Qardaş “malı“ (VİDEO)

Qardaş “malı“ (VİDEO)
İki qardaşın üzərindən 17 kq narkotik vasitə aşkarlanaraq götürülüb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin “qara” bazarda satılmasının qarşısı alınıb.

Belə ki, həyata keçirilən tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Aqil Salmanov Nərimanov rayonunda saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 98 qram narkotik vasitə heroin və 519,789 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq məlum olub ki, ona narkotik vasitələri satmaq məqsədi ilə qardaşı, əvvəllər məhkum olunmuş Kamil Salmanov tərəfindən verilib. Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı o da tutularaq məsuliyyətə cəlb edilib.

Hər iki qardaşın Nərimanov rayonunda yaşadıqları evə baxış zamanı 12 kiloqramdan çox heroin, 2 kiloqram metamfetamin və 1 ədəd elektron tərəzi, həmçinin evə baxış zamanı Salmanov qardaşlarına məxsus 3 ədəd tapança, 2 ədəd patron darağı və 24 ədəd patron aşkar olunaraq götürülüb.

Bu əməliyyat nəticəsində isə Baş İdarənin əməkdaşları tərəfindən 17 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Aqil və Kamil Salmanovlar tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
Bu gün
Dünən