Reklam bazarında azalma (VİDEO)

Reklam bazarında azalma (VİDEO)
İ.Səttarov: "Televiziya və radioların reklam gəlirləri düşüb"

Pandemiya vəziyyəti davam etdiyi və onun nə zaman bitəcəyi məlum olmadığı üçün reklam bazarının nə qədər azaldığı ilə bağlı hesablamaları aparmaq hələ ki, mümkün olmur.

Bunu Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarovun APA-ya müsahibəsində deyib.

Karantin rejimi mart ayından başlayıb və indi kanallar azalmanı kəskin surətdə hiss etməyə başlayırlar. Getdikcə onların gəliri azalacaq. Ən ağır sentyabr, oktyabr, noyabr ayları olacaq. Biz bilmirik ki, karantin müddəti nə qədər çəkəcək. Bütün kanallarda isə adətən sentyabr-oktyabr aylarında yeni televiziya mövsümü başlayır. İldə bir dəfə bizdə də, dünyada da bütün kanallarda yenilənmə gedir. Bir tərəfdən həmin dövrdə kanallar daha çox xərc çəkməlidir, digər tərəfdən həmin vaxt reklam gəlirləri çox kəskin surətdə düşəcək. Ona görə ən ağır dövr sentyabr-oktyabr aylarında gözlənilir. Kommersiya kanallarının həqiqətən əziyyət çəkəcəyi mümkündür.

Onun sözlərinə görə, İlkin mərhələdə həm Azərbaycanda, həm də digər ölkələrdə ən çox əziyyət çəkən radiolardır. Çünki karantin zamanı maşınlar küçəyə çıxmır, təbii ki, radionun əsas dinləyicilərini sürücülər, maşında oturanlar təşkil edir. Maşınlar küçələrə çıxmadığından karantin dövründə radioların gəlirləri demək olar ki, 80-90 faiz azalıb.

Avropa ölkələrində də ən böyük zərbə radiolara dəydi. Bəzi Avropa ölkələrində pandemiya dövründə televiziya reklam gəlirləri 30-40% azaldığı halda, radioda reklam gəlirləri 60-70% düşüb. Çox güman bizdə də radiolarla müqayisədə, televiziyalarda reklam gəlirlərində o qədər də azalma yoxdur. Amma bu qiymətləndirməni ilin sonuna yaxın aparmaqla təxminən biləcəyik ki, problemin nəticələri nə olacaq.

Qeyd etmək istəyirəm ki, bizdə də, dünyada da paralel proses getdi. Karantin dövründə televiziyaya baxış kəskin surətdə artdı, digər tərəfdən isə reklam gəlirləri düşdü. İnsanlar evdə otururlar, televiziyaya baxırlar. Hazırda dəqiq proqnozlaşdırma olmur.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər