Amerikanın aparıcı mətbuatında daşnaklar və onların havadarları ifşa olundu

Amerikanın aparıcı mətbuatında daşnaklar və onların havadarları ifşa olundu
Məqalədə Ermənistanın qanunsuz fəaliyyətinin cavabsız qaldığına dair dəlillər gətirilir

Amerikanın ən tanınmış və nüfuzlu mətbu orqanlarından biri olan “Newsweek” jurnalında “Haym Solomon Mərkəzi” xəbərlər şirkətinin prezidenti və icraçı direktoru Pol Millerin müəllifliyi ilə “Koronavirus, korrupsiya və koqnitiv dissonans QHT landşaftını necə formalaşdırır” adlı məqaləsi dərc edilib.

Məqalədə müəllif özlərini dünyada insan hüquqlarının carçıları kimi təqdim edən bəzi təşkilatların İsrailə təzyiqlər etdiyi halda Azərbaycan ərazilərinin işğalına və Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə göz yumduğunu qeyd edərək onların ikili standartları təlqin etdiyini göstərir. Xüsusən məqalədə bu təşkilatlar tərəfindən İsrailin yəhudi məskənləri ilə bağlı mövqeyi ciddi tənqid olunduğu halda Ermənistana Azərbaycana təcavüzünə görə təzyiqlər edilmədiyi və Ermənistanın qanunsuzluqlarına lazımi dərəcədə diqqət edilmədiyi vurğulanır.

Bu kontekstdə müəllif məqalədə “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika işləri üzrə bölməsinin sabiq direktoru və Kuinsi İnstitutu nəzdində Corc Sorosun maliyyələşdirdiyi tədqiqatlar və siyasət bölməsinin sabiq direktoru Sara Liya Uitsonun (ana tərəfdən erməni əsillidir) İsrail və Ermənistanın işğal etdiyi ərazilərdə aparılan məskunlaşmalara göstərdiyi fərqli yanaşmasını təsvir edir və bununla onun ikili və riyakar mövqeyə sahib olduğunu üzə çıxarır.

Məqalədə Uitsonun İsrailin Fələstinlə bağlı siyasətini tənqid etməsinə baxmayaraq onun Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsində aparılan məskunlaşmaları uzun müddət dəstəklədiyinə diqqət yönəldilir. P.Miller bu riyakar mövqeyin Dağlıq Qarabağın Birləşmiş Millətlər Təşkilatı tərəfindən işğal olunmuş Azərbaycan ərazisi kimi tanındığına rəğmən həyata keçirildiyini vurğulayır.

Ardınca müəllif Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətləri dəstəkləmək məqsədilə Uitsonun radikal erməni lobbiçiləri, xüsusən Amerika Erməni Milli Komitəsinin (ANCA) ilə əməkdaşlığını ifşa edir. Məqalədə həmçinin S.Uitsonun sosial mediada nümayiş etdirdiyi antisemit mövqeyi ifşa olunur.

Bundan əlavə məqalədə bu ilin əvvəllərində Vaşinqtonda Demokratiyaların Müdafiəsi Fondunda (Foundation for Defense of Democracies - FDD) Corctaun Universitetinin professoru Brenda Şeyfer və Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornellin müəllifliyi ilə dərc olunmuş “Digər yerlərdə işğal: işğal hallarına selektiv siyasət, uzadılmış münaqişələr və ərazi mübahisələri” mövzusunda tədqiqat yazısına (məruzəyə) istinad olunaraq Ermənistanın qanunsuz fəaliyyətinin cavabsız qaldığına dair əlavə dəlillər gətirilir.

Miller Qərbin heç bir ölkəsinin Dağlıq Qarabağdakı oyuncaq rejimi tanımamasına baxmayaraq, Azərbaycanın işğal edilmiş torpaqlarında istehsal edilən məhsulların sərbəst şəkildə bu ölkələrin bazarlarına daxil olduğunu və yəhudi məhsullarının etiketlənməsinə qarşı müəyyən olunan məhdudiyyətlərin Azərbaycanın işğal olunmuş ərazilərinə tətbiq olunmamasının da ikili standartların göstəricisi olduğunu bildirir.

Müəllif həmçinin ABŞ-da fəaliyyət göstərən erməni təşkilatlarının qanunsuz fəaliyyətinə cəlb olunduğunu vurğulayır və bu xüsusda “Hayastan Fondu”nun direktorunun 2018-ci ildə korrupsiya və maliyyə vəsaitlərinin mənimsənilməsi əsasları ilə həbs olunmasına diqqət yönəldir.

Son zamanlar Vaşinqtonda D.Tramp administrasiyası və konservativ dairələrə yaxın olan Demokratiyaların Müdafiə Fondunun məruzəsi böyük əks-səda doğurmaqdadır. Belə ki, son bir neçə ay ərzində Amerikanın ən nüfuzlu mətbu orqanlarında, o cümlədən Foreign Policy, The Wall Street Journal, Bloomberg, The Daily Wire kimi mətbuat vasitələrində bu mövzuda yazılar dərc olunaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, etnik təmizlənmənin həyata keçirilməsi və digər qanunsuz əməlləri bununla gündəmdə saxlanılıb. Aydındır ki, bu da öz növbəsində erməni lobbiçilərin kəskin qıcığına və yəhudilərə və İsrailə qarşı artan tənqidlərə səbəb olub. Bu xüsusda bir müddət bundan əvvəl İsrailin Azərbaycandakı səfiri Corc Dik-ə qarşı onun olduqca müsbət sosial media paylaşımı ilə əlaqədar Amerikanın Erməni Milli Komitəsinin (ANCA) göstərdiyi həssas və aqressiv reaksiya təsadüfi deyildir. “Human Rights Watch” təşkilatının təmsilçisi S.Uitsonun isə fəaliyyəti bu təşkilatın Azərbaycana qarşı nə qədər qərəzli mövqedə olduğunu göstərir və ölkəmizə qarşı aparılan kampaniyanın səbəblərini anlamağa imkan verir.

REAL-ın AMERİKA bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər