şəkildə tənzimlənməlidir. Məmurlara qarşı total linç həyata keçirilir. Nəzarətsiz qaldıqca və ya ciddiyə alınmadıqca sosial şəbəkələr həm hökm çıxarmaq, həm də bu hökmü icra etmək kürsüsünə çevrilir. Söhbət bir neçə yeniyetmə qızın öz yaşıdını vəhşicəsinə cəzalandırması və hadisəni çəkib şəbəkələrdə paylaşmasından getmir. Ya da həm də bundan getmir. Sosial şəbəkələrdə dövlət məmurlarını qeyri-peşəkarlar sadəcə gözdən salmaqla məşğuldurlar.

Ad çəkməyəcəm, amma müvafiq qurumlar araşdırma aparsalar əmin olacaqlar ki, hətta tanınmış imzalar da o cümlədən, guya dövlət məmurunu nəzərdə tutmaqla əslində dövləti zərbələyirlər. Ardıcıl total nifrət aşılanır. Prezidentin korrupsiyaya, ölkədəki qüsurlara qarşı elan etdiyi müharibədə kimlərsə dövlətin mundirini geyib, elə ona qarşı da savaş açıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının diksiyasını lağa qoyan, onu ermənilikdə şübhələyən, öz geri zəkası ilə sadəcə bir insanı, vətəndaşı biabır etməyə girişən bədbəxtlərin heç xəbəri yoxdur ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının şəcərəsi hara gedib çıxır. Axı onun ulu babası Difailər Hərəkatının Qarabağ bölgəsi üzrə rəhbəri olmuş Kərim Mehmandarovdur.

Axı bu qədər cahillik, axmaqlıq, vicdansızlıq olmaz. Adamın yol qəzası keçirdiyinə yalnız dövlət məmuru olduğuna görə sevinmək, əfsanəvi tarixi şəxsiyyətə ölüm arzulamaq və bu murdar diləyini yaymaq aşkar psixi pozğunların əl işidir. Belə əllərə çoxdan qandal vurmaq lazımdır. Ən təhlükəlisi də budur ki, burada oturub adını-soyadını gizlədənlər bütün mənəvi idbarlıqlarını xalqın ayağına yazır. Deyən də yoxdur, ay adam, ay canlı! Burdakı xalq deyil, onun rəyi deyil. Sossetdə oturan filan sayda barmaq bir ovucdur. O qədər özlərini buraxıblar ki, nazir seçirlər. Biz onların birinci epidemik dalğasını parlament seçkilərində görmüşdük. Ara qarışdırılmaq, güruh adətlərinin meydan suladığı yer indi Ali Baş Komandana da baş komandanlıq öyrətmək kimi ağız-burun bəhəm edib.

Separatçı ermənilərin Şuşada inouqurasiya provakasiyasına guya qəzəblənənlər Şuşanı vurmayan naziri, ölkəni idarə edənləri açıq təhqir edir.

Şuşanı vur. Əgər vursan 10 milyon əskərin var! vurmasan filan, bəşməkan!

Filan bəylər və bəşməkan müəllimlər bunu özü də nə vaxt edir?! Ermənistanın diplomatik uğursuzluqları fonunda Qanun-hüquq sistemində gedən islahatları ciddi təhlilə gücü, intellekti çatmayan təsadüfi qələm adamları sosial şəbəkələrdə Bu qurumun mətbuat xidmətinin rəhbərini açıq təhqir edir və ona da arxayındır ki, daxili siyasətini cəmiyyətdə ümumi barış ovqatının bərqərar olmasına yönəldən dövlət başçısının kursu humanist və alicənabdır! Amma onu da unutmayaq ki, Prezident dəfələrlə nümayiş etdirib ki, ən məlumatlıdır.

Məsələn, Ermənistanın faşizmi qəhrəmanlaşdırdığını, faşist Njdeyə abidə qoyduğunu Nikolun sifətinə ittiham kimi çırpanda Nikolun babasının faşist olduğunu çoxdan bilirdi... Ona görə də diqqətli olmaq lazımdır! Unutmayaq ki, bu gün Şuşanı vurmaqdan daha artıq hədəf var və bu ilk növbədə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır. Bu olacaqsa Şuşa da olacaq. Həm də anlaşılmazdır.

Axı bu ilk seçki deyil Qarabağda, nə avantüradı bəs onda?

Koronavirus zamanı vətəndaş məsuliyyətimizin səviyyəsini gördük. Biz gəlin hələ imkanlarımızı ona səfərbər edək ki, Ali Baş Komandan evə get! əmri verəndə dərhal evə gedək. Yəni bu komandanı mükəmməl icra edən gün, yəni 10-15 dəqiqəyə evə get komandasını yerinə yetirən gün hesab edək ki, döyüşə də anında getməyə hazırıq.

Hələliksə, mədəniyyətdən başlayaq, kod ordadı. Gendədi. Qandadı. Qarabağın şikəstəsi! havalansın Xanın səsi. Və o çoxdan havalanıb. Dəli olub. Çöllərə düşüb. Deyirlər, hər gün Qaradağ sement zavodunun başından çıxır. Yəqin Qaradağı Qarabağ, sement tüstüsünü də Duman bilir. Şuşanın dağları başı dumanlı... Yeri gəlmişkən, mahnının “dumanlı” yerini ermənilər 28 ildir ki, tumanlı kimi oxuyur! Biz o tumanı Şuşanın başından çıxarıb, yenə də duman qoymalıyıq. Amma intizamlı vətəndaş kimi.

Yeni dövrün maska taxmaq, bir-birimizlə məsafə saxlamaq vərdişlərinə yiyələnməklə, əllərimizi yumağı öyrənməklə, amma əl-əli yuyar, əl də üzü – deyə yox, rüşvət almamaq mədəniyyətinə sahib olmaq üçün. Dövləti gerçəkdən sevməyi, onun iradəsini qeyd-şərtsiz yerinə yetirməyi öyrənək ki, sabah Ali Baş Komandan Əliyevin əmrini yerinə yetirməyə hazır olaq!

Ramazan bayramınız mübarək. Şəhid qanı kimi!

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər