Mir Şahinin vaxtı - VİDEO (31.05.2020)

Mir Şahinin vaxtı - VİDEO (31.05.2020)

REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Vaxtınız xeyir.

Respublika Günü üstündə təhvil olan həftənin Azərbaycandan ötrü əsas hadisəsi şübhəsiz ki, Prezident və Birinci vitse-prezidentin iştirakilə açılan Qobu şəhərciyinin növbəti kompleksinin qapılarıdır. Niyə əsas hadisə? Ona görə ki, burada Respublika Günü həm də bir rəmz olaraq dövlət-vətəndaş prioritetlərinin bütöv bir spektrini, qayğı və hədəflərin bitkin xəttini göstərdi. Azərbaycanın bütün ideoloji strukturunu, dövlətin müstəqillik konsepsiyasını, ərazi bütövlüyümüzün bərpa kursunu əhatə edən, Cümhuriyyət dövrünün müsbətini də, müsibətini də faktlarla göstərən, ən yeni tariximizin könüllü qırıcı siyasət möhtəkirləri barədə sərt həqiqətlərin əks olunduğu geniş platformanı çatdırmaq üçün ən əlverişli platforma elə qaçqınların qarşısı idi. Qaçqınların---çadır şəhərciklərindən bu əsil şəhər standartlarına qədər çəkən yolu neçə yüz kilometrlər, neçə illər olub...

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Burada bütün şərait yaradılıb. İndi mən şəraitlə tanış oldum, ən yüksək səviyyədə işlər görülüb. “Qobu Park-3” bu qəsəbədə salınmış üçüncü böyük yaşayış kompleksidir. “Qobu Park-3” kompleksində 1336 məcburi köçkün ailəsi yerləşəcək. 960 şagirdlik məktəb, - özü də çox gözəl məktəbdir, - fəaliyyət göstərəcək və böyük uşaq bağçası artıq tikilib, istifadəyə hazırdır. Bütövlükdə Qobu qəsəbəsində 3 layihədə toplam 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcəkdir. “Qobu-1” və “Qobu-2” layihəsi artıq 2018-ci və 2019-cu illərdə istifadəyə verilib. Bildirməliyəm ki, bu şəhərciklərin tikintisinin təşəbbüskarı Mehriban xanım olub və 2017-ci ildə onun iştirakı ilə burada təməl daşı qoyulub. O vaxt bura boş ərazi idi, heç nə yox idi və demək olar ki, 3 il ərzində ardıcıllıqla burada gözəl bir şəhər yaradılıb. Çünki bu 3 şəhərcikdə toplam 20 minə yaxın insan yaşayacaq və bu, bir daha onu göstərir ki, əgər iradə varsa, əgər siyasət düzgün aparılırsa və əgər insanların ürəyində ən ülvi hisslər reallıqda öz əksini taparsa, istənilən təşəbbüs, istənilən gözəl ideya həyata keçər."

İndi isə mən Sizi ən yaxın tariximizə dəvət edirəm. Necə deyərlər, bir az havamızı dəyişmək üçün. Havamızı, əslində isə zamanımızı dəyişək. Həm unutmamaq, həm də bir daha eyni aqibətə uğramamaq üçün. Sizə “ZƏNGFİLM” kompaniyasının 1994-cü ildə istehsal etdiyi “Qaçqınlar” sənədli filmindən bəzi parçalar təqdim edirəm. Qoy sosial şəbəkə nəslinin qaçqın və məcburi köçkünün ağır dərbədər həyatı barədə məlumatı orijinaldan olsun.

Hadisələr 23-25 il əvvəlki Azərbaycanın ilan mələyən çöllərində cərəyan edir. O cəhənnəmə dəyək və bugünə, Qobuya qayıdaq.

Uzaq deyil, 2003-cü ili xatırlayaq. Xarici dövlətlərin, beynəlxalq təşkilatların yardım südü, beziylə böyüməyə başlayan uşaqlar o zamanları yaxşı xatırlamazlar. Ona görə də mən ağır insan mənzərələrinin əks olunduğu bu kadrları əyani vəsait kimi xüsusi olaraq məhz o keçmiş uşaqlar üçün göstərdim. Həmin kadrlardan sonra Prezidentin dediklərini daha yaxşı başa düşəcəyik.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bildiyiniz kimi, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində mənim proqramımın tərkib hissəsi məhz bu məsələ idi. Söz vermişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq və nəinki 5 il, 4 il ərzində biz buna nail olduq. Çox böyük uğur idi. Çünki ölkəmizin demək olar ki, bütün yerlərində çadır şəhərcikləri var idi, köçkünlər çox yararsız vəziyyətdə yaşayırdılar, eyni zamanda, uzun illər vaqonlarda, vaqonların altında, çadırlarda yaşayırdılar.

Çadır şəhərciklərinin ləğv olunması hesab edirəm ki, bizim çox böyük uğurumuzdur və indiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb. Son bir neçə il ərzində dünyada iqtisadi və maliyyə böhranı hökm sürür. Son 4-5 il ərzində neftin qiymətinin bir neçə dəfə kəskin düşməsinin şahidi olmuşuq. Buna baxmayaraq, məcburi köçkünlərlə bağlı olan heç bir layihədə heç bir yubanma yoxdur, heç bir proqramın ixtisarı nəzərdə tutulmur. Keçən il məcburi köçkünlər üçün rekord sayda evlər-mənzillər tikildi – 5 minə yaxın. Bu il qarşıya hədəf qoyulub ki, 7 min, bəlkə də 8 min məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin edilsin. Əgər biz buna nail olsaq, bir il ərzində həm Bakı şəhərində, Sumqayıt şəhərində və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək. Bu işlər ardıcıllıqla aparılır. Biz gələn ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün vəsait ayıracağıq."

Burada bir incə məsələ də var ki, son zamanlar İlham Əliyev ona bütün çıxışlarında xüsusi yer və diqqət verir. Sosial Dövlətin tələb və şərtlərinə sahibkarların, iş adamlarının, özəl sektorun fəal qoşulması. Pandemiya dövründə də dövlətin əsas çağırışlarından biri budur. Bu yeni kompleksdə bütün işləri özəl sektor görüb və bu fakt xüsusi məmnuniyyətlə qeyd edildi.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Şadam ki, mənim bir neçə il bundan əvvəlki çağırışımdan sonra özəl sektor artıq bu önəmli sosial layihələrə də qoşuldu. O vaxt mən özəl sektoru bu işlərə dəvət etmişdim və şadam ki, mənim çağırışım cavabsız qalmayıb. Bütün tikinti işləri, bütün investisiyalar özəl sektor tərəfindən təmin edilibdir. Burada xüsusilə Paşa Holdinq şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. Bu şirkət çoxşaxəli fəaliyyətlə məşğuldur. Bu şirkətin bütün dövrlərdə sosialyönümlü layihələri təqdirəlayiqdir. Onu da bildirməliyəm ki, heç bir reklam etmədən, necə deyərlər, özünü tərifləmədən bu işləri ardıcıl şəkildə görür. Bu gün koronavirus şəraitində Paşa Holdinq şirkəti və digər özəl şirkətlər ehtiyacı olan insanların yanındadırlar. Bu böyük tikinti layihəsi bir daha onu göstərir ki, biznesin sosial məsuliyyəti artır. Şadam ki, bu təşəbbüsə digər özəl şirkətlər qoşuldu və bu yaxınlıqda digər şirkətlər tərəfindən iki bina tikilir. Ümid edirəm ki, bizim başqa şirkətlərimiz də bu işə qoşulacaqlar. Çünki Azərbaycanda bir çox böyük şirkətlər, holdinqlər var. Onlar Azərbaycanda pul qazanırlar, ölkəmizdə hökm sürən sabitlikdən, biznesə göstərilən dəstəkdən faydalanırlar. Əlbəttə ki, onların sosial məsuliyyəti də lazımi səviyyədə olmalıdır. Ona görə bu yaşayış komplekslərinin tikintisi rəmzi xarakter daşıyır. Birinci növbədə dövlət öz iradəsini ortaya qoyur. Bildiyiniz kimi, məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir. Digər tərəfdən, özəl sektor artıq sosial məsuliyyət göstərərək belə gözəl imkanlar yaradır. Nəzərə alsaq ki, ümumiyyətlə Azərbaycanda 300 mindən çox məcburi köçkün bu günə qədər mənzillərlə, fərdi evlərlə təmin olunub və onlardan təqribən 20 mini bir şirkət tərəfindən görülmüş işlər nəticəsində evlərlə təmin edilir."

Sahibkar dövlətin iqtisadi idarəçiliyində etibarlı müttəfiq-menecer kimi iştirak edir. Və bu ciddi keyfiyyət dəyişikliyidir. Yeri gəlmişkən, bir mühüm detala-Prezidentin özəl sektorun pandemiya dövründəki sosial həssas təbəqələrlə davranışına da toxunaq.

İlham Əliyev imkanlı şəxslərin, iş adamlarının pandemiya dövründə kasıb təbəqəyə, sosial həssas zümrəyə kömək etməsini, ümumiyyətlə cəmiyyətdə pərvəriş tapan paylaşım, ianə, yardım, əliaçıqlıq psixologiyasını yüksək qiymətləndirdi. Ali tribunadan səslənən təqdir---iş adamlarını, imkanlı şəxsləri bir az da ruhlandırdı. Cəmiyyətin müxtəlif təbəqələrini, xüsusilə sosioloji daxili vəziyyətini öyrənən Təhlil və İnformasiya Mərkəzi kimi növbəti mərhələ üçün gözlədiyimiz və görmək istədiyimiz əlamətləri qeyd edim.

Cəmiyyətdə iki oxşar ad yanaşı addımlayır. Əliaçıqlıq və əl açmaq. Bu gün sosial cəmiyyətdə operativ yardım ənənəsinin flaqmanı, xeyirxahlıq və mərhəmətin mərkəzləşmiş, təşkilatlanmış təsisatı olan Fond mədəniyyəti, Fond yardımı bir mənəvi institut, çevik kömək, anında təcili yardım maşını kimi mükəmməldir. Ona görə də ayrı-ayrı imkanlıların yardımın eynilə bu formasını təkrarlamağa məncə daha ehtiyac yoxdur. İş adamlarının, sahibkarların, özəl sektorda çalışanların özləini tədricən başqa kömək formatına keçirməsi lazımdır.

Tutaq ki, Yardımlıdan, Tovuzdan, Daşkəsəndən və s. Bakıya gəlib bir qanunsuz ərazidə olduqca ağır şəraitdə yaşayan, uğradığı fərdi məişət böhranını, “harda işləyim, necə dolanım, soyuducum bom-boşdur! Mən də varlı yeyəndən yemək istəyirəm!” və s. kimi ilk baxışda kövrək, amma əslində əsaslı olmayan tələblər səsləndirən sadə adama hər ayın sonunda ərzaq, yağ, ət, un, makaron və s. qablaşdırılmış qutu yox, doğma kəndində iş yeri açmaq lazımdır. Dövlətin yox, sahibkarların hesabına. Onların təşəbbüsü və məsuliyyəti altında.

Sahibkarlar Konfederasiyası bu barədə düşünməkdən çəkinməməli, iş adamları sosial həssas təbəqə üzvünə qutuda balıq verməməli, balıq tutmağı öyrətməlidir. Əlbəttə, mən Yardımlının, Tovuzun, Daşkəsənin adını misal olaraq çəkdim. Bakının məşğulluq çekapını keçirib müəyyənləşdirmək olar ki, bu gün Paytaxtda nə qədər belə və özünü könüllü olaraq “yeni qaçqın formatına müncər etmiş işsiz qüvvə və ya əmək qaçqını var! Axı iş adamları 10 milyonluq bir kiçik ölkəni öz aralarında iş yeri yaratmaq üçün bölə bilər. Və hər bir ailə bu yolla öz kəndində, rayonunda dövlət, xalq və bizi gözləyən yeni zaman üçün faydalı ola bilər. Məncə, “dövlətin mənə verdiyi dana xəstə idi, öldü, bu da arayış, keçinin buynuzu gicişirdi, çomağa sürtdü, bu da dərisi, ya da mənə 250 manatlıq iş lazım deyil, ayda 190 manat yardım ver, bəsimdi!” kimi xırda komformist maliyyə əxlaqının nəticələri həmişə minnətdarlıq olmur. Kənd adamını kəndə qayıtmağa, süd-qatıq, kərə yağı-yumurta tədarük edib şəhərli təchiz etməyə öyrətməliyik. Kəndlilər, rayon camaatı dövlətin aqrar müstəqilliyinin özülü, təməli olmalıdır. Haşiyəm bir az uzun alındı, bilirəm, amma nə qədər qeyri-populyar səslənsə də kəndlini artıq qısırlaşmış neft buruğunun kaçalkasının qonşuluğundan artezian quyusunun hesabına suvardığı bostan başına, tarlaya, əkin sahəsinə qaytarmaq lazımdır. Təkrar edirəm: bunu dövlət yox, məhz iş adamları etməlidir. Ortada örnək var. Dövlət nümunəsi var.

Prezidentin idarəçilik üslubunda bütün komponent və istiqamətlərin bir-birilə məntiq, səbəb-nəticə ittifaqı var. Bax elə bu səbəbdən də kurs dürüst anlaşılmalıdır.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Burada, eyni zamanda, tibb məntəqəsi, ticarət yerləri, iş yerləri yaradılıb, - bu da nəzərə alınıb, - çünki burada yaşayacaq vətəndaşlar artıq burada işlə də təmin ediləcək. Xüsusilə qadınlar üçün burada xalçaçılıq emalatxanası fəaliyyət göstərəcək və digər istehsalyönümlü kiçik müəssisələr artıq fəaliyyətə hazırdır. Nəzərə alsaq ki, burada yaşayacaq insanlar uzun illər çox ağır vəziyyətdə yaşayıblar, - bugünkü təqdimatda onların indiki yaşayış yeri göstərilir, - əlbəttə ki, bu, ailələrə böyük sevinc bəxş edəcək."

Yəni gördüyünüz kimi, burada dövlət başçısı demir ki, hər həftə qapınızın ağzına bir qutu yardım qoyacağıq. Yox, əziz bacılar və qardaşlar! Hər bir ailə özünü özü təmin etməlidir. Bundan ötrü iş yerləri lazımdır və elə burda Qobu Yaşayış Kompleksinin özündə, bu boyda şəhərcikdə xeyli iş yeri var və daha çox da yaradıla bilər. Dalandar olmaqdan, bağban olmaqdan utanmaq lazım deyil. Əsas odur ki, vətəndaşın yardıma açılı əli uğurlu bir sosial əməliyyatdan sonra müstəqil-işlək ələ çevrilsin. Çünki o əllər bizə sabah işğaldan azad olunası ərazilərdə işləmək, bərpa etmək üçün lazım olacaq.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Ancaq onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq. Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur. Bəzən belə fikirlər səsləndirilir ki, bəzi köçkünlər torpaqlar işğaldan azad olunandan sonra qayıtmaya bilərlər. Amma mən tam əminəm ki, bütün köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, necə ki, Cəbrayıl köçkünləri. Onlar uzun illər başqa yerlərdə yaşayıblar, o cümlədən Bakı şəhərində. Ancaq imkan olan kimi onlar hətta növbəyə durmuşdular ki, tezliklə öz doğma torpağına qayıtsınlar. Eyni zamanda, işğaldan azad olunan Şıxarx qəsəbəsi. İndi orada da böyük şəhərcik salınıb. O, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən Azərbaycanın tarixi məkanıdır, işğaldan azad olunan ərazidə böyük şəhərcik salınıb. Biz bu gün işğal altında olan bütün digər torpaqlarda da bərpa işləri görəcəyik. Azərbaycan öz suverenliyini təmin edəcəkdir."

İlham Əliyevin Qarabağ məsələsinə bu problemin aborigen əzabkeşlərinin qarşısında qayıtması isə, son zamanlar Paşinyanın cığal və avantürist, rus demişkən---vıxodkaları fonunda xüsusi məna daşıyırdı. Digər tərəfdən də Paşinyanın Şuşa rəqqasəliyinə mənəvi şabaş səpələyən, siyasətçi iddiasında olan məhəlli-hövzə politikanlarımızın düşük qutablığı. Prezident cavab verdi.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaqdır. Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Əlbəttə ki, sadaladığım bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır. Bu gün müzakirə edilən və danışıqlar masasında olan məhz mərhələli həldir. Baxmayaraq ki, Ermənistanın rəhbərliyi öz rəsmi populist çıxışlarında bunu inkar etməyə çalışır, ancaq mahiyyət etibarilə danışıqlar çərçivəsində həmin bu mərhələli həll məsələsi müzakirə edilir. Burada da riyakarlıq edir, öz xalqını aldadır, vasitəçiləri aldatmaq istəyir. Mərhələli həldən başqa heç bir həll mümkün deyil, o da nə deməkdir? Birinci mərhələdə torpaqların bir hissəsi işğaldan azad olunur. Bundan başqa variant ola bilməz. Amma mənim dediyim söz odur ki, bu, ancaq mərhələli yanaşma ola bilər. Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik. Mənim fikrim budur və bilirəm ki, Azərbaycan xalqı mənim mövqeyimi dəstəkləyir. Mən bunu dəfələrlə bildirmişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi."

Təkrar edirəm. Klassik vətəndaşlıq pozası, daha doğrusu və ya daha ağırı, kvazivətəndaşlıq mövqeyinə vərdiş edən bir psevdo ziyalı obrazı bu gün işə yaramır. Belələri marıq və maraqda dayanmışkən, şeytan bilir nəyi gözləyirkən, Prezident özü hər imkan düşdükcə tarix dərsi keçir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Dağlıq Qarabağda yaşayan insanlar heç də Azərbaycanın o biri torpaqlarında, rayonlarda yaşayan insanlardan pis yaşamayıblar. Ancaq Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti imkan vermirdi ki, orada bir dənə də olsun hadisə baş versin.

Mənim gözümün qabağında ermənilər Heydər Əliyevin qarşısında fərəqət durmuşdular, onu salamlayırdılar. Orada Azərbaycan dilində poeziya günü keçirilmişdir. Erməni, Azərbaycan şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti, müdrikliyi imkan vermirdi ki, bir dənə də erməni baş qaldırsın. Şuşada olan zaman o qədim Azərbaycan şəhərinin tarixini görərkən biz bir daha görürdük ki, bizim nə qədər böyük tarixi irsimiz var. Yadımdadır, Ulu Öndər ev-muzeyləri, Üzeyir Hacıbəylinin ev-muzeyi haqqında və digər göstərişlər vermişdi ki, Azərbaycan mədəniyyəti orada daim yaşasın. Ermənilər və burada yerli satqınlar Heydər Əliyev Moskvada işləyəndə donoslar, anonim məktublar yazırdılar. Aydın məsələdir ki, Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş qaldırsınlar. Buradakı satqınlar, xainlər, Azərbaycan millətinin düşmənləri donos yazırdılar."

Yəni bu gün Qobustan qayalarında ibtidai babalarımızın mamontlarla qurşaqdan aşağı-yuxarı davasının əfsanələrinə yox, ən yaxın tariximizin həqiqətlərinə ehtiyac var.

inqilab. Çevriliş. Qiyam. Sui-qəsd. Dövlətin parçalanması. Qarabağda rüsvayçı məğlubiyyətlər. Qaçqınlar. Köçkünlər. Donos varisləri...

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “İndikilər də yazırlar. O vaxt Siyasi Büroya yazırdılar. Bunlar isə bizdən Qərb ölkələrinə donos yazırlar. İndiki milli satqınlar dediyim o cinayətkar ünsür dəstəsi o vaxtın donos yazanlarından fərqlənmirlər. Onlar da özlərinə başqa ölkədə himayədar axtarırdılar, bunlar da. Onların da, bunların da əsas məqsədi hakimiyyətdir, nəyin bahasına olursa-olsun. Bax, buna görə torpaqlar işğal altına düşüb."

Siyasi abort tullantılarının xortdan həyatı davam edir. Ən yeni tarixin təqdimatına isə əşhəddü-ehtiyac var. Haradadır tarix institutu. Haradadı peşəkar tarixçilər. Haradadı o zamanın şahidləri?

Biri deyir, “mənim dövrüm deyil. Mən 17-18-ci əsri öyrənirəm, ya da mənimki Cümhuriyyət dövrüdür...” O birisi deyir fikirləşə bilmirəm, ayağım ağrıyır..., yaxşı tema olanda de də mənə, bu nədi e?

Azərbaycanın tarixi layihəsinə tarixçi aparıcı axtarırıq, hörmətli keçmişlər!!! Keçilmişlər!

Bu həftə Azərbaycan zabiti Ramil Səfərovun da adını, dadını çıxaranlar oldu. Avropa Məhkəməsi Azərbaycanın uğuru ilə bitdi. Pamilin ekstradisiya olunması da, əvf edilməsi də qanuni sayıldı. Ortadakı bir ovuc əyrinin Azərbaycanın uğurunu uğursuzluq kimi qələmə verməsi də divara dəyib düşdü. Prezident isə tam başqa mətləbdən danışdı və təhtəlşüurda son dərəcə böyük miqyası əhatə edən fikirlərilə qarşı tərəfin də, arxa tərəfin də cavabını verdi. Gözlənilmədən Sumqayıt hadisələri xatırlandı... Baxaq və altşüurumuzla düşünək. Gözlənilməzlik deyildi bu əslində. Qulaq asın...?!

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “İstintaqı biz aparmamışıq. İstintaqı Moskvadan gələn istintaq qrupu aparırdı. Orada bilindi ki, bu dəstənin başında dayanan ermənidir. Onun təcavüz etdiyi şahidlər üzünə demişdilər, o kadrlar var. Onun qətlə yetirdiyi insanların qohumları, yaxınları demişdilər ki, bizi öldürən budur. Baxın, sonra nə olur? Bu adam həbs olunur, ona hökm verilir. Bir ildən sonra o cəza çəkmək üçün Ermənistana göndərilir. Ermənistanda nə edirlər? Onu buraxırlar. Yaxşı, bu adam erməniləri öldürüb, bu da təsdiq olunub, istintaq materialları var. Nə üçün siz onu buraxırsınız? Deməli, bu, bəri başdan qurulmuş təxribat idi. Bu təxribatı ermənilər törədiblər, sonra yıxıblar Azərbaycan xalqının üstünə. Bu da onlara fürsət verib ki, Dağlıq Qarabağ məsələsini qaldırsınlar. Bax, budur tarix."

Bir yerdə də Ramil adı çəkilmir, amma bütün cavablar buradadır. Doğrudan da, ermənilər o zaman Sumqayıtda öz soydaşlarını amansızlıqla qətlə yetirən xroniki qatili, cəlladı alıb açıb buraxıblarsa, Azərbaycanı NATO sülh məramlılarının tərkibində layiqincə təmsil edən, məcburiyyət qarşısında müstəsna addım atan Ramil Səfərovu niyə Azərbaycan azad etməməlidir.

Yadımdadır. “Əhmədova azadlıq!”, “Əhmədova azadlıq!” şüarları ilə Lenin meydanını lərzəyə gətirməyimiz də. Qatil Qriqoryanın SSRİ qanunun əlindən alınaraq Ermənistana verilməsi də. Biz bağırırdıq. Amma eşidilmirdik. Azərbaycan hakimiyyəti beynəlmiləl oxuyurdu. Qatil Qriqoryanı qorumaq üçün bizim Əhmədovu güllələnmə cəzasına məhkum etdilər.

Bəs nə etdi ondakı Azərbaycan hakimiyyəti?

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycan hakimiyyəti nə edib? Heç nə. O vaxt Azərbaycanın başında duran adam bilmirdi ki, Moskvanın o çinovniklərinin dabanını necə yalasın. Budur milli rəzalət. Sovet İttifaqı dağılandan sonra bir neçə ay keçmədi, dərhal Xocalı soyqırımı törədildi. Azərbaycan hakimiyyəti öz vətəndaşlarını qoruya bilmədi. Xalqımıza qarşı qanlı cinayət, soyqırımı törədildi. Ondan bir neçə ay sonra - 1992-ci ilin may ayında Şuşa və Laçın işğal olundu. Kimdir günahkar? Azərbaycan Xalq Cəbhəsi. Bir nömrəli günahkar odur. Əlbəttə, o vaxtkı hakimiyyətin də günahı var. Çünki öz şəhərlərimizi qoruya bilmədi. Ancaq Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi. Şuşanın guya müdafiəsini təşkil edən adamlar satqınlıq edib, xəyanət edib, qaçıb gizlənmişdilər. Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Az kontingentlə oranı illərlə müdafiə etmək olar, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Belə də oldu. Sonra Laçını da satdılar. Hakimiyyətə gəldilər. Onların əsas məqsədi hakimiyyətə gəlmək və olan-qalan sərvətləri talamaq idi."

Və bütün bunlar baş verəndə mənim 29 yaşım var idi. Yəni 9, 8 yaşım yox idi. Hər şeyi xatırlayıram. Müharibə operatoru İlham Ələkbərovun kadrlarını yenidən təqdim edəcəm sizə. Şuşa qaçqınlarının rəhmətlik Əbülfəz Elçibəylə görüşünün kadrlarını. Kiçik bir annatasiya. Azərbaycan Xalq Cəbhəsinin o zamankı iqtidara ciddi maneə olması öz işini görüb. Əsası Xalq Cəbhəsinin özünü müdafiə dəstələrindən ibarət olan silahlı birləşmələr tam siyasiləşdiyindən, hərbi əmrləri yox, siyasi göstərişləri yerinə yetiriblər. Döyüşçülər Ali baş komandana yox, AXC rəhbərliyinə tabe olduğundan döyüşə çıxmayıb. Bakıya hakimiyyət ardınca yürüş edib. Şuşa və Laçın süqut edib. Bakı hakimiyyəti ilə birlikdə. Şuşa qaçqınları Prezidentliyə namizəd Elçibəylə görüşdədir.

Bu kadrları bir neçə dəfə göstərmişik. Görmək lazımdır, Azərbaycanı, dövləti, hörmətli tamaşaçılar. Davosdan baxa bilmiriksə, yəni yaxın gələcəkdən... Şuşadan baxaq, yaxın keçmişdən. Heç olmasa bu həftə Qobudan baxaq.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycan Xalq Cəbhəsinin cinayətkar əməlləri bununla bitmir. Ondan sonra onların yarıtmaz fəaliyyəti nəticəsində Kəlbəcər işğal olundu. Müdafiəni düzgün qura bilməmişdilər. Kim quracaqdı müdafiəni? Kim məşğul idi müdafiə ilə? Hərbi işdən heç bir xəbəri olmayan savadsız və xəyanətkar adamlar. Kim idi dövlətin başında? Xalq arasında heç bir hörməti olmayan boşboğaz. Kim gətirdi saldı bizim xalqımızı bu bəlaya? Onlar. O vaxt Heydər Əliyev olsaydı, qoyardımı ki, belə vəziyyət yaransın? Ona görə biz bunu bilməliyik. Kəlbəcər əldən gedəndən sonra neylədilər? Vəziyyəti bərpa etmək əvəzinə başladılar öz ordumuza qarşı mübarizəyə. Burada torpaqlar əldən gedir, onlar isə Gəncəni bombalayırdılar. Kəlbəcər, Laçın, Şuşa rayonları işğal olunandan sonra Dağlıq Qarabağla Ermənistan arasında bağlantı yarandı. Onlar isə Gəncəni bombalayırlar. Kim edib onu? Azərbaycan Xalq Cəbhəsi. Bu gün elə orada-burada fırlananlar da bu işdə əli olan cinayətkarlardır. Xalq da buna dözmədi, bunları süpürdü birdəfəlik atdı. Məhz ondan sonra Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi və vəziyyət sabitləşdi."

Tarixçilərin müəmmalı sükut boşluğunu Əliyev özü doldurmalı olur. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini ideallaşdıranlar amansız tarixi faktları qəbul etməyəcək qədər cığal, sırtıq və ərköyündürlər. O dövrü obyektiv təhlil etmək lazımdır. O AXC-ni bu AXC-yə oxştmaq istəyənlərlə məsələ aydındır. Amma tarixlə də barışmaq lazımdır.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bu gün Respublika Günüdür. Əlbəttə ki, Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir. Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk respublika məhz Azərbaycanda yarandı, Azərbaycan xalqı bunun təşəbbüskarı olub. Eyni zamanda, biz bu gün də tarixdən ibrət götürməliyik. Nə üçün Respublika iki ildən də az yaşadı? Nə üçün süqut etdi? Nə üçün müstəqilliyi qoruya bilmədi? Bu suallardır. Biz düzgün nəticə çıxarmaq üçün tarixi bilməliyik. Burada heç bir mifologiyadan söhbət gedə bilməz. Hansısa hadisələri şişirtməklə biz özümüzü aldatmamalıyıq. Nə üçün? Çünki o hadisələr təkrarlanmasın. Nə üçün? Çünki müstəqilliyimiz əbədi olsun. Azərbaycan Xalq Cümhuriyyəti rus imperiyasının dağılması nəticəsində yaranmışdır. Ancaq cəmi iki ilə yaxın yaşadı. Çox önəmli addımlar atılmışdır. Müstəqillik elan olundu, dövlət atributları təsis edildi. Milli Ordu, Bakı Dövlət Universiteti yaradıldı, mütərəqqi qanunlar qəbul edildi. Amma, eyni zamanda, biz bilməliyik ki, o müstəqillik şərti xarakter daşıyırdı. Bakıda söz sahibi xarici generallar idi və Azərbaycan Xalq Cümhuriyyəti öz addımlarını, hətta dövlət atributları ilə bağlı planlarını gərək onlarla razılaşdıraydı. Respublika Azərbaycan ərazisinə tam nəzarət etmirdi. Əlbəttə ki, biz heç vaxt unutmamalıyıq ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı, bizim qədim şəhərimizi Ermənistana vermək idi. Bunu heç cür əsaslandırmaq və heç vaxt bağışlamaq olmaz. Ona görə biz bu həqiqətləri bilməliyik və gənc nəsil də bilməlidir."

Və elə burada tarixçi, Millət vəkili Musa Qasımlını dinləyək. Həqiqəti bilmək üçün. İrəvanda xal qalmadı desək də, məncə İrəvan məsələsində ortaya böyük bir xal düşüb…

Bu böyük məqsəd isə yalnız ənənəvi üsulları kifayət saymır. Dövlət sərhəddini həm də internet resurslarında qorumalıyıq. Yeni dövr, yeni vaxt yeni standart və çağırışlar diqtə etdiyindən internet və sosial şəbəkələrlə rəftar özünə immunitet formalaşdırmalıdır. Ölkənin siyasi rəhbərliyi, din xadimləri, nüfuzlu şəxsləri ardıcıl linçə, virtual terrora məruz qalır.

Məsələn, Azərbaycanda Respublika günü qeyd olunan saatlarda Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə BMT- müstəvisində “Fəaliyyətə keçmək üçün qlobal çağırış” mövzusundakı beynəlxalq video-konfrans-məsləhətləşməyə qatılmışdı. Özü də bu tədbirə o BMT-nin İnsan hüquqları üzrə komissarı, BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi, BMT Soyqırımın qarşısının alınması üzrə xüsusi məsləhətçisinin birgə dəvət məktubuna əsasən qoşulmuşdu. Mövzu bəşəri idi. Pandemiyaya qarşı birgə proqramlarda iştirak etmək, konfrans iştirakçılarının ölkələrində bu bəla ilə bağlı görülən işlər, dünyada qeyri-bərabərlik, dini və irqi dözümsüzlük, nifrətə çağırış hallarına qarşı səfərbər olmaq, miqrant və məcburi köçkünlərə mərhəmət göstərilməsi. Azərbaycan nümunə, model ölkə kimi yeni zamanın istiqamətverici Respublikalarındandır və bu bu baxımdan Bütün Qafqazın Şeyxinin məqamı dövlətə münasibətin məqamıdır.

Pandemiya dövrünün reallıqlarının müzakirə Miqrant və məcburi köçkünlərə mərhəmətdən bəhs edilən tədbirdə Şeyxin yeri uca idi. Əvvəla ona görə ki, onun təmsil etdiyi ölkənin Prezidenti pandemiya ilə uğurlu mübarizə aparan liderlərin ən uğurlusu sayılır. Azərbaycan təcrübəsi uğurlu nümunə kimi etiraf olunur. Məsələn, İlham Əliyevin təşəbbüsü ilə təşkil edilən, çağırılan və baş tutan bir neçə qlobal tədbirin adını çəkə bilərik.

Qoşulmama Hərəkatı, Türk Zirvəsinin on-layn Şurası və s. Yaxud tədbirdə söhbət qaçqınlara mərhəmətdən gedir. Bir az əvvəl biz Azərbaycan Prezidentinin Qobu qəsəbəsində öz qaçqınlarımıza dövlətimizin mərhəmətinin şahidi olduq. Növbəti dəfə.

Bu dəfə Prezident VƏ Birinci vitse-prezident tərəfindən Qobu-3 qaçqınlara hədiyyə edildi. Belə olanda təbii ki, Şeyxin də deməyə sözü var idi..

Bu tədbiri və Şeyxin çıxışını niyə xatırlatdım. Ona görə ki, virtual mühitin residivistləri, diversantları məhz elə həmin gün, tədbir zamanı, Şeyx çıxış edərkən feyk xəbərlər yaymağa başlamışdılar.

Təhqir, yalan və iftira... Şeyx saxlandı. Əməliyyat gedir və s.

Real Təhlil və İnformasiya Mərkəzi fəaliyyətə başladığı gündən indiyədək israr edir ki, Qaragüruh adlandırdığımız, kütləbaşılar və onların sosial şəbəkələrdəki əlaltıları, dayaqları əslində dövlətlə mübarizə aparırlar. Sosial şəbəkələrdəki imzasızlıq, intizamsızlıq onlara layiq olmadıqları məşhurlaşmaq, kafedra əldə edib danışmaq imkanı verib. Onlar pozuculuq, xaos yayan qüvvələrdir. Ya da beklə qüvvələrin əlində. Yeri gəlmişkən, sosial şəbəkələr dünyanın probleminə çevrilir və artıq onunla nəsə etmək zərurətini əksər dövlətlər anlayıblar.

May ayının 28-də ABŞ Prezidenti D.Tramp “Onlayn senzuradan müdafiə barədə” Sərəncam imzalayıb. Ona görə ki, “Twitter”, “Facebook”, “Instagram” və “YouTube” informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır və fikirlərə qarşı selektiv yanaşmalar tətbiq edirlər. Onlayn platformaların genişlənməsi və təsirini hədsiz artırması, əksər hallarda dağıdıcı səmtə artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir. Artıq Avropada bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib və proses sürətlə davam edir. Sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır. Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələr getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycan da bu qlobal prosesdən kənarda qalmamalıdır.

Sosial şəbəkələr söyüş, terrora, qarşıdurmaya çağırış platformasına çevrilib. Artıq beynəlxalq və ölkələr səviyyəsində bu istiqamətdə iş görməyin, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunlar qəbul edilməsinin zamanıdır. Trampın qərarı belə düşünməyə əsas verir ki, bu xaosa son qoyulması artıq pandemiyaya son qoymaq kimi bir zərurətə çevrilib. Yeni dünyaya köhnə, cahil, təhqiramiz cizgilərlə getmək olmaz. Davos standartları yeni insan tələb edir. Bu insan tələbi kommunizm üçün tələb olunan yeni insan modeli deyil. Daha sadə və realdır. Gerçəkdir. Dünya yeni enerji ilə fırlanmalıdır. Neft və yedək enerji gücləri yerini tədricən modern mənbələrə verir. Dördüncü Sənaye Transformasiyası belə tələb edir. Azərbaycan yeni tezliyə sürətlə uyğunlaşır.

Belə. Son 7 gündə ölkədə karantin rejiminin şərtləri yenə yüngülləşdirildi. Bir az da sərbəstləşdik. Amma deyəsən çox şeyi hələ dürüst anlamırıq. Görünür bu da karantin rejiminin mənasını tam başa düşmədiyimizdəndir. Əlbəttə, əmin deyiləm ki, indi deyəcəyim sözlərdən dərhal sonra hamı dəyişəcək, amma yenə də ümidimi itirmirəm. Hörmətli tamaşaçılar. Karantin xüsusi rejimdir ki, orada biz o müddət başa çatandan sonra riayət etməli olacağımız şərtləri, qaydaları öyrənirik. Hərbi xidmətdə olanlarımız yəqin unutmayıb. Karantin dövründə yaxalıq tikməyi, yatağımızı səliqəyə salmağı, komandirlərin əmrini yerinə yetirməyi öyrədirdilər. Karantin dövründə öyrədilənləri isə hərbi hissədə artıq tətbiq edirdik. Amma karantinin bitməsi hərbi xidmətin bitməsi deyildi, başlanması idi. İndi də deyil! Karantin dövründə öyrəndiklərimizi artıq həyatda tətbiq etməliyik.

Maska, əllərin yuyulması, sosial məsafə saxlamaq, lüzumsuz yerə küçələrdə reşt oxumamaq... Yaşlı adamları qorumaq.

Kiçik narahatlıq hiss etdikdə həkim çağırmaq. Bunlar karantindən sonra da hələ uzun müddət əməl etməli olduğumuz qaydalardır.

Biz özümüzü, özümüzün simamızda dövlətimizi qoruyuruq. Qorumalıyıq. 102 yaşımız var. İnsan üçün çoxdu bu yaş əlbəttə. Amma dövlət üçün yox. Dövləti ailələrimizdə qorumalıyıq. Unutmayaq ki, bu ölkəni, bu dövləti qurmaq üçün təkcə yaşamayıblar, həm də həlak olublar, şəhid olublar. Şəhadətə yetişmək və virusdan ölmək isə bir deyil.

Azərbaycan Dövlət Teleradioverilişləri Qapalı Səhmdar Cəmiyyətinin yüksək peşəkarlıq və bəzi məqamları ilə təhtəlşüura hesablayaraq hazırladığı videoçarxa baxaq. Burada bayraq da var, mücadilə də. Ölüm də. Həyat da. Başlıcası Azərbaycanın bir çarxa sığışdırılmış yuvarlaq obrazı var.

Prezidentin islahatlar kursunun yeni mərhələsində müstəsna ideoloji-informativ rol oynayan peşəkar həmkarlarımıza uğurlar arzulayıram. İndi islahatlara mane olmaq istəyən qüvvələr də fəallaşır. Amma biz onların görmək istədiyi keçmiş, güruh, qaranlıq cəhalət Azərbaycanında yox, gələcək- güclü, işıqlı, rüşvətsiz, korrupsiyasız halal Azərbaycanda yaşamaq üçün mübrizə aparırıq.

Çarxdakı ruhu tutmağa çalışın. Ruh yüksəkliyi ilə salamat qalın.

Digər xəbərlər
Bu gün
Dünən