Pekindən Vaşinqtona sanksiyalar - VİDEO

Pekindən Vaşinqtona sanksiyalar - VİDEO
Çin Tayvan və Sincan məsələsinə görə ABŞ-a sanksiyalar tətbiq edir

Rəsmi Pekin ABŞ-ın qabaqcıl müdafiə sənayesi şirkəti olan "Lockheed Martin"ə Tayvanla hərbi əməkdaşlığa görə sanksiyalar tətbiq etməyə başlayıb.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien deyib ki, Pekin milli maraqların təminatı üçün ABŞ-ın Çinin Tayvan adasına silah satışında əsas podratçı olan "Lockheed Martin"ə lazımi cavab ölçüləri görülməsinə qərar verib.

"Çin ABŞ-ın Tayvana silah satmasına qəti qarşıdır və Vaşinqtonu "Vahid Çin" prinsipinə sadiq olmağa çağırır",- deyən Cao Licien bildirib ki, Birləşmiş Ştatlar Tayvan regionu ilə hərbi əlaqələrini, o cümlədən silah satışını dayandırmalı, bununla Çin-ABŞ münasibətlərinə xələl gətirilməsinə son verməlidir.

Çinin bu qərarı ABŞ Dövlət Departamentinin iyulun 10-da Vaşinqtonun Tayvanda "Patriot" zenit-raket kompleksinin modernizasiyası üçün 620 milyon dollar dəyərində paketi təsdiqləməsi barədə açıqlamasından sonraya təsadüf edir.

Qeyd edək ki, rəsmi Pekin ötən gün isə ölkənin Sincan Uyğur muxtar regionu ilə əlaqədar kobud fəaliyyətləri olan ABŞ qurumlarına və şəxslərinə cavab tədbirləri barədə “vədini” yerinə yetirib. Belə ki, ABŞ-ın 4 vəzifəli şəxsinə və Konqresinin Çin üzrə komitəsinə sanksiyalar tətbiq edilməyə başlanıb.

Rəsmi Pekin bu addımının ABŞ-ın Çinin Sincan-Uyğur muxtar regionunda “etnik azlıqların insan hüquqlarının ciddi pozulmasına görə” Çinin bir dövlət qurumuna və 4 vəzifəli şəxsinə sanksiya qərarına cavab olduğunu açıqlayıb.

REAL-ın Asiya Bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən