Ticarət obyekti rəhbərləri ilə görüş - VİDEO

Ticarət obyekti rəhbərləri ilə görüş - VİDEO
İqtisadiyyat Nazirliyi koronavirusla bağlı nəzarəti gücləndirir

İqtisadiyyat Nazirliyində iri market şəbəkələrinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib. Görüşdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, nazirliyin digər rəhbər vəzifəli şəxsləri və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri iştirak edib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə iri market şəbəkələrinin fəaliyyəti zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə, ticarət və xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına əməl olunması vəziyyəti müzakirə edilib. Tədbirdə saticıların, istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin zəruriliyi, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb.

Vurğulanıb ki, pandemiyanın mənfi təsirlərinin uzun müddət davam edəcəyi istisna olunmur. Bu baxımdan istər cəmiyyət, istərsə də sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalı, biznes yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektlərinin də yeni qaydalara tez vərdiş etməsi onların biznesləri üçün vacibdir. Qeyd edilib ki, bu tələblərə riayət edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə monitorinqləri davam etdiriləcək və müəyyən olunmuş tələblərə əməl etməyən ticarət obyektləri barəsində ciddi tədbirlər görüləcəkdir.

Görüşdə market şəbəkələri rəhbərlərinin təklifləri dinlənilib, sualları cavablandırılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər