Boya fabrikində baş verən yanğın söndürülüb - FOTOLAR, VİDEOLAR, YENİLƏNİB, 5

Boya fabrikində baş verən yanğın söndürülüb - FOTOLAR, VİDEOLAR, YENİLƏNİB, 5

Binəqədi rayonundakı "Sobsan" boya fabrikində baş vermiş yanğın söndürülüb.

Bundan sonra isə ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən soyutma işləri aparılıb.

Yanğın ərazisinə 300-ə qədər canlı qüvvə və 50-dək texnika cəlb olunub.

Qeyd edək ki, Binəqədi rayonundakı "Sobsan" boya fabrikində təxminən saat 20:30-da başlayan yanğını gecə saat 02 radələrində məhdudlaşdırmaq mümkün olub
 

***00:07

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir. 

REAL xəbər verir ki, hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir. Əlavə məlumat veriləcək.

***23:39

 

Bakının Binəqədi rayonunda Sobsan boya fabrikində baş verən yanğınla əlaqədar FHN tərəfindən yaradılmış Qərargahdan REAL-ın hadisə yerində olan müxbirinə verilən məlumata görə, yanğın uzunmüddət  davam edəcək. Partlayış gücləndiyi üçün yanğın baş vermiş ərazidən jurnalistlər də daxil olmaqla, hər kəs uzaqlaşdırılır. Hətta yanğının səhər saatlarına qədər davam etməsi də gözlənilir.

Hadisə yerinə gələn Bakı Şəhər İcra başçısı Eldar Əzizov bildirib ki, yanğının baş vermə səbəbi hələ ki məlum deyil.

Qeyd edək ki, hadisə yerinə əlavə olaraq FHN-nin 52 nəfər canlı heyəti və 4 texnikası, həmçinin "Azərsu"ya məxsus olan 9 su maşını da cəlb olunub. Əraziyə hələ də "Azərsu"nun su maşınları və təcili tibbi yardım maşınları gəlməkdə davam edir.

***21:53

REAL xəbər verir ki, yanğın baş verən ərazidə güclü partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bütün sadə vətəndaşları yanğın baş verən ərazidən uzaqlaşdırır.

Hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev gəlib.

***21:37

Bakının Binəqədi rayonunda Sobsan boya fabrikində baş verən yanğınla əlaqədar FHN tərəfindən yaradılmış Qərargahdan REAL-ın hadisə yerində olan müxbirinə verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

***20:46

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda “Sobsan” boya fabrikinin ərazisində yanğın olması barədə məlumat daxil olub.

REAL xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər