Mir Şahinin vaxtı - XÜSUSİ BURAXILIŞ (VİDEO), 19.06.2020

Mir Şahinin vaxtı - XÜSUSİ BURAXILIŞ (VİDEO), 19.06.2020

REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Xüsusi buraxılışdayıq.

Şərq Tərəfdaşlığı ölkələrinin sammiti olmasaydı, yəqin ki, biz sizinlə öz vaxtımızda görüşəcəkdik. Amma sammit telekörpüsündən keçənlər, keçilənlər o qədər maraqlı və mühüm mesajlarla yadda qaldı ki, xüsusi buraxılışa ehtiyac duyduq.

Təbii ki, Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti bir çox məsələlərə görə əhəmiyyətli idi və onlardan hər biri haqqında ayrıca danışmaq olar. Bazar günü bütün detallar barədə ayrıca danışacağıq. Amma mən Sammitdə baş verən Azərbaycan-Ermənistan diplomatik qarşıdurması üzərində xüsusi dayanmaq üçün studiyadayam. Çünki burada ermənilərin liderinə özlərinin də acınacaqlı şəkildə etiraf etdiyi Böyük Bir Rüsvayçılıq, növbəti xəcalət üz verdi.

Paşinyan Əliyevə adəti üzrə yenə də məğlub oldu.

Bu məğlubiyyət təkcə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin gözü qabağında deyil, tədbirə qatılan Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçıları qarşısında, necə deyərlər bütün Aropanın şahidliyilə qeydə alındı. Burada mən xüsusi bir hal üzərində dayanmaq istəyirəm. Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin malik olduğu siyasi məqam- iki dövlətin çəkisi.

Ondan başlayaq ki, Paşinyan hələ ki, plebey, dar alınlıq kimi özünəməxsusluqdan canını qurtara bilməyib və hadisələrin gedişi onu göstərir ki, baş nazir deyəsən heç bunu istəmir də. Onun çıxışının istinad etdiyi əsas məntiq Ermənistan hakimiyyətinin demokratik inqilabdan sonra dəyişməsi barədə danışdığı rəvayətdir. Amma bu nağıl daha işləmir. Ona görə ki, ölkədə bu gün baş verən antidemokratik proseslər, Paşinyanın bir siyasi fiqur olaraq deqradasiyası artıq hamının gördüyü həqiqətdir. Paşinyan əhaliyə seçki ərəfəsində, meydanlarda verdiyi gen-bol, səadət, rifah vədlərini yerinə yetirə bilməməsini ona mane olan oliqarxlarla, islahata qarşı çıxan qüvvələrlə nə qədər bağlasa, nə qədər əlaqələndirsə də inandırıcı deyil. O sadəcə olaraq bacarıqsızdır.

aşinyan çıxışında əsasən demokratiyadan, isahatlardan danışdı və bunu da çox inamsız etdi. Ona görə ki, respublikaya rəhbərliyə başlamasından xeyli vaxt keçsə də ortada “Koçaryanı tut, Koçaryanı burax, Koçaryanı tut, Koçaryanı burax!” qaçdı-tutdusundan başqa bir mənzərə görünmür.

Deyəsən yenə buraxdı... Hə bir də deyəsən işğal altında olan Şuşada yanına butılka qoyub uzanan yerdə şəkil çəkdirib paylaşmışdı. Vəssəlam... Yəni Baş nazir hələ ki, anons verir. Arxası yoxdur.

Avropa dövlətlərilə görüşdə isə Ermənistan lideri yerini bilir, o saat çiynini qısıb təşəkkürə qaçır. Nazir yox, nəzir pozası alır.

“Sağ olun ki, ətəyinizi kəsmədiniz. 92 milyon avroya görə çox sağ olun. Korona virusla mübarizədə bizə yardım etmisiz!. Ümumiyyətlə Nikol Paşinyanın bütün çıxışı özünü yazıq, zavallı, əzabkeş kimi təqdim edən bir ənənəvi erməni çıxış idi. Ağzına maska taxması isə bir-neçə operettaya libretto verər. Monitorlarda bircə onun ağzında maska var idi. Baxmayaraq ki, korona virusa yoluxduğunu, sonra isə sağaldığını elan etmişdi. Əgər doğrudan xəstə idisə və sağalıbsa onda maskaya ehtiyac yoxdur, çünki "COVID-19"un mənşəyi belədir ki, onun daşıyıcısı olub, sağalmış şəxs artıq başqalarına yoluxucu təhdidə malik olmur. Yox əgər sağalmayıbsa, deməli sağaldığı barədə verdiyi xəbər yalandır. Xalqını aldadıb. Ya da heş əvvəldən xəstələnməyib, belə çıxır ki, bütün hallarda ortada sadəcə bir zəif məzhəkəçi işi var.

Azərbaycan lideri isə:

Birincisi, vəziyyətin sahibidir. O Davos standartlarını mükəmməl mənimsəyən, zənginləşdirən, yeni dünya qaydaları sisteminin nüfuzlu fiquru, planetar dəyişikliklərə müəlliflik hüququ daşıyan siyasətçilərdən biri kimi inamlıdır. Və ona görə də sammitə Şərq Tərəfdaşlığına baş əyib bağır basmağa təzim eməyə gəlməyib. Azərbaycan bu rəyasət heyətində də təşkil edən tərəfdir, təşkil olunan yox.

İkincisi: Azərbaycan bərabər hüquqlu tərəfdaş kimi burdadır.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır.”

Üçüncüsü: Ermənistan deyirsə ki, “Sağ ol, sənə əl açmışam, ovcuma 92 milyon avro qoymusan, səni o yanındakı qəşəng qızın canı, yenə pul ver!

Azərbaycan isə belə danışır. Fəlakət qarışısında o bütün dünyanı təşkil etmək üçün beynəlxalq alətlərə malikdir. O yardım istəmir, ianə istəmir. Yardım edir. İanə verir:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Koronavirus pandemiyasına qarşı görülmüş tədbirlər bizə vəziyyəti nəzarətdə, itkiləri isə minimum səviyyədə saxlamağa imkan verib. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə 2019-cu ildə təşkilata sədr seçilən Azərbaycan bu il mayın 4-də Hərəkatın COVID-19-a həsr edilmiş onlayn formatda Zirvə görüşünü təşkil etmişdir. Biz Avropa İttifaqı və Afrika İttifaqının həmin tədbirə qoşulmalarını yüksək qiymətləndiririk. Ali nümayəndə cənab Jozep Borelə videomüraciətinə görə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirik ki, bu, Avropa İttifaqı və Qoşulmama Hərəkatı arasında fəal əməkdaşlığın başlanğıcı olacaqdır. Biz, həmçinin BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi iclasının keçirilməsini təklif etmişik. Azərbaycan pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, ölkəmiz bu günə qədər 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirməyi planlaşdırır!"

Azərbaycan arxayındır. O bilir ki, dünyaya, Avropaya gərəkdir. Prezident Azərbaycanın müstəqilliyini beynəlxalq gərəklilik, beynəlxalq vaciblilik kimi bir dəyər kimi təqdim etməyi bacarıb.

Buyurun. Ermənistanın Avropaya ondan aldığı 92 milyon avroluq yardım minnətdarlığını Azərbaycanın xüsusi təyinatıl ilə müqayisə etmək fürsətini qaçırmayaq.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Yaxın zamanda biz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacağıq. Ölkəmiz Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olmuş və onu maliyyələşdirmişdir. Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir."

Şərq Tərəfdaşlığında çox yaxşı başa düşürlər ki, Azərbaycan oturuşmuş, olduqca mühüm, son dərəcə ciddi tərəfdaş dövlətdir. Azərbaycan burada Qoşulmama Hərəkatının sədri kimi danışır. Türk zirvəsinin lideri kimi çıxış edir. Regionun aparıcı qüvvəsidir. Burada xüsusi bir aspekt var ki, onu vurğulamaq istərdim. Bayaq dedik k, Azərbaycan öz müstəqil dövlətliyini ilk növbədə öz xalqı, amma eyni amanda bütün dünya üçün lazımlı olmaq kimi təqdim etməyi bacarıb.

Və indi gəlin Əliyevin Qarabağ münaqişəsi, onun yaratdığı əngəllərlə bağlı çıxışına bu kontekstdə baxaq.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanırErmənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır!"

Bax elə bu məntiqi ardıcıllıq da Əliyevin siyasi məzmununu müəyyənləşdirir. Biz Azərbaycan Prezidentini müxtəlif meydançalarda, platformalarda görmüşük.

Valday klubu, Aşqabad sammiti, Münhen Təhlükəsizlik konfransı...

Hər dəfə də İlham Əliyev rəqibi üzərində xalis qələbə qazanıb. Ona görə ki, o rəqibindən fərqli olaraq haqlıdır, təkzibolunmazcasına məlumatlıdır. Təkcə münaqişənin yox, regionun tarixini bilir. O istənilən replikaya, gözlənilən, gözlənilməz istənilən fəndə hazırdır.

Buyurun. Ermənistanın baş naziri Nikol Paşinyan İlham Əliyevin faktlara, həqiqətə, haqqa əsaslanan çıxışından sonra replika verir. Özü də ermənicə. Baxmayaraq ki, Paşinyan ingiliscə danışa bilir. Amma bu artıq dil yox, beyin çaşmasıdır. Nəsə izləyək.

Şarl Mişel: "Bizə tərcümə gəlmir, Paşinyan."

Nikol Paşınyanın replikası: "Üzr istəyirəm, müdaxilə etməliyəm. Bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi qərar verib ki, Azərbaycan öz ərazisində ermənilərə qarşı irqçı siyasət həyata keçirib. Ermənini yatarkən balta ilə qətlə yetirmiş və Avropa İttifaqına üzv dövlətin məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı həmin ölkədən ekstradisiya ediləndən sonra cənab Əliyev tərəfindən əfv olunmuşdur. Bu şəxs Azərbaycanda hər kəs tərəfindən qəhrəman kimi vəsf edilir. Dağlıq Qarabağ erməniləri balta ilə qətlə yetirilməmək üçün özünümüdafiə hüququna malikdir.

Mən üzr istəyirəm, ancaq hesab edirəm ki, Şərq Tərəfdaşlığı platforması zorakılığa təhrik etmək üçün deyildir. Burada tərəfdaşlıq təşviq edilməlidir. Mən Azərbaycan Prezidentini təklif etdiyim konstruktiv məcraya və formulaya qayıtmağı dəvət edirəm ki, bu formulaya əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan xalqları üçün məqbul olmalıdır."

Prezident İlham Əliyevin cavabına baxaq. Dedik ki, o tarixi əla bilir. Biz onu Njde Qareginin faşizmə rəğbətinin ermənilərin bugünkü siyasətində öz əkisini tapmasını necə sərrast çatdırdığını, İrəvanın Ermənistana paytaxt kimi güzəştə gedilməsinin və bununla da beynəlxalq müstəvidə hətta respublikasının mərkəzini də bizdən oğurlamış dövlətin işğalçı naturasını necə açdığını xatırlayırıq. Amma açığını deyim ki, bu dəfə məni hansı gözlənilməzliyin gözlədiyini bilmirdim. Yəqin sammit iştirakçıları da. Və elə Paşinyan özü də:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim. Burada çıxışımı yekunlaşdırıram."

Bu cavabın təkzibi mümkün deyil. İlham Əliyevin Paşinyanın real erməni dilini və gerçək erməni mahiyyətini üzə çıxaran məntiqi hər şeyi yerinə qoydu. Eynilə Qaregin Njdenin faşist olmadığını izah edməyə çalışan məlumatsız, məntiqsiz Paşinyana yenə eyni yerdən zərbə vurulmuş, “İnanmırsınızsa, tarixə baxın!”-yolu göstərilmişdi. Və bu həmin o Karapetyan idi.

ASALA terror təşkilatının üzvü Varujan Karapetyan. 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında, Türk Hava Yollarının kassası qarşısında terror aktı təşkil etmiş Karapetyan. 8 nəfərin ölümünə səbəb olmuş terror aktının əsas təşkilatçısı. 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı olan 8 qurbanın qatili. Terror zamanı 55 nəfər yaralanmışdı. Fransa məhkəməsinin ömürlük həbs cəzası verdiyin terorçu 2001-ci ildə Ermənistana ekstradisiya olunur. Və burada qəhrəman kimi qarşılanan terrorçunu Ermənistan rəhbərliyi qəbul edir, mənzil və işlə təmin edir. Göründüyü kimi Prezident Paşinyana bu dəfə də təkzib üçün yer saxlamır. Nikol Paşinyanın artıq neçənci rüsvayçılığıdır ki, şahidlik edirik. Onun çaşdığı səhnələr çox olub. Bir dəfə Putinlə, bir dəfə Medvedyevlə, bir dəfə Nazarbayevlə... və artıq hər dəfə Əliyevlə. Ona görə də mən Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin adına əvvəl beynəlxalq səviyyədə qəbul edildiyi tərzdə, Naqorniy Qarabağ deməsini, sonra ermənicə Artsax səsləndirməsini sırf o çaşqınlığın ayağına yazıram. Çünki başa yazmaq üçün alın çox dardır. Amma etiraf edim ki, Paşinyanın tez-tez yalan danışması əslində mənim xoşuma gəlir. Ona görə ki, hər belə yalan Ermənistan rəhbərliyini təmsil edən şəxsin bir tərəfdən ümumiyyətlə qeyri-ciddi olmasını sübut edirsə, digər tərəfdən beş dəqiqə sonra təkzib edilə bilən çıxışların Dağlıq Qarabağ probleminin həllində özünü haqlı göstərməyə çalışan İrəvanın əsla xeyrinə işləmədiyini nümayiş etdirir.

Məsələn, Avropa İnsan hüquqları Məhkəməsinin Ramil Səfərovla bağlı bu yaxınlarda çıxardığı son qərar aşkar şəkildə Paşinyanın dediyi kimi deyil. Axı burada Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyindən ümumiyyətlə söhbət getmir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməyib. Qərarda baş vermiş hadisənin fərdi davranış əsasında törədildiyi qeyd olunur, vəssəlam.

Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin növbəti məntiq və diplomatiya qarşıdurması mənə Nazirlər Kabinetinin toplantılarından birində İlham Əliyevin çıxışını xatırlatdı:

Elədir ki, var, cənab Prezident!

Beləliklə biz sizinlə Şərq tərəfdaşlığında Azərbaycanın və Ermənistanın yeri haqqında danışdıq.

Daha doğrusu Ermənistanın yeri, Azərbaycanın isə göyü. Yerlə göy qədər fərq var.

Hə... mənim yadımda o toplantıdan bir də bilirsiniz nə qaldı. Ermənistanın sifəti. Biz hamının üzünü gördük. Ermənistanın isə üzü yox idi. Yerində maska var idi!

Salamat qalın.

Digər xəbərlər
Bu gün
Dünən