Mir Şahinin vaxtı - VİDEO (10.06.2020)

Mir Şahinin vaxtı - VİDEO (10.06.2020)

REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir.

Bu bizim xüsusi buraxılışımızdır. Ötən həftənin şənbə və bazar günlərində Bakı və başqa bir neçə böyük şəhərimizdə tətbiq edilmiş qadağan müddəti əsasən vətəndaşlarımızın milli birlik və ümumxalq intizamı kimi yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirdi. Az yaşım və stajım yoxdur. Amma etiraf edim ki, belə bir məhdudiyyət tətbiqi ilə ilk dəfədir ki, rastlaşırdım. Evdən bayıra çıxmaq ümumiyyətlə olmaz. Cüzi istisnalar, REAL-ın əməkdsaşlarının iş icazəsi verilən məhdud saylı siyahısı. Paytaxtın küçələri demək olar ki bomboş… Qeyd-şərtsiz tabelik, qanuna belə itaətkar münasibət pandemiya sınağından tezliklə alnıaçıq çıxacağımıza ümidləndirdi. Sabit və çaxnaşmasız vəziyyətin yaranması, qaynar, izdihamlı, böyük şəhərlərin adət etmədiyi yavaşı ritmin bərqərar olmasında polisin xidməti müstəsna idi. Daha doğrusu, dövlətin iradəsinə tabe olmağı tələb edən asayişçilərimizlə əhalinin anlayışlı münasibətlərinin.

Təsadüfi deyil ki, Prezident şənbə və bazar günlərində meydana qoyulmuş milli mütəşəkkilliyi xüsusi qeyd etdi.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “İndi bütün ölkələrdə yumşaldıcı addımlar atılır, o cümlədən Azərbaycanda. Buna baxmayaraq, mən onu da demişdim ki, əgər görsək xəstələrin sayı kəskin artır, yenə də məhdudlaşdıracağıq. Bu məhdudlaşdırıcı addımların səbəbi də bəllidir. Bəzi insanlar məsuliyyətsizlik göstərirlər. Ancaq bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər."

Əslində elə yaxşı olardı ki, burada dayanaq və məsələn, keçək dünyanın başqa ölkələrində tüğyan edən pandemiya problemlərinə. Məsələn, danışaq Prezidentin təbirincə desək Azərbaycan boyda olan, amma ölü sayı bizim xəstələrimizin sayından artıq olan ölkələrə… ya da Qaradərili Floydun cənazəsini daşıyan Ağ dərili atların qoşulduğu faytonun rəmzi mənasına… Ağ atın belində şahanə görkəmdə hərəkət edən qaraların Amerika Birləşmiş Ştatlarının Ağ Evini bu yolla necə cəzalandrmasına və s. Amma bunu edə bilmirik. Təəssüf ki…edə bilmirik. Çünki..

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir. Koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə biz də hazır olmalıyıq ki, yeni davranış qaydaları çərçivəsində yaşayaq. İndi bunun başqa yolu yoxdur. Bir daha demək istəyirəm ki, bu davranış qaydaları insanlara o qədər də əziyyət vermir. Sadəcə dediyim qaydalara əməl etmək və daha məsuliyyətli olmaq lazımdır.”

Qaydalara əməl etmək və məsuliyyətli olmaq. Əslində elə bu günkü xüsusi görüşümüzün səbəbi də budur. Bayaq qeyd etdik ki, əhali qaydalara bir əsgər intizamı ilə tabe olmağa çalışdı və əsas etibarilə də buna nail oldu. Amma baş verənlər bir şeyi də anlatdı ki, cəmiyyətimizdə xüsusi karantin rejiminin fəlsəfəsini başa düşməyən adamlar da var. Onlar anlamaq istəmirlər ki, Azərbaycanda bu gün onların adət etdiyi adi yox, qeyri-adi, xüsusi vəziyyətdir. İndi dövlətdən mərhəmət ummaq yox, qətiyyət tələb etmək vaxtıdır. Dərk etməliyik ki, ölkənin ayrılıqda götürülmüş bir vətəndaşına görə keçirilən narahatlıqdan başqa Azərbaycanın bəşəriyyətin taleyinə görə daşıdığı məsuliyyət deyilən bir anlayış da var.

Amma buna baxmayaraq, Prezidentin pandemiya dövrü üçün tətbiq etdiyi daxili siyasət ilk növbədə vətəndaşın səhhətini önə çəkir və gərəkdir ki, vətəndaş da bir lotereya bileti alsın. Daha ona kömək etməyə, onu qorumağa uzanan əllərə tüpürməsin. Geri itələməsin. Ötən həftənin beşinci günü dükanlara mamont ardınca düşən əjdadlar kimi cumuşan hörmətli, fədakar qardaş-bacılarımıza demişdik axı. Bu israfçılıqdır. Almayın bu qədər çörək! Çoxunu zibil yeşiyinə atacaqsız... amma kimə deyirsən. Aldılar da.

Və bu çörəyi, qurandan gələn neməti, bərəkəti zibil yeşiyinə atdılar da.

Xətrinizə dəyməsin. Amma bu mənzərə məndən ötrü həm də “Allah bizi çörəklə imtahana çəkməsin!” deyən insanların bilet çəkmə mənzərəsidir ki, buna bir sıra vətəndaşların çörəklə çəkildikləri imtanahdan, özü də dövlət imtahanından sonda pis qiymətlə çıxmasının şəkli kimi də baxmaq olar. Bunu həm də ona görə deyirik ki, qarşıdan yenə oxşar iki gün gəlir və gərək özümüzü gülünc vəziyyətə qoymayaq. Ayıbdır. Lazım olduğundan artıq çörək və ya başqa ərzaq məhsulları, hətta əsrlərdən sızıb-süzüb gələn, milli mənəvi dəyərimiz olan çipsini qutu dolusu almayaq. Dövlətə “can, can, can Azərbaycan!” deyib boğazdan yuxarı eşqnamə oxumaqdansa, bir çörək az almaqla, daha doğrusu ehtiyacın olduğu qədər almaqla onun iqtisadi dayaqlarına kömək edək. Bir, iki çörək, iki qutu vermişel, bir pake düyü əslində böyük kömək deyil. Amma böyük vətəndaş tərbiyəsi, böyük dövlət əxlaqı, böyük dövlət davranışıdır. Şənbə-bazar məhdudiyyəti milli qürur və xalq ləyaqəti baxımından maraqlı nəticələr təqdim etdi. Bunu mütləq vurğulamalıyıq, özü də məmnuniyyətlə. Və yeri gəlmişkən, bu yerdə Daxili İşlər Nazirliyinin əhaliyə təşəkkür müraciətini də qeyd etməliyik. Amma gəlin ortada olanlara bir vulkanizator məntiqilə də baxaq. Hesab edək ki, qarşımızdakı təkcə cəmiyyətin bir qrupunun ovqatı, təfəkkürü, düşüncə səviyyəsi deyil, həm də ləyənə atılmış zaman təkəridir. Bu təkər nəyi göstərdi? Bayaq qeyd etdiyimiz kimi: əvvəla göstərdi ki, xüsusi vəziyyəti də elə ümumi vəziyyət kimi başa düşənlər var. Həyətə çıxa bilməməyin acığını dama çıxmaqla kompensasiya edən fədakar manqal, şiş cəngavərləri.

 

Xüsusilə polislə gizlənpaç oynayan dırnaqarası böyüklər... Polisi görən kimi molekul kimi ora-bura çovuyan bu qardaş və bacılar görəsən bu anda nə düşünürdülər...

 

 Vulkanizator məntiqinin ortaya çıxardığı ikinci problem sosial şəbəkələr adlı deşikdir. Bu platforma Azərbaycanın ağıllı, vətənpərvər intellektual gücləri, dövlətçi vətəndaşlarının susqun müşayiətçiliyi və müşahidəçiliyi fonunda təhlükəli məkana çevrilir. Qaragüruh burda min oyundan çıxır. Dövlətin ideoloji prioritetləri sosial şəbəkələrdə zərərsizləşdirilir. Baxmayaraq ki, dünyanın bütün ölkələri pandemiya dövründə yaşayır. Yeni zamanın çağırışılarına uyğun immun sistemi formalaşdırır. Azərbaycanda bu meydan sanki könüllü şəkildə qaragüruha təhvil verilib. Bu əraziyə böyük hesabla marginallar, pleps nəzarət edir və bu gün bir sıra problemlər, xüsusi rejimin normal işləməsinə mane olan da elə anonim internet parazitlərinin azğın-qızğın fəaliyyətidir. Sosial şəbəkələrdə xüsusi drijor çubuqları var ki, çuğulçu-beynəlxalq əsaslarla başqa nehrələrin deşiyini də qurdalayır. İki gündür ki, apardığımız araşdırmalar nəticəsində maraqlı nəticələr əldə etmişik. Xüsusi rejimin əsas sütunları vurulur. Söhbət polis əməkdaşlarından gedir. İstənilən insident şişirdilir. Ətrafında ideoloji halə yaradılır. Kombinasiya işlənir və top xaricdə oturub pas gözləyən qüvvələrə atılır. Məsələn, Yeni Yasamalda baş verən hadisə kimi. Əslində burada baş verənlərin nəqli izahı belədir: sərtləşdirilmiş karantin rejiminin qaydalarını nümayişkəranə pozan bir nəfəri saxlamaq istəyirlər. O müqavimət göstərir, buna baxmayaraq, polis onu tabe edərək maşına yerləşdirir. Bu zaman maşına zir-zibil və sair tolazlanır. Sonrasını artıq bilirsiz. Polis ona qanuni fəaliyyətinin icrasında mane olan, təhqir edən şəxsləri məsuliyyət altına almaq üçün qayıdır. Aparır. Burada bir əməkdaşın etik olmayan ifasdələr işlətdiyinin də şahidi oluruq. Bu hadisədən sonra vətəndaşı incidən həmin polis əməkdaşı da, xidməti istifadə və daxili araşdırmalar üçün çəkilmiş təsvirləri sosial şəbəkəyə ötürən başqa polis nəfəri də Daxili İşlər nazirinin göstərişilə orqanlardan kənarlaşdırılır. Qeyri-etik davranışın hədəfindən Bakı Baş Polis idarəsi tərəfindən üzr istənilir. Kobud əməliyyat nəticəsində saxlanılan şəxs isə azad edilir. Qısa xülasə belədir.

Amma gəlin bu hadisənin sosial şəbəkələrdə işlənməsinə baxaq. O saat elə fon yaradılır ki, heç demə xüsusi vəziyyət yoxdur. Polisin belə vəziyyətlərdə daha sərt, daha güzəştsiz və bir sıra hallarda olduqca barışmaz, amansız adlandırmaq istəmədiyim addımlara haqqı var. Əgər yoxdursa, deməli Polis haqqında qanuna əlavələr etmək təşəbbüsü ilə məsələ qaldırmaq olar. Adi ağıl üçün arayış. Polis ona görə forma geyinir ki, daşıdığı statusun fərqli olduğunu nümayiş etdirsin. Xüsusi formanı isə o vaxt geyinir ki, məsələn, indiki kimi, yerləşdiyimiz vəziyyətin xüsusi olduğu nəzərə çarpsın. Bu xüsusi vəziyyətdir!!! Başqa vaxt ən adi olan qayda indiki şəraitdə ən sərt qanuna çevrilir. Ən maraqlısı da burasıdır ki, vətəndaş da uniformaya keçir. Məsələn, maska taxır. Belə halda vətəndaş polislə zarafat etməməlidir. Dünyanın bütün ölkələrində, Avropanın qocaman qanun, hüquq dövlətlərində belə polisin bir sıra hallarda həddini aşan hərəkətlərini görürük. Niyə bunu xatırladırıq. Ona görə ki, asayiş keşikçisinə fəaliyyətini yerinə yetirməkdə mane olduğu səbəbilə polis bölməsinə aparılaraq sonradan sərbəst buraxılan gənc polisdən gözlədiyi rəftarla qarşılaşmadığından narazı idi. Gərək başa salaydı, adam öldürməmişik filan.  Əziz qardaşım, hörmətli dostlar! Polis başqa vaxt başa salır. Elə bu şəraitdə də baxın görün nə qədər nəzakətlə hərəkət edir. Burada insanlara kuryer kimi kömək edir.

 

Burada da polis əslində ona aid olmayan işi görür. Amma rejim xüsusidir. Hərbi xidmət keçmiş şəxslər, döyüşdə nə vaxtsa postda olmuş kəslər yəqin unutmayıblar. “Dayan, atəş açacağam!”- hansı hallarda deyilir və hansı halılarda adam xəbərdarlıqsız atəş açır. Xüsüsi rejimin tələbləri var. Polis əməkdaşına belə məqamlarda gərək heç yaxınlaşmayasan. Özünü maşın altına atanlar olur e. Bu baş verənlər təxminən odur. Qəflətən özünü öz yolu ilə gedən maşına çırpıb xəsarət alırsan, sonra da adamı məcbur edirsən ki, müayinə və müalicə pulu öz yerində, əlavə haqq da verməlisən, yoxsa polisə verəcəm. İndiki halda isə polis özü hədəfdir. Dövləti əlquzusuna çevirməyə heç kimin ixtiyarı yoxdur və polisə əl qaldırmaq dövlətin üzünə ağ olmaqdır. Kiminsə yanında üzü ağ olmaq yox. İndi isə polis əməkdaşını amansızlıqda, öz səlahiyyətlərini aşmaqda günahlandıranların məntiqi ətrafında işləyək. Əvvəla, polis də insandır. O da səhv edə bilir, bilər və nazirin əmriylə işdən kənarlaşdırılar da. Necə ki, kənarlaşdırıldı. Amma mən indi məsələnin daha ciddi tərəflərini işləmək istərdim.

Xatırlayaq: polisin üzərinə ardıcıl hücum və təhdid, gözdən salma, linç kompaniyası nə vaxt ayaq açmışdı. 2018-ci ildə Gəncədə silahsız polis zabitləri vəhşicəsinə qətlə yetiriləndə. O ərəfədə Yunis Səfərovun müraciəti olmuşdu ki, bizim əsas hədəfimiz polis olmalıdır. Ona görə ki dövlətin dayağı məhz onlardır. Biz gərək polisin gözünü qıraq və s. Mənim əlimdə bu müraciət də var. Ardınca Rəşad Böyükkişiyev iki zabiti qətlə yetirdi. Bir polis zabitini isə ağır yaraladı. O zaman Yunis Səfərov heç gizlətmirdi də polis əməkdaşlarını sistemli şəkildə hədəf seçdiyini. Elə Rəşad da xüsusi amansızlığının səbəbini. Onlar elə belə də deyirdilər. Polisi sıradan çıxaraq, sonrası asan olacaq! O hadisələrdən sonra polis əməkdaşlarının fəaliyyəti xüsusi qrup tərəfindən hədəf seçildi. Baxmayaraq ki, qaragüruhun bu və ya digər dəstələri qanunsuz aksiyalar keçirməyə cəhdlər edirdi, asayiş keşikçilərini zor tətbiq etəyə təhrik edirdi. Amma polis özünü nəzakətlə, bir sıra hallarda isə öyrəşmədiyimiz ifrat lütfkarlıqla aparırdı..

 

Hətta açıq təhdidlə polisi özündən çıxarmağa çalışanlar da olurdu:

Polis misilsiz soyuqqanlılıq göstərirdi. Ən sərt tədbir isə maksimum belə olurdu ki, kütləvi aksiyanın keçirilməsinə icazə verilən məkana yox, şəhərin mərkəzinə can atan qüvvələri nəqliyyatla təmin edilərək paytaxtdan uzaqlaşdırsin. Hər hansı xüsusi təzyiqsiz. Düzdür arabir Kərimlinin bəy hamamı, Vağzalı havası da olurdu, amma tikiş tez yoxa çıxırdı. Polisin xidməti isə sosial şəbəkələrdə təhdidlə, təhqirlə müşayiət olunurdu. Ayrı-ayrı polis əməkdaşlarının şəkli, ailə üzvlərinin şəkilləri şəbəkələrdə yayılır, onların açıq təhqiri üçün çağırışlar edilirdi. Burda mütəşəkkil formada polisə qarşı kampaniya aparan qüvvələr bütün hallarda özlərinə arqument axtarıb tapırlar. Gəncədə polis zabitlərini qətlə yetirən qatilin şəklini profilinə qoyan xüsusi adamlar, canini yox, məhz polisi itiham edirdilər. Niyə silahsız çıxmışdılar aksiyanın qarşısına? İndi də arqument oxşardı. Polis niyə saxlayıb, niyə aparıb. Aparmayaydı, ona hücum da edilməyəydi. Bəli. Məhz hücum. Xidməti vəzifəsini icra edən polis əməkdaşına nəsə atmaq, tolazlamaq hücum faktıdır. İndi təsəvvür edək ki, hücum nəticəsində polis əməkdaşına nəsə olaydı. Yenə müzakirə açılacaqdı ki, niyə evə girib yoxlamamışdılar? Axı xüsusi şəraitdə polis mənzilə girib əməliyyat da apara bilər. Bunun üçün məhkəmə qərarına ehtiyac yoxdur. Bunu az-çox savadı olan hər kəs bilir. Beləliklə, polis bu qədər təzyiqlə üzləşir. Təhqir olunur. Öldürülür. Yaralanır. Hörmətli tamaşaçılar, indi subyektiv faktor da olmasın? Axı o da insandı...Səhv edə bilər. Baxın, bura insan haqlarının qoruyucu mələyi iddiasinda olan Avropa Şurasının yerləşdiyi Fransadı. Fransa polisi karantin qaydalarını belə qoruyur.

 

Bu isə Azərbaycan polisidir. Xidmət başındadır. Köməkçi. Yardımçı. Bələdçi. Bizim hər birimizin qardaşı, oğlu, dostu... və s.

Bu da bizim polisdir. Xidmət başında... və birdən dövlət himni səslənir.

Bu kadrları isə yaxın keçmişimizin çamurunu xamır kimi gənclərə, rüsvayçı 1991-1993 cü illəri yaşamayanlara təqdim edənlərin diqqətinə çatdırıram. Rəsmi dövlət kanalında, demokratiya mövzusu müzakirə edilir. Bir başa yayımda. Bu zaman ölkənin əsas polisi, bütün polislərin başçısı, Daxiıli İşlər naziri studiyaya girir və aparıcını da, gətiricini də təhqir edir.

İndi bəs nə baş verir? Azərbaycan Polisi öz xidmətini aparır. Vətəndaşı, onun bir sıra hallardakı tərsliyi, şıltaqlığının ziddinə olaraq qoruyur. Və əvəzində nə baş verir? Hansısa Bəxtiyar Hacıyev 1992-ci ildə ermənilərin Xocalıda törətdiyi soyqırımla Yeni Yasamalda baş verən sıradan bir asayiş hərəkətini müqayisə edir. Doğrudanmı, Bəxtiyar Hacıyev bu yanaşmasından sonra özünü azərbaycanlı sayacaq? Mən saymazdım! Əksinə araşdırardım. Niyə Azərbaycan polisini, Azərbaycan dövlətini, Azərbaycan xalqını bu canlı təhqir edir? məsuliyyət daşıyırmı dediyinə görə!? Onda məsuliyətə cəlb edilməlidir ki, daşısın!

Digər xəbərlər
Bu gün
Dünən