Mir Şahinin vaxtı - VİDEO (07.06.2020)

Mir Şahinin vaxtı - VİDEO (07.06.2020)

REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir.

İki xüsusi gün yaşadıq. Korona virus həyatımıza soxulandan bəri ilk dəfə idi ki, iki günümüzü əsl ev yasaqlığı, mənzilə məhkumluq şəraitində keçirdik. Açığını deyim ki, vətəndaşlarımızın belə qanun pərəst olacağını gözləmirdim. Çünki, özünəməxsus qara cümə alış-verişinin təəssüratı da yenidir. Və adamın inanmağı gəlmir ki, 2016-cı ilin aprel ayını “vətən sağ olsun!” deyə bütün ölkədə bayraqıstan yaratmaqla tarixə həkk edən xalqın ayrı-ayrı hissələri yersiz yerə çörək davasına da belə ürəkdən, mədədən girişə bilərlər. Əvvəla ona görə ki, ərzaq, o cümlədən də çörək sarıdan heç bir sıxıntı yox idi. Yoxdur. Ona görə ki, hələ virusun yayıldığı ilk həftələrdə Nazirlər Kabineti yanında Operativ Qərargah heç bir ərzaq böhranının olmayacağı barədə rəsmən elan vermişdi və o günlər dükan-bazarı silib-süpürməyə amadə qardaş-bacılarımıza da hələ qabaqcadan Gözü Tox Taq olmağı tövsiyə etmişdi. Ikincisi də, hətta belə bir əminlik olmasaydı da vətəndaş məsuliyyəti deyilən daxili vəziyyət bizdən səbrli-dözümlü olmağı tələb etməliydi. Axı elə bircə həftə əvvəl ordumuzdan Şuşanı vurmağı tələb edən virtual izdiham yaşamışdıq. İndi isə bir anlıq hesab edək ki, Şuşada hansısa saxta bir andiçməni pozmağa hesablanmış hava zərbəsi endirmişdik və bununla da atəşkəs dövrünün dinc insanlarına, vətəndaşlarımıza yeni ab-hava, açıq müharibə şəraiti təklif etmişdik. Deməli, çörək tıxacını gözünə qatıb Bişkek inqilabında olduğu kimi evinə kilometrlər uzunu tualet kağızı dartmağa da, 5-10 banka xiyar turşusu, qutu-qutu makaron, düyü, un almağa da ehtiyac yox idi. Və üçüncüsü: axı söhbət vur-tut iki gündən, şənbə və bazardan gedirdi. Doğrudanmı iki günün həyəcanı “Uzaq sahillərdən” tanıdığımız partizanların ərzaq əməliyyatı boyda olmalıydı.

Yox əlbəttə. Bu Ac Qarın yox, Ac Göz mənzərəsiydi… Buna bənzər bir mənzərəni biz bu yaxınlarda manatı dollara dəyişənlərin ifrat canfəşanlğı zamanı da görmüşdük. Sonrası nə oldu? Bir neçə gün sonra dolları manata dəyişənlərin növbəsinin şahidi olduq. Əminəm ki, iyulun 8-də hər kəs o günkü qardaşdan irəli qarınlığını gülə-gülə xatırlayacaq. Təki növbəti beşinci günü yeni və eyni aqibətin qara cüməsinə çevirməsin.

Amma yaxşı ki, şənbə və bazar günü başqa vətəndaş gördük. Operativ Qərargahın əmri qeyd-şərtsiz yerinə yetirildi. Hətta zibil atmaq da olmazdı. Hətta bütün dükanlar bağlanmışdı. Hətta. Hətta. Hətta. Bütün belə həttalıq yasaqlara baxmayaraq vətəndaş səbr etdi. Dözdü. Anladı ki, bu xanənişinlik onun sağlamlığı, dövlətin normal həyatı üçündür. Küçələrdə artıq adam, artıq avtomobil yox idi. Təkcə Bakıda yox. Operativ Qərargahın qərar zonasına daxil olan başqa iri şəhərlərimizdə də eyni intizamlı tabelik var idi. Bu, artıq o xalq idi. Aprel döyüşlərində ölkəni bayraqıstana çevirən. Dövlətin sinonimi. Öz sağlamlığının dövlətin taleyinin tərkib hissəsi olduğunu anlayan xalq.

Görünür, “Dövlətə canım fəda! Ali Baş Komandan əmr etsin, Xankəndinə bayraq taxım!” Ömürdən pay verərlər, torpaqdan pay olmayır!” poetikası, ritorikası ilə yaşayan xalq tək, hələlik belə çətin tapşırıqlara hazırlıq kimi, küçəyə çıxmamağı, maska taxmağı, məsafə saxlamağı, bir sözlə virusla mübarizənin tələblərini yerinə yetirməyi öyrənməyimiz çətin deyilmiş. Gəlin belə zənn edək ki, Böyük Qarabağ savaşına hazırlaşırıq. Kiçik hərbi vətənpərvərlik gimnastikası edirik. Sabah Şuşanı, Laçını, Ağdamı azad etmək üçün ev tapşırığımız bu günə belədir: bu gün bir çörək yerinə beş çörək almayaq. Zəngilanı, Cəbrayılı azad etmək üçün bu günə ev tapşırığı: bu gün Ali Baş Komandanın əmrilə dərhal maska taxaq. “Evə get!” deyiləndə dərhal evə gedək. “Evdən çıxma!” əmri veriləndə evdən çıxmayaq. “Döyüşə get!” deyəndə döyüşə getmək, “Döyüşdən çıxma!” deyiləndə döyüşdən çıxmamaq üçün! Polislə gizlənpaç oynayan saqqallı uşaqlara da başa salaq ki, indiki halda bu cəsarət yox, rəzalət əlamətidir. İçimizdə bir əsassız təftişçilik var.

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərini, əmrlərini müzakirə etməyək. Bu baş verəcəyi təqdirdə məsuliyyət altına alaq. Sərt şəkildə cəzalandıraq. Bütün dünya öz liderlərilə birlikdə pandemiyaya müqavimət göstərir. Amerika Birləşmiş Ştatlarında Floydun öldürülməsinə etiraz edənlər belə polisin dəyənəyinə, rezin gülləsinə ağzı maskalı atılır, Kanada Baş naziri aksiyalara qoşulur, amma maska və sosial məsafə saxlamaqla. Biz hamıdan ağıllı deyilik. Əgər bu gün Ali Baş Komandan Əliyev özü maska taxırsa, bu nə düşük araşdırmaçılıqdır belə. Operativ Qərargah ölkənin müharibə zamanındakı Baş Ştabıdır. Buradan verilən əmrlər icra edilməlidir, müzakirə yox!!! Və vətəndaşların son iki gündəki tabeliyi, intizamı da ümid verir ki, birinci gün başqa mənzərə görə bilək. Maskalı, sosial məsafəli, əlləri, niyyəti təmiz vətəndaşların yaratdığı sosial yetkin mənzərə. Koronavirusa yoluxanların sayı hər gün-300-400-nəfər artır. Xəstəlik artıq tanıdığımız insanları boğazlayıb aparır.

Prezidentin bu iş həftəsi də məhsuldar oldu. Dövlət başçısı ikili lider kimi öndəydi. Bir yandan maska taxaraq, distansiya saxlayaraq vətəndaşa yerli səviyyədə şəxsi nümunə göstərməklə. Digər tərəfdən Azərbaycanı pandemiya ilə mübarizədə beynəlxalq miqyasda nümunə kimi təqdim etməklə beynəlxalq lider statusunda. Amma İlham Əliyev beynəlxalq miqyasa Azərbaycan maraqlarına, Azərbaycan vətəndaşına istinad edərək çıxır. Təməl, bünövrə Azərbaycandır. Ağcabədi, Ağdam və Tərtər rayonlarına səfərlər zamanı həm ölkənin sosial müstəqilliyinin möhkəmləndirilməsi, sadə insanın qayğı və probleməri diqqət mərkəzindəydisə, həm də yeni zaman üçün son nəsil intellektual məhsullar baş mövzu idi. Dünyaya məsələn, Ağcabədi, Ağcabədiyə isə dünyanın mühüm tərkib hissəsi tək baxmaq. Bitkin bir beynəlxalq əlaqə.

Məsələn, ASAN xidmətin yeni ünvanını təqdim edərkən burada baş verən ilk baxışda yerli, amma gələcəyin çağırışları baxımından planetar məzmunlu hadisəni xatırlayaq. Prezidentin təşəbbüsülə yaradılmış ASAN xidmət öz banisinə növbəti yeniliyini təqdim edir. Burada təqdim olunan məhsul da, istifadə olunan dil də gələcəkdəndir. “ASAN İnnoland” pandemiya ilə mübarizədə mühüm rol oynayacaq yenilikləri təqdim etdi. Bunlardan biri milli startaplarımızın istehsalı olan süni nəfəs aparatı idi.

Prezident İlham Əliyev: "Bu, sınaqdan keçib?"

Ülvi Mehdiyev: "TƏBİB müayinədən keçirib, müəyyən rəy yazıb, o rəyə uyğun da baxacağıq. Bu isə gündəlik istifadə edilən əşyaların dezinfeksiyası üçündür. Bu, eskalatorlar üçün hazırlanıb, fırlandıqca ultrabənövşəyi şüalarla dezinfeksiya olunur. Bu isə temperaturu müəyyən edir, virusu yandırır, onu içəri keçməyə qoymur. Bu isə üz maskasıdır, bizdə istehsal olunur. DOST mərkəzlərinə paylamışıq, əməkdaşlar xidmət zamanı istifadə edirlər."

Ağıllı şəhər, Ağıllı dirək, ağıllı dövlət… Bu yeni sözlər həm də yeni fikirlərin, yeni yaşayış tərzlərinin, mövcud olma alətlərinin adlarıdır. İndi isə ağıllı, yəni smart aptek aparatı. Bu aparat vasitəsilə vətəndaş dərmanı seçə, qiyməti, təyinatı barədə məlumat ala və ödəniş edib götürə bilər.

Ülvi Mehdiyev: "Vətəndaş pulu daxil edir, kağız pul da alır, qəpik də. Seçdiyimiz dərmanı iyirmi saniyə ərzində içəridə tapır və təqdim edir."

Prezident İlham Əliyev: "İndiki şəraitdə bunun xüsusi əhəmiyyəti var."

Ülvi Mehdiyev: "Sizin tapşırığınızla müəyyən pulsuz dərmanlar verilir. O adamlar həmin dərmanı almaq üçün mütləq tibb müəssisinə getməlidir. Amma bu smart apteklər hər yerdə quraşdırıla bilir."

Dezinfeksiya robotu. Robot vasitəsilə bütün ictimai məkanları dezinfeksiya etmək mümkündür. Xaricdə istehsal olunan bu aparat Azərbaycanda da buraxılacaq. Prezidentə rəqəmsal icra hakimiyyəti sistemi barədə də məlumat verildi. Bu sistemin fəaliyyəti sayəsində hər bir icra hakimiyyətində xidmət məkanının yaradılmasına nail olmaq mümkündür. Vətəndaşın həyatının istiqamətli rəqəmsallaşması dövlətin antikorrupsiya tədbirlərinin məntiqi davamıdır. Və biz bununla 4-cü sənaye transformasiyasının yeni həyat tərzinin elementlərindən danışırıq.

ASAN Xidmətin regionlara çıxışına və təntənə ilə qarşılanmasına bir az da bilirsiz necə yanaşmaq lazımdır?

Qələbə çalan dünyagörüşünün məğlubiyyətə uğratdığı köhnə təfəkkür ərazisində izdihamla qarşılanması tək. ASAN Xidmət fəlsəfəsinə yiyələnən kəsin ağlına heç vaxt sosial həssas qrupa məxsus yardım kartoçkalarını oğurlamaq gəlməyəcək. ASAN Xidmət idrakından bəhrələnənlər rüşvət alıb rüşvət verənləri, haram qutularını evinin bünövrəsilə döşəməsi arasında yerləşdirib haramçılıq üzərində həyat quranları, ömür sürənləri murdar sayacaq.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Əlbəttə, “ASAN xidmət”in fəaliyyətinə qayıdarkən, bir daha demək istəyirəm ki, bu xidmətin timsalında bizim müasir yanaşmamız görünür. Onu görürük və sübut edirik ki, korrupsiya ilə, rüşvətxorluqla nəinki mübarizə aparmaq mümkündür, uğur qazanmaq mümkündür. Biz bütün vasitələrdən istifadə edirik. Əlbəttə, hesab edirəm ki, burada əsas rol sistem xarakterli tədbirlərdir. Çünki artıq “ASAN xidmət”in timsalında görürük ki, burada bu, mümkündür. Ona görə, bu sistem xarakterli institusional tədbirlərlə biz korrupsiyanın, kölgə iqtisadiyyatının meydanını daraldırıq. Ancaq bununla yanaşı, inzibati tədbirlər və cəza tədbirləri görülür və görüləcək. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı məlumatlandırılır. Deyə bilərəm ki, mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır. Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq. Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona görə, ilk növbədə, ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizə sayəsində görülmüş işlərə yüksək qiymət verərək Azərbaycanı nümunəvi ölkə adlandırıb. Bəlkə də başqa ölkələr haqqında oxşar fikirlər səsləndirilib, amma mən eşitməmişəm. Amma Azərbaycana gəldikdə, Ümumdünya Səhiyyə Təşkilatı, o təşkilat ki, dünya miqyasında bütün səhiyyə sahəsində işlərə rəhbərlik edir və işləri koordinasiya edir, Azərbaycanı nümunəvi ölkə adlandırıb.

Bütün bunlar bir daha ona göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır. Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstərdi ki, ən çətin böhranlı anlarda biz düzgün addım ata bilərik və güclü iradə göstərə bilərik. Mən hər gün insanlardan yüzlərlə təşəkkür məktubu alıram. Onların cəmi bir hissəsi mətbuatda dərc edilir. İnsanlar bu məktublarda minnətdarlıqlarını bildirirlər. Mənim üçün görülmüş bu işlərə verilmiş ən yüksək qiymət vətəndaşların buna münasibətidir.”

Və bir mühüm detal. Vəsait həm də yeni təfəkkür üçün qoyulur. Biz dəyişməliyik. Daha yeni, daha müasir olmalıyıq. Prezident cəmiyyəti dəyişmək, onun idarəetmə və idarəolunma ruhunu dəyişmək üçün təbiətin əbədi qanunlarından da yararlanır. Bioloji qanunlara da üz tutur. Yəni yenilik gənclikdir, ona görə də cavanlaşma aparılmalıdır. Çünki gənc beyin az hüceyrə itirib. Deməli daha güclüdür. Onun ömrünün böyük hissəsi irəlidədir. Deməli həyata inamı var. Gənclik özünü göstərməyə təbiət etibarilə meyllidir. O yaraşığını, gücünü, qabiliyyətini, imkanlaırnı nümayiş etdirməyə can atır. Bu cavan aslanda da, cavan çinarda da, cavan insanda da belədir. Mən liderin gənclərə təbiət etibarilə bel bağladığını dedikdə bunu nəzərdə tuturam. Məsələnin bir şüur altı tərəfi də var. Gənclərin altruism hissinə xüsusi etimad. Bir az əvvələ qayıdaq.

Ötən ilin əvvəlində Prezident REAL-a müsahibəsində “Könüllülər və gənclərin dövlətdə rolu ilə bağlı suala cavab verərkən əslində ölkə gəncliyindən gözlədiklərini elan etmişdi. Bu o demək idi ki, gənclərin üzünə yeni səlahiyyət və məsuliyyət qapısı açılır. Onda Respublika Gənclər Forumu yeni bitmişdi və Prezident forumda platforma mahiyyətli çıxış etmişdi. Tarixə qayıdaq.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “-Bəli, bu forum çox möhtəşəm bir tədbir idi. Orada toplaşmış 3500 gənc öz iradəsini, dövlətə olan sədaqətini göstərdi. Forum məndə çox böyük təəssürat yaratdı. Yəni, mənə çox böyük, gözəl təəssürat bağışladı. Bir daha gördüm ki, Azərbaycan gəncləri dövlətə, Vətənə nə qədər sədaqətlidir, nə qədər cəsarətlidir, nə qədər biliklidirlər. Gənclərin gələcəkdə həyatda layiqli yerini tutmaları üçün bu gün Azərbaycanda bütün şərait var. Gənclər üçün imkanlar açılır, gənclər dövlət işinə dəvət olunurlar. Mən göstəriş vermişəm ki, Azərbaycanın müxtəlif təşkilatları, dövlət qurumları könüllüləri işə cəlb etsinlər. Yəni, təkcə “ASAN”da yox, başqa qurumlarda, indi Aqrar Könüllülər Təşkilatı yaradıldı. Hesab edirəm ki, bizim bütün dövlət təşkilatlarında könüllülər fəaliyyət göstərməlidirlər, təcrübə qazanmalıdırlar və özlərini gələcəyə hazırlamalıdırlar."

Sonrakı proseslər də göstərdi ki, könüllülük Prezidentin özünəməxsus sınağı, testidir. Əgər könüllülük fərdin doğrudan təmənnasız xarakteridirsə, demək ona daha çox etibar etmək olar. Bu baxımdan ASAN Xidmətdəki görüşdə də Prezident yeni dünyanın əsas çağırışlarından biri olan könüllülük devizi üzərində ayrıca dayanmışdı.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Mən çox şadam ki, “ASAN xidmət” mərkəzlərində işləyənlərin mütləq əksəriyyəti, demək olar ki, hamısı gənclərdir, o cümlədən könüllülər bütün mərkəzlərdə fəaliyyət göstərirlər. Mənə verilən məlumata görə, Ağcabədi “ASAN xidmət” mərkəzində 200-dən çox işçi və 45 könüllü fəaliyyət göstərəcək. Əslində, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır. O vaxta qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. “ASAN xidmət”dən sonra digər sahələrdə də könüllülər fəaliyyətə başladılar. O cümlədən ölkəmizdə keçirilmiş böyük beynəlxalq idman yarışlarında – Avropa və İslam Həmrəyliyi oyunlarında könüllülər böyük xidmət göstərmişlər. Könüllülərsiz biz bu böyük yarışları keçirə bilməzdik. Bu gün mənim göstərişimlə digər sahələrdə də könüllülər fəaliyyət göstərir. Mən göstəriş vermişəm ki, dövlət təşkilatlarında, nazirliklərdə, dövlət şirkətlərində könüllülər işə cəlb edilsin, onlar təcrübə keçsinlər. Çünki bugünkü könüllülər sabahın rəhbərləridir. Təsadüfi deyil ki, mənim Sərəncamımla bu il “Könüllülər ili” elan edilmişdir. Bu, bir daha bizim könüllülərin fəaliyyətinə göstərdiyimiz diqqəti və münasibəti əks etdirir.”

Davosa qayıdaq və Prezidentin gənclərlə, könüllülərlə bağlı siyasətinin məntiqi axarını bir də ordan izləyək. İlham Əliyevin kursu yerli siyasətdə bir, beynəlxalq siyasətdə başqa məqsədə hesablanmır.

Moderator: "Mən oxumuşam ki, indi Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz?"

Prezident İlham Əliyev: "Biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startup biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Əslində onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır."

Dünyanın böyük bir gənc toplumu bu günlərdə Birləşmiş Ştatlarda küçələrdədir. Polisin təzyiqi altında ölmüş Floydun qara dərisi və Trampın Ağ Evi qarşı-qarşıyadır. Bu barədə az sonra daha ətraflı danışacağıq. İndi isə bu faktı ona görə xatırlatdım ki, Prezidentin gənclərin küçələrdə olmasının səbəbləri barədə düşünək və liderə növbəti dəfə haqq qazandıraq. Özü də bu hadisə dünyanın irili-xırdalı bütün dövlətlərinin taleyinə təsirsiz olmadı. Floyd ətrafında baş verənlər göstərdi ki, asayişi pozan, öz azadlıq iddiasını başqalarının azadlıq haqqından üstün tutan eqoistlərin davranışına, icazəsiz aksiyalarına bu və ya digər dövlətin qanun çərçivəsində müdaxilələrinə fərqli münasibətlər, fərqli yanaşmalar mövcud ola bilər. Məsələn, bir ölkə qanunları pozan vətəndaşlarına su şırnağı tuşlayırsa, pozucunu qucağına alıb hadisə rayonundan təcili uzaqlaşdırırsa bunu, həmin dövlətin amansız mahiyəti kimi qiymətləndirirlər. O saatca səfirliklər sərt bəyanat verir, müxtəlif beynəlxalq qurumlar qətnamələr qəbul edir, sanksiyalara çağırışlar olur. və s. Amma başqa bir ölkədə aşkar zor tətbiq olunur, o yuxarı dəyirmandan gəldiyindən, onun aqibəti səthi araşdırılır. Güclüdür deyə, ondan qorxmaq caizdir. Bu baxımdan Azərbaycan kimi dövlətin hər günkü ev tapşırığı özünün müstəqilliyini qorumaq, özünü güclü etməkdir.

Fərqi yoxdur, bu güclülük və qüdrətlilik Ağcabədinin taxıl tarlasında “çörək bol olarsa, basılmaz vətən!”- məniqinə işləyir, Ağdamda daha bir N hərbi hissəsinin açılışına, yoxsa Qarabağ cəbhəsindəki vəziyyətə. Başlıca məqsəd birdir. Güclü olmaq. Hesablaşılan olmaq. Tərtər Olimpiya Kompleksindəki çıxış bir neçə mövzunu əhatə etsə də leytmotiv birdir. Dövlət müstəqilliyi və Dövlət Güclülüyü. Amma güclülük də bütöv, şaxələnmiş, müəyyən mənada fəlsəfi məna kəsb edir. Vətəndaşın idmana münasibətinin əhəmiyyəti vurğulanır. Fiziki güc sahibi olan insanın xarakterinin güclülüyü aşılanır. Özündən zəifi incitməməsi üçün daxilən böyük və alicənab olması vacib sayılır. Sağlam olmalıdır. Ona görə də dövlət pulsuz müayinə vəzifəsi qoyur. Məqsəd daha geniş və əhatəlidir. Güclülük artıq bir vətəndaşın fərdi fiziki məziyyəti olmaqdan çıxmaqla dövləti mükəlləfiyyətə, vətəni müdafiə kimi borca keçir. İdmanda sağlamlaşan ruh, onun yer saldığı sağlam bədən, mükəmməl sintez kimi orduda qulluq edən əskər. İlk baxışda isə söhbət yalnız Olimpiya Kompleksinin açılışından gedirdi...

Daha sonra vətəndaşın sosial gücü gəlir. Elektrik enerjisi asılılığı olmamalıdır. Qaz asılılığı olmamalıdır. Su asılılığı olmamalıdır. Yol asılılığı olmamalıdır. Taxılçılıq və pambıqçılıq həm iş yeridir. Həm də dövlətin olduqca vacib sahələr üzrə müstəqilliyi üçün zəmin. Müstəqillik və güclülük isə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından ötrüdür. Amma siyasi-beynəlxalq əlverişlilik də mütləqdir. Əks təqdirdə bir parçamızı azad etmək istərkən bütün azadlığımız itirə bilərik. Müstəqillik isə yalnız siyasi anlayış deyil. Bəlkə daha çox insani anlayışdır, vətəndaş anlayışıdır. İstəsəz lap sosial anlayışdır. Tərtərdə suyun kəsilməsi bir regionun müstəqilliyi üçün nə qədər böyük problem yaradıb. Bu faktın terrora çevrilməsi isə su içmək kimi asandı.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Nəzərə almalıyıq ki, mənfur qonşularımız uzun illər ərzində Tərtərin suyunu kəsiblər. O suyu ki, Azərbaycan Respublikası onun yığılması ilə bağlı vaxtilə, 1970-ci illərdə böyük işlər görüb. Sərsəng su anbarının inşası Azərbaycan Respublikası tərəfindən, respublika büdcəsi tərəfindən həyata keçirilib. İndi isə mənfur qonşular bizim suyumuzu kəsiblər. Bu, ekoloji terrordur."

Prezident su kəsməyi baş kəsmək kimi mənalandırmaqla əslində erməniçiliyin bütün xarakterini ifşa edir. Suyun kəsilməsi və faşizm. Kərbəladan tanış mənzərədir. Və Prezident bu fikri meydana qoymaqla həm də alt şüurumuza belə bir düşüncə eyhamı da atır ki, Kərbəla müsibətini dövlət siyasətinin əsas fəlsəfəsinə çevirən bəzi ölkələrin rəhbərləri Ermənistanla qol-boyun olanda bu bağrı badaşlığın məsuliyyəti haqqında da düşünsünlər. Suyun kəsilməsindən faşistliyə və faşismin qəhrəmanlaşdırılmasına keçid emosional. Humanist duğuların açılmasına hesablanıbsa, ermənilərin faşist ruhuna 6 metrlik abidə qoyulması isə məncə tarixçilərimizi, təhqiqatçılarımızı bir daha silkələməlidir. Prezident ardıcıl bir məntiq xəttilə yekuna gəlib çatır. Ermənistanın dövləti məzmunu, təbiəti üçün fəqi yoxdur. Bu təbiət azərbaycanlıların Tərtərində dinc insanların suyunu kəsə bilər. Bu təbiət ermənilərin öz parlamentinə soxulub deputatları gülləbaran edə bilər. Bu təbiət Qaregin Njde kimi Faşizm tərəfində tərəqqipərvər bəşəriyyətə qarşı vuruşa bilər. Bu təbiətin adı faşizmdir. Və Prezident bu ifşa prosesini faktlara əsaslanaraq aparır. Özü də ermənilərin özlərinin yaydığı təkzibolunmaz faktlara.

Bəs Prezident niyə Ermənistan, onun xisləti, xarakteri üzərində belə dayanır. Burada bir neçə səbəb var. Əvvəla səbəblərdən birincisi şübhəsiz ki, Azərbaycanda formalaşan yeni nəsilin məlumatlı olması, düşməni tanıması, yaxşı tanımasıdır. Ölkəmizin müxalifətindən qoparaq dövlət düşmənlərinə, vətən düşmənlərinə çevrilmiş bir çəngə sirr deyil ki, ermənilərin Azərbaycan yeniyetməliyinə, gəncliyinə simpatik təbliğiylə məşğuldur. Ermənistandan tez-tez misal çəkən, bu respublikadakı vaxtaşırı böhranları təcrübəsiz, məlumatsız gənclərə parlaq inqilab nümunəsi tək afişə edən Osmanqızı, Əli Kərimli, Cəmil Həsənli və bu kimi qaragüruhüstülərin sosial şəbəkələr vasitəsilə istehsal etdiyi zərərli məmulatların real informasiya, eibarlı məxəzlər vasitəsilə təkzibinə ehtiyacı var.

İkincisi, erməniçiliyin yüz illər boyu dünyada yaratdığı mükəmməl ideoloji-diversiya şəbəkəsinin yalnız son illərdə səndələməsi və bunun da məhz Əliyevin müəllifi olduğu hücum diplomatiyası nəticəsində mümkün olması yeni şərait yaradıb. Və İlham Əliyev bu anlatma, izahat siyasətini təkcə, Azərbaycanda aparmır. O erməni faşizmi haqqında bütün beynəlxalq tribunalardan danışır. Məhz onun fəaliyyətinin nəticəsidir ki, neçə marşal yiyəsi Ermənistan faktiki olaraq Böyük Vətən Müharibəsinin qələbə həzzini yaşaya bilmir. Bu haqqı itirib. Hər dəfə Qaregin, hər dəfə Njde əməlinə bəraət axtarmalı olur.

Üçüncüsü. Prezidentdən ötrü tarix onun dövlətə, millətə, gələcəyə fayda və səmərəsi baxımından qiymətlidir. Tarix də neft və qaz kimi dövlətin qüdrətlənməsinə işləməlidir. Bunun üçün isə ən mühüm olanı məhz dəqiqlikdir. Dürüstlükdür. Prezident İrəvanın Ermənistana verilməsi faktı üzərində hər dəfə ona görə dayanmır ki, qaragüruhun xətrinə dəysin... Hansısa saxta elm və siyasət anaşları ağzını allah yoluna qoysun. Yox əlbəttə. Azərbaycan lideri İrəvanın Azərbaycan şəhəri olduğunu açıqlayandan sonra dünyada Ermənistanın mənzərəsi dəyişir. Tam fərqli bir qavrayış meydana çıxmalı olur.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan - qədim şəhərimiz Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər? Hansı adam? Qoy dursun, desin, mən hesab edirəm ki, Azərbaycan Demokratik Respublikası düz edib, bu işi görüb. Qoy desin. Ona görə bilirsiniz mifologiyaya düçar olmaq ən axırıncı şeydir. Siz gənclər, bütün gənclər tarixi olduğu kimi bilməlisiniz. Onu da bildirməliyəm. Bu hadisə 1918-ci ildə baş verib. Ancaq ilk dəfə bu tarixi faktla bağlı məsələni mən qaldırdım. Mənə qədər heç kim bunu qaldırmayıb. Bizim tarixi kitablarımızda buna rast gəlmək bəlkə nadir hallarda mümkündür. Sanki belə bir fakt olmayıb. Mən bunu qaldırdım. Müxtəlif kürsülərdən, o cümlədən xaricdə olarkən qaldırdım və dedim ki, bu, bizim şəhərimizdir, bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir."

Qaragüruhun, onların tarixçi Cəmil Həsənli kimi nümayəndələrinin illər boyu öz firqə maraqları baxımından susduğu həqiqətlər həm də öz ayıbına kor olmaq, susmaqdır. Yoxsa, görər və anlardılar ki, İlham Əliyevin yanaşması əlahiddə götürülmüş Azərbaycan Xalq Cümhuriyyətinin təslim etdiyi İrəvandan rüsvayçı fakt kimi istifadə edərək opponent vurmaq deyil. İrəvanın Azərbaycana məxsus olması, onun ermənilərə verilməsi beynəlxalq məkanda aparılan danışıqlarda Azərbaycanın diplomatiya cəbbəxanasını zənginləşdirir. Ermənilərin tamahının hüdudsuz olduğunu sübut edir. Yoxsa mifləşdirdiyimiz insanların imiclərinə ziyan dəyər deyə heysiyyat tariximizi redaktə etmək olmaz.

Prezident artıq neçənci dəfədir ki, tarixin yazılması, xəritələrin dürüst tərtib edilməsi məsələsini qaldırır. Ölkə tarixçilərinin əsasən susqunluğu fonunda dövlət başçısı həm də tarixlə məşğuldur.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “İndiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rus-İran müharibəsindən sonra. Tərtərlilər yaxşı bilirlər və Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli 1828-ci ildə gəliblər. Müharibə başlayan kimi o abidəni dağıdıblar, amma onun qalıqları qalıb və indi istənilən adam gedib baxa bilər. Onun şəkillərini də göstərmək lazımdır. Onlar gəlmədilər, Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürülüblər. Bu proses XIX əsrin əvvəllərindən başlanmışdır və sonralar daha geniş vüsət almışdır. Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur da Ermənistana verildi. Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikasındadır. İrəvan onlara veriləndən sonra ermənilər öz iddialarından əl çəkdilərmi?"

Dağlıq Qarabağ münaqişəsi. Yenə də torpaq iddiası. Əl çəkdimi?

Məntiq ən sadiq və ən güclü silahdaşdır. Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə təkcə öz siyasi taleyi kimi yox, həm də tarixi həqiqətin bərpa olunma zərurəti tək yanaşır. Bu baş verəcək. Hücum əməliyyatı hansısa kəmsavad blogerin “Şuşanı vur!” çağırışına əsaslanmamalıdır.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Münaqişəyə gəldikdə, bunun həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir."

Buyurun bu da Azərbaycanın Müdafiə Nazirliyinin mövqeyi: Azərbaycan ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq. Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq. Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaq. Sitatın sonu.

Siyasi xətt və hərbi xətt bir-birilə birləşir. İndi isə Müdafiə Nazirliyinin bu kifayət qədər bəyanatı ilə yaxın tarixə keçirəm. 1993-cü ilə. Deməli, Azərbaycanın Prezidenti və Ali Baş Komandanı rəhmətlik Əbülfəz Elçibəydir. 709-cu hərbi hissə ətrafında baş qaldıran problemlər dövlət ərlərini bir yerə toplayıb. Onlar vəziyyətdən çıxış yollarını müzakirə edirlər. Niyə Elçibəyə, onun faktiki olaraq dövlətin təhlükəsizlik şurası statusunda keçirdiyi toplantıya müraciət etdim. Bir neçə səbəbdən. Əvvəla bu həftə iyun hadisələrinin 27-ci ili tamam oldu. İkincisi məhz o zamanın rüsvayçı məğlubları, onların ələyinin qılçıları bu gün Əliyevi hərbi əməliyyatlara başlamamaqda ittiham edir. Üçüncüsü, o illərdə ölkəyə rəhbərlik edənlərin hərb təfəkkürünün nə qədər bərbad olduğunu özünüz görəsiniz deyə. Dördüncü, beşinci və s. səbəblər də var. Amma məncə o səbəbləri siz özünüz dərhal başa düşəcəksiz. Hələlik bir parça. Ali Baş Komandan siyasi həyatının ən həlledici çıxışını edir.

Təkrar edirəm: ALİ BAŞ KOMANDANIN ÇIXIŞIDIR BU!

Bu fraqmentin son cümlələrini xatırlayaq. "O tabe olmursa sənə, onun yerini dəyişdirin. Ayırın getsin Murovda vuruşsun, könüllü kimi vuruşsun, bizə tabe olmur olmasın” sitatın sonu və eyni zamanda dövlətin sonu. Ola bilərdi. Və bu gün həmin o təfəkkürün daşıyıcılarından ibarət olan, dövlət ağlından-düşüncəsindən uzaq bir qrup Azərbaycanı regionun liderinə, o cümlədən hərbi liderinə çevirmiş Əliyevə hərb dərsi keçmək iddiasındadır. Bir də baxaq. Ali Baş Komandan, Allah rəhmət eləsin! hərbi hissənin Müdafiə Nazirliyinə tabesizlik məsələsinin həll mexanizmini açıqlayır.

Bu hələ Elçibəydir. Onların iqtidarının əsas şəxsi. Ən ağıllı və müdrik nümayəndəsi. Lider. Hamısından güclü və təfəkkürlü. Deməli o məsələnin həllini Ali Baş komandan kimi belə təsəvvür və təfəkkür edir. Bu çıxış kifayət edir ki, düz bir il bizi-avtopilotda olan dövləti sadəcə Allahın saxladığına inanıb şükür edək.

Bu toplantıda bütün hökumət var. Milli Məclisin sədri İsa Qəmbər, Baş Prokuror İxtiyar Şirinov,Ədliyyə naziri İlyas İsmayılov, daxili işlər naziri Abdulla Allahverdiyev, Baş nazirin birinci müavini Vahid Əhmədov... dövlət katibi Əli Kərimli. Dövlət katibi əslində Elçibəydən sonra iqtidarda ikinci şəxsdir. Bu postun sahibinin- Əli Kərimlinin çıxışına acı kinayəsiz baxmaq olmur. Görəsən doğrudanmı Şarikov öz yaradıcılarının- “İt ürəyinin” müəllifinin “Əlyazmaları yanmır!” ifadəsindən xəbərsizdir?! Ali Baş komandanın hərbi konsepsiyasının detallı şərhini təqdim edirik. Nə baş verirdi və ya komandanın imkanlarının, qabiliyyətlərinin yekununu təqdim edir Əli Kərimli! Ordu quruculuğu öyrədən Əli Kərimli.

Deməli Dövlət katibi orduda fərarilərin olduğunu acizanə etiraf edir. Ali Baş komandan və ya əli boş komandan məsələylə bağlı nazirə sual verir. Amma Tribunada Daxili işlər naziridir. Müdafiə naziri deyil. Diqqət.

Hörmətli tamaşaçılar və xüsusən o zaman ya dünyada olmamış, ya da ağlıkəsməz uşaqlar olmuş insanlarımız, tarixə Prezident Əliyev buna görə müstəsna əhəmiyyət verir. Heç kimi mifləşdirmək olmaz deyir! Baxın, bu gün özünü aydan arı-sudan duru təqdim edən güruh altı-güruhbaşı Kərimli 93-ün bütün uğursuzluqlarına şərik olan iki-üç şəxsdən biridir.Təbii ki, Elçibəyin yanında oturan, onun davamçısı, ideya daşıyıcısı heç yeri ilə ondan artıq deyildi, əksinə çooox çox əskikdir. Neçə vaxtdır mən məhz bunu deyirəm. Göstərirəm. Tarixdir bu. Mənim gördüyüm. Yazdığım. Yaşadığım. 30 ilə yaxındır ki təqdim etdiyim tarix.

Və indi Azərbaycanın Müdafiə Nazirliyini, nazir Zakir Həsənovu tənqid atəşinə tutan şəxslərlə, xüsusilə Vahid Əhmədovla bir az söhbət etmək istəyirəm.

Ona görə xüsusilə ki, bayaq baxdığınız kadrlarda, Elçibəyin həlledici toplantısında hörmətli Vahid müəllim də var və hətta çıxış edir. Deməli, Vahid Əhmədov o ağır və təhqiramiz günləri görmüş, öz dərisində, qabığında hiss etmiş biridir. Əvvəla, Müdafiə naziri ilə ən çox müsahibə aparmış bir jurnalist olaraq deyim ki, Zakir Həsənov Azərbaycan dilində normal danışır. Ləhcəsi isə Vahid müəllimin ləhcəsindən dəfələrlə zəif hiss olunur. İkincisi, Millət vəkili Nazirin olmayan brifinqindən sitat gətirib, hətta Şuşa ilə bağlı suala cavab verməsindən danışaraq bilərəkdən, ya bilməyərəkdən auditoriyanı çaşdırıb. Çünki REAL-ın müxbirinin “brifinqlə bağlı materialı hardan götürmüsünüz?" sualını da cavabsız buraxıb.

Ona görə ki, təkrar edirəm, Həsənov brifinq və ona bənzər heç bir mediya tədbiri keçirməyib! Və nəhayət Azərbaycanın ən uğursuz Müdafiə nazirlərindən biri olmuş, ayağında, əlində bir uğurlu əməliyyatı belə olmayan, əskərə 85-in buza qoyulmuş donuz ətini yedirən, Azərbaycan dilində isə ümumiyyətlə danışa bilməyən Səfər Əbiyevi Zakir Həsənova nümunə göstərməklə hərbi təsərrüfatımızdan ümumiyyətlə məlumatlı olmadığını nümayiş etdirib. Mən bilmirəm ki, Millət vəkili Fəzail Ağamalının Vahid Əhmədovun Səfər Əbiyevlə iqtisadi bağlara malik olması, tender müştərisi olması barədə dediklərinin mənbəyi hardadır. Amma onu axtaracam. Mütləq. Amma hər bir halda əsas işi iqtisadi diversant Qubad İbadoğlu kimi iqtisad provakatorlarına cavab vermək olmalı, dövlətin iqtisadi sərhədlərini, maliyyə maraqlarını böhtandan, qarayaxmadan parlamentdə qorumalı olan təcrübəli Millət vəkilinin bu gün, xüsusi vəziyyətdə, pandemiyanın yaratdığı fövqəladə rejimdə olan ölkənin Müdafiə nazirini “Azərbaycan dilində yaxşı danışmır, müharibə təklifi ilə çıxış etmir” deyə neqativ diskussiya mərkəzinə çəkməsi mənə maraqsız gəlmədi. Çox inanmaq istərdim ki, ortada 3-cü dil yoxdur.

Zakir Həsənov niyə müharibə təklifi ilə çıxış etmir? sualını isə sadəcə yersiz sayıram. Millət vəkili naziri müharibə təklifində günahlandırmaq əvəzinə öz arzusunu parlamentə təklif kimi çıxarmalıydı. Bu günlər əskər, hərb, müharibə mövzusunda çıxış edən hər bir kəsin vətəndaş məsuliyyəti vacibdir. Və Nazirlər Kabineti yanında Operativ Qərargahın yəqin ki, səlahiyyətləri kəskincəsinə artırılmalıdır. Ermənistan ordusunu koronavirus başına alıb. Ölkə özünü ən pis perspektivə hazırlayır. Ali Baş komandanın orduyla işləyən əsas şəxsini, ordunu məhz belə bir vəziyyətdə hədəf seçməyin yəqin bir izahı oımalıdır.

“Hörmətli vətəndaşlar, sizdən sosial məsafəyə riayət etmənizi, mütləq maska və əlcək taxmanızı xahiş edirik.Yaxınlarınızın həyatı bundan asılıdır."

İrəvan küçələrində Fövqəladə Hallar Nazirliyinin avtomobillərinin səsgücləndiricilərinin həyacanlı səsi səhərdən axşama qədər susmur, ancaq sanki ona o qədər öyrəşiblər ki, artıq fikir vermirlər.

İrəvanda məktəblərdən birində yuxarı sinif şagirdləri son zəngi belə qeyd edirdilər.

Dolu masaları olan kiçik bir ziyafət zalında hər kəs çətinliklə sığışmışdı: məzunlar, valideynlər, müəllimlər. Hansı sosial məsafədən söz gedə bilər?

Ey mənim xalqım, mən sizi necədə sevirəm. Nə üçün siz belə məsuliyyətsizsiniz? Və bu müəllimlər! Şagirdlərdən nə gözləyək?

Özüdə nəinki tələbə və müəllimlər. Məlum olub ki, Ermənistanda belə bir şey hər kəsdən, hətta hökumət aparatının işçilərindən də gözləmək olar. Belə ki, bu yaxınlarda xəstəliyi barədə məlumat verən ölkənin baş naziri əmindir ki, o özü də məsuliyyətsizliyinin qurbanı olub.

“İş müşavirələrindən birində əlcəksiz bir işçi qarşıma bir stəkan su qoydu. Düşünürəm ki, yoluxma o an baş verdi. Həmin zaman mən ona irad bildirdim" - Paşinyan qeyd etdi.

İndi Baş nazir, bütün onun ailəsi, eləcə də 11 mindən çox insan Ermənistanda qeydə alınan koronavirus hallarının statistikasında yer alır. Bunlar hətta məmurların belə etibar etmədiyi, ən son rəsmi rəqəmlərdir.

"İndi mənim kimi 20 minə yaxın insan yoluxub, bəzən hətta onların ailələrinin belə xəstəlikdən xəbəri olmaya bilər. Özləri heç nə biləməyən və şübhələnməyən virusun əsas paylayıcısına çevrilirlər" -Nikol Paşinyan belə deyib.

Ermənistan hökumətinin başçısı təxmini məlumatlardan istifadə edir, çünki bundan daha dəqiq məlumat almaq üçün heç bir yer yoxdur. Ölkənin öz laboratoriyaları yoxdur. Bütün mümkün yardımı İrəvanda mobil sınaq kompleksi yerləşdirən Rusiya hərbçiləri təmin edir. Ancaq eyni zamanda, bütün epidemiya dövründə üç milyon insan üzərində 60 minə yaxın araşdırma çox azdır. Xəstəxanalardakı real mənzərəni az-çox həkimlər görürlər.

“Koronavirus hallarının sayı daim artır. Bizdə yəni ölkədəki ən böyük yoluxucu xəstəliklər xəstəxanasında 600 çarpayının hamısı tam dolub. Reanimasiya şöbəsində boş yerlər yoxdur, bəzi xəstələr tənəffüs aparatına qoşulub. Belə davam edərsə, yeni xəstələri qəbul edə bilməyəcəyimiz bir an gələ bilər.” Xəstəxananın həkimi Marietta Tarakçyan belə deyib.

Ermənistandakı bütün xəstəxanalarda vəziyyət eynidir. Hətta respublikanın səhiyyə naziri Arsen Torosyan vəziyyətin kritik vəziyyətə yaxın olduğunu qəbul etmək məcburiyyətində qaldı: “Dərin çeşidləmə müharibə zamanı aparılır, sağalma şansı olan xəstələr qəbul ediləndə və ya əksinə. İstisna deyil ki, indiki temp qorunsa (virusun yayılması - red.) yaxın günlərdə buna gedəcəyik. Ancaq bunun qarşısını almaq üçün hər şeyi edirik, yeni çarpayılar yerləşdiririk və s.”

İrəvanın bu kadrlarını “Fransa Mətbuat Agentliyi” yayıb - ölkənin ən böyük idman-konsert kompleksinin damında yüzlərlə çarpayı var. Axı may ayının ortalarında ölkə hakimiyyəti müəssisələrin, ticarət mərkəzlərinin və restoranların işinin bərpa olunmasına icazə verdi. O zaman iki aylıq ciddi məhdudiyyətlərdən sonra xəstəliyin artan iqtisadi itkilərə nisbətən daha az təhlükəli hala gəldiyi görünürdü. Risk ödəməsi son günlərdə xəstəliyin kəskin artması oldu. İndi isə sərt karantin tədbirlərinə qayıtma ehtimalı yenidən müzakirə olunur. Mixail Okinçenko, Levon Qriqoryan, Yekaterina Avsyannekova, Yaroslav Zorin, Sergey Deyev birinci kanal.

Burada diqqəti çəkən əsas məqamlardan biri də Ermənistanın bütün başqa sahələr kimi səhiyyə müstəqilliyinin olmamasıdır. Rusiya hərbçilərinin əlinə baxan dövlətçik olduğunu növbəti dəfə nümayiş etdirməsidir.

Təsəvvür edirsiz. Müxbir necə deyirdi? “Ölkənin öz laboratoriyaları yoxdur. Bütün mümkün yardımı İrəvanda mobil sınaq kompleksi yerləşdirən Rusiya hərbçiləri təmin edir. Ancaq eyni zamanda, bütün epidemiya dövründə üç milyon insan üzərində 60 minə yaxın araşdırma çox azdır. Rus demişkən konets sitatı.

Belə. Azərbaycanın müstəqilliyini və ya lider dövləti kiminlə müqayisə edirsiz? Ümumiyyətlə sosial şəbəkələr və internet tv-lərin fəaliyyəti bu günlər ən ciddi şəkildə nəzarətdə saxlanmalıdır. Müharibə vəziyyətidir ölkədə, cənablar! Mü- ha-ri-bə! Özünüzü, sözünüz yığışdırın! Bütün çıxışlar müharibə qanunlarına uyğun olaraq dövlət mövqeyilə tutuşdurulmalıdır. Gördünüz? Birləşmiş Ştatların prezidenti Tramp problemin üzərinə birbaşa getdi. Çünki o sosial şəbəkələrin dünyanın ən qüdrətli ölkəsini belə çalxalamağa qadir olduğunun şahidi oldu. Qərar verdi, imzaladı. Floyd hadisəsi Amerika Birləşmiş ştatlarında yeni ifadəni dövriyyəyə buraxdı. Daxili terror. Madam ki, polisə müqavimət, onun asayişi bərpa etmə cəhdlərinə mane olmaq Amerika kimi ölkədə daxili terrordursa, deməli öz müstəqilliyinə, xalqın maraqlarını qorumaq kimi vəzifəsinə məsuliyyətlə yaşayan istənilən başqa dövlətdə də eyni mənanı daşımalıdır. Amerikada baş verənlərə, talançılığa, dükanların yağmalanmasına Tramp “bu insanlıq qarşısında cinayətdir!” deyirsə, deməli 2003-cü ildə Azərbaycanın paytaxtında polisi maşının alına salaraq üstündən keçənlər də insanlığa qarşı cinayət törətmişdilər. Deməli, ümid edək ki, Amerika Birləşmiş Ştatları bu böhrandan çıxandan sonra öz təhlükəsizliyini qoruyan başqa ölkələri daha həssas anlayacaq. Floyd çox mətləbə yeni gözlə baxmaq zərurəti yaratdı.

Maraqlı bir detal da. Bütün dünya kanalları, balacası da, böyüyü də Amerika Birləşmiş Ştratlarında baş verənləri müzakirə edir. Amerikada oturan Osmanqızı, cəmil Həsənli kimi saat quşları isə uşaq pulları, 190 manat deyə cikkildəyirlər. Baxmayaraq ki, onlar məntiq etibarilə ya Floydu qaralamalıydılar, ya da Ağ Evi ağartmalı. Yaxud əksinə.

Adamın lap ürəyi bulanır vallah. Əslində ürək bulanma normal daxili vəziyyətdir. Hamımızın doğulmaq anonsunu hamilə analarımızın ürək bulanması verməyibmi? Amma bir var ürək bulandırıb doğulasan. Təbiətin qanunudu bu. Amma bir də var ki, ürək bulandıraraq yaşayasan, ürək bulandıraraq öləsən və öləndən sonra da ürək bulandırasan. Özümüzü, dövlətimizi belə ürəkbulandıranlardan qoruyaq. Maska taxmaqdan başlayaq. Effektini görəcəyik.

Digər xəbərlər
Bu gün
Dünən