Türkiyə ABŞ-a “NO” dedi (VİDEO)

Türkiyə ABŞ-a “NO” dedi (VİDEO)
Bu “NO” Türkiyəyə neçəyə başa gələcək?

Türkiyə Amerika Birləşmiş Ştatlarının İrana qarşı sanksiyalarına qoşulmayacaq. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyan etdi.

Bu mövqeyi əsla rəsmi Ankaranın “kaprizi” kimi qəbul etmək olmaz. Çünki ortada, sözün bütün mənalarında Amerika boyda supergüc var. O güc ki, bütün Avropanı İranı vurmaq naminə fakt qarşısında qoyub. 

Noyabrın 4-nə qədər ABŞ-ın bütün müttəfiqləri İrandan neft alışını sıfrlamalıdır. Əks təqdirdə, nələrin olacağını Vaşinqton gizlətmir. Baxmayaraq ki, Avropanın 3 ən nəhəng ölkəsindən biri olan Almaniya bu istəyə qarşıymış kimi görünür. Hətta Kansler səviyyəsində etirazlar ifadə olunur. Amma bu ölkənin İrandan qazandıqlarının müqabilində ABŞ-a qarşı çıxacağı o qədər də inandırıcı görünmür. Üstəlik, Berlinin bu tip dirənişlərdən qazanmaq naminə istifadə təcrübəsi heç kimə sirr deyil.

Almaniya Birləşmiş Ştatların artan idxal rüsumlarından olduqca narazıdır və hətta bu narazılıq almanların Trampa güvəninə belə təsir edib. Ola bilsin ki, İrana qaşı “nöyüt” davasına start verməzdən əvvəl ABŞ-ın idxal rüsumlarını artırması, gələcək güzəştlərə hesablanıb. Məsələn, büdcə gəlirlərinin əhəmiyyətli hissəsini avtomobil ixracı təşkil edən Almaniyada narahatdılar ki, rüsumların artırılması ABŞ bazarından onları uzaqlaşdıra və ya gəlirlərinə ciddi şəkildə təsir edə bilər. Bu üzdən İran oyunundan maksimum gəlirlə və nəticə ilə çıxmaq hər iki tərəfin əsas hədəfi ola bilər.

Almaniyanı başa düşdük, Türkiyənin müttəfiqinin istəyinə qarşı çıxma səbəbi nə ola bilər? Baxmayaraq ki, bu ölkələr müttəfiqdi və hər ikisi NATO dövlətidir, münasibətləri son bir neçə ildə o qədər də isti deyil, hətta soyuqdur. Ortada bu soyuqluğa səbəb olan ciddi səbəblər var. Əvvala Suriya məsələsində tərəflərin kəsişməyən maraqları var. İkincisi və ən əsası, ABŞ-ın YPG-PYD terror qruplaşmasını müttəfiq gözü ilə görməsi, bölgədə kürd dövlətinin yaranmasında maraqlı olması tərəflər arasında ciddi uçurum yaradıb.

Üçüncü səbəb, FETOçulara Birləşmiş Ştatların münasibətidir ki, rəsmi Ankara bu səbəbə digər iki səbəbdən az ciddi yanaşmır. Çünki bu qruplaşma 2016-cı ilin iyulunda az qala Türkiyədə dövlət çevrilişi edəcəkdi. Bu baxımdan Çavuşoğlunun bəyanatı başadüşüləndir. Amma nəticədə bədəl məsələsi var ki, bu qərarın Türkiyəyə neçəyə və nəyə başa gəlməsi, düşündürməyə bilməz.

Düşünməyə vadar edən mətləblərdən biri də budur ki, İran qonşu və böyük ölkə olaraq Türkiyəni maraqlandırmaya bilməz. Tərəflər arasındakı ticarət dövriyyəsi, Suriyada Astana formatı çərçivəsində əməkdaşlığı, üstəlik təriqqət fərqi olsa belə, islam faktoru hər iki ölkənin reallığıdır.

Bəs, görəsən, bazarlıq mövqelərə hansısa formada təsir edə bilərmi? İndi mən sayım, siz düşünün: Sizcə, Birləşmiş Ştatlar Suriyadakı maraqlarından əl çəkərmi? Sizcə, Amerika İsrailin maraqlarının əksinə gedərək, İran qüvvələrinin Türkiyə, Rusiya qüvvələri ilə birgə bölgədə qalmasına razı olarmı? Sizcə, ABŞ YPG-PYD qüvvələrinə Ankaranın istəyi ilə terror qruplaşması deyərmi? Və nəhayət, sizcə, Amerika Birləşmiş Ştatları Fətullah Güləni indiki halda ekstradisiya edərmi?

Birdə ki, ortada güvən məsələsi də var. Yadınızdadırmı, Obama hakimiyyəti dönəmində İrana qarşı sanksiyalar tətbiq edildi. Çox keçməmiş Fransa və Alman şirkətləri bu qadağaları saya salmadılar. Türkiyənin müttəfiqinə sədaqəti isə İranla münasibətlərə ciddi təsir etdi. Sonra nə baş verdi, Barak administrasiyası İranla razılaşma imzaladı. Olan Türkiyəyə oldu.

Bu dəfə isə Ankara Çavuşoğlunun timsalında çox qətidir. “Amerikadan Türkiyəyə nümayəndə heyəti gəldi. Biz dedik ki, bu sanksiyalarda iştirak etməyəcəyik. Biz neft alırıq və onu sərfəli şərtlərlə əldə edirik”-deyən nazir, yəqin ki, təkcə özünün yox, təmsil olunduğu hökumətinin mövqeyini ortaya qoyub. Artıq, oyun qaydaları dəyişib. Heç kim Xorvatların dünya çempionatında ikinci yerə çıxacağına, Fransızların qalib olacağına inandığı kimi inanmırdı.

Digər xəbərlər
Bu gün
Dünən