“Komplekslərin sayı 46-ya çatıb” (VİDEO)

“Komplekslərin sayı 46-ya çatıb” (VİDEO)
İlham Əliyev: 5 rayonda komplekslərin tikintisi davam edir

"Bölgələrində idman qurğularının tikintisi geniş vüsət alıb. Azərbaycan bu parametr üzrə dünya miqyasında qabaqcıl yerlərdədir. Bölgələrdə tikilmiş Olimpiya komplekslərinin sayı 46-ya çatıb.5 rayonda Olimpiya İdman komplekslərinin tikintisi davam edir".

Bu sözləri Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edərkən Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu, imkan verəcək ki, rayon idmançıları öz peşəkarlığını artırsınlar.

“Burada bütün şərait yaradılıb – böyük oyun zalı, güləş, boks, trenajor zalları, üzgüçülük hovuzu. Hətta mehmanxana da var. Tərtərdə heç vaxt üzgüçülük hovuzu olmayıb. Böyük stadion inşa edilib. Stadion da heç vaxt olmayıb. Mini futbol, voleybol, yəni, idmanın əksər növləri ilə burada məşğul olmaq olar. Əminəm ki, Tərtər idmançıları bu imkanlardan istifadə edərək həm ölkə daxilində, həm beynəlxalq arenada yaxşı nəticələr göstərəcəklər. Tərtərdə idman həmişə inkişaf edib. İndiki şəraiti nəzərə alsaq, əlbəttə ki, daha da böyük ümidlərimiz vardır. Bütövlükdə ölkəmizin idman infrastrukturu istənilən beynəlxalq yarışın keçirilməsi üçün imkan yaradır. Bakı şəhərində artıq iki çox böyük beynəlxalq idman yarışı keçirilib. Deyə bilərəm ki, Yay Olimpiya Oyunlarından sonra öz miqyasına görə Avropa Oyunları ikinci yeri tutur. Bildiyiniz kimi, Avropa Oyunları heç vaxt tarixdə keçirilməyib və birinci Avropa Oyunları məhz Azərbaycanda keçirilib. Çünki bir çox ölkələr bundan imtina edib, çünki bu, bir yenilik idi. Bir çox ölkələr tərəddüd edirdilər ki, bunu bacaracaqlar, yoxsa yox. Biz isə bunu bacardıq, özü də yüksək səviyyədə. Onu da bildirməliyəm ki, həm Avropa Oyunları, həm IV İsam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi idman potensialımızı gücləndirdi, eyni zamanda, Azərbaycanı dünyada müasir ölkə kimi təqdim etdi. Avropa və İslam Həmrəyliyi oyunlarında 100-dən çox ölkədən 10 mindən artıq idmançı, minlərlə qonaq iştirak edib. Əminəm ki, onların hər biri Azərbaycandan ən xoş təəssüratlarla ayrılıb. Ölkəmizin tarixi, inkişafı, xalqımızın qonaqpərvərliyi, müasir həyatı ilə bağlı onlarda dolğun təsəvvür var. Çünki sirr deyil ki, hətta bu günə qədər bəzi dairələr Azərbaycan haqqında müxtəlif uydurmalar, həqiqəti əks etdirməyən saxta informasiyalar yayırlar. Ona görə Azərbaycana gələn hər bir qonaq, - əgər o, qərəzsizdirsə, - öz gözü ilə ölkəmizin inkişafını, xalqımızın rahat yaşamasını, ölkəmizdə hökm sürən sabitliyi görür. Onu görür ki, bu gün müasir və müstəqil Azərbaycan dövləti ən yüksək zirvədədir. Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmamışdır. Bizim idmanla bağlı tədbirlərimizin əsas məqsədi insanların sağlamlığını təmin etməkdir. Çünki idmançılar yaxşı bilirlər ki, idman insan sağlamlığı üçün ən əsas amillərdən biridir. Ona görə mən həm idmançılarla görüşlərdə, həm də digər auditoriyada çıxışlarımda həmişə vurğulayıram ki, hər bir insan idmanla məşğul olsun. Söhbət ondan getmir ki, hər kəs idmançı olsun. Amma idmanla məşğul olan insan sağlam olur. İdman insanı fiziki cəhətdən gücləndirir, eyni zamanda, bizim idmançılarımız bu gün məişətdə də bir çoxları üçün nümunədir. Beləliklə, idmanın kütləviliyini təmin edərək biz xalqımızın sağlamlığını qoruyacağıq və bizim gənclərimiz, gənc nəsil sağlam olacaq - həm fiziki cəhətdən, həm mənəvi baxımdan. Çünki fiziki cəhətdən güclü insan adətən öz gücündən yalnız çətin məqamda istifadə etməlidir. Güclü insanda özünə əminlik var. Fiziki cəhətdən güclü insan heç vaxt ondan zəif insana qarşı zor tətbiq etməməlidir. Ancaq özünü, öz yaxınlarını, öz torpağını qorumalıdır. Ona görə idmanın inkişafı, sadəcə olaraq, idman nəticələri əldə etmək üçün vasitə deyil, idmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır”.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər