MDB Hökumət Başçıları Şurasının iclası - VİDEO

MDB Hökumət Başçıları Şurasının iclası - VİDEO
İqtisadi və humanitar sahələrdə əməkdaşlıq müzakirə edilib

Mayın 29-da MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iştirak edib.

MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər, 2030-cu ilədək Birliyin iqtisadi inkişaf Strategiyası layihəsini nəzərdən keçiriblər. Şura üzvləri, həmçinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə birgə səylərə dair fikir mübadiləsi aparıblar.

İclasda çıxış edən Baş Naziri Əli Əsədov gündəliyə daxil edilmiş məsələlərin əhəmiyyətinə toxunub. Baş Nazir koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə mümkün təsirlərin aradan qaldırılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə ölkəmizdə görülən təxirəsalınmaz tədbirlərdən danışıb. Bu xüsusda MDB-yə üzv dövlətlər tərəfindən pandemiyaya qarşı birgə səylərə dair qəbul ediləcək qərarın önəmini vurğulayıb.

Baş Nazir Əli Əsədov nəqliyyat sahəsinə investisiyaların yatırılması nəticəsində ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradıldığını, bu infrastrukturun onlarla ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında, həmçinin pandemiya şəraitində ölkələr arasında ticarətin açıq saxlanılmasında və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsində böyük rol oynadığını qeyd edib.

Çıxışının sonunda Əli Əsədov MDB məkanında həll edilən münaqişələr məsələsinə toxunub, bunun regional əməkdaşlığın və MDB məkanında daha sıx qarşılıqlı fəaliyyətin həyata keçirilməsinə başlıca maneə olduğunu bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər