Tarix Nadir: Dünyada vampirlər çoxdur, amma onların kralı Qraf Drakuladır - VİDEO

Tarix Nadir: Dünyada vampirlər çoxdur, amma onların kralı Qraf Drakuladır - VİDEO

Vampirlər kralı Drakula və Millətçilik


XX əsrin əvvəllərində kinematoqrafda qəribə bir qəhrəman peyda oldu – zombi, ya da vampir. Buna öz dilimizə kabus kimi tərcümə edə bilmərik. Vampir, kabusdan fərqli olaraq gözə görünüb yoxa çıxmır, əksinə hadisələrdə bilavasitə iştirak edir, qətllər törədir. O, üçüncü tərəfi ifadə edir, yəni ortadada dayanır. Vampir nə ölüdür, nə diri və yaxud Vampir həm ölüdür, həm diri. Kinoda belə surətlər çoxdur. Amma onlardan ən məşhuru ədəbiyyatdan, 1897-ci ildə yazılan bir romandan gəlir. “Drakula” romanından. Müəllifi Brem Stokerdir, Britaniya yazıçısı, daha dəqiq desək irlandiyalı ingilis yazıçısı. Dediyimiz kimi o bu əsəri 1897-ci ildə yazıb. Lakin bu romanı çapdan çıxanda bir o qədər də oxucuların diqqətini cəlb etməmişdi. İndiki ilə, yəni bax bu gün bu romana oxucu münasibəti ilə müqayisə edəndə roman yarandığı dövrdə oxucular tərəfindən soyuq qarşılanmışdı. Bunun əsas bir səbəbi var. Məsələ ondadır ki, bu roman kinodan məşhurlaşıb klassikaya çevrildi. İkinci bir səbəb isə odur ki, bu gün müasir oxucuı bu romanın nə üçün və hansı tarixi zəmində, hansı tarixləri işıqlandırdığını yaxşı bilir. Tarixi hadisələrdən xəbərdar olan oxucu bu romanın siyasi mahiyyətini anlayıb onu oxuyur.

– Amma gəlin əvvəl bu əsərin kino həyatını yadımıza salaq. Bu əsəri birinci dəfə alman rejissoru Frudrix Murnau ekranlaşdırıb. Lakin əsərin ekranlaşdırma hüququnu studiya əldə edə billmədiyi üçün rejissor filmin adını dəyişdirib “Nosferatu – dəhşətin simfoniyası” qoymuş, həmçinin süjetdə də müəyyən dəyişikliklər etmişdi ki, müəllif hüquqları ilə əlaqədar məhkəməyə cəlb olunmasın. Xatırladım ki, film I Dünya Müharibəsindən az qala dərhal sonra çəkilmişdi. Müharibənin dəhşətləri hələ insanların yadından çıxmamışdı, hələ o sarsıntılar, yaşamaq eşqini sıfıra çevirən canlı müharibə səhnələri göz önündən çəkilməmişdi. Digər tərəfdən yeni müharibə olacağı haqqında da söhbətlər gəzib dolaşmaqdaydı. Sonrakı hadisələr göstərdi ki, bu söhbətlər də əsassız deyilmiş. Odur ki, rejissor burada Nosferatunun simasında müharibə kabusunu göstərməyə çalışmış və hamılıqla ona qalib gəlməyə çağırış etmişdi. Bu filmin möhtəşəm təsir effekti oldu. Nosferatu demək olar ki, kino sənətində vampir surətinin banisinə çevrildi. Məhz bu filmdən sonra bu surətin ədəbi orijinalının axtarışı başlandı. Bu filmdə sonra Drakula haqqında qərb ölkələrində, Hollivudda onlarla filmlər çəkilmiş, bu gün də bu ekranlaşdırma ənənəsi davam etməkdədir.

Brem Stoker “Drakula” romanını tamamladıqdan səkkiz il əvvəl sadəcə olaraq vampir haqqında bir əsər yazmaq istəyirdi. Amma elə həmin vaxt tale onu alim, səyyah, Şərq ölkələrinin çox güclü bilicisi olan Arminius Vamberi ilə görüşdürdü. Vamberi yazıçıya Transilvaniya folkloru, bu folklorda mühüm yer tutan Drakulanın gerçək tarixi və rəvayətləri haqqında məlumat verir. Bütün bunlardan yazıçı heyrətə gəlir. Buna qədər o, Drakula haqqında heç nə eşitməmişdi. Onun canına xoş bir həyəcan gətirən də o idi ki, gördüyü yuxu ilə Drakula haqqında eşitdiyi məlumatlar qəribə şəkildə üst-üstə düşürdü. Onda belə çıxır ki, Drakula haqqında romanın gizli müəllifi elə odur – Arminius Vamberi. İstambulda olarkən dostu Midhət paşa ona başqa ad vermişdi – Rəşad əfəndi. Vamberi turançılıq ideyasının müəlliflərindən biri olmaqla bərabər, həm də dolayısı ilə “İttihad və tərəqqi” hərəkatının yaranmasının əsas səbəbkarlarındandır. Bəs necə olur ki, o, başdan-ayağa anti-türk bir əsərin müəllifi kimi çıxış edir?

“Drakula” romanını oxuyanlar və bu roman əsasında filmlərə baxanlar yəqin ki, ordakı Abraham Van Helsinq adlı qəhrəmanı xatırlayırlar – professor, filosof, ezoterik biliklərə sahibi olan bu qəhrəmanı qələmə alarkən Brem Stoker bizim artıq köhnə tanışımız olan, məşhur səyyah, alim, şərqşünas, türkoloq, poliqlot və... ingilis cəsusu Arminius Vamberini nəzərdə tutmuşdu. Arminius Vamberi 1832-ci ildə Macarıstanın əyalət şəhərindən birində yəhudi ailəsində dünyaya gəlib. O özünün gələcək taleyini hələ uşaq yaşlarından, sol ayağı iflic olan zamanlardan müəyyən edir və fəal surətdə dünyanın ən müxtəlid dilləri öyrənməyə başlayır. 1854-cü ildə, 22 yaşında o, İstanbula gəlib, burada fransız dilindən dərs deməklə bərabər türk dilini, müxtəlif türk dialektlərini öyrənir və “Alman-türk” sözlüyünü tərtib edir. Müəyyən vaxtdan sonra Vamberi hətta Sədri Əzəm, yəni baş vəzir Mehmet Fuad Paşanın yanında katib işləmişdi. Bu zaman ona Rəşid Əfəndi adı verilmişdi. Yadımıza salaq ki, təxminən həmin dövrdə, 1863-cü ildə Mirzə Fətəli Axundzadə də əlifba islahatı ilə bağlı Fuad Paşanın qəbulunda olmuşdu. Professor Vamberi Macarıstana qayıtdıqsan sonra Şərqə, Orta Asiya, Türkistan, Əfqanıstan, Azərbaycan və İrana artıq dərviş libasında səyahət edir. Axsaq dərviş Şərq ölkələrinə ikinci turne edib Avropaya qayıtdıqdan sonra “Orta Asiyaya səyahət” adlı kitab yazır. Yaşlı vaxtlarında, artıq dünyada məşhur olan zaman o, siyasi sionizmin lideri olan Teodor Herslə Osmanlı sultanı II Əbdülhəmid arasında vasitəçilik edir. Arminius Vamberinin həyatı, yaradıcılığı, elmi fəaliyyəti son dərəcə maraqlı və zəngin olmuşdur. Ömrünün sonlarında bir qədər tənhalığa çəkilərək bütünlüklə vaxtını elmə həsr etmişdir. O, 1913-cü ildə Budapeştdə vəfat edib.

Çoxlarının dediyinə görə, Vamberi həm də türkçülük ideyasının müəlliflərindən biri olub. Məmməd Əmin Rəsulzadə "Turançılıq haqqında" əsərində Arminius Vamberinin adını, onun bu ideyayanın formalaşmasında mühüm rolunu qeyd edir. Bu yerdə yenidən əvvəldəki sualı təkrar etməli oluruq: necə olur, bu adam bir tərəfdən türkçülük ideyasının tərəfdarı kimi çıxış edir, digər tərəfdən başdan başa anti-türk məna dəna daşıyan Drakula layihəsini irəli sürür? Toxunduğumuz bu müəmmaya mümkün cavablardan biri odur ki, real qəhrəmanların hamısı, içərilərində Vamberinin bədii oxşarı olan Van Helsinq də olmaqla Drakulaya qarşı vuruşur, şər qüvvələrin təmsilçisi olan bu müdhiş məxluqu yoxa çıxarmağa çalışırlar. Lakin müəlliflər Drakulanın yer həyatını neçə illər uzatmasının səbəbinə rəğbətlə yanaşırlar. O, nakam itirdiyi sevgilisinin sorağındadır. Onun sevimli xanımını isə dolayısı ilə Drakulanın qalib gəldiyi məkrli türklər öldürüb. Belə təqdim olunur. Bir daha təkrar edirəm ki, “Drakula” bizlər və özgələr qarşılığı üzərində qurulan əsərdir. Özgələr, yəni düşmən tərəf türklər göstərilir. Bunu təsdiqləmək üçün tarixə və tarixi prototipə müraciət etmək lazımdır.

Valaxiya knyazlığı indiki Moldova və Rumıniya ərazisində yerləşirdi. Brem Stokerin Armin Vamberinin köməkliyi ilə qələmə aldığı Drakula surətinin prototipi XV əsrdə Valaxiya ölkəsini idarə edən III Vlad Drakula, yaxud Vlad Tepeş idi. Drakul, yəni rumın dilində “Əjdaha” ləqəbi ona atası II Vladdan yadigar qalmışdı. O, Əjdaha, yaxud Müqəddəs Qeorgi ordeninin cəngavəri olduğu üçün bu ləqəbi özünə götürmüşdü. Onların boyunlarından asdıqları medalyonun üstündə də əjdaşa şəkli olardı. Bununla belə knyaz III Vlad təkcə atasından qalma ləqəblə kifayətlənmədi, o həm də özünə daha bir ləqəb qazana bildi – Tepeş, və yaxud Tsepeş. Bu isə tərcümədə “Paza keçirən” mənasını verir. Bu qəribə ləqəbin Vlad Tepeşin haradan və niyə qazandığını bilmək üçün onun tarixinə ötəri də olsa nəzər salmalıyıq. O zaman Dunay ətrafı knyazlıqlar arasında daim hərbi çəkişmələr gedirdi. Burada əksər knyazlıqlar Osmanlı Türkiyəsinin nəzarətində idi. II Vlad Drakul Valaxiyada hakimiyyəti ələ keçirəndən sonra güclü qonşularının öhdəsindən gəlmək üçün türklərə müraciət edib kömək istəyir. Elə bununla bağlı olaraq iki oğlunu İstambulda girov qoymalı olur. Oğlanlardan birinin adı Vlad, o birinin adı isə Radul idi. Güman etmək olar ki, türklərin yanında girov kimi qalan zaman Vladın, Drakulanın xarakteri dəyişmiş və o qəddar adama çevrilmişdi. Lakin ən maraqlısı da budur ki, bütün salnaməçilərin yazdığına görə Vladla, eləcə də onun qardaşı Radul ilə türklər olduqca mehriban rəftar etmiş, onlara qayğı göstərmiş, biliklər vermiş, ən yüksək tərzdə, sultan övladları səviyyəsində tərbiyə etmişdilər. Mütləq qeyd etməliyəm ki, bunu türklər, müsəlman salnaməçiləri deyil, xristian tarixçiləri, hadisələrin bilavasitə şahidi olmuş şəxslər yazır. Hadisələrin şahidi olmuş bir polşalı xristian səyyahı qələmə aldığı “Yeniçərinin qeydləri” adlı tarixi sənəddə göstərir ki, II Vladın düşmənləri tərəfindən öldürüldüyünü eşidən Sultan Mehmed onun böyük oğlunu necə lazımdır yaraqlı-yasaqlı edib Valaxiyaya göndərir ki, atasını orada əvəz etsin. Amma bir şərtlə ki, hər il özü sultanın yanına gələcək və sözsüz ki, ona bac verəcək. Doğrudan da bir neçə il o sultana öz sədaqətini göstərir.

Lakin III Vlad sultandan gizlicə, düşmənlərini isə bundan xəbərdar edərək dəhşətli qətllər həyata keçirir. O, türklərin nəzarətində olan torpaqlarda adamları öldürmürdü, türk və ya xristian olmaslndan asılı olmayaraq onları paza keçirib yerə pərçimləyirdi. III Vlad Drakulanın paz istehsal edən xüsusi qüvvələri vardı. Belə deyək, öz ölkəsində paz zavodu açmışdı və istehsala şəxsən özü nəzarət edirdi. Bəzən özü qızıldan paz düzəldirdi. Hətta bir dəfə böyük bir ölkənin elçisi onun yanına təşrif gətirən zaman qızıldan pazı görüb, onun yaraşıqlı olduğunu deyib tərifləmişdi. Drakula isə cavabında “Bunu çox hörmətli adamlar üçün düzəltmişəm, səndən hörmətlisi isə olmayacaq” deyib elçini qızıl paza keçirmişdi. 1463-cü ilə aid olan alman dilli sənəddə III Vlad Tepeşin, Drakulanın törətdiyi yırtıcı qəddarlıqlar haqqında geniş yazılıb. 1462-ci ildə onu Macarıstanda tutub 12 il dustaq saxlayırlar. Həbsdən azad olunandan sonra o, yenidən türklərə qarşı vuruşa-vuruşa Valaxiyada hakimiyyəti ələ keçirir. Onun ölümü 1476-cı ilə aid edilir və necə ölməsi haqqında ən müxtəlif versiyalar var. Vlad Tepeşin qəddarlıqları o həddə idi ki, həddə ölümündən sonra da bu haqda rəvayətlər danışır, onunla bir-birini qorxudurdular. Getdikcə Vlad Drakula haqqında rəvayətlər Transilvaniyada, Macarıstanda şifahi xalq ədəbiyyatının ayrılmaz bir hissəsinə çevrildi.

Bu folkloru və gerçək tarixi məşhur romanın müəllifinə ötürən Vamberi iki sahədə az qala rekord göstəricilərə gəlib yetişmişdi. Birincisi dilləri bilməkdə, o, dünyada ən məşhur poliqlotlardan biri idi, ikicisi səyyahlıqda. Onun piyada gəzib dolaşdığı, yaşadığı, öyrəndiyi yerləri bir xətt üzrə düzsən, bəlkə də ona qədər yaşamış səyyahların hamlslnı arxada qoyar. Əslində bu iki sahə bir-birilə nəinki bir-birilə sıx əlaqəlidir, həm də bir-birini tamamlayır. Əvvəldə dedik ki, Vamberi uşaq yaşlarından dillər öyrənməyə başlayır. Birinci növbədə macar dilini tədris edir və tez bir zamanda ona məlum olur ki, macar dilində sözlərin çoxunun kökü türk dilindən gəlir. Əgər türk dilindən gəlirsə bəs macarların özləri haradan Dunay sahilinə gəliblər? Bu suala cavab tapmaq üçün o, Orta Asiyanı qarış-qarış gəzməyə başlayır və belə qərara gəlir ki, macarların əsil vətəni elə Orta Asiyadır. Onun üçün bu coğrafi ərazidə nəzərdə tutulan ideal mənzərəni pozan ən böyük, ən aqressiv qüvvə kimi Rusiya çıxış edirdi. O, Orta Asiyanı öz təsiri altına salmaq uğrunda iki imperiya, İngiltərə və Rusiya arasında gedən böyük oyunda İngiltərənin tərəfini tutur və İngiltərəyə də işləyirdi. Vamberi yazır ki, Peterburq, Rusiyanın paytaxtı, Asiyada, Bosforda planlarını həyata keçirmək üçün şəbəkə yaradıb və bu şəbəkə rolunu icra edən ermənilərdir. Hər bir erməni kilsə xadimi Rusiyanın cəsusudur, – Vamberi yazır. Eyni zamanda Vamberi Asiya xalqlarının mədəniyyətini, dini görüşlərini, həyat tərzini qəbul etmir, bəzən açıq-aşkar bu barədə ikrahla yazır. Onun fikrincə bura Avropa mədəniyyəti gəlməli, böyük islahatlar aparılmalıdır.

Bizim maarifçilər də bu mövqedən çıxış edirdilər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər