Milanlılardan fərqli nəticələr

Milanlılardan fərqli nəticələr
“İnter” darmadağın etdi,“Milan” son dəqiqədə məğlubiyyətdən qaçdı

Futbol üzrə İtaliya A Seriyasında 29-cu turun görüşləri keçirilir. Milan şəhərinin təmsilçiləri günü fərqli nəticələrlə başa vurublar. İnter doğma divarlar arasında Breşiyanı darmadağın edib. Hakimin start fitindən cəmi 5 dəqiqə sonra Eşli Yonq zəfərin təməlini qoyub. Hissənin ortalarında Aleksis Sançes 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib, 2-0. Fasilə ərəfəsində Danilo DiAmbrozio komandasının üstünlüyünü artırıb, 3-0. Neradzurra 2-ci hissədə də 3 qol vurub. əvvəlcə Roberto Qalyardini 4-cü dəqə qonaqları mərkəzə dəvət edib. Ardınca Kristian Eriksen adını tabloya yazdırıb. Yıxılan breşiyalılara son zərbəni isə Antonio Kandreva vurub. 6-0 və aktivindəki xallarının sayını 64-ə çatdıran İnter 3-cü pillədəki yerini qoruyub.

Milanın digər təmsilçisi – şəhərin eyni adlı komandası səfərdə SPAL-la sülh bağlayıb. İlk hissəni meydan sahibləri aktivlərinə yazdırıblar. 13-cü dəqiqədə Mattia Valoti qapı qarşısında yaranan qarışıqlıqdan maksimum yararlanıb, 1-0. Yarım saatın tamamında Serjio Flokkari mükəmməl qolla ferraralıların üstünlüyünü artırıb, 2-0. Fasilə ərəfəsində SPAL kollektivi azlıqda qalıb. Marko DeAlessandro kobud oyuna görə meydandan uzaqlaşdırılıb. Qonaqlar say üstünlüyündən 2-ci yarıda faydalanıblar. 79-cu dəqiqədə Rafael Leao rossoneronu ümidləndirib, 1-2. Milanlılar əsas vaxta əlavə olunan uzatma dəqiqələrində meydan sahiblərinin sayəsində məğlubiyyətdən qaçıblar. Topu öz qapısına göndərən Françesko Vikari Milanın dadına çatıb, 2-2.

Verona – Parma matçında 5 qol qeydə alınıb. 14-cü dəqiqədə Deyan Kulusevski qonaqları önə çıxarıb. Meydan sahibləri bunun cavabını ilk yarının sonlarında veriblər. Samuel Di Kamine penaltini dəqiq yerinə yetirib. 2-ci hissəyə daha fəal başlayan veronalılar 53-cü dəqiqədə hesabı xeyirlərinə dəyişiblər. Mattia Zakkanyi baxımlı qolla yadda qalıb, 2-1. 10 dəqiqə sonra Rikkardo Qaluolo tablodakı rəqəmləri eyniləşdirib, 2-2. Matçda son sözü isə 81-ci dəqiqədə Matteo Pessina deyib. Verona 3, Parma 2.

REAL

Digər xəbərlər
Bu gün
Dünən