Mir Şahinin vaxtı - VİDEO (19.07.2020)

Mir Şahinin vaxtı - VİDEO (19.07.2020)

REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir!

Əsl təhlükəsizlik həftəsi yaşadıq. Azərbaycan özünü həm öz sərhədində qorumalı oldu. Həm bütün dünyada qorudu. Pandemiyanın fəsadlarını nəzərə alsaq dünyanın da müdafiəsini elə Azərbaycanda təşkil etməklə missiyasını beynəlxalq miqyasa qədər genişləndirdi. Bu axşam işimiz çox olacaq.

Onu deyim ki, həftə ərzində baş verən hadisələri ayrı-ayrılıqda təhlil etrmək fikrindən daşındım, ona görə ki, Nazirlər Kabinetinin Prezident İlham Əliyevə 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə verdiyi hesabatdan, dövlət başçısının məruzəsi, müdaxiləsi və yönəldiciliyilə onsuz da mükəmməl bir təhlil materialı alındı. Elə bu bazada da işləyəcəyik. Əliyevin yanaşması həm də “rəmzi oldu!”-deyə bilərəm. Çünki o çıxışına Azərbaycan sərhədində baş verənlərdən başladı, gömrüklə bitirdi. Bununla bütün bir dövləti əraziyə baxmış oldu. Dövlətin Birinci şəxsinin çıxışında mövzular Prioritetliyi üzrə sıralanmışdı. Təbii ki, həftənin əsas hadisəsi dövlət sərhədində baş vermişdi. Azərbaycan-Ermənistan sərhədinin Tovuz sahəsi bir anda Ermənistan-Azərbaycan cəbhəsinin Tovuz istiqamətinə çevrilmişdi. Azərbaycanın ən yaxşı övladları düşmənlə ölüm-dirim savaşında Vətəni qorudular. Canları bahasına. Şəhidlər verdik. Bir addım da geri çəkilmədilər. Düşmən səngərini düşmən məzarına çevrildilər.

Birbaşa yayımda REAL TV-nin 100-ə yaxın canlı bağlantısı oldu. Onlardan 39-u döyüş zonasından. Təcrübəsiz gənclərimiz cəbhədə bir neçə gün içində yaşlaşaraq, əsil döyüş reportyorlarına çevrildilər.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bildiyiniz kimi, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olub, yaralanıb. Ondan sonra hər dəfə olduğu kimi, Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir, halbuki bu, heç bir məntiqə sığmır. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl mənim tapşırığımla sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə olunubdur. Bu da onu göstərir ki, bizim bu istiqamətdə hər hansı bir hərbi planımız yoxdur və prinsip etibarilə hərbi məqsədlər nöqteyi-nəzərdən bunun heç bir əhəmiyyəti yoxdur. Üstəgəl Ermənistan dırnaqarası “Azərbaycan diversiyasını” əsaslandırmaq üçün çox ağılsız və hesab edirəm ki, onların səviyyəsinə uyğun səbəb göstərməyə cəhd etdi. Guya ki, Azərbaycanın hərbi qulluqçuları – iki nəfər UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd etmişlər. Sual olunur, hansı ölkənin ordusu hücumu iki zabit və əsgərlə UAZ maşını ilə təşkil edir? Bəlkə Ermənistan ordusu belə “müdrik” hərbi əməliyyatlar hazırlamaqla məşğuldur? Ancaq Azərbaycan Ordusu və dünyanın heç bir ordusu belə ağılsız addım atmaz. Yəni, bu cəfəng versiyanın Ermənistan tərəfindən təqdim edilməsinin əsas səbəbi günahı bizim üzərimizə yıxmaqdır, hər dəfə olduğu kimi. Ancaq bu dəfə buna heç kim inanmayıb. Hərbi mütəxəssis olmaq lazım deyil ki, bu cəfəng versiyaya insanlar inansın. Əsl vəziyyət ondan ibarət idi ki, bir daha demək istəyirəm bizim hərbi postumuz artilleriya atəşi ilə vurulub və bu qəfil çirkin addım nəticəsində hərbçilərimiz həlak olublar. Dərhal mən bütün müvafiq göstərişlər verdim. Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın. Eyni zamanda, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti qurumlara göstəriş verilib ki, bütün beynəlxalq təşkilatlar Ermənistanın bu diversiyası ilə əlaqədar məlumatlandırılsın, bu hadisə haqqında dolğun məlumat verilsin. Mən dərhal Təhlükəsizlik Şurasının toplantısını çağırdım və orada qeyd etdim ki, operativ vəziyyət imkan verən kimi, biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərində işləyən hərbi attaşeləri, jurnalistləri, əgər belə istək olarsa, səfirliklərin digər nümayəndələrini həmin bölgəyə dəvət edəcəyik, onları bu vəziyyətlə tanış edəcəyik və onlar yerində görəcəklər ki, bu təxribatı törədən kimdir və bu təxribat nəticəsində həlak olanlar hansı ordunun əsgərləridir.

Bir daha demək istəyirəm ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Mən Təhlükəsizlik Şurasının toplantısında artıq demişdim ki, Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmamalıdır. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs oldu. Ancaq buna baxmayaraq, dünən və srağagün onlar tərəfindən yenidən çirkin addımlar atılmışdır, növbəti dəfə hərbi təxribat törədilmişdir və bu təxribat nəticəsində yenə də bir neçə hərbçimiz, o cümlədən general Polad Həşimov, polkovnik İlqar Mirzəyev həlak olmuşlar.

Bu gün səhər saatlarında general Polad Həşimovun anası Səmayə xanımla telefonla danışdım, ona başsağlığı verdim, Allahdan səbir dilədim. Onu əmin etdim ki, oğlunun, bizim qəhrəmanımızın qanı yerdə qalmayıb, onun qisası alındı və bundan sonra da alınacaqdır. Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib.

Bildirməliyəm ki, general Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdir. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmişdir. Mənim tərəfimdən ona general rütbəsi verilmişdir. Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib. Onların ailə üzvlərinə, yaxınlarına bir daha başsağlığı verirəm. Eyni zamanda, son günlər ərzində həlak olmuş bütün insanların yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Allah yaralı hərbçilərimizə şəfa versin.

Təklif edirəm ki, bu günlər ərzində torpaq uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.

Allah rəhmət eləsin!

Bildirməliyəm ki, bu çirkin əməldən sonra mənim göstərişimlə qisas əməliyyatının ikinci fazası başlamışdır. Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi. Bizdə olan məlumata görə, onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir. Əməliyyat haqqında bundan artıq demək istəməzdim. Çünki bu, hərbi sirdir, məxfi xarakter daşıyır. Ancaq biz bəzi videogörüntüləri paylaşdıq. Bu videogörüntülər Azərbaycan Ordusu tərəfindən keçirilmiş əməliyyatların cüzi bir hissəsidir. Nə mümkün olubsa, onu göstərmişik, hesab edirəm ki, indiki mərhələdə bundan artıq informasiya vermək düzgün olmazdı. Ancaq bu videosüjetlər açıq-aydın göstərir ki, düşmənin infrastrukturu, canlı qüvvəsi, səngərləri, postları, dayaq məntəqələri nə qədər dəqiqliklə məhv edilir."

Prezident uğur nəticələrinin bir varisliklə bağlı olduğunu izah etdi. Yəni son hadisə və silahlı qüvvələrimizin etibarlı müdafiəsi indiyədək nümayiş etdirilmiş zəfər göstərilərinin növbəti səhifəsi oldu, ortada qalibiyyət doktrinası konseptual olaraq var və bu o deməkdir ki qarşı tərəf Azərbaycanın təsadüfi uğursuzluğuna stavkas etməməlidir. Məsələ düşünülmüş hərbi strategiyanın həm yaxın, həm də uzaq mənzilli strateji avantajlara hesablanmasındadır. Buyurun. Bu da son 4 ilə kiçik bir döyüş avtobioqrafiyası:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı.

Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır.

Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətlə bağlı məlumat artıq verildi və bu gün operativ vəziyyət bizi tamamilə qane edir. Biz istənilən vaxtda, lazım olan vaxtda bu günlərdə yaradılmış əlavə imkanlardan, o cümlədən döyüş məntəqələrinin yeni yerləşməsindən istifadə edib öz sözümüzü deyəcəyik. Aprel döyüşlərində olduğu kimi, mənfur qonşu bu dəfə də ən çirkin əməllərə əl atdı. O da nədən ibarətdir? Bizim kəndlərimizi atəşə tutdu və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Bu, bir daha onu göstərir ki, Ermənistan faşist dövlətdir.

Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi bir daha demək istəyirəm ki, o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər. O vaxt o bölgədə fəaliyyət göstərən Azərbaycan Xalq Cəbhəsinin batalyonları və onların komandirlərinin bir neçəsi xəyanət etmişlər. Baxmayaraq ki, onların tərkibində cəsur və Vətənə bağlı insanlar döyüşürdülər, öz canlarını qurban vermişlər. Ancaq o vaxt Azərbaycan Xalq Cəbhəsinin başında dayananlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək üçün torpaqları satdılar və beləliklə, o vaxtkı hakimiyyəti yıxa bildilər. O vaxt bizim torpaqlarımızın itirilməsi bilavasitə Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar fəaliyyəti ilə bağlıdır. Ona görə Ermənistan hər zaman bu imkanlardan faydalanıb. İndi də özləri gizlətmirlər ki, o vaxt Azərbaycanda xaos, anarxiya idi, onlar bundan istifadə edib torpaqlarımızı zəbt etdilər. O vaxt Azərbaycan Xalq Cəbhəsi Gəncəni bombalayırdı, Azərbaycan əsgərlərini əsir götürmüşdü. Orada torpaq əldən gedirdi, burada isə onlar hakimiyyət uğrunda mübarizə aparırdılar və əfsuslar olsun ki, öz çirkin əməllərinə nail oldular. Hakimiyyətə gəldilər, daha çox torpaq verdilər, sonra da biabırcasına qaçıb gizləndilər, fərarilik etdilər. Bütün bunlar bizim tariximizdir.

Amma Ermənistan ancaq əliyalın insanlara qarşı vuruşub, qocalara, uşaqlara qarşı soyqırımı törədib. Xocalı soyqırımını törədənlər Ermənistanın siyasi rəhbərliyidir, keçmiş hakimiyyətidir, keçmiş iki prezidentidir hərbi cinayətkarlar. Xocalı soyqırımı zamanı bu cəlladlar tərəfindən 106 qadın, 63 uşaq öldürüldü. Əziz Əzizov da həmin erməni faşistlərin əməlləri nəticəsində həlak olmuşdur. Bildirməliyəm ki, ağsaqqal Əziz Əzizovun da qanı yerdə qalmayıb, qarşı tərəfə adekvat cavab verilib və veriləcəkdir və heç kimdə bu haqda şübhə olmasın.

Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi”

Prezident sərhəd təxribatının məhz indi baş verməsinin də müfəssəl təhlilini verdi. Sadə, anlaşıqlı dildə. Tovuz rayonunun geostrateji əhəmiyyəti, regionun bir sıra açar proyektlərinin ana xətti olaraq burdan keçməsi, ermənilərin məhz belə bir məkanda və belə bir zamanda “suyu bulandırması” şübhəsiz ki, səbəbsiz deyil. Amma Əliyev həmişə olduğu kimi qarşı tərəf barədə tam təfərrüatlı informasiyaya malik olduğunu nümayiş etdirdi və anlatdı ki, əslində vəziyyət nədən ibarətdir:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “O ki qaldı, bu erməni hərbi təxribatının səbəblərinə, əlbəttə ki, bu səbəbləri biz tam dəqiqliklə bilə bilmərik, bunu həyat göstərər. Ancaq bir çox məntiqli ehtimallar mövcuddur və bu haqda mən Azərbaycan vətəndaşları ilə öz fikirlərimi bölüşmək istərdim. Hesab edirəm ki, birinci səbəb Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Bu, heç kimə sirr deyil. Xaricdən maliyyələşən, xarici fondlardan maaş alan, onlardan təlimat alan və onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yollarla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Ermənistanda çiçəklənmə, cənnət olacağını vəd vermişdi. Bəyan etmişdi ki, qısa müddət ərzində Ermənistana on milyardlarla dollar sərmayə qoyulacaq, qısa müddət ərzində Ermənistan əhalisi 5 milyona çatacaq - halbuki indi Ermənistan əhalisi 2 milyondan azdır, - Ermənistanda bütün həyat yenidən qurulacaq, ədalət olacaq, demokratiya inkişaf edəcək, insan haqları qorunacaq və digər vədlər vermişdi. Erməni xalqı Sarkisyan rejimindən o qədər bezmişdir ki, o, kimə istəsən inanardı. O çevrilişi təşkil edənlərin başında başqa adam olsaydı, ona da gedib səs verəcəkdi. Çünki Sarkisyan rejiminə nifrət həddindən artıq böyük idi və bundan istifadə edib hakimiyyəti zor gücü ilə zəbt etmiş bu qruplaşma bu vədləri sonra yerinə yetirməli idi. Ancaq necə yerinə yetirsin ki, təcrübə yox, səriştə yox, daxili resurslar yox, xarici investisiyalar qoyulmayıb. Əksinə, xarici investorları indi çürüdürlər, məhkəmə çəkişmələrinə cəlb edirlər. Bu gün Ermənistanın ayaqda dayanmasını şərtləndirən strateji investorları məhkəməyə çəkirlər, onları korrupsiyada ittiham edirlər, hətta necə deyərlər, bel bağladığı ölkənin şirkətlərinə qarşı çirkin əməllər törədirlər. Əlbəttə ki, bütün bunlar istənilən potensial investoru qorxudacaq. Əgər, sənin ölkənə pul qoyan, orada infrastruktur yaradan, insanları işlə təmin edən ən yaxın şirkətlərə belə münasibət bəsləyirsənsə, onda başqa ölkələrin investorları nə fikirləşsin?!

Ona görə bu vədlərin iflasa uğraması təbii ki, Ermənistanda artıq böhranlı vəziyyətin yaranmasına gətirib çıxarıb. Hakimiyyət buna necə reaksiya verib? Cəmiyyəti birləşdirmək əvəzinə, əksinə, indi siyasi məhbuslar yaradır, siyasi opponentlər həbs edilir, təqib olunur, onların toxunulmazlığı götürülür, konstitusiya kobudcasına pozulur, konstitusiyaya qanunsuz düzəlişlər edilir, hansı ki, bu düzəlişlər ancaq referendumla oluna bilərdi. Bilirlər ki, referendumda bu düzəlişlər keçməyəcək. Hakimiyyət zəbt olunub və hakimiyyət bölgüsü yoxdur. Hakimiyyət bir adamın əlində cəmləşib və demokratiyadan əsər-əlamət yoxdur və heç vaxt olmayıb. Faşist dövlətində hansı demokratiya, insan haqlarından söhbət gedə bilər. Amma indiki vəziyyət daha da acınacaqlıdır. Ona görə ki, iqtisadi sahədə vədlər yerinə yetirilmədi, siyasi cəhətdən Ermənistan özünü təcrid vəziyyətə qoydu. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı onların ağılsız addımları bir daha bunu göstərir. Bütün dünya bizi dəstəklədi, əleyhinə çıxan yeganə ölkə Ermənistandır.

Demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, fikri bu əsas məsələlərdən yayındırsın və şüurlu şəkildə bu təxribata əl atdı. Nə üçün məhz iyulun 12-də? Bu da təsadüfi deyil. İndi Ermənistanda bunu başqa hadisələrlə əlaqələndirirlər. Mən bu məsələyə toxunmaq istəmirəm. Çünki mən heç vaxt ailə məsələlərinə toxunmamışam və heç kimə məsləhət görmürəm. Amma mən hesab edirəm ki, iyulun 10-da artıq rəsmən açıq elan edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyası bunun əsas səbəbi olub. Çünki, bu, ölkəmizin növbəti böyük uğurudur, növbəti böyük qələbəsidir, 130 ölkə bizi dəstəklədi. Azərbaycan o ölkədir ki, gündəliyi zəbt etmiş COVID-19 məsələsi diqqətə gətirildi, iki böyük Zirvə görüşü keçirildi və ondan sonra BMT-nin Baş Assambleyasının xüsusi sessiyası. Budur səbəb. Səbəblər çox ola bilər. Sadəcə olaraq, mən öz fikirlərimizi bölüşmək istəyirəm, fakt odur ki, Ermənistanın hərbi təxribatı məhz bu vaxtlarda təsadüfən törədilməyib."

İndi isə müttəfiqlər və öhdəliklər, beynəlxalq mərdlik və dövlət ləyaqəti barədə. Prezidentin çıxışının daha bir-iki fraqmentini təqdim edirəm. Əvvəlcə bu məqam üzərində dayanaq:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. KTMT-nın buna nə dəxli var? Birincisi, Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər? Bu bir. İkincisi, bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər. Yaxşı, qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, - cavab ver buna. Cavab ver və veribdir artıqlaması ilə. İndi onlar ölənlərin sayını gizlədirlər. Amma bizdə operativ məlumat var. Bəzi ölən erməni hərbçilər haqqında məlumatı biz vermişik, onlar gizlədirdilər. Biz məlumatı verəndən sonra onlar onu etiraf etdilər. Necə ki, Aprel döyüşlərində gizlətmişdilər. Bu bir daha onların acizliyini göstərir, digər tərəfdən nəyi göstərir? Onların riyakar siyasətini göstərir. Yaxşı, necə ola bilər ki, bu yaxınlarda heç bir üzv ölkədən soruşmadan KTMT-nın baş katibini həbs etmisən. Belə şeymi olar? Bu, tamamilə bütün beynəlxalq davranış qaydalarını pozan bir addım idi. KTMT-nın rəhbəri vəzifəsində olan insanı həbs etdilər. Onlara təzyiq olunandan sonra onu buraxdilar, amma cinayət işi hələ bağlanmayıb, davam edir. Beynəlxalq təşkilatın ali nümayəndəsini həbs edir. Ondan sonra bir il ərzində KTMT-ya rəhbər nəzərdə tutulmuş şəxsin namizədliyini bloklayıb, veto qoyub. Çünki əlifba sırası ilə olmalı idi. Ermənistandan sonra Belarusun nümayəndəsi olmalı idi, onun namizədliyi verildi. Amma bir il imkan vermədi ki, o öz fəaliyyətinə başlasın. Budurmu KTMT-ya münasibət? Yaxşı, təxribat törətmisən, başından da zərbə almısan, indi nə olub qaçıb KTMT-dan yardım istəyirsən? KTMT-nın Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır.

İndi xarici fondlardan maliyyələşən, hakimiyyət nümayəndələrinin demək olar ki, hamısının SOROS fondunun və buna oxşar fondların tör-töküntüləri olan bir dövlətə KTMT ölkələrinin münasibəti necə olmalıdır? Mən sual verirəm və bu sual hesab edirəm ki, ritorikdir. İndi nə oldu qaçıb, KTMT-nın ətəyindən yapışırsan. Cavab ver öz çirkin əməllərinə görə. Cavab vermisən və verəcəksən”.

Burada iki vitrin var. Birində Azərbaycan dövləti. Öz müstəqil, açıq, sətiraltı saxlamadan, bağımsız kursu ilə. İkincisində isə Prezidentin təbirincə desək qələti edib, arxasında dayanmağa ruhu, cəsarəti çatmayan çəlpələng dövlətçiyəzin qurama başçısının müxtəlif siyasi-hərbi tayalarda uyğun saman çöpü axtaran əsəyən barmaqları ilə. Hakimiyyətə gələn gündən etibarsız addımları ilə gah bu, gah başqa bucaqda öz ölçüsünə uyğun ağuş axtaran, hər dəfə də yox “bu da mənlik deyil!” deyə bucaq-bucaq, qucaq-qucaq gəzən Paşinyan həm ODKB-yə, həm NATO-ya üz tutdu. Eyni vaxtda. Ümumiyyətlə, burada bir mühüm məsələ var ki, üzərində məncə mütləq dayanaq. Ermənilərin sərhəddə təxribat törədəndən sonra iki liderin davranışına diqqətinizi istəyəcəm. Təkrar edirəm, Paşinyan dərhal ODKB-yə üz tutdu, ardınca nümayəndəsini NATO-ya göndərdi, burada da boşa çıxmış əsən əllərini Minskin ətəyinə uzatdı. Bir hadisəyə görə tamamilə fərqli qütblərə. Çaşqın beynəlxalq kurs ermənilərin baş nazirinin nə qədər məntiqsiz, başıpozuq biri olduğunun timsalı oldu. Azərbaycan lideri isə həmişəki kimi öz müstəqil kursu ilə meydanda idi. Prezident hadisədən dərhal sonra o saat öz xalqına üz tutdu. Yalnız öz xalqına. Təhlükəsizlik Şurasının iclasındakı çıxışı İlham Əliyevin kimin qarşısında hesabatçı olduğunu göstərdi. Bu Azərbaycan xalqı, onun dövlətidir. Başqa heç kim. Mən həmin çıxışdan bir parçanı xatırlatmaqla yenidən müşavirəyə dönəcəm:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Dünən günorta saatlarında Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olmuşdur. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.

Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər."

Azərbaycan liderinin gücü də elə bundadır. O dərhal xalqa müraciət edir. Onunla təmasdadır. İlk növbədə onu məlumatlandırır və onun da dəstəyini gözləyir. Az sonra xalqın reaksiyasının nə qədər möhtəşəm olduğundan da danışacağıq. İndi isə qayıdaq müşavirəyə. Prezident çıxışı zamanı bu yaxınlarda bir sıra Azərbaycan kanallarına verdiyi müsahibədən də misal çəkdi. Sitatı təkrar təqdim etməyəcəm, amma həmin müsahibədə Əliyevin Qarabağ münaqişəsinin həll olunması ilə bağlı dediklərinin yeni kontekstdə, sərhəd təxribatı fonunda nə qədər maraqlı bir mənzərə, baza fonu yaratdığını qeyd etməyi lazım bilirəm. Təsəvvür edin. Prezident təxminən son bir ay, bəlkə də bir az artıq müddətdə ardıcıl bir neçə addım atır və onların hər biri ilə Paşinyanın siyasi vahid olaraq daxili etibarsızlığını, idarə etdiyi rejimin faşist təbiətini ifşa edir. Məsələn, BMT-nin xüsusi sessiyasının çağırılmasına nail olur, Paşinyan bu çağırışa qoşulmur və göstərir ki, ondan ötrü planetin, bəşəriyyətin taleyi bir heçdir. Paşinyan böyük mənada qlobusa etinasızdır. Bir tərəfdə dünyanın ən dəhşətli pandemiyasının qarşısını almaq istəyən, bundan ötrü iradə ortaya qoyan, bəşəriyyətin tərəqqipərvər hissəsinin önünə düşən Əliyev var, o biri tərəfdə isə küçə təfəkkürünün əsirinə çevrilmiş, güruh əhval-ruhiyyəsinin hakimiyyəə tolazladığı, kinli, insansevməz, siyasi sərsərilikdən baş nazir kreslosuna transfer olunmuş gah yaz, gah payız kəskin şüur ağrılarından əziyyət çəkən dırnaqarası ağıl fenomeni” Paşinyan. Dünya iki liderə bir-birinin fonunda baxmaq şansına malikdir. Yaxud, Azərbaycan telekanallarına müsahibə verərkən Əliyev həmişə olduğu kimi öz dövlət platformasını təqdim edir. Orada demək olar ki, konyukturadan irəli gələn yeniliklərə uzlaşma, hər hansı dövlətin maraqlarına razmerlənmə, ölçülənmə kimi cəhdlər yoxdur. 2003-cü ildə Qarabağ məsələsinə yanaşma necə idisə, bu gün də elədir. Və təkcə bu iki fakt fonunda görmək olur ki, Prezident sərhəd təxribatı kimi hallara əslində hərtərəfli hazır idi. Elə buna görə də Azərbaycanın öz müttəfiqlərinin adlarını çəkmək və ya çəkməmək kimi bir kompleksi yoxdur.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bir məsələni də demək istərdim, bu beynəlxalq təşkilatların reaksiyası ilə əlaqədardır. İlk növbədə, qardaş Türkiyəyə və onun Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirirəm. Biz bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. İlk saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər, açıqlamalar verdilər. Dünən Prezident tərəfindən çox önəmli açıqlama verildi. Ondan əvvəl Müdafiə naziri, Xarici İşlər naziri, Prezident Administrasiyasının nümayəndələri, deputatlar, ictimai fəallar. Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq. Yaxşı günlərdə və ağır günlərdə bir-birimizin yanındayıq. Yəqin ki, həm Türkiyə vətəndaşları, həm Azərbaycan vətəndaşları mənim dəfələrlə dediyim sözləri xatırlayırlar və görürlər ki, mən nə qədər haqlı idim deyəndə ki, dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Bu yaşanan vəziyyət bir daha onu göstərir. Ona görə bir daha qardaş Türkiyə xalqına, onun Prezidentinə Azərbaycan xalqı adından və öz adımdan dərin təşəkkürümü bildirmək istəyirəm.

Bizim digər dost, qardaş ölkəmiz Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib. Fürsətdən istifadə edərək, Pakistan İslam Respublikasının rəhbərliyinə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin rəhbərlərinə - Qazaxıstan, Qırğızıstan, Türkiyə təbii ki, Özbəkistan rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, yəqin ki, Azərbaycan ictimaiyyəti bunu bilir, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatla çıxış edib. Bu təşkilatda 57 dövlət birləşir. Budur bizə göstərilən beynəlxalq dəstək. Qeyd etdiyim kimi, digər ölkələr, bəzi Avropa ölkələri öz rəsmi nümayəndələri vasitəsilə Azərbaycana dəstək ifadə etdilər. İndi baxın, görün Ermənistana kim dəstək göstərdi? Görməmişəm. Burada da təcrid vəziyyətindədir. Çünki hamı bilir ki, Azərbaycan haqlıdır. Bir çoxları bizim fəaliyyətimiz nəticəsində biliblər ki, bu çirkin təxribatı Ermənistan törətmişdir."

Beləkilə, Prezidentin təhlili ətrafında öz düşüncələrimizi təqdim etməkdəyik. Burada mən Prezidentin yeni zaman üçün yeni diplomatiya fəlsəfəsi üzərində də dayanmaq istərdim. Məsələ həm diplomatiyamızda Elmar Məmmədyarov formatının sıradan çıxması ilə bağlıdır, həm də yalnız bununla bağlı deyil. İslahatların 2018-ci il mərhələsinin ortaya qoyduğu bur gerçəklik var ki, onu mütləq xatırlamalıyıq. Bu da köhnə, oturuşmuş, özünəməxsus siyasi fiquraya malik, hətta belə demək olarsa, ənənəvi “xarizmatik dövlət adamı imici geyinmiş məmurların sıradan çıxması və əvəzində yeni, 4-cü sənaye transformasiyası standartlarına cavab verən, universal menecer xüsusiyyətlərini özündə birləşdirənlərin bütöv bir liniyasının meydana gəlməsidir. Köhnə nazir tipləri, məmur portretləri divardan alınmaqdadır. Bu rəfdə demək olar ki, nadir nümunələr qalırdı ki, onlardan biri də Məmmədyarov idi. Onun son hadisələrdə görünməzləşməsi də təzə hadisə deyildi. Nazir kimi ən prinsipial məqamlarda danışmaması, ya da çox pis danışması, onun Erməni həmkarından fərqli olaraq özünün hansı tərəfdə olduğunu bildirməməsi və bunu da aşırı pintiliklə etməsini bəlkə də kimlərsə diplomatiya incəliyi ilə bağlamağa çalışar. Amma səbəb yalnız bu ola bilməzdi. Prezidentin Məmmədyarovu bir nazir kimi bitirən çıxışını təqdim edirəm.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:İ “Ancaq mən hesab edirəm ki, bizim diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Düşmən ölkə ilə, bizimlə münaqişədə olan ölkə ilə COVID-lə bağlı hansı danışıqlar aparıla bilər?! Bu, cəfəngiyyatdır. Yəni, nədir, biz Ermənistanla əməkdaşlığamı başladıq?!

Mən demişəm və bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər. Baxmayaraq, təxminən son 17 il ərzində dəfələrlə mənə təkliflər edilib ki, Ermənistanla hansısa formada əməkdaşlığa başlayın, - humanitar, etimad tədbirlərinin gücləndirilməsi və digər. Mən demişəm, biz buna hazır ola bilərik, ancaq biz danışıqlar prosesində tərəqqi görməliyik. Görməliyik ki, biz artıq addım-addım sülh razılaşmasına yaxınlaşırıq. Əgər bu yoxdursa, onda bu əməkdaşlığın nə mənası var? Bu əməkdaşlıq ancaq bizim ziyanımıza ola bilər. Bu gün də bu mövqedəyəm. Gedin, işğalçı dövlətə təzyiq edin, başına ağıl qoyun, nəhayət, sözünüzü deyin ki, onlar bizim torpağımızdan çıxmalıdırlar. Əgər bu baş tutacaqsa və belə bir perspektiv real görünəcəksə, bəli, biz ondan sonra hansısa addımların atılmasını təmin edə bilərik. Ancaq indiki şəraitdə Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən buna cavab verirəm. Xarici İşlər Nazirliyi hansısa səviyyədə buna cavab verib, yoxsa yox? Mən eşitməmişəm, Azərbaycan xalqı da eşitməyib. Bunu, ilk növbədə, kim etməlidir? Xarici İşlər Nazirliyi, susur. Mən demişəm ki, danışıqlar prosesində tərəqqi olmayana qədər Ermənistan ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz. Sən demə, COVID müzakirə olunur. Yəni, biz COVID-lə bağlı erməni işğalçılara köməklikmi göstərməliyik?!

Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm bölüşürəm, həm məsləhətləşirəm, həm öz fikirlərimi, öz siyasətimi deyirəm və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edirəm. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Ona görə, bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Ona görə mən bütün bu sualları çılpaqlığı ilə ictimaiyyətə təqdim edirəm. Bu son bir neçə gün ərzində ancaq mənim göstərişlərim əsasında addımlar atılıb. Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, - onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de.

Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim. Mən Əli Əsədovdan soruşdum, haradadır. Sənə nə dedi? De."

Baş Nazir Əli Əsədov: "Cənab Prezident, soruşdum, dedi ki, mən evdən işləyirəm."

Prezident İlham Əliyev: "Necə, evdən işləyirəm?"

Baş Nazir Əli Əsədov: "Bəli, dedi ki, evdən işləyirəm. Mən Elmar Məmmədyarova zəng etdim. Sizin dediklərinizi ona dedim, soruşdum ki, bu hadisəni sən nə vaxt eşitmisən və harada olmusan? Dedi, evdən işləmişəm. Dedim, saatbasaat mənə de, harada olmusan? Yenə dedi ki, evdən işləmişəm. Günorta saat 3-də eşitmişəm. Daha sonra dedi ki, təqribən saat 6-da, 7-də Hikmət Hacıyevlə telefonla danışıb. İndi Siz dediniz, Hikmət Hacıyev Sizin təlimatları ona çatdırandan sonra deyib ki, bizim BMT-dəki nümayəndəmiz Yaşar Əliyevlə danışıb. Bax, bu qədər. Mən Sizin verdiyiniz tapşırıqları ona çatdırdım, dedim ki, belə olmaz. Biz hamımız iş yerindəyik. Prosesləri cənab Prezident idarə edir. Xarici İşlər naziri olaraq sən bunu, bunu, bunu et - Sizin dediyiniz tapşırıqları. Soruşdum ki, evdə niyə işləyirsiniz? Sən gəl iş yerinə, kabinetinə və s. Tapşırıq belə oldu. Ondan sonra hadisələr məlumdur."

Prezident İlham Əliyev: "Aydındır. Daha dərinə getmək istəmirəm. Bir çox şey deyə bilərəm. Hesab edirəm bu, kifayətdir. Ancaq biz hamımız – həm rəhbər vəzifələrdə olanlar və ictimaiyyət bilməliyik real mənzərə nədən ibarətdir ki, düzgün addımlar ataq. Biz hər gün, hər dəqiqə ölkəmizin maraqlarını qorumalıyıq."

Təsəvvür edin. Düşmən basqın edib. Hamı müdafiə mövqeyi tutub. Diplomatiya ordusunu yönəltməli Nazir isə səngərdə deyil. Fərarilik edir demək istəmirəm. Ağır səslənir. Amma başqa söz də tapa bilmirəm. “Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır” Prezidentdən sitat idi bu. Çox ciddi mesajdır. Bu cümlədə məchulu yerinə qoysaq Məmmədyarov formatının yeni standartlara uyğun gəlmədiyi tam aydın olur. “Məmmədyarov hücum diplomatı deyildi. Ya da ola bilmədi. Bundan daha ciddi qüsur. O kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiyanın təmsilçisi olub!” Kimin xoşuna gəlmək? Kimin istəyilə susmaq? Bu artıq ayrı sualdır və o sualın cavabını yəqin ki, biləcəyik. Bir qədər gözləyək. Elmar Məmmədyarovçuluq Prezidentin iti kursuyla ayaqlaşmayan ləng, dişsiz, darıxdırıcı, maraqsız və mənasız bir məşğuliyyətə dönmüşdü. Son zamanlar keçmiş nazirin ailə-məişət kontekstində gündəliyə girməsi də ondan xəbər verirdi ki, peşəsi darıxdırıcıdır. Köhnə kişilərdən ibarət xarizmatik müdrik portretlər divardan düşürülməlidir. Dövlət Təhlükəsizlik Xidmətinin bu yaxınlarda Xarici İşlər Nazirliyində apardığı antikorrupsiya əməliyyatıları isə artıq Məmmədyarovçuluğun instutsional iflasının baş verdiyini ortaya qoymuşdu. Heç demə diplomatiya idarəmiz də özünəməxsus şəkildə ərazi bütövlüyümüzdən kəsirmiş. Korrupsiya halında. Yeni nazir tipi göstəricilərinə uyğun, menecer-profesional Ceyhun Bayramovun bundan sonra Xarici İşlər naziri kimi fəaliyyət göstərməsini məmnuniyyətlə müşahidə edəcəyik. Ona görə ki, Əliyevin 4-cü sənaye transformasiyası ovqatına uyğun olaraq yetişdirdiyi obraz kimi Bayramovda neqativ başlanğıc üçün hələ ki heç nə yoxdur. Uğurlu bir nazir olmaqdan ötrü bütün imkanları var. Yəqin ki, onun ilk əsas işi Xarici İşlər Nazirliyini Məmmədayrovçuluqdan təmizləməkdən ibarət olacaq. Çünki uzun müddətlik idarəçilik dövrü bu qurumu kifayət qədər qəlizləşdirib. Tör-töküntülüdür. Prezidentin Hökumət qarşısındakı çıxışından yeni naziri təyin və təqdim edərkən söylədiklərinə keçirəm. Prezident yeni nazirə çərçivə tapşırıqları verdi və dövlətin əsas kursunun müstəqilliyin qorunması və milli maraqların əsas olduğunu çatdırdı. Qısa, aydın, yığcam:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bizim xarici siyasətimiz açıqdır. Biz xarici siyasət prioritetlərimizi açıq şəkildə bəyan edirik və məqsədlərə çatmaq üçün ardıcıl siyasət aparırıq. Bütün ölkələrlə bərabərhüquqlu qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması bizim əsas prinsiplərimizdən biridir. Hesab edirəm ki, son illərdə Azərbaycan bu sahədə böyük uğurlar əldə edib. Azərbaycan dünya birliyinin ləyaqətli üzvüdür. Dünyada bizə olan hörmət artmaqdadır. Bunu müxtəlif vaxtlarda Azərbaycana beynəlxalq aləm tərəfindən göstərilən dəstək əyani şəkildə sübut edir. Bizim dünyadakı rolumuz artır, bölgədə ölkəmizin iştirakı olmadan, maraqları təmin edilmədən hər hansı bir layihənin icrası qeyri-mümkündür. Bizim siyasətimiz Azərbaycana illər boyu daha çox dostlar qazandırıbdır. Təsadüfi deyil ki, bu gün bizim beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür.

Əlbəttə ki, xarici siyasətlə bağlı əsas istiqamətləri mən bu gün bir daha qeyd edəcəyəm. Amma ondan əvvəl demək istəyirəm ki, ilk növbədə, nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır. İlk növbədə, təhlil aparılmalıdır, nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görülməlidir. Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir. Nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işləri lazımi səviyyədə təmin edilməlidir. Nazirliyin fəaliyyəti üçün əlavə tədbirlərin görülməsi haqqında sizdən təkliflər gözləyəcəyəm."

Burada dayanaq. Ceyhun Bayramovun işi Nazirliyin bütün fəaliyyətini Prezidentin təlimatı və tələbləri əsasında yenidən qurmaqdan ibarət olmalıdır. Biz indiyədək Azərbaycanda dövlət məmurunun işdən çıxarılmasının müxtəlif formalarının şahidi olmuşuq. Bəzi məmurlar sadəcə işdən azad edilib və öz halal istirahətinə gedib, bəzi məmurların işdən azad olunmasından əvvəl onun bütün işləri, səlahiyyətləri ondan azad edilib, səlahiyyətləri tam soyundurulandan sonra dekorasiya çılpağı kimi səhnə arxasına, ordan da bağ evlərinə daşınanı olub, məmur olub ki, fəaliyyəti istifadəsində olan rıçaqlarına qarışdırılaraq ləğv edilib. Biz 1994-cü ildə Prezident Heydər Əliyevin baş nazir Surət Hüseynovu işdən azad etməsini də unutmuruq. O zaman Heydər Əliyev televiziya ilə xalqa müraciətində Gəncədə baş verən son dərəcə qarışıq, həm də olduqca ciddi hadisələrlə bağlı məlumat almaq üçün Baş naziri axtardığını, yerində tapmadığını demişdi. Sonra baş nazirin səhv və qüsurlarını hamının gözü qabağında onun üzünə çırpmış, sonra da işdən azad etmişdi. Heydər Əliyevin Azadlıq meydanındakı çıxışını xatırlayıram. “Mən ona bildirdim ki, belə işlər yaramaz. Biz dövlətdə bir yerdə işləyirik. Mən hər şeyi açıq deyirəm. Heç bir şeyi gizlətmirəm. Bizim aramızda belə məsələlər olmamalıdır!” əsasən bu və bunun inkişafı olan ritorika.

Elmar Məmmədyarovun da işdən azad olunmasında o hadisəyə suyu çəkən fraqmentlər var. Çünki, təkrar edirəm, Ermənistan Azərbaycan dövlət sərhədlərinə xaincəsinə basqın etmişdi, bütün hakimiyyətin iş başında fövqəladə vəziyyətdə çalışdığı bir vaxtda əsas səlahiyyətlilərdən birinin evdar siyasət yürütməsi nə anlaşılan idi, nə də anlaşılmaz.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm bölüşürəm, həm məsləhətləşirəm, həm öz fikirlərimi, öz siyasətimi deyirəm və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edirəm. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Ona görə, bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Ona görə mən bütün bu sualları çılpaqlığı ilə ictimaiyyətə təqdim edirəm. Bu son bir neçə gün ərzində ancaq mənim göstərişlərim əsasında addımlar atılıb. Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, - onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de.

Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim."

Beləliklə, Prezident Xarici işlər nazirini Ermənistanla əməkdaşlıq etdiyinə eyhamla işdən azad etdi. Burada ciddi bir nüans da var. Qayıdaq bir az əvvələ. Xatırlayaq. İlham Əliyev Qoşulmama Hərəkatının lideri kimi BMT-yə müraciət edir. Pandemiya ilə mübarizəni daha səmərəli relslərə keçirmək məqsədilə dünya birliyinin daha mütəşəkkil bir formatda mübarizəsi üçün müstəvi hazırlayır. Bütün dünya razıdır. Yalnız Ermənistan bu çağırışın, Əliyev modelinin əleyhinə çıxır. Əvəzində, Azərbaycan Dövləti Təhlükəsizlik Şurasının genişləndirilmiş miqyasda iclasında Ermənistanın təcavüzünü qarşısını almaqdaykən elə bu Azərbaycanın Xarici işlər naziri Erməni həmkarı ilə COVID-19 müzakirəsi apardığı məlum olur. Məmmədyarov modeli üzrə. Əliyevin çağırışını rədd edən bir dövlətin naziri xaincəsinə basqın etdiyi ölkənin naziri ilə əməkdaşlıq müzakirəsi aparır. Prezident və Məmmədyarov arasında prinsipial fikir ayrılığının, fikir ayrılığının da yox e, böyük çatın, nəhəng yarğanın olduğu üzə çıxır. Xarici işlər nazirinin işə, dövlətə münasibəti artıq formalaşmış mühitin, idarəçiliyin adətə çevrilməsinin nəticəsidir. Bax elə buna görə də Prezident yeni naziri-Ceyhun Bayramovu təlimatlandırarkən həm də diplomatcasına xəbərdarlıq edirdi. Diqqətlə qulaq asaq. Olduqca ciddi ittihamlardır:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Vaxtaşırı Azərbaycana qarşı ünvanlanan şər-böhtan xarakterli iradlara lazımi cavab verə bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Ona görə bütün bu məsələlər əlbəttə ki, sizin gündəlik fəaliyyətinizdə önəmli yer tutmalıdır. Bizim xarici nümayəndələrimiz, diplomatlarımız ölkəmizin maraqlarını tam təmin etməlidirlər. Mən deyə bilərəm ki, bizim xaricdə fəaliyyət göstərən diplomatlarımızın əksəriyyəti yüksək meyarlara cavab verir. Ancaq vəziyyət təhlil edilərkən, ilk növbədə, nöqsanlara fikir vermək lazımdır. Səfirliklərimiz xaricdə yaşayan, fəaliyyət göstərən Azərbaycan icmaları ilə sıx əlaqədə olmalıdırlar. Onlar diaspor təşkilatlarının koordinasiya işinə öz töhfəsini verməlidir ki, həm diaspor təşkilatları, həm səfirliklər Azərbaycanın maraqlarını təmin etsinlər və Azərbaycan reallıqlarını çatdırsınlar.

Xarici kütləvi informasiya vasitələri ilə sıx təmaslar olmalıdır. Azərbaycan haqqında bəzi hallarda gedən yanlış məlumata dərhal adekvat reaksiya verilməlidir, formal yox. Çünki bir çox hallarda biz bunu görmürük. Ölkəmiz haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələr əgər mən müdaxilə etməsəm təkzib olunmur. Ya bu işlə məşğul olmaq istəmirlər, ya başqa göstərişlər alırlar. Bu gün sirr deyil ki, Azərbaycana qarşı təşkil edilmiş və koordinasiya olunmuş çirkin kampaniya aparılır. Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, bu kampaniyanın mənbəyi və səbəbi nədir. Bir çox səbəblər var, onların arasında bizim milli maraqlara söykənən müstəqil siyasətimizdir və özümüzü ləyaqətli aparmağımızdır. Bəs bu kampaniyaya adekvat cavab verilir, yoxsa yox? Verilmir. Xaricdə bəzi anti-Azərbaycan ünsürlər öz fəaliyyətində, öz çirkin əməllərində, bəyanatlarında yaşadıqları ölkələrin qanunlarını kobudcasına pozurlar, terrora çağırışlar edirlər, konstitusiya quruluşunun dəyişdirilməsinə çalışırlar. Bütün bunlar nəinki Azərbaycanın, bir çox ölkələrin qanunvericiliyində, o cümlədən cinayət məcəlləsində təsbit edilmiş məsələlərdir və ona görə bu cinayəti törətmiş insanlar cinayət məsuliyyətinə cəlb edilməlidir.

Amma bizim xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər bu məsələyə diqqət yetirirlər? Deyə bilərəm ki, yox. Baş qoşmaq, heç kimlə pis olmaq istəmirlər. Bəzi hallarda fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın maraqlarını yox, özlərini həmin ölkələrin yüksək vəzifəli nümayəndələrinə yaxşı tərəfdən göstərmək üçün o ölkələrin maraqlarını müdafiə edirlər."

Yəqin ki Prezident burada təkcə, yaxın keçmişdə Azərbaycanı Avropa qurumlarında təmsil edən, sonra istefa verib antidövlət, xəyanətkar yola düşən Məmmədov kimiləri nəzərdə tutmur. İş Başında olan səfirlərimizi də təftiş edə bilərik. Baxaq: hansının daha birmənalı və konkret mövqe sərgiləməsini biz mətbuat işçiləri olaraq özümüz də müəyyən edək. Prezidentin “Qarabağ Azərbaycandır-nida işarəsi!” xitabından sonra hansı səfir bu cümləyə hansı durğu işarəsini qoyub? Kimsə sual işarəsi, kimsə 3 nöqtə, kimsə vergül...qoyub. kimisə də nida və sualı eyni vaxtda. Hər halda Əliyev Milli Məclisin yeni tərkibi qarşısında etdiyi proqram mahiyyətli çıxışda bu barədə də açıq danışmışdı.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Ona görə biz beynəlxalq fəaliyyətimizin səmərəliliyini artırmalıyıq. O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Yəni, onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Hansısa məsələni kəskinləşdirmək istəmirəm bəhanəsi ilə kənara çəkilmək yox, əksinə, öz sözünü demək lazımdır.

Bütün bunları demək lazımdır. Mən bu gün bu kürsüdən bunu deyirəm, açıq, heç kimdən çəkinmədən. Çünki mən haqlıyam və həqiqətə qarşı heç kim heç nə deyə bilməz. Əlbəttə, bax, görərsiniz, bu sözlərdən bir neçə gündən sonra yenə çirkin məqalələr çıxacaq, yenə hansısa bir qondarma təşkilat nəsə bəyanat verəcək ki, Azərbaycanda o, pisdir, bu, pisdir. Eybi yoxdur, qoy desinlər. Amma biz bu həqiqətləri deməsək, sabah bu, bizim başımızda sınacaq. Ona görə bunu deməliyik və siz də deməlisiniz."

Burada Əliyev yeni seçilmiş millət vəkillərinə yeni dövrün yeni çağırışlarını, tələblərini çatdırırdı. Amma eyni zamanda diplomatiyamız üçün yol xəritəsini növbəti dəfə bəyan edirdi. Baxmayaraq ki, Xarici İşlər Nazirliyi, səfirlərlə keçirilən ənənəvi görüşlərdə biz Prezidentdən “Hücum diplomatiyası!” tezislərini detallarınadək eşitmişdik. Və Prezident öz nümunəsində bunu bütün tədbirlərdə göstərirdi. Valday. Düşənbə. Münxen. Davos. Hər dəfə də hətta bədxahlarımızın belə etiraf etməyə məcbur olduğu diplomatik uğurlar... Əlbəttə, çətindir. Debatda qalib gəlmək üçün ilkin hazırlıqlar, işlək məntiq, yerində tutarlı cavab vermək, bizim situasiyada isə həm də yaxın-uzaq tarixi bilmək, malik olduğun məlumatlardan yerində istifadə etməyi bacarmaq. Hər şeydən əvvəl, başlıcası isə öz dövləti mövqeyini açıq nümayiş etdirməkdən çəkinməmək. Şərtlər çox və ağırdır. Amma tələb ünvanı da sıradan biri deyil. Xarici İşlər naziridir.

Elmar Məmmədyarov və onun anlaşılmaz diplomatiya dili tarixə, daha doğrusu tarixə yox, keçmişə qovuşdu. Ceyhun Bayramovun yeni ölçülərə və göstəricilərə adekvat ola bilmıək üçün bütün imkanları var! Başlıcası isə budur, Prezidentin təlimatı: tövsiyələri. Tapşırıqları. Yeri gəlmişkən, eşidəcəyiniz tövsiyə və tapşırıqlar yalnlz diplomatlarımız üçün deyil.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Mən demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir. Ancaq bir çox hallarda bunun əksini görürük. Görürük ki, razılaşma prinsipi əsas tutulur, milli maraqları kənara qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir. Bu haqda bir çox məlumatlarım var. Ona görə siz bu məsələləri nəzərdə saxlayın. Bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər.

O ki qaldı, bizim xarici siyasətlə əlaqədar əsas prioritetlərimizə, qeyd etməliyəm ki, mən bu prioritetlər haqqında ictimaiyyətə kifayət qədər geniş açıqlama vermişəm. Bu gün bir daha demək istəyirəm, siz yeni nazir kimi bunu bir daha məndən eşitməlisiniz və Azərbaycan ictimaiyyəti də bunu bir daha eşitməlidir. Qonşu ölkələrlə münasibətlərimiz bizim üçün prioritetdir. Bu münasibətlər çox sağlam zəmində qurulubdur. Artıq həyat və hadisələrin gedişatı onu göstərir ki, bu, çox düzgün siyasətdir. Qonşu ölkələr tərəfindən də Azərbaycana qarşı olan siyasət çox müsbətdir. Biz bu siyasəti dostluq, mehriban qonşuluq prinsipləri əsasında qurmuşuq. Beləliklə, heç bir qonşu dövlətlə, təbii ki, Ermənistan istisna olmaqla, bizim heç bir problemimiz yoxdur. Keçmişdən qalan problemlər həll olunub. Bəzi hallarda bəzi ölkələrin dairələri süni şəkildə bəzi problemlər ortaya atmaq istəyirlər. Ancaq bunun da heç bir səmərəsi yoxdur.

Qonşu dövlətlərlə bizim münasibətlərimiz strateji xarakter daşıyır. Biz bir bölgədə yaşayırıq, biz qonşuyuq və bu qonşuluq əbədi olacaqdır. Eyni zamanda, qonşu ölkələrdə yaşayan azərbaycanlılar, əlbəttə, bu münasibətlərdə xüsusi yer tutur və onların rahat yaşaması təbii ki, bizim üçün çox önəmlidir. Bu baxımdan da qonşu ölkələrlə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Həm siyasi, həm iqtisadi, enerji, nəqliyyat, mədəniyyət - bütün sahələrdə bu münasibətləri yüksək qiymətləndirmək olar. Mən deyə bilərəm ki, bizim qonşularımızla münasibətlərimiz nümunəvi xarakter daşıyır. Çünki dünyada gedən proseslər onu göstərir ki, bəzi hallarda qonşular arasında münasibətlər problemli olur.

Bildiyiniz kimi, biz qonşu ölkələrlə üçtərəfli əməkdaşlıq formatında da fəaliyyət göstəririk. Onu da bildirməliyəm ki, bu üçtərəfli formatların təşəbbüskarı da biz olmuşuq. Bu gün bütün qonşularla müxtəlif konfiqurasiyada üçtərəfli əməkdaşlıq formatı icra edilir və bu, həm regional təhlükəsizliyə müsbət təsir göstərir, həm də iqtisadi, enerji, nəqliyyat layihələrinin icrasına gözəl zəmin yaradır. Ona görə, Xarici İşlər Nazirliyinin fəaliyyətində qonşu ölkələrlə münasibətlər bundan sonra da prioritet kimi qalacaq.

Bizim İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə də münasibətlərimiz çox yaxşıdır. Azərbaycan müsəlman aləminin bir parçasıdır və beynəlxalq təşkilatlarda biz tərəfdən ən çox dəstək alan ölkələr müsəlman ölkələridir və bizə də müsəlman ölkələrindən ən çox dəstək gəlir. Bu yaxınlarda Ermənistanın növbəti hərbi təxribatı ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı bəyanatla çıxış edib, Azərbaycanın haqlı mövqeyini müdafiə edib və biz bunu yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatının xətti ilə Azərbaycanda bir çox tədbirlər keçirilmişdir. Mən bir çox Zirvə görüşlərində iştirak etmişəm, həmişə öz çıxışlarımda və öz fəaliyyətimdə İslam aləmində əməkdaşlığın, həmrəyliyin inkişafına fikir vermişəm, səylər göstərmişəm. Bəzi müsəlman ölkələri arasında mövcud olan ixtilafların yumşaldılması, ya da ki, aradan qaldırılması üçün Azərbaycan öz səylərini əsirgəmir və bəzi hallarda bu səylər yaxşı nəticələrə gətirib çıxarır. Çünki, ilk növbədə, müsəlman aləmində həmrəylik olmalıdır ki, biz ənənəvi dostlarımızla öz gələcəyimizi sağlam zəmində qura bilək.

Türkdilli dövlətlər bizim üçün qardaş ölkələrdir və bütün türkdilli dövlətlərlə çox gözəl münasibətlərimiz var. Bildiyiniz kimi, hazırda Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir. Onu da bildirməliyəm ki, türkdilli ölkələrin Zirvə görüşləri uzun illərdir keçirilir. Azərbaycan və digər postsovet ölkələri müstəqilliyə qovuşduqdan sonra dərhal belə Zirvə görüşləri keçirilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təşkilat olaraq Naxçıvan şəhərində yaradılıbdır. Azərbaycanda, Naxçıvan şəhərində keçirilmiş Zirvə görüşlərinin birində belə bir təşkilat yarandı və hazırda təşkilat öz potensialını gücləndirir. Onu da bildirməliyəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da bu yaxınlarda baş vermiş sərhəd münaqişəsi ilə bağlı Azərbaycanı dəstəkləyən açıqlama yaymışdır.

Bizim Avropa İttifaqı ilə əlaqələrimiz də çox möhkəm zəmində qurulub. Avropa İttifaqına üzv doqquz dövlətlə Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri vardır. Bu, Avropa İttifaqının üçdəbir hissəsidir. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş aparılır. Sazişin böyük hissəsi razılaşdırılıb. Siz dərhal bu məsələ ilə məşğul olun və bu gün hələ ki, razılaşdırılmamış məsələlərə fikir verin. Hesab edirəm ki, Azərbaycan maksimum dərəcədə konstruktivlik göstəribdir və bu gün hələ də razılaşdırılmamış məsələlər var. Bizim üçün indiki formada onları qəbul etmək deyə bilərəm ki, çox çətin və əhəmiyyətsiz olacaqdır. Çünki mən demişəm, biz ona görə yeni saziş imzalamalıyıq ki, öz maraqlarımızı daha böyük dərəcədə müdafiə edək, təmin edək və qarşı tərəf də həmçinin. Onlar ona görə Azərbaycanla bu sazişi imzalamaq istəyirlər ki, öz maraqlarını müdafiə və təmin etsinlər. Bu da təbiidir. Ancaq gərək bu maraqların uzlaşması olsun. Yəni, biz heç vaxt bizi qane etməyən, yaxud da ki, bizə hansısa problem yarada biləcək sazişə imza atmarıq. Bu, əhəmiyyətsizdir, mənasızdır. Biz Azərbaycan xalqına məlumat verməliyik ki, bunu nə üçün edirik. Biz edirik ki, daha yaxşı şərait olsun, əməkdaşlıq üçün daha yaxşı imkanlar yaransın, xalqımız üçün daha geniş imkanlar açılsın. Yoxsa elə saziş imzalansın deyə sazişə qol çəkmək düzgün olmaz. Bizim mövqeyimiz tam açıqdır. Mən bunu bu gün bütün ictimaiyyətə bildirirəm.

Hesab edirəm ki, kompromis üçün yer var. Ancaq gərək xoş niyyət və qarşılıqlı iradə olsun. Azərbaycan tərəfində bu iradə var. Ümid edirəm ki, bu danışıqlar uğurla davam edəcək. Onu da nəzərə almalıyıq ki, hazırda Avropa Komissiyasının yeni tərkibi formalaşıbdır və biz, əlbəttə, Avropa İttifaqının Azərbaycana münasibətinin statusunu özümüz üçün daha dəqiq müəyyən etməliyik. Biz bəri başdan o mövqedə idik ki, qarşımıza real olmayan hədəflər qoymayaq. Çünki sonra bu hədəflərə çatmayanda məyusluq, qarşılıqlı inamsızlıq yarana bilər. Ona görə qarşıya elə məqsədlər qoymalıyıq ki, biz ona çata bilək və bu məqsədlər bizim maraqlarımıza uyğun olsun. Hesab edirəm ki, bu istiqamətdə gələcək fəaliyyət də uğurlu olacaqdır.

Təbii ki, Amerika Birləşmiş Ştatları ilə bizim münasibətlərimiz çox böyük əhəmiyyət daşıyır və bu münasibətlərin böyük tarixi var. Həm siyasi, iqtisadi, enerji sahələrində, həm də təhlükəsizlik sahəsində çox yaxşı nəticələr var. Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyalarda göstərdiyi səylər Amerika tərəfindən yüksək qiymətləndirilir. Bildiyiniz kimi, Azərbaycan üzərindən çox önəmli nəqliyyat dəhlizi keçir və buna Şimal Nəqliyyat Dəhlizi deyilir. Əslində, bu, hava nəqliyyatıdır və yüklərin təhlükəsiz şəkildə nəql edilməsi bu gün hər bir ölkə üçün çox önəmlidir.

Bizim siyasi münasibətlərimizin inkişafına gəldikdə, hesab edirəm ki, bu gün bu münasibətlər çox yaxşı səviyyədədir. Prezident Trampın mənə göndərdiyi bir çox məktublarda Amerika Birləşmiş Ştatlarının Azərbaycana xoş münasibəti öz əksini tapıb. Son məktubunda qeyd etmişdi ki, bizim iki böyük dövlətimiz birlikdə bundan sonra da çalışacaqdır.

Mənim də Prezident Trampa göndərdiyim məktublarda bizim münasibətlərimizin əhəmiyyəti qeyd olunur və əminəm ki, bundan sonra da bu əlaqələr uğurla inkişaf edəcək. Hesab edirəm ki, bu əlaqələrin gələcəyi çox müsbət olacaqdır.

Bizim strateji investorumuz Böyük Britaniyadır. Böyük Britaniya ilə də bizim çox sıx tərəfdaşlıq münasibətlərimiz var. Əvvəlki dövrdə biz bu münasibətləri, eyni zamanda, Avropa İttifaqı prizmasından təhlil edirdik, dəyərləndirirdik. Amma artıq Böyük Britaniya Avropa İttifaqının üzvü deyil və həm bizim, həm də onların qarşılıqlı marağı gündən-günə artır. Böyük Britaniyanın BP şirkəti bizim strateji tərəfdaşımızdır. Biz keçən il bu tərəfdaşlığın artıq 25 illiyini qeyd etmişdik və bundan sonra ən azı 25-30 il birlikdə çalışacağıq. Əlbəttə ki, bu, ikitərəfli münasibətlərə də müsbət təsir göstərdi. Ancaq hər iki tərəfin fikri ondan ibarətdir ki, biz qeyri-neft sektorunda daha böyük işlər görməliyik. Bir sözlə, bu əlaqələr də bizim üçün çox önəmlidir.

Bildiyiniz kimi, biz hazırda Qoşulmama Hərəkatının sədriyik və bu sədrliyi 120 ölkənin yekdil qərarı ilə qazanmışıq. Bu sədrliyi öz üzərimizə götürəndə mən demişdim ki, bu, formal sədrlik olmayacaqdır. Biz beynəlxalq təşkilatlarda Qoşulmama Hərəkatına üzv ölkələrin maraqlarını, eyni zamanda, beynəlxalq hüququ, ədaləti dəstəkləyəcəyik və bunu əməli işlərdə göstərdik. Pandemiya dövründə bizim təşəbbüsümüzlə Qoşulmama Hərəkatının, eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşləri keçirildi. Biz Qoşulmama Hərəkatına üzv ölkələrə həm birbaşa, həm də Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə humanitar yardım göstərdik. Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin təşəbbüskarı biz olmuşuq və bu təşəbbüsə bildiyiniz kimi, 130-dan çox ölkə qoşuldu. Hesab edirəm ki, bu, bizim növbəti siyasi uğurumuzdur.

Əlbəttə, fəaliyyətinizin əsas hissəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə istiqamətləndiriləcək. Bu, bizim üçün əsas məsələdir, bu, milli məsələdir. Son illər görülmüş tədbirlər nəticəsində bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyublar. Əgər münaqişə getdiyi dövrdə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edibsə, ondan sonrakı dövrdə bütün digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, NATO və digər təşkilatlar. İki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədində də ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi bənd var. Yəni, hüquqi baza tam təmin edilib.

O ki qaldı, münaqişənin həllinə, bizim mövqeyimizdə, qeyd etdiyim kimi, heç bir dəyişiklik ola bilməz. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bu, birmənalıdır və heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb. Orada bu yaxınlarda keçirilmiş qondarma “seçkilər” bunu bir daha təsdiqlədi. Çünki bütün aparıcı dövlətlər, qonşu dövlətlər, aparıcı beynəlxalq təşkilatlar bu “seçkilərin” tanınmaması ilə əlaqədar bəyanatlar vermişlər.

O ki qaldı, danışıqlara, mən bir daha demək istəyirəm ki, biz imitasiya naminə danışıqlar aparmaq, mənasız videokonfranslar keçirmək fikrində deyilik. Bunun mənası olmalıdır. Mən demişəm ki, Minsk qrupunun işi çox fəal olmalıdır və onların mandatı çərçivəsində təkcə təmas xəttində, yaxud da ki, dövlət sərhədində atəşkəsin təmin edilməsi məsələsi yox, mahiyyət üzrə danışıqlar aparılmalıdır və bunun üçün artıq uzun illər ərzində formalaşmış baza var. Ancaq Ermənistan öz destruktiv addımları, qeyri-konstruktiv bəyanatları, sərhəddə və təmas xəttində törətdikləri hərbi cinayətləri ilə bütün bu danışıqlar konstruksiyasını məhv edir. Ermənistan danışıqlar formatını dəyişmək, danışıqların mahiyyətini pozmaq istəyir. Yəni, faktiki olaraq bu gün Ermənistan danışıqlar prosesini dağıdır və bunu hər kəs görür. Sadəcə olaraq, Ermənistan rəhbərliyinin açıqlamalarına fikir vermək kifayətdir. Onların hərbi rəhbərliyi bizi hədələməyə çalışır. Bizi yeni torpaqların işğalı ilə hədələmək istəyir. Ancaq bunlara bu günlərdə verilən dərs hesab edirəm ki, uzun müddət onların yaddaşından silinməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan xalqının səbrinin həddi var. Ona görə danışıqlar mahiyyət üzrə aparılmalıdır. Əgər biz görsək ki, bu danışıqlar əhəmiyyətsizdir, onda buna uyğun şəkildə öz addımlarımızı da atacağıq və bəyanatlarımızı da verəcəyik.

Demək olar ki, mən bizim xarici siyasətlə bağlı əsas məsələləri qeyd etdim. Əlbəttə, bu görüş əsnasında bütün başqa məsələləri əhatə etmək vaxt baxımından mümkün deyil. Ancaq əminəm, idarəetmədə əldə etdiyiniz təcrübə sizə imkan verəcək ki, qısa müddət ərzində işin içinə girəsiniz. Dediyim kimi, Azərbaycanın xarici siyasəti ölkəmizin maraqlarını tam təmin etmək üçün öz sözünü deyəcək. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram".

Təlimat aydındır. Müfəssəldir. Qalır bircə dürüst və intizamlı şəkildə yerinə yetirmək. Yenidən Prezidentin hökumətin hesabatını qəbul etdiyi müşavirəyə, burada toxunduğu başqa mətləblərə qayıdaq. Baxmayaraq ki, pandemiyadı, baxmayaraq ki, Prezidentin çağırışı ilə BMT xüsusi təyinatlı sessiya çağırır, baxmayaraq ki, sərt karantin rejimindən irəli gələn məhdudiyyətlər qüvvədədir, ölkənin böyük bir hissəsində fövqəladə vəziyyətə yaxın rejim qüvvədədir... bir sözlə bütün bunlara baxmayaraq, ölkə boyu müxtəlif şəhərlərdə, o cümlədən Bakıda əhalinin öz təşəbbüsü ilə orduya, Ali Baş komandana dəstək yürüşünün keçirilməsi mümkün olur. Biz bu yürüşə “məqsəd vasitəyə bəraət qazandırır!” hökmüylə haqq qazandıra bilərik. Yalnız bununla. Xüsusi karantin rejiminin bu gün icazə tələb olunmayan yeganə şərti var ki, bu hadisə, gecə yürüşü məncə, o kriteryaya uyğun gələ bilərdi. “Həyat və sağlamlığa biləvasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur!” Deməli insanlarımız o gecə ölkədə, əhalinin ovqatında yaranmış vəziyyəti “həyat və sağlamlığa biləvasitə təhlükəli vəziyyət kimi qiymətləndirdiklərindən sms icazəyə ehtiyac duymadan küçələrə çıxmışdılar!”

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, əlbəttə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bayaq dediyim kimi, mənə ünvanlanan məktublarda gördüyümüz işlərə tam dəstək ifadə olunur. Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi."

Və. Amma. Deməli. Yürüş iştirakçıları pandemiyayla mübarizənin digər əsas şərtlərini də üzrlü hesab etdikləri səbəbdən yerinə yetirməməkdəydilər. Onlarıın maska taxmadan, sosial məsafə saxlamadan, biri-birinin nəfəs distansiyasında hərəkət etməsi yaxın həftələrdə bizə xoşagəlməz sürprizlər təqdim edəcək. Nəzərə alaq ki, son günlər sağalanlarla yoluxanlar arasında fərq birincilərin xeyrinə dəyişir... Bu xəbərləri biz böyük məmnuniyyətlə yayırıq. Amma hələ ki hadisə gecəsinin risk mənzərəsinə gəlib çatmamışıq. Allah saxlasın. Mənim canım şəhidin canından artıq deyil bəraətini də emosianal baxımdan qəbul etmək olar. “Ömürdən pay verərlər, vətəndən pay olmayır!” mahnısını ayaqları və əlləri ilə o gecə meydanlarda, küçələrdə ifa edənləri anlamaq mümkündür. Qürurvericidir. Amma məncə geniş əhali parçaları arasına qaragüruhçuların qarışması, sonda mənim şəxsən “dövlət çevrilişinə cəhd kimi qiymətləndirdiyim” hadisə ilə-Milli Məclis binasına soxulmaq faktı da müəyyən mənada elə o liberal mühitin, yumşaq desək kütləvi etinasızlığın nəticəsi oldu. Diqqət istəyirəm. Pandemiyanın, xüsusi rejimin tələblərinə uyğun olaraq tətbiq edilən məhdudiyyətlərə baxmayaraq dövlət alicənab bir jest edir. Yürüş faktiki olaraq Ali Baş komandanın dəstəyi və xeyir-duası ilə baş tutur. Amma. Amma. Prezidenti dinləyək.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər xiyabanına gələndən sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub. İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər. Mən daxili işlər orqanlarına göstəriş vermişdim ki, insanların Şəhidlər xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin. Çünki insanlar bir çox hallarda avtomobil yolu ilə gedirdilər. Bütün bu göstərişləri dünən axşam mən Daxili İşlər naziri Vilayət Eyvazova verdim. Eyni zamanda, dedim ki, siz ayıq olun, çünki istisna edilmir, hansısa təxribatçı qüvvələr və bizi istəməyənlər, “beşinci kolon”un nümayəndələri, satqınlar orada hansısa təxribat törədə bilərlər. Çünki belə kütləvi tədbirlərdə, o cümlədən əvvəlcədən təşkil olunmamış kütləvi tədbirlərdə bəzən xoşagəlməz hallar da baş verir. Ona görə Şəhidlər xiyabanına qədər bütün yol boyunca polis əməkdaşları öz vəzifə borclarını ləyaqətlə icra ediblər. Şəhidlər xiyabanında da insanlar yığışanda asayiş tam təmin edilirdi. Ancaq bir daha demək istəyirəm ki, bir qrup təxribatçı bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Təbii ki, daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Artıq onların şəxsiyyəti müəyyənləşdirilir. Onların hamısı məsuliyyətə cəlb ediləcək, bir nəfər də, - mən bu gün səhər dedim, - məsuliyyətdən boyun qaçıra bilməyəcək. Əlbəttə ki, ancaq qanun çərçivəsində onlara layiqli cəza veriləcəkdir, əgər onlar məhkəmə tərəfindən bu cəzaya layiq görüləcəklərsə. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün biz ictimaiyyətdən də yardım istəyirik. O təxribatçıları tam müəyyən etmək üçün dünən oraya toplaşan vətənpərvər insanlardan da mən xahiş edirəm, əgər o videokadrlarda kimisə, iğtişaş törətmək istəyənləri tanıyırlarsa, məlumat versinlər, biz hamısını tapaq və cəzasını verək.

Azərbaycan xalqını bu təxribata çəkən Ermənistan başından zərbə aldı. Bizim şanlı ordumuz, bizim əsgərlərimiz, zabitlərimiz, hərbi komandirlərimiz bu günlər ərzində gecə-gündüz yatmadan iş başındadırlar. Mən Müdafiə nazirinə, Baş Qərargah rəisinə nə vaxt zəng edirəmsə, iş başındadırlar - gecə, səhər saat 7-də, axşam saat 10-da, gecə saat 2-də. Biz böyük qələbə qazanmışıq, xalq da bunu dəstəklədi. Xalq qələbəni qeyd etmək, şəhidlərimizin ruhunu yad etmək üçün Şəhidlər xiyabanına gəldi. Hansısa yaramaz ünsürlər burada iğtişaş törədəcək? Bu olmayacaq. Onların fikri 1990-cı illərin əvvəllərinə getməsin. Azərbaycanın o vaxtkı hakimiyyətinin bədbəxtliyi də ondan ibarət idi ki, Xalq Cəbhəsi kimi çirkin, mənfur, qorxaq, satqın fərarilərdən qaçdı. O fərarilər ki, ondan bir il sonra hakimiyyəti qoyub qaçdılar. Bax, bu binada otururdular. Bu binanı da zibilləmişdilər. Prezidentin kabinetində hər gün kolbasa, araq yeyib-içirdilər, hər gün, gecə səhərə qədər. Sonra da o vaxtkı prezident saat 12-də yuxudan oyanırdı. Saat 5-də də yenidən kolbasa, araq. Keçmiş müdafiə naziri, keçmiş daxili işlər naziri, keçmiş dövlət katibi, keçmiş prezident bu binanı murdarlamışdılar. Belə bir çirkin dəstə gəlib o vaxt hakimiyyəti hay-küylə yıxdı. Onların fikri ora getməsin. Bunların dərsini vermişik, verəcəyik. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək.

Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe - beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq. Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik. Heç kim bizə göstəriş verə bilməz. Dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır. Yadınıza salın, o vaxt torpaqlar əldən gedirdi, burada parlamentin qarşısında mitinqlər təşkil edilirdi. Minlərlə insan yığışırdı, öz hiddətini ifadə edirdi. Ancaq nəticə etibarilə nə oldu? Torpaqlar əldən getdi. İndi mitinq vaxtıdırmı? Biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. Bu çirkin ünsürlər indi burada vəziyyəti gərginləşdirmək istəyir. Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır.

Mən demişəm, hüquq-mühafizə orqanları onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil etsinlər. Əgər orada cinayət tərkibi varsa, onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir. Döyüşlər getdiyi vaxtda onlar ordumuza şər atırlar, yalanlar uydururlar. Deyirlər ki, biz o yeri vermişik, biz oraya getməməliydik, biz buraya getməməliydik. Sən kimsən? Sən bizim ordumuza göstəriş, məsləhət verirsən. Ay başı boş, ay satqın. Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır.

Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər.

Bir məsələyə də mən toxunmaq istəyirəm. Dünən həmin təxribatçıların bir çox şüarları olubdur. İnsanları bəzi işlərə təhrik edirdilər. Mən demək istəyirəm, bu gün Azərbaycan Ordusu tam komplektləşdirilib, müasir silahlarla təchiz edilib. Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən verilən bütün tapşırıqları şərəflə yerinə yetirir. Mənim dövrümdə bir dəfə də olmayıb ki, tapşırıq verilsin, yerinə yetirilməsin. Yerinə yetirilib. Hətta 2016-cı ilin Aprel döyüşlərində Ermənistanın təxribatına elə cavab verib, elə əlverişsiz mövqedən gedib o torpaqları boşaldıb, azad edib ki, bu günə qədər bəzi hərbi ekspertlər buna məəttəl qalırlar. Son günlərin hadisələri onu bir daha göstərir. Ona görə ordumuz üçün nə lazımsa, biz edirik və edəcəyik. Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram. Çünki bizdə müddətdən artıq xidmət edənlərin sayı artır, bu da mənim göstərişim idi. Onlar yaxşı maaş alırlar. Onlar artıq təlim keçmiş, orduda xidmət etmiş insanlardır. Biz onları cəlb edirik və əgər belə təşəbbüs olacaqsa, bunu ancaq alqışlayacağıq. Amma bu gün meydanda səslənən və ola bilər yaxşı niyyətlə “mən gedim Qarabağda vuruşum” sözlərinə son qoymaq lazımdır. Populizmin vaxtı deyil. Sən gedib necə vuruşacaqsan? Gedib nə ilə vuruşacaqsan? Sən vuruşmaq üçün gərək təlim keçəsən. Gərək sən nizamlı orduda xidmət edəsən. Səni gərək hazırlasınlar, səni gərək öyrətsinlər.

Mən bu gün səhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri ilə danışmışam və maraqlanmışam. Dedim, mənə de, bu günlər ərzində sizin rayon şöbələrinə nə qədər adam müraciət edib ki, gedib vuruşmaq istəyir. Mən bu rəqəmi deyəcəyəm, hər kəs onu eşitsin və özü təhlil aparsın. Dedi təqribən 150 nəfər. Dünən Şəhidlər xiyabanının qabağında nə qədər adam var idi? Minlərlə. Müraciət edənlərin sayı 150. Soruşdum daha çox haradan? Dedi ki, 60-ı Tovuzdandır ki, indi orada döyüşlər gedir. Qalanları da Azərbaycanın müxtəlif yerlərindən. Ona görə, mən deyirəm, dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik. Yoxsa kimsə gedib qışqıracaq, insanları qanunsuz əməllərə sövq edəcək, müqəddəs Qarabağ şüarı altında özünə siyasi kapital qazanacaq və sonra nə olacaq. Necə ki, vaxtilə olub, onumu istəyirlər? Bax, real vəziyyət bundan ibarətdir. Bir daha demək istəyirəm ki, bu gün buna ehtiyac yoxdur, bu gün səfərbərliyə ehtiyac yoxdur. Lazım olarsa, bizim qurumumuz var, dövlət xidməti var, ondan sonra Müdafiə Nazirliyi var. Biz bilirik nə etmək lazımdır, nə vaxt lazımdır, hansı məsələlərin həlli üçün bizə nə qədər canlı qüvvə lazımdır. Yoxsa kimsə özündən burada küçə qəhrəmanı düzəltmək istəyirsə, bu, pis yoldur. Mən yenə də deyirəm, dünən Şəhidlər xiyabanına yığışanların mütləq əksəriyyəti vətənpərvər insanlardır. Amma onların arasına bu ünsürlər - Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib. Onların məqsədi nə idi? Yenəmi Azərbaycanı qaranlığa qərq etmək, yenəmi vəziyyəti gərginləşdirmək? Yenə də ermənilər bundan istifadə etsinlər? Onların məqsədi budur. Xalq Cəbhəsinin, o çirkin antimilli şuranın məqsədi budur. Görmürdünüz ki, neftin qiyməti 14 dollara düşəndə necə sevinirdilər. Buna kim sevinir - ermənilər, bir də bunlar. Bir-birinə muştuluq verirdilər, bayram edirdilər, təbrik edirdilər. O Amerikada oturan deyir ki, hələ gözləyin sürüşə-sürüşə gələcək sıfıra. Heç olmasa, ağlın olsun, neftin qiyməti sıfır ola bilər? Hələ deyir tələsməyin sevinməyə, hələ gələcəkdə sevinəcəyik ki, neft 14 dollardan da düşsün, ondan sonra nə olacaq. Sual verin, 2 ildir Amerikada oturub. Birincisi hansı pulla sən orada oturursan, kim səni orada saxlayır, kim sənə pul verir, kim sənə təlimat verir. De ki, Azərbaycan xalqı bunu bilsin. İndi oturub orada, xarici pullarla vəziyyəti qarışdırmaq istəyir. Ona görə bunlara son qoyulacaq. Heç kimdə bu haqda şübhə olmasın. Biz dövlətimizi qoruyuruq, qoruyacağıq. Azərbaycan xalqı dəfələrlə vətənpərvərlik göstəribdir. Bu, bizim növbəti şanlı qələbəmizdir. Bu mövzunu yekunlaşdırmaq üçün bir daha demək istəyirəm ki, biz bilirik nə etmək lazımdır, nə vaxt etmək lazımdır və necə etmək lazımdır. Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub - istər döyüş meydanında, istər siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə."

Mən sosial şəbəkələri müayinə edirəm. Ciddi izləyirəm. Son 10-14 gündə bunu etməyə imkanım olmadığından efirlə də yubandım. Amma itirdiyim vaxtı tam bərpa etdim. İzlədim. Və bir daha əmin oldum ki, Azərbaycanda üsyan planlaşdıranların əsas etimad bazası məhz qaragüruh, onların tör-töküntüləri, ciyərlərində 90-92-ci illərin havasını gəzdirən pleps vərəmliləridir, marginal qrupdur. Daxili İşlər Nazirliyinin saxladığı şəxslərin sifətlərinə, üz cizgilərinə, intellektdən məhrum simalarına baxın. Bu adamların əqidə atalarını yaxşı tanıyıram. Onlar 1992-ci ilin mart və may aylarında Azərbaycanda dövlət çevrilişini də bu yolla həyata keçirmişdilər. Ssenari eyni idi. O zaman da qaragüruh Milli Məclisə soxulmuş, sonra da digər dövlət qurumlarını zəbt etmiş, sonda isə hakimiyyəti ələ keçirdikləri barədə Dövlət Televiziyası vasitəsliə xalqa müraciət etmişdilər. Bu dəfə alınmadı. Ona görə ki, yürüş iştirakçılarının mütləq əksəriyyəti Ali Baş komandana, orduya dəstək üçün bu yoldaydılar. Həm də Azərbaycan polisi, Dövlət Təhlükəsizlik Xidməti və başqa dövlət qurumlarının əməkdaşları parlamentin binasının sütunları arxasında gizlənəcək dərəcədə biçarə deyildilər. Həm də hadisələrin sonrakı gedişi də göstərdi ki, yürüş spantan deyil və onun davamını bu gün dünya azərbaycanlıları planetin bütün ərazisi boyu yaymaqdadırlar. Yeri gəlmişkən, bir nüansı da qeyd edək. Prezident çıxışında yürüşə çıxanların ümumi sayı və o an üçün döyüşə real getmək istəyənlərin sayını narazı və narahat halda müqayisə etməklə cəmiyyətə əsil vətənpərvərlik mesajı verdi. Ölkə könüllülər hərəkatının hərbi qiyafəsini aldı. Təkcə Azərbaycanda yox. Berlin, İstanbul. Almaniya, Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Nideland, Gürcüstan, Cənubi Azərbaycan... adlarını çəkmədiyimiz, amma çəkə biləcəyimiz nə qədər dövlət... Hər yerdə Azərbaycan və azərbaycanlılar meydanlara axışdı. Könüllü kimi döyüşə girmək istəyənlərin sayı həndəsi silsilə ilə artı. Onlar hər belə aksiya ilə “Mən bütün azərbaycanlıların Prezidentiyəm!” deyən İlham Əliyevin nə qədər haqlı olduğunu sübut etməkdədirlər.

İndi isə pleps və qaragüruhun pozduğu ümumxalq niyyətinin səbəblərini araşdırmağa çalışaq. Bu mövzuya yenidən qayıdacağıq. Ola bilsin ki, 3-4 həftə. Ardıcıl. Ona görə ki, qaragüruhun əməli ən ciddi araşdırma tələb edir. Bunun gələcəkdə təkrar olunmaması üçün xüsusi müayinə və tədbirlər planı işlənməlidir. Xüsusilə bəzi poeziya gəlinbacılarının şairanə bir tonda qaragüruhu millət yerinə təqdim etmək kimi təhlükəli avantüraları diqqətdən yayınmamalıdır. Bu mövzu flirtvari tonda, “oy mən belə gözələm, nazlıyam, ağıllıyam, mənim millətimə sən qaragüruh deməyəcəksən!” məntiqi üçün deyil. Əgər bu gün hər hansı yazıçı Aysel, yaxud da günarx qaragüruhun yanını seçirsə, sosial şəbəkə samnaublu olmasıyla, layk aluədəçisi kimi qaraların gözünə ağ, ya da elə onlardan biri kimi qapqara görünmək istəyirsə buyursun əlbəttə, qoy özünü atasının şəhid olduğu helikopteri bu gün okeanın o tayından erməni terrorçuıları ilə bir yerdə atəşə tutan Osmanqızıyla bir yerdə görsün, bu onun işidir. Amma o və onlar bilməlidirlər ki, xalq və qaragüruh eyni deyil. Onlar bir-birinin düşmənidir. Bu gün sosial şəbəkələrdəkilərin dövlətin üzərinə gedən hissəsi, təhdid və təhqir, hədə-qorxu statuslarının müəllifləri qaragüruhdur. Şəklini göstərirəm. Bu adam Milli Məclisə soxulmuş məxluqdur. Öz aləmində böyük iş gördüyünü zənn edir. Əslində isə adi bir pozucudur. Hələ ki, xuliqan, amma bəlkə dövlət çevrilişinə cəhdin iştirakçısıdır. Bu adamlardan , belələrindən gedir söhbət. Onların xalqa qətiyyən dəxli yoxdur. Onlar Milli Məclisin binasına ona görə soxulmamışdılar ki, nə vaxtsa deputat olmaq istəkləri gözlərində qalıb və bir neçə saatlığa özlərini millət vəkili hiss etək istəyiblər. Xeyir. Onlar hakimiyyəti qəsb etmək istəyən qüvvələrin təhrikinin tərkib hissəsi olaraq bu binaya girmişdilər. Əgər köhnə vaxtlar olsaydı, növbəti ünvan AZTV, sonra Prezident aparatı olacaqdı. Həqiqət bundan ibarətdir. Sosial şəbəkələrin, xüsusilə Meydan Tv, Azad söz, Osmanqızı tv kimi kanalların provakativ yönəldiciliyi ilə insanların iğtişaşlara təhrik və təşviq olunması ən ciddi şəkildə araşdırılmalıdır. O günlər Azərbaycan yalnız Ermənistanın basqını ilə üz-üzə deyildi. O eyni zamanda Meydan Tv, Azad söz, Osmanqızı və ölkə daxilində fəaliyyət göstərən ayrı-ayrı qızışdırıcı blogerlərin, özünə TV deyən bir sıra tribunların da hücumunu dəf edirdi. Müqayisə üçün deyək: hesab edin ki, ermənilər Tovuz istiqamətində hücuma keçdikləri anda adlarını çəkdiyim kanallar şayiə və ruhdansalıcı məlumatlar yayır. Belə addımlar müharibə qanunları ilə qarşılanmalıdır. Amma deyəsən təhlükənin mahiyyətini hələ də tam başa düşmürük. Məsələn, bu gün yenə bədnam Meydan Tv məhkəmədən çıxmış şahidlə müsahibəni birbaşa yayımlayırdı. Bu ondan xəbər verir ki, ideoloji diversantların meydanı hələ genişdir. Onların nazı ilə çox oynayırıq ha... Müvafiq Dövlət qurumlarının diqqəti “hansısa beynəlxalq qurum nə deyər?ehtimalından dəfələrlə ötkəm olmalıdır. Bu kanalların yürüş ərəfəsi və yürüş günü fəaliyyəti, onların yerli müxbirlərinin və ya xəfiyyələrinin işi dərindən araşdırılmalıdır. Biz Ermənistan kanallarının Azərbaycan ərazisində yayımlanmasına hansı münasibətdəyiksə, internet üzərindən yayımlanan belə düşmən ruporlarına da eyni təhlükəli fakt kimi yanaşmalıyıq. Sosial şəbəkələrin dövlətin maraqlarında dayanan qüvvələrə aşağılayıcı ayamalar, ləqəblər qoyması, bu günkü iqtidarı müdafiə edənlərin yaltaq adlandırılması tək primitiv əsəbə hesablanan tryuklar qorxunc və təhlükəli olmamalıdır. Yaltaqlar kütlədən, qaragüruhun total tərbiyəsizliyindən qorxaraq, onların alətinə çevrilənlərdir. Özünə mediya kapitanı, nə bilim mətbuat yefreytiporu deyən, dedizdirən hər kəs ortada, iş başında, mübarizədə olmamalıdır. Qaragüruh keçməməlidir. Və keçməyəcək! Nə Ermənistandan Azərbaycana, nə də bizim platformada! Hər iki qütbün məqsədi eynidir. Azərbaycanı zəif salmaq. İşlədikləri dövlətin maraqlarına uyğun olaraq qapmaq, qapazlamaq, sonra da nə olur-olsun! Hanı Cəmil Həsənli? Paşinyanı təmiz insan sayan qoca həpi ənd? Niyə Vaşinqtonda mediyanı başına toplayıb Azərbaycana növbəti dəfə basqın etmiş Ermənistanı məhkum etmədi? Niyə canlı yayımlarda Azərbaycanın ədalətli davasını müdafiə etmədi? Doğrudanmı bu adam artıq heç bir yerilə azərbaycanlı deyil?! Olan qalan ağlını-da itirib?! Pənah Hüseyn demişkən, axı adamda bir vicdan olar, adamın allahı olar! qaragüruhun başında dayanan Əli Kərimlinin parlamentə girmək təxribatından xəbəri olmamış deyildi. Ona görə də özünü sığortalamaq üçün guya hadisədən əvvəl “ordunu müdafiə etmək çağırışı etmişdi!” amma baxın onun müraciətinin altında güruh tikələri hansı sözləri yazırdılar. Qaragüruh mənim millətimdir-deyən qaraxanımların, qarabəylərin nəzərinə bu şərhi çatdırırıam. Gülşən Məmmədoğlu adlı biri yazır: "Bu bir faktdır ki, Qarabağın yolu elə Milli Məclisdən keçir...” statusunun altında isə belə şərhlər yazılır.

Qalibə Arifqızı-Ona görə gəlib birinci oranı dağıtdıq ki, day bəsdirin də durun gedək evə.

Fenare Ələsgərqızı Abiyeva- Düz sözə nə deyəsən.

Başqa birisi isə bizim əlifbada olmayan ad altında belə yazır:

Bunu anlamayan millətə özü dolayı yolla başa saldı da yazıq.

Və ya başqa bir status oxuyuram sizə. Nəzakət Qaffarova adlı biri yazır.

“Mən dünyanın dar ağacı tamaşasını səbirsizlikıə gözləyirəm!”

dar ağacı? Niyə gözləyir bu adam? Niyə bu dar ağacını yürüş gecəsi Milli Məclisin zəbt olunması ərəfəsində gözləyir? Suallar çoxdur. Və məncə hüquq-mühafizə orqanları Milli Məclis provakasiyasını aradan qaldırdığı kimi, dövlət çevrilişinə cəhd göstərən qaragüruhun sifarişçilərini, onların ideyaverənlərini, ideoloqlarını da tapacaq. Dövlətin alicənablığının şahidi olduq. Əhalinin, sakinlərin orduya dəstək naminə keçirdiyi aksiyanın baş tutmasına hərtərəfli yardım edildi. Yürüşün təhlükəsizliyi məhz məqsədin, məramın müqəddəsliyi naminə polis tərəfindən qorundu. Pandemiya məhdudiyyətinə baxmayaraq nəhəng bir aksiya baş verdi! Demək olar ki, maskasız, demək olar ki məsafə saxlanmadan, başlıcası isə bir yerdə toplaşma qadağasına rəğmən. Bundan artıq bağışlamaq olmaz ki! Yenidən Ali Baş komandanı dinləyək:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, əlbəttə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bayaq dediyim kimi, mənə ünvanlanan məktublarda gördüyümüz işlərə tam dəstək ifadə olunur. Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi."

O aksiyanın bütün suallarına göz yumuldu. Millət və vətən adına! Amma sonda qaragüruhun sosial məsuliyyətsizliyi siyasi məsuliyyətsizlik şəraiti yaratdı. Yenə də Ali Baş komandana qulaq asaq:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe - beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq. Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik. Heç kim bizə göstəriş verə bilməz. Dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır. Yadınıza salın, o vaxt torpaqlar əldən gedirdi, burada parlamentin qarşısında mitinqlər təşkil edilirdi. Minlərlə insan yığışırdı, öz hiddətini ifadə edirdi. Ancaq nəticə etibarilə nə oldu? Torpaqlar əldən getdi. İndi mitinq vaxtıdırmı? Biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. Bu çirkin ünsürlər indi burada vəziyyəti gərginləşdirmək istəyir. Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır."

Mən Milli Məclisi zəbt edənlər arasında Allahü Əkbər deyənləri də gördüm. Amma qaragüruhun mahiyyətinin radikal dindarlar olduğunu ehtimal etməyə tələsmirəm. Son söz təhqiqatların sonunda bəlli olacaq. Amma məncə bu şüarı səsləndirənlərin əsil allaha heç bir aidiyyatı yoxdur. Ona görə ki, Allahü-Əkbər kəlməsinin özlüyündə bir təhlükəsi yoxdur. Bir müsəlman olaraq Allahü Əkbər bizim ruhumuzdur. Qanımızdır. Vətənimizdir, anamızdır, şəhidlərimizin ruhudur! Analarımızın, atalarımızın ibadətidir. Şəhidlərimiz, o cümlədən bu yaxınlarda həlak olan qardaşlarımız həm də elə Allahü Əkbər-i dilində donub qalmış Şuşa, Ağdam minarələri uğrunda fəda olublar! Və əgər kimsə bu gün Allahü Əkbər adıyla Suriyada baş kəsirsə, ya da Bakıda Milli Məclisin içinə soxulub avadanlıqları sındırırsa onların sadəcə olaraq iğtişaşlara dəxli var, Allaha, İslama yox… Məncə biz Allahü Əkbərdən çox, şeytana lənət deyib, şeytanı axtarmalı, tapmalıyıq.

Prezident müşavirəni prioritetlər üzrə aparırdı. Əvvəlcə sərhəddə baş verənlər təhlil edildi. Sonra Baş nazirdən dünyanın bir nömrəli problem olan Pandemiya ilə mübarizə tədbirləri barədə soruşdu, görülən işləri sərf-nəzər etdi.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “İlk növbədə, deməliyəm, heç kəs unutmamalıdır ki, biz hələ də pandemiya dövründə yaşayırıq və karantin rejimi ləğv edilməyib. Baxın statistikaya, görün biz nə vaxt yumşalmaya getdik - mayın əvvəlində. Nə üçün? Çünki dinamika müsbət idi. Sağalanlar xəstələnənlərdən çox idi. Sonra nə gördük? Bəzi insanlar məsuliyyətsizlik göstərdi və yoluxma halları geniş vüsət aldı, dinamika pozuldu. Nə etdik? Yenidən sərtləşdirdik. Unutmamalıyıq ki, bu, ölümcül virusdur, ölümcül! Yaşa baxmır, insanların sağlamlığına baxmır. Birinci mərhələdə hesab olunurdu ki, buna daha çox yaşlı insanlar məruz qalır və daha təhlükəlidir. Amma görün, indi nə qədər gənclərimiz əziyyət çəkir. İndi bizim gözümüzün qabağındadır. Deyirdilər ki, virus ancaq xəstə adamlar üçün təhlükəlidir. Bəs, yoluxan sağlam adamlar, idmançılar? Bu, ölümcül virusdur, bunu heç kim yaddan çıxarmasın"

Yaddan çıxarmayaq, hörmətli tamaşaçılar. Bu ölümcül virusla savaşdan salamat çıxanlar sırasında mən də varam. Gömrük Hospitalında müalicə alırdım. Və burada həyatla ölüm sərhədində mübarizə aparan həkimlərin fədakarlığının şahidiyəm. Onlar sənin uğrunda öz uğurları kimi mübarizə aparırlar, çarpışırlar. Ölmək, məşəqqətlə ölmək, boğula-boğula ölmək istəmiriksə, boşalmış məsuliyyət hisslərimizə yenidən !”fərəqət! komandası verək. Dünya pandemiyanın hələ pik həddinə çatmadığını elan edir. BMT bəyan edir ki, pandemiya bəşəriyyəti diz çökdürüb. Ümumdünya Səhiyyə Təşkilatı yaxın gələcək üçün daha bədbin proqnozlar verir. Özümüzü qoruyaq! Yürüşlə risk etmişik onsuz da. Hesab edək ki, bütün edə biləcəyimiz ehtiyatsızlığı Vətən adına etdik. Daha dayanaq. Qaydalara riayət edək.

Müşavirəyə qayıdırıq. Məlum oldu ki, dövlətin gündəliyində pandemiyadan sonra əsas problem quraqlıq, daha doğrusu Sudur. Baş nazirin Müavini Şahin Mustafayevin arayışından sonra bu sahədə də vəziyyətin kritik olduğu, amma Prezidentin nəzarəti altında bu problemin də həll edilmək imkanları, dövlətin bu sahədəki iradəsini nümayiş etdirən faktlar, planlar sadalandı.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “İndi digər önəmli məsələ bu il və keçən il bizə böyük problem yaradan quraqlıqdır. Bilirsiniz ki, keçən ilin quraqlığı bizə böyük ziyan vurdu. Bu il də baxmayaraq ki, kənd təsərrüfatı 6 ayda 2,2 faiz artıb, amma daha çox arta bilərdi. Çünki bu quraqlıq nəticəsində suyun az olması səbəbindən biz istədiyimiz qədər torpaqlardan istifadə edə bilməmişik. Mən bir müddət bundan öncə bütün bu işləri nəzərə alaraq və bu sahədə vahid idarəetmə mexanizmi qurmaq üçün xüsusi komissiya yaratdım. Baş Nazirin müavini Şahin Mustafayev komissiyanın rəhbəridir. Komissiyada aidiyyəti qurumların rəhbərləri təmsil olunur və artıq mənə verilən ilkin məlumata görə, konkret tədbirlər planının hazırlanması son mərhələdədir. Bu planın bir hissəsi artıq mənə məruzə edilibdir. Yaxın zamanlarda biz çox geniş tədbirlər planını təsdiqləyib, icra etməyə başlayacağıq. İstisna edilmir ki, gələcək illərdə də buna oxşar iqlim mənzərəsi davam etsin. Çünki dünyada iqlim dəyişikliyi bildiyiniz kimi, ciddi problemdir. Bəzi ekspertlərin rəyinə görə, Azərbaycanda əgər bu gün lazımi addımlar atılmasa, 2030-cu ilə qədər bəzi ərazilərdə səhralaşma prosesi gedə bilər. Buna qətiyyən yol vermək olmaz. Ona görə vahid idarəetmə mexanizminin yaradılması ilk məsələ idi. Çünki bu günə qədər bu, yox idi. Bizdə, əgər belə demək mümkündürsə, su məsələləri ilə məşğul olan bir neçə dövlət qurumu var və onların arasında koordinasiya lazımi səviyyədə deyil. Buna görə bəzi təsərrüfat obyektləri, infrastruktur obyektləri nəzarətsiz qalıb. Mənə, məsələn, Şahin Mustafayev məlumat verir ki, bəzi su anbarlarından çıxan boru xətlərində, yaxud da su anbarlarına digər su anbarlarından daxil olan boru xətləri boyunca qanunsuz qoşmalar var. Yəni, bu indi aşkar olunubdur. Çünki heç kimin vecinə deyildi, heç kimin məsuliyyətinə aid deyildi. Ona görə bu qanunsuz qoşmalar, əlbəttə, suyun ədalətli bölgüsünə də ziyan vurur. Aydın məsələdir ki, təsərrüfat sahibləri bu sudan istifadə edir. Amma o birilərinə çatmır, bir də ki, israfçılığa yol verilir. Bəzi əkin sahələrində o qədər su verilir ki, buna ehtiyac yoxdur. Ona görə burada vahid idarəetmə mexanizmi işlənməlidir, mənə təkliflər veriləcək. Eyni zamanda, koordinasiya məsələləri, itkilərin azaldılması, sudan səmərəli şəkildə istifadə edilməsi - əgər biz buna nail olarıqsa, hətta mövcud su ehtiyatlarımızla məsələni həll edə bilərik."

Prezidentin müəyyən etdiyi mühümlük əmsalına görə növbəti sahə bank sektoru, iqtisadiyyatın inkişaf templəri, xüsusilə kölgə iqtisadiyyatı ilə mübarizənin effektiv nəticələri, sosial müdafiə tədbirləri, aqrar sektor, kənd təsərrüfatı sferası idi. Dünyanın yaşadığı böhran zəmanəsində Azərbaycanın özünüqoruma üslubu unukal təcrübədir. Və sonda dövlət başçısı Gömrükdə dayandı.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Hesab edirəm ki, ictimaiyyətin diqqətini də buna cəlb etməliyik. 2015-ci ildə və bu ilin altı ayında idxalın həcmi eyni idi. Ancaq 2015-ci ildə gömrük orqanları 7 yüz milyon manat vəsait toplamışlar, bu il 2 milyard manatdan çox. Yəni, təxminən 3 dəfə çox. Nəyin hesabına? Şəffaflığın hesabına, qaçaqmalçılığa qarşı mübarizə hesabına, düzgün yanaşma nəticəsində. Əgər bu sahədə və vergilər sahəsində ciddi islahatlar aparılmasaydı, biz bu vəsaitdən məhrum olacaqdıq. Onda biz öz büdcəmizi nəyin hesabına təmin edə bilərdik? Ona görə bu sahədə aparılan islahatlar və real nəticələr bizim büdcə planlarımızın da tam şəkildə həyata keçirilməsinə imkan yaradır. Ona görə mən dəfələrlə demişəm ki, dövlət gəlirləri sahəsində tam şəffaflıq təmin edilməlidir. Sahibkarlar üçün elə bir şərait yaradılmalıdır ki, onlar artıq ağ iqtisadiyyata tam keçid edə bilsinlər. Onlar üçün artıq güzəştli dövr də təmin edilmişdir. Onlarla həm gömrük, həm vergi orqanları məsləhətləşmələr aparıblar, görüşlər keçiriblər, onlara izah edilib ki, dövləti aldatmayın və rahat yaşayın, gecənizi rahat yatın. Ona görə mən bu sahələrdə görülmüş işləri qiymətləndirirəm. Hesab edirəm ki, bütövlükdə, ilin altı ayında görülmüş işlərə müsbət qiymət vermək olar. Bu il çox çətin ildir, təkcə bizim üçün yox, bütün dünya üçün. Təsadüfi deyil ki, aparıcı beynəlxalq maliyyə qurumlarının verdiyi açıqlamaya görə, dünyanın 150 ölkəsindən çoxu maliyyə yardımı üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Azərbaycanın adı bu siyahıda yoxdur. Azərbaycan öz inkişafını öz hesabına təmin edir.

Bir rəqəmi də gətirmək istərdim. Bu yaxınlarda BMT-nin “Dayanıqlı inkişaf indeksi” ilə bağlı yeni hesabatı işıq üzü görüb. Bu hesabatda Azərbaycan keçən ilə nisbətən irəliləyərək 54-cü yerdə qərarlaşıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Onu da bildirməliyəm ki, bu göstəriciyə görə Azərbaycan regionda liderdir. Baxmayaraq ki, ümumi daxili məhsul bir qədər aşağı düşüb, bu da təbii səbəblər üzündən baş verib."

Belə. Azərbaycan öz müstəqilliyini növbəti dəfə qorudu. Heydər Əliyev deyirdi ki, müstəqillik elə dəyərdir ki, onu bir dəfə yox hər dəfə qorumaq lazımdır. Azərbaycan özünü müdafiə etməyi bacardı. Məğlubiyyətə uğratdığı düşməni onun-bunun qapısına yalvarış, aman ardınca getməyə məcbur etdi. Öz dövləti boy-buxununu, beynəlxalq portretinin bütün əzəmətini, ümumxalq təpərini və başlıcası mərdanəliyini, müstəqilliyini nümayiş etdirdi. Sonda isə Azərbaycan xalqının ölməz ruhunun daşıyıcıları olan, bayrağımızı 11 şəhid boyu böyüdən qəhrəmanlarımızın adını çəkirəm! Bizi daha dəfələrlə dövlət, vətən etdiyinizə görə var olun!

General mayor Polad Həşimov

polkovnik İlqar Mirzəyev

mayor Namiq Əhmədov

mayor Anar Novruzov

baş leytenant Rəşad Mahmudov

Gizir Yaşar Babayev

Gizir İlqar Zeynallı.

Çavuş Vüqar Sadıqov

Baş əsgər Elşad Məmmədov

Baş əsgər Elçin Mustafayev

Əsgər Xəyyam Daşdəmirov

əsgər Nazim İsmayılov

Və ağsaqqal yaşında vətənə çevrilən dinc sakin

Əziz Əzizov

Bu verilişi mən Sizin ruhunuza bağışladım!

 

Digər xəbərlər
Bu gün
Dünən