Mir Şahinin vaxtı - VİDEO (21.06.2020)

Mir Şahinin vaxtı - VİDEO (21.06.2020)

REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir.

Dünya artıq yeni formatda çalışır. Ən əhəmiyyətli beynəlxalq tədbirlər ənənəvi formada keçirilmir. Uzun müddətdir ki, dövlət başçıları bizim adət etdiyimiz tərzdə qarşılanmır. Təntənəli pişvazları onlayn pəncərələr, monitorlar əvəz edib.

Aparıcı ölkələr yeni dünya dilini anlamaqda, tətbiq etməkdədir. Pandemiya planetə yeni davranış tərzi aşılamaqdadır. Yeni dünya qaydaları-koronavirusun təsiri ilə planetin qeyri-rəsmi konstitusiyasına hər gün daha inamla çevrilməkdədir. Süni intellekt, insan təmasının minimuma endirilməsi, ekoloji öhdəliklər, Yer Kürəsinin əvəzolunmazlığının ən yüksək səviyədə, artıq kosmik-ilahi səviyyədə etirafı bu gün bəşər övladının ənənəvi azad təbiətinə müdaxiləni zəruri edir. Artıq yeni reallıqdayıq. Nə qədər tez anlasaq, bir o qədər asan olacaq. Bir daha vurğulayaq: maskaya eynək, qulaq aparatı, əsa, qoltuqağacı kimi öyrəşməli, ünsiyyətin onlayn formasına sürətlə keçməliyik. Bir-birimizin əlini sıxmaqdan çəkinməliyik. Bir-birimizdən aralı durmalıyıq. “Özündən muğayat ol!” diləyini “başqasından muğayat ol!” qayğısına dəyişməliyik. Yeni, müasir davranış, yaşayış alətlərinə, mexanizmlərinə yiyələnməliyik.

Prezident İlham Əliyev İyunun 16-da “Microsoft” şirkətinin bir qrup rəhbəri ilə şirkətin təşəbbüsü ilə videokonfrans keçirdi. Sabit tamaşaçımız üçün yəqin ki, bu görüşün əhəmiyyətini anlamaq çətin olmamalıdır. Ona görə ki, o artıq neçə illərdir Prezident Əliyevin Azərbaycanı hazırladığı ağıllı dünya modeli, yeni stereotiplər və standartlar barədə Kütləvi İnformasiya Vasitələrinin, o cümlədən REAL Təhlil və İnformasiya Mərkəzinin hazırladığı materialları izləyir. Dünyanın rastlaşdığı bütün çətinliklərə, ən ağlasığmaz sürprizlərə baxmayaraq Əliyev planetin daxil olduğu rəqəmsal orbitdə Azərbaycanın etibarlı yer əldə etməsi xəttini ardıcıl aparır. Elə “Microsoft”-la görüşdə də söhbət əslində bu planetar öhdəliklərdən, onlayn münasibətlər sisteminə hazır olmaq üçün edilən səylərdən və görülən işlərdən gedirdi. Aydın oldu ki, Azərbaycanda rəqəmsal transformasiya üzrə hökumət strategiyası işlənir. Bu işi “Microsoft”la birgə görəcəyik. Orta statistik azərbaycanlımıza ROBOT Sofiya səviyyəsində anlaşılan, əslində isə istehzadan işıq sürətilə uzaq, gələcəyimiz üçün yeni məzmunlu iman növü olan süni zəka mövzusu ali düşüncə pilləsinə qaldırılıb. Süni intellekt üzrə strategiya üzərində iş gedir.

Son iki ildə Davos İqtisadi Forumunun gündəliyinin əsas mövzularından olan Kibertəhlükəsizlikdən də bəhs edildi. Və "2020-2025-ci illər üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiya"nın hazırlanması üzərində işlər aparılır. Distant formada təhsilin təşkilinə diqqət yetiriləcək. Bu görüşdə bir yenilik də diqqəti çəkdi. Azərbaycanın regionumuzda innovasiyaların mərkəzi olmaq şansı var. Abşeron vadisi yaradıb yerli Silikon Vadisinə çevrilmək mümkündür. Bir sözlə, Azərbaycan regionun yeni formatlı liderinə çevrilir. 4-cü Sənaye İnqilabını həyata keçirən ən uğurlu dövlətlərdən biri, bəzən hətta birincisi tək.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir. Bu dəfə Davos İqtisadi Forumu zamanı cənab Borge Brende və mən Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin Bakıda yaradılması ilə bağlı sənədi imzaladıq. Beləliklə, bu mərkəz nəinki təkcə Azərbaycanı, region ölkələrini də əhatə edəcək. Buna görə düşünürəm ki, bizim üçün daha da irəliləmək və sizinlə innovasiya mərkəzi üzərində çalışmaq təbii olardı. Bizim əsas strategiyamız sizin də bildiyiniz kimi, karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. Buna görə düşünürəm ki, bu məsələ üzərində birgə çalışmağımız əməkdaşlığımızı gücləndirə bilər."

Biz bəzən ya bilməyərəkdən, ya da qəsdən elə hesab edir və fikir formalaşdırırıq ki, guya vətəndaşımıza hələ də aqrar təfəkkür xasdır. Poçt qutusundan çıxmamışıq. Bu baxımdan, milli natamamlıq kompleksindən aldığımız xəsarətləri sızıldadır, “əcnəbi göydə balonlarla gəzir!”, nə bilim, Mirzə Cəlildən bu yana dəyişməmişik” kimi misallar çəkməkdən xoşlanırıq. Amma gəlin dövlətimizə bir az gələcək tərəfdən baxaq. 4-cü Sənaye transformasiyası şərtlərindən. Baxın, həyətdə 2020-ci ilin iyun ayıdır. Pandemiyanın faktiki olaraq qeyri transpartabel vəziyyətə gətirdiyi planetdə münasibətlər məsafəli hala keçib. Adət etdiyimiz tərzdə desək: distansion formaya. Belə bir vaxtda Azərbaycan dünyanın beş-altı dövlətindəndir ki, indiki vəziyyətə bütün sahələr üzrə daha hazırlıqlıdır. İndi baxacağınız fraqmentdə distant təhsildən gedir söhbət. Amma təkcə ondan yox. Gəlin, məni yox, onu- bizi yox, onları dinləyək.

“Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq: “Biz Sizin təxminən 1 milyon tələbəniz üçün əlaqə qura bilmişik. Düşünürəm ki, o vaxta kimi onların gələcəyinə heç nəyin mane olmamasını təmin etmişik və xoşbəxtlikdən biz evdəyik. Aydındır ki, bu, gələcək üçün vacib investisiyadır. Komandalarımız və tərəfdaşlarımızın mümkün qədər tez müddətdə, bir neçə həftə ərzində hər kəsi əlaqələndirmək üçün sizin nazirlikdəki təhsil işçiləri ilə apardığı işdən qürur duyuram.

Digər ölkələrdə üzləşdiyimiz problem ondan ibarətdir ki, evlərdəki qurğuların sayı məhduddur. Anlayıram ki, bu, sizdə problem deyil. Bu isə yaxşı xəbərdir. Çox ölkələr, əslində, yetəri qədər qurğular əldə etmək üçün çətinlik yaşayıblar. Ana, ata və uşaqlar evdədirlər və kompüterdən istifadə uğrunda mübarizə aparılır. Lakin görünür, sizdə bu problem yoxdur və bu, yaxşı xəbərdir."

Biz indi Sizinlə maraqlı bir yerdəyik. Azərbaycana gələcəkdən baxırıq. Qurğular yalnı fiziki alətlər deyil, həm də yeni zamanın çağırışlarına uyğun xidmətlərdir. Kompüterlər, noutbuklar, planşetlər, bir sözlə onlayn ünsiyyəti təmin edən hər şeydir. Gördünüz, cənab nə dedi: “Çox ölkələr, əslində, yetəri qədər qurğu əldə etmək üçün çətinlik yaşayıblar. Ana, ata və uşaqlar evdədirlər və kompüterdən istifadə uğrunda mübarizə aparılır. Lakin sizdə bu problem yoxdur və bu, yaxşı xəbərdir. Sitatın sonu. Amma eyni zamanda daha bir qürurverici sitatın əvvəli.

Təfsilata keçim. Biz buna qədərki şərhlərimizdə də bir neçə dəfə qeyd etmişik ki, Azərbaycan siyasəti ani maraqlara, təsadüfi tendensiyalara əsaslanaraq çernovik qərarlar qəbul edən, bir növ yaxıngörmə kursundan ibarət deyil. Əliyevin siyasi-iqtisadi üslubunu, onun çoxmənzilli-çox şaxəli xarakterini ardıcıl izləyən jurnalist kimi- onun bir neçə il sonranın konyukturası və trendini dürüst təyin edib iş masasını gələcək zamanda qurduğunu, beyin gözünü həmişə məmnuniyyətlə qeyd etmişəm.

Bu günlərdə Dünya Bankının təşəbbüsü ilə İlham Əliyevlə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda səslənən fikirlər əslində peşəkarlara planeti yaxın gələcəkdə gözləyən hadisələr zamanı Azərbaycanın özünü nücə aparacağı və vəziyyətdən necə çıxacağı barədə xeyli material verirdi. Dünya Bankı –Azərbaycan münasibətlərində əməkdaşlıqdan faydalanan iki tərəfin olduğu göz qabağındadır. Həm Dünya Bankı, həm Azərbaycan rəhbərliyi bir-biri qarşısında alnıaçıqdır. Buyurun izləyək. İş var. Nəticə var. Düzdür, minnətdarlıq da var, amma minnət yoxdur.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “TANAP-a göstərdiyiniz dəstəyə görə xüsusi təşəkkürlər. Yəqin ki, bildiyiniz kimi, Cənub Qaz Dəhlizi layihəsinin icrası sona yaxınlaşır. Ümidvarıq ki, bütün tikinti işlərini bir neçə aya tamamlayacağıq. Əlbəttə ki, Dünya Bankının Cənub Qaz Dəhlizinin ən mühüm hissələrindən olan TANAP-ın icrasına verdiyi töhfə yüksək qiymətləndirilir. Sözsüz ki, bu, digər bankların da bu mühüm layihəni dəstəkləməsi üçün yaxşı siqnal oldu.

Mən, həmçinin artıq icra edilmiş layihələri nəzərdən keçirirdim. Onlar bir çox sahələri əhatə edir. Biz çox mühüm töhfəyə görə olduqca minnətdarıq, ümumilikdə layihələrə 3,5 milyard dollardan çox vəsait ayrılıb. Əlbəttə, bizim gələcək üçün daha çox planımız, ölkənin müasirləşdirilməsi, iqtisadiyyatımızın qeyri-enerji sektorunun inkişaf etdirilməsi və sözsüz ki, infrastruktura investisiya yatırılmasının davam etdirilməsi ilə bağlı planlarımız var. Beləliklə, mən əminəm ki, gələcəkdə çox müsbət əməkdaşlığımız olacaq.

Mən, həmçinin özünüməşğulluq proqramı ilə bağlı bizə dəstək göstərilməsinə dair müraciətimə dərhal cavab verdiyinə görə Dünya Bankına xüsusi minnətdarlığımı bildirmək istərdim. Həmin müraciət 2019-cu ilin yanvarında təqdim olunmuşdu və bir ildən də az müddət ərzində biz artıq bütün hazırlıq işlərini tamamlamışıq. Mənə məlumat verilib ki, Dünya Bankının özünüməşğulluq layihəsində iştirakı təxminən 100 milyon ABŞ dolları həcmində olacaq. Buna görə təşəkkür edirik. Bu il biz bu proqramla 15 minə yaxın adamı əhatə etməyi planlaşdırırıq və əlbəttə, ki, Dünya Bankı tərəfindən əlavə maliyyələşdirmə yüksək qiymətləndirilir və alqışlanır."

Bu isə Dünya Bankının nitqidir. Burada da Azərbaycanın çəkisi, sanbalı və xidməti etiraf olunur. Amma onların da təşəkkürləri var. Sayı Əliyevin təşəkkür sayı ilə mütləq müqayisə edin. Ona görə ki, bir azdan biz Şərq Tərəfdaşlığı Sammitində Əliyevin çıxışını, Azərbaycanın vəziyyətini təhlil edərkən bu bizə lazım olacaq.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde: “Təşəkkür edirəm, Zati-aliləri. İlk növbədə, bu görüşü təşkil etdiyinizə görə çox sağ olun. Mən Sizinlə görüşməkdən həqiqətən də məmnunam. Mən Sizinlə Azərbaycanda görüşməyi çox istərdim. Amma dünyada baş verənləri nəzərə alsaq, hələ ki, görüşləri bu cür keçirməli olacağıq. Lakin çox yaxın gələcəkdə Sizinlə Azərbaycanda görüşəcəyimə ümid edirəm. Mən, həmçinin tərəfdaşlığa görə və birlikdə bir çox sahələrdə işlədiyimiz komandaya minnətdarlığımı bildirmək istərdim. Əlaqələrin necə möhkəm olduğunu görməkdən məmnunam. Tərəfdaş kimi Dünya Bankına olan etimadınıza görə Sizə çox təşəkkür edirəm. Mən bu vəzifənin icrasına başladığımdan bu yolu davam etdirməyimizi səbirsizliklə gözləyirəm. Bir daha buna görə təşəkkür edirəm.

Həmçinin mən Dünya Bankı adından Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasına verdiyi töhfəyə görə minnətdarlığımı bildirmək istərdim. Bu addım çox yüksək qiymətləndirilir. Sizin ən yoxsul ölkələr üçün olan fondumuzu dəstəkləməyiniz bizim tərəfimizdən həqiqətən də çox yüksək qiymətləndirilir. Düşünürəm ki, bu, bizim əlaqələrimizi daha irəliyə aparır. Buna görə həqiqətən də minnətdarlığımı bildirmək istərdim."

Az qala hər cümlədə, konkret desək, ümumilikdə 6 dəfə Azərbaycana təşəkkür edən dünyanın ən nüfuzlu maliyyə təsisatlarıdan biri, o boyda Dünya Bankıdır. Təşəkkürlərin səbəbi isə sadəcə nəzakət deyil. Ortada faydalı əməkdaşlıq nəticəsində etiraf olunmuş bir Azərbaycan etibarlılığı var. Bir az əvvəl mən Əliyevin kursunun çoxşaxəli olduğunu dedim. Məsələn, bu gün pandemiyanın yaratdığı problemlər kompleksi Azərbaycanı da sıxır. Amma Əliyevin səsində “hər şey batdı! Böhrandan necə qalxacağıq?!” kimi bədbin ton yoxdur. Hə, iqtisadiyyatımızın bir tərəfində itkilər var. Amma başqa tərəfində qazanc da var axı.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bizim üçün hazırda prioritet olan məsələlərə gəlincə mən ümumi şəkildə indiki pandemiya dövründə iki əsas prioritetin olduğunu deyərdim. Çünki biz ilə yaxşı iqtisadi artım göstəriciləri, yaxşı formada olan bütün iqtisadi parametrlərlə birlikdə çox ümidverici başlanğıc etdik. Lakin bu ilin 5 ayı göstərir ki, bizim iqtisadiyyatımız 1,7 faiz azalıb. Bu, çox deyil. Lakin bu, azalmadır. Amma ümidverici fakt ondan ibarətdir ki, bizdə kənd təsərrüfatında artım qeydə alınıb – 3 faizdən çox. Qeyri-enerji sənayesində artım 14 faiz təşkil edib. Ona görə də gələcək üçün bizim nəzərə aldığımız iki əsas məsələ şaxələndirməyə əsaslanan iqtisadiyyatın davamlı inkişafına nail olmaqdır. İkincisi isə, iqtisadiyyatın artımı daha çox iş yerləri ilə müşayiət olunmalıdır. Çünki Azərbaycan əhalisi artan ölkədir. Biz artıq 10 milyondan çoxuq. Əhali artır. Ona görə də xalqımız üçün daha çox iş yerlərinə ehtiyacımız var. Xüsusilə də indi bu yeni texnologiyalarla bir çox iş yerləri artıq bazarda deyil. Yeni işlər peyda olur. Lakin bu yeni iş yerləri üçün bizim insanların xüsusi bacarıqları olmalıdır. Ona görə də bu iki əsas amil bizim hər zaman gündəliyimizdədir”.

Dediyim odur ki, çoxşaxəli kurs Azərbaycana istənilən böhrandan minimum itki ilə çıxmaq imkanı verir. Və Prezidentin nitqində bir xüsusi cəhət də var idi. Bu şəffaf hesabatlılıqdır. Həm nəhəng layihələrdə işlərin gedişi, həm də yeni projelərin maliyyə imkanları. Eləcə də əgər ehtiyac olarsa kredit cəlb etmək. Amma, burda da bir incə nüans var.

Azərbaycan Prezidenti təklif edir, xahiş etmir. Eyni zamanda bu təkliflərin qarşı tərəf üçün də əlverişli olduğunu uğurla izah edir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Ciddi şəkildə diqqəti cəmlədiyimiz sahələrdən biri də suvarma və su təchizatı ilə bağlı məsələlərdir. Mən gələcək su idarəetmə sistemlərimiz üçün yol xəritəsini yaratmaq məqsədilə Baş Nazirin müavininin rəhbərlik etdiyi xüsusi hökumət komissiyası yaratmışam, bir çox nazir bu komissiyanın üzvüdür. Çünki təəssüf ki, infrastrukturun çox hissəsinin istismar müddəti bitib. Bəzi ərazilərdə bizim 40, hətta 50 faiz su itkimiz olur, təsəvvür edin, su resurslarının çatışmadığı bir ölkədə. Xüsusilə ötən il bizdə ciddi quraqlıq oldu. Bu il də həmçinin. Bilirsiniz, sudan bu cür sui-istifadə qəbuledilməzdir. Ona görə də hökumət bunun üzərində çalışır. Biz ilk addımlarımızı 1 və ya 2 ay ərzində atmağı planlaşdırırıq. Ona görə də maliyyələşmə, nəzarət və məsləhətləşmə baxımından mən Dünya Bankını bizim tərəfdaşımız olmağa dəvət etmək istərdim. Çünki sizin bu sahədə çox böyük təcrübəniz var. Ona görə də bu sahənin gündəliyimizə daxil ediləcək məsələlər arasında adını çəkərdim. Siz, həmçinin kənd təsərrüfatını qeyd etdiniz. Biz sizinlə bu sahədə çalışırıq. Biz kənd təsərrüfatının rəqabətqabiliyyətliliyini artırmalıyıq və necə irəliləməyimizlə bağlı anlayışımız olmalıdır. Çünki biz təkcə öz resurslarımızla ehtiyaclarımızı təchiz etməli deyilik, həm də daha çox ixrac potensialımız olmalıdır. Bunun üçün biz mövcud ixrac bazarlarına da daha çox cəlb olunmalıyıq və yeni bazarlar haqqında düşünməliyik. Bunlar hamısı sonuncu reabilitasiya mərhələsində olan nəqliyyat və logistik infrastrukturla bağlıdır. Dünya Bankı sayəsində biz bu sahədə çox vacib layihələr icra etmişik. Hazırda biz əsasən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində çalışırıq. Çünki Şərq-Qərb artıq həyata keçirilib. Paytaxt şəhərdən şimal və cənub sərhədlərinə qədər dəmir yolu şəbəkəmizin reabilitasiyası... Dəmir yolu mövcuddur, lakin yeni yük həcmlərinə görə bizim müasirləşməyə ehtiyacımız var. Beləliklə, bu layihə də bizim gündəmimizə daxildir."

Su məsələsinə bir qədər sonra qayıtmalıyıq. Ona görə ki, ölkədə doğrudan da su problemi var. Amma bu problem heç də subyektiv səbəblərə, ya da yalnız subyektiv səbəblərə bağlı deyil. Suya toxunacağıq. İndi isə məqsədimiz Azərbaycanın postpandemiya dövründə bərpa edəcəyi, yenidən dirçəldəcəyi sahələrdə Dünya Bankının iştirakıdır. Fikir verirsizsə, Azərbaycanın bütün manerasi ümummilli qürura, dövlət özünüsevərliyinə köklənib. Biz təklif edirik. İstəmirik. Bizim pula yox, ölkə strategiyasına ehtiyacımız var!

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Pandemiya ilə əlaqədar vəziyyəti nəzərə alaraq təbii ki, postpandemiya dövrü böhranını idarə etmək üçün bizim ölkə strategiyasına ehtiyacımız var. Çünki bizim iqtisadiyyatımızın bəzi sahələri ciddi şəkildə zərər çəkdi. Xüsusilə də yaxşı nəticələrimiz olan və son 4 ildə artımın olduğu turizm sahəsi. Həqiqətən Azərbaycan turizm xəritəsində maraqlı istiqamətə çevrilib. Beləliklə, pandemiyadan sonra biz bu sektoru canlandırmaq və Azərbaycanı yenidən xarici turistlər üçün cəlbedici etmək istiqamətində çox çalışmalıyıq. Çünki turizm sərbəst konvertasiya olunan valyuta yaradan sektorlardan biridir. Qeyri-neft və qeyri-qaz ixracından gələcək daha çox sərbəst konvertasiya olunan valyuta ehtiyatlarına ehtiyacımız var. Ona görə də kənd təsərrüfatı, turizm, texnologiya düşünürəm ki, bizim diqqətimizi cəmlədiyimiz əsas sahələr olacaq.”

Burada bir məsələyə də toxunaq. Hökumətin iclaslarında, ixtisaslaşmış toplantılarda Prezident investisiya və kredit tələb edən sahələrin yeni dövrə uyğun olaraq işlənilməsini təklif etmişdi. Kredit paketləri, investisiya qoyulması zəruri sahələr barədə Əliyevin çıxışları yadımızdadır. Daha doğrusu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu dinlədikcə yadımıza düşəcək. Axı Əliyev bunları demişdi...

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus: “Burada bizim şaxələndirmə və inkişafla bağlı misilsiz imkanımız var və Siz də bunu qeyd etdiniz. Mən dövlət investisiyaları yönümlü modeldən özəl sektorun inkişafı modelinə keçidi nəzərdə tuturam. Bu, Azərbaycana yeni bir mövqedən çıxış etməyə imkan verə bilər. Biz hökumətinizlə ilkin müzakirələrə başlamışıq və bizim vitse-prezidentin qeyd etdiyi kimi, bunu saziş formasında rəsmiləşdirməyimiz işlərin qısa zamanda həyata keçirilməsini mümkün edəcək.

Zənnimcə, bugünkü qlobal böhran inkişafa bir növ yeni təkan verə bilər. Beləliklə, cəmiyyətdə sosial razılığın bərqərar olunması və insanların buna inamı təmin edilə bilər. İqtisadi artım və məşğulluq məsələləri istənilən strategiya üçün olduqca əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm. Biz uzun illər ərzində hər iki mövzu üzərində geniş şəkildə çalışmışıq.

Dünya Bankı və şəxsən mən yeni iş yerlərinin yaradılması üzərində uzun müddət çalışırıq. Biz 20 il ərzində Dünya Bankı tərəfindən məşğulluq sahəsində icra olunmuş layihələri yenidən təhlil edərək burada özəl sektorda dayanıqlı iş yerlərinin yaradılmasında yardımçı ola biləcək 3-4 mühüm amili müəyyən etdik. Birincisi, maliyyə resurslarının əlçatanlığı, yəni, inkişaf gündəliyini dəstəkləyən maliyyə sektorunun mövcudluğudur. İkincisi, bazarlara çıxışdır. Bu gün qlobal səviyyədə təchizat zəncirində mövcud olan gərginlik Azərbaycana yeni mövqedən çıxış etməyə, Avropa və Asiya arasında bağlantı yaradaraq həlledici rola malik olmağa imkanı verə bilər."

İndi isə bir az əvvəl toxunduğumuz su mövzusuna qayıdım. Məsələ burasındadır ki, Azərbaycanın su ehtiyatlarına görə dünyanın autsayder ölkələrindən olduğu hələlik heç də hamıya çatmır. Bəli. Etiraf etməliyik ki, bizim respublika suya malikliyinə görə dünya ölkələrinin son onluğunda qərar tutub və getdikcə də aşağı yuvarlana bilər. Dövlətin böhranı idarə etmək kursu vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Neft zamanında su statistik sakinimizi daha çox içməlilik təyinatına görə maraqlandırırdılsa, qeyri-neft sektorunun çəkisi artdıqca biz suyun kənd təsərrüfatında payının artması zərurəti ilə barışmalıyıq. Ona görə də Su məsələsindən istifadə edərək problemi siyasiləşdirməyə, yaranmış vəziyyəti məmurlara qarşı çevirməyə çalışanların sadə əkin-biçin insanlarının səmimi giley-güzarından, şikayətlərindən istifadə edərək aksiyalara təhrik etməsi həssas şəkildə izlənməlidir. Bu ay ərzində ölkənin bir neçə rayonunda şübhəli ardıcıllıqla buna cəhdlər edildi. Və burda insanların su tələbindən daha çox altqatda gizlənən kin-nifrət püskürməsi araşdırmalıdır.

Məsələn, “Varlıların, məmurların bağında su var, amma biz içməyə su tapmırıq!” şüarı təkcə morfoloji təhlil edilməməlidir. Burada baş üzvü də, ikinci dərəcəli üzvü də tapmaq lazımdır. Əlbəttə, lokal su probleminin nə qədər süni ya təbii olduğu müəyyənləşdirilməli, məsələ həllini tapmalıdır. Amma ölkənin müxtəlif rayonlarındakı suyu istifadə yox, sui istifadə ilk növbədə işlənməlidir. Bir məqama da diqqətinizi çəkim. Çoxşaxəli sosial-iqtisadi kursdan danışarkən bunu unutmayaq və xatırlayaq ki, son 10-15 ildə nə qədər su anbarı tikilib və artezian quyuları qazılıb. Bu, əkinçi-torpaq gələcəyini proqnozlaşdıran dövlətin əldə etdiyi nəticədir. Su məsələsi ilə oynamaq olmaz. Bu sadə məsələ deyil.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “...Cənab Molineisun söylədiyi “su təhlükəsizliyi” termini ilə tam razıyam. Bu, həqiqətən də bizim üçün təhlükəsizlik məsələsidir. Tam razıyam ki, biz bu sahəyə görə məsuliyyət daşıyan şirkətlərimizin və dövlət təşkilatlarının strukturunun lazımi qaydada formalaşdırılması məqsədilə təsisat əsasları üzərində çalışmalıyıq. Biz infrastruktura ciddi sərmayələr qoyacağıq. Bunlar bizim builki dövlət sərmayə proqramında əks olunub. Ümid edirik ki, Dünya Bankı ilə birgə infrastruktur və qənaət sahəsində biz daha geniş miqyasda işləyə bilərik. Burada qənaətə yeni texnologiyaların tətbiqi və lazımi idarəçilik nəticəsində nail olunması nəzərdə tutulur”

“Su bizim üçün təhlükəsizlik məsələsidir”. Prezident belə dedi və məncə bu ifadənin əlavə izahına ehtiyac yoxdur. Yəqin ki, hüquq-mühafizə orqanları suyumuzu bulandırmaq istəyən “dırnaqarası balıqçıları”n tilovlarını da, onların ucundakı soxulcanları da tapacaqlar. Çünki az-çox savadı, məlumatı olan kəs başa düşür ki, bu saat su hansısa saman çöplərinin üstüylə yeridilir... Xüsusilə, pandemiyanın Azərbaycanda getdikcə genişləndiyi dövrdə. İnsanların əsəbləri gərilir. Sadə vətəndaşın yeni davranış tərzinə uyğunlaşa bilməməsi və əksər hallarda bunu ümumiyyətlə istəməməsi belə qarışıqlıq maklerlərinə əla xammal verir.

Məsələn, Şərq Tərəfdaşlığı Sammitində Azərbaycan Prezidenti Nikol Paşinyanı sözün həqiqi mənasında yerinə sakit oturtdu.

Biz bu tədbir barədə xüsusi buraxılış hazırlamışdıq. Amma bir məqamı yenidən xatırlayaq. Prezident Əliyev Nikol Paşinyanın məntiqini darmadağın etdi. Baxaq və studiyada görüşək.

Azərbaycan Prezidentinin yüksək hazırlığı, hazırcavablığı öz sözünü dedi və Baş nazir Boş nazir çıxdı. Bu öz yerində. Amma mənim bayaq başladığım mövzuya qayıdıram.

Beləliklə, Paşinyan dedi ki, “Dağlıq Qarabağ erməniləri balta ilə qətlə yetirilməmək üçün özünümüdafiə hüququna malikdir!”.

İndi isə qarışıqlıq, pozuculuq maklerləri adlandırdıqlarımın əlinə verilən xammaldan danışaq. Mən nəyi nəzərdə tuturam: Paşinyanın bu fikri Azərbaycan qaragüruhunun, 5-ci kolonçuların bəzi çıxışlarından qaynaqlanırdı. Yəni Cəmil Həsənli-Əli Kərimli güruhu vaxt aşırı belə məntiq modellərinə üz tutur. Tutaq ki, Bakının mərkəzində icazəsiz aksiya keçirən qaragüruha polis müdaxilə edir. Bu zaman Həsənli-Kərimli qaragüruhu nə deyir: buyurun, sitat gətirirəm. Belə aksiyaları dağıtmaq Dağlıq Qarabağ probleminin həllinə mane olur. Çünki Dağlıq Qarabağ erməniləri belə Azərbaycanın tərkibində olmağa razı olmaz!” İndiki halda, Paşinyanın ““Dağlıq Qarabağ erməniləri balta ilə qətlə yetirilməmək üçün özünümüdafiə hüququna malikdir!” deməsi isə bu günlərdə ictimai fəal Bəxtiyar Hacıyevin Yasamalda polisin hərəkətini Xocalıda ermənilərin törətdiyi soyqırımla müqayisə etməsilə məntiq və dünygörüşü qohumudur.

Bəs harada yetişdirilir belə zərərli internet canlıları? Əlbəttə sosial şəbəkələrdə.

Burdakı gizlinlik, anonimlik mühiti faktiki olaraq belə zərərli və zəhərli törəmələr üçün münbit bətn rolunu oynayır. Bu yaxınlarda Rusiya-Azərbaycan sərhədində ölkəmizə qayıtmaq istəyən həmvətənlərimizin başına gələn hadisə ətrafında biz də danışaq. Ona görə ki, əslində nəyin baş verdiyini deyəsən bəziləri heç başa da düşmür. Ona görə ki, ortada sosial şəbəkələr, xüsusilə facebook var. Daha doğrusu feykbok. Bu şəbəkənin feyk xəbərləri nəticəsində biz nəyin şahidi olduq. Əvvəla buradakı qızışdırıcı xəbərmənlər həmişə olduğu kimi qeyri-peşəkar davrandılar, hadisəni əvvəlcədən düzgün təqdim etmədilər. etmək istəmədilər. Sərhədə toplaşanlar, ordan Azərbaycana zorla axın etmək istəyələr isə məhz sosial şəbəkələrin zavallı qurbanlarına çevrildilər. Unutdular ki, yerləşdikləri dövlətin qanunlarına tabe olmaq lazımdır. Əks təqdirdə Rusiya Federasiyasının hüquq-mühafizə orqanları onlara qarşı amanlı olmayacaq. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi də, Azəbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da aydın, anlaşıqlı dildə izahat vermişdi. Elan vermişdi. Xahiş olunmuşdu ki, səbrli, soyuqqanlı olsunlar, hər iki dövlətin qanunlarına hörmət etsinlər. Problemlə hər iki respublikanın rəhbərliyi məşğuldur. Amma sərhədi kütləvi şəkildə pozmağa cəhd göstərən, Rusiya Federasiyasının polisinə məxsus avtomobili çevirən, onlara müqavimət göstərən həmvətənlərimiz tezliklə zərərsizləşdirildi və üzüquylu şəkildə təqdim olundu. Əlbəttə, ağır mənzərədir. Əlbəttə, Azərbaycan vətəndaşını belə halda görməyi heç kim arzulamaz.

Amma kimdir günahkar? Yalnız Rusiya polisimi?

Axı o neçə müddətdir ki, sərhəddə qalan əziz həmyerlilərimizi hər gün üzüqoylu uzatmırdı. Hər gün ona güc tətbiq etmirdi. Ola bilsin ki, ehtiyaclarının tam ödənmədiyi, amma hər bir halda sığınacaq təyinatı ilə ayrılmış yerlərdə soydaşlarımız gözləyə bilirdilər. və bilərdilər də. Axı 500-600- həmyerlimizi artıq qəbul da etmişdik. Qalanları da buraxılırdı. Məncə, yenə də aranı sosial şəbəkələrin qeyri-peşəkar nümayəndələri qatdı. Məlumatsız, savadsız, sadə yerlilərimizi qızışdırdı. “O qılıncı mən düzəltmişəm. Məni kəsməz!” məntiqi isə işləmədi. Nəticə göz qabağındadır. İndi nə baş verir? Yenə də həmin pozucu şəbəkə vahidləri qızışdırıcılığını davam etdirir, Azərbaycan hakimiyyətindən Rusiyaya az qala nota tələb edir. Yeni şəbəkə milli mentalitetimizə uyğun olaraq tələb edir ki, Rusiya polisi üzüqoylu uzadılmış vətəndaşlarımızdan üzr istəsin.

Hörmətli, sosial şəbəkə gərginlk ustaları, sizin qısa qapanmalarınız qaranlıqdan və cərəyan vurmaqdan başqa heç nə vəd eləmir. Azərbaycanın Rusiyadakı səfirinin üzərinə ən tərbiyəssiz ifadələrlə gedən həmkarlarımız, həmkorlarımızdan isə bu biabırçılığı dayandırmağı tələb edirəm. Bu gün bütün milli mediyanın vətəndaşlarımızdan yalnız bir tələbi olmalıdır. Bir fikir aşılanmalıdır. Olduğun dövlətin qanunlarına qeyd-şərtsiz əməl et. Unutmayaq heç bir başqa dövlətin polisinin Azəbaycanlı hamilə qadının yerləşdiyi dövlətin, lap elə Rusiyanın ərazisində dünyaya polis maşınında uşaq gətirməsinə mamaça yardımı etmək kimi bir vəzifə öhdəliyi yoxdur. Polis heç də bütün ölkələrdə Azərbaycandakı kimi, çörək alıb aparmır, qolundan tutub yolu keçirmir, xəstə qadının ayaqlarını yumur. Özümüzünkünü özgəsilə çaşdırmayaq. Sosial Şəbəkələrdə yalnız millətə, xalqa, sabitliyə, asayişə xidmət edən paylaşımlar edək.

Elə burdaca mən Birinci Vitse-Prezident Mehriban Əliyevanın bir paylaşımına toxunmaq istərdim.

M.Ə Əfsanəvi Bakılı Oğlanlar klubunun siması Bəhram Bağırzadənin koronavirusa yoluxmasından sonra etdiyi paylaşıma. Burada siyasi məqsəd, idarəetmə fəndi yoxdur. Sadəcə dua var. Bu duanın fəlsəfəsi, dövlət-vətəndaş münasibətlərinin xüsusi plastı kontekstində daha maraqlıdır. Mehriban Əliyeva bir qayda olaraq müraciətlərində imza yerinə belə yazır. Sizin Mehriban. Və bütün jestləri də, öxünəməxsusluqlar da bu mənaya işləyir.

Oxuyuruq. “Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağalması üçün dua edir. Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm. Həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəmirlər. Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik.”

Mehriban Əliyeva Bəhram Bağırzadənin simasında hər bir azərbaycanlıya şəxsən müraciət edir. Bu dövlətin vətəndaşa birbaşa müraciətidir. Özümə arzuladığımı sənə arzulamağın şəklidir. Bu müraciətdə ana və bacı var. Doğma insan, evin içinin mahiyyəti var. Mehriban Əliyevanın sosial şəbəkələrin ifrat fəal zamanında məhz bu platformanı seçməsi, instaqramda paylaşım etməsi də səbəbsiz deyil. Hamı burdadır. Xeyirxah da bədxah da. Pozucu da, qurucu da.

Əslində Prezident maska taxmaqla, sosial məsafəni şəxsi timsalında qorumaqla nümunə göstərir, hər kəsi karantin qaydalarına riayət etməyə çağırırsa, Birinci-vitse prezident sosial şəbəkələrdən istifadə etməklə cəmiyyətin özülünü, xalqı bu meydanda aktiv olmağa həvəsləndirir. Bu manera isə ondan xəbər verir ki, sosial şəbəkələrdə öz şeirini, atasının xrom çəkmələrinin şəklini, keçdiyi əzabla ziyalı yolunun əl-ayaq izlərini paylaşan ziyalı zümrəsi bu meydançada daha fəal olsun. Dövlət adına, millət adına, xalq adına daha fəal olsun.

Məncə Nazirlər Kabineti yanında Xüsusi Qərargahın da ritorikssı dəyişməlidir. Bu qurumun nümayəndələri rahib və ruhani deyillər. Koronavirusa inanmaq və inandırmaq mövqeyi artıq köhnəlmiş bir yanaşmadır. Bu gün hər birimizin əsas məqsədi Qanunlara-qaydalara əməl etməyə vadar etmək, məcbur etməkdir. İnzibati yanaşma əsas olmalıdır.

Həkimlərin, polislərin gündəlik fədakarlığı qarşısında hansısa yekəbaşın “mən bu virusa inanmıram! deməsi dərhal sən atovun goru, inan!” yalvarışlarını rədd edirəm. Vətəndaşı ağlıkəsməz uşaq yerinə qoyub davranmaq vaxtı deyil. Xalqın dövlətdəki rolu anayasada açıq göstərilib. Prezident də bunu tez tez deyir. Ölkədəki sabitliyin əsas mənbəyi məhz xalqdır. Və məsuliyyəti də ilk növbədə o daşıyır. Dəmir intizam olmalıdır. Müharibə dövrünün dəmir intizamı. Hər yerdə. Sosial şəbəkələrdə gedən düşmənçilik siyasəti də məhz müharibə dövrünün qanunlarına uyğun olaraq izlənməli, müayinə edilməli və tədbir görülməlidir. Qaragüruhun əsas platforması olan facebook-da TƏBİB-in rəhbərliyinin şəklini müxtəlif ifadələrlə ələ salanlar, bu qurumun özü, ailəsi ilə risk edən təmsilçilərini istehza hədəfinə çevirənlər, döyüş vaxtı Ali komandirlərin karikaturasını çəkib onu gözdən salmağa, reputasiyasını pozmağa cəhd edənlərə bərabər tutulmalı, müharibə dövrünün qanunları ilə cəzalandırılmalıdır.

Söz azadlığı, fikir azadlığı şüarlarını istinad divarına çevirənlərə isə bu haqqın tanınmasının ən parlaq rəmzi olan Cefersonun bu günlərdə Amerika Birləşmiş Ştatlarında aşırılan heykəlini xatırladıram. Dövləti qorumaq lazımdır bu gün. Söz haqqına sonra qayıdarıq. Həm də ən böyük söz Vətəndirsə, onun özünü qoruyaq, sözü gözləyər. Koronavirusla mübarizənin effektivliyini şübhə altına alan istənilən mövqe dərhal xüsusi araşdırmaya qəbul edilməli, belə faktar müharibə dövründə silahlı qüvvələrə qarşı yaradılan inamsızlıq kimi qiymətləndirilməlidir.

Karantin zamanı, virusun qabağından Bakını torpaq yolla, oğrun-oğrun tərk edərək qaçan maşınlar mənim yadıma işğal ərəfəsində qoyulub qaçılan rayonlarımızın yollarını salır.

Pandemiyanın gedişi boyu dediklərimizi xatırlayaq: əvvəl deyirdik maska çatmır. Sonra dedik ki, xəstəxanalarda çarpayı çatmır...

Qərargahın son brifinqidə müxbirlərdən biri deyəsən dedi ki, dərman çatmır... sosial məsuliyyətsizliyimizin gedişilə Allah eləsin ki, deməyək ki, tabut çatmır, molla çatmır...

Nəisə... Buraxılışı bədbin notla bitirməyək.

Sizi Azərbaycanın Müdafiə Naziri Zakir Həsənovla müsahibəyə baxmağa dəvət edirəm.

Baxaq və əsgərlərimizdən, zabitlərimizdən, döyüş, müdafiə ruhu alaq. Silahlı Qüvvələrimizin bayramını bir həftə əvvəldən qeyd etməyə başlayaq!

Vətən sağ olsun!

Digər xəbərlər
Bu gün
Dünən