Mir Şahinin vaxtı - VİDEO (26.07.2020)

Mir Şahinin vaxtı - VİDEO (26.07.2020)

REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir.

Bəlkə də gözləmirdiniz. Amma biz sudan başlayacağıq.

Prezident ötən həftə Nazirlər Kabinetinin hesabatını qəbul edərkən cəbhədə vəziyyət və pandemiya ilə mübarizə mövzularından sonra dövlətin əsas qayğısı tək quraqlığı, su məsələsini önə çəkmişdi.

İlham Əliyev bununla aydın işarə vermişdi ki, tezliklə suyun tərkibini dərindən təhlil edəcək. O vaxt bu həftəyə təsadüf etdi. Dövlət başçısı mövzunu su mütəxəssislərindən dəfələrlə yaxşı bildiyini nümayiş etdirdi. Aydın oldu ki, dünyanın üzləşdiyi qlobal istiləşməyə Azərbaycan yaxşı hazırlaşsa da, daha yaxşı hazırlaşmayıb. Prezident bu gün ölkədəki su çatışmazlığının səbəblərini də, aradan qaldırma yollarını da izah etdi. Su məsələsinin artıq bir qida tələbatından çıxaraq dövlət təhlükəsizliyi məsələsi olduğunu anlatdı. Əlbəttə, elə məsələlər var ki, dövlətdən və ya vətəndaşdan asılı deyil. Məsələn, iqlim dəyişmələri, yağış və qar ehtiyatlarının getdikcə azalmasının yaratdığı kritik şərait. Amma insanlardan asılı olan məsələlər də var. Məsələn, sudan qənaətlə istifadə, su itkisinin qarşısını almaq. Kür çayında suyun azalmasını göstərən təsvirləri sosial şəbəkələrdə poetik müşayiətlə paylaşmaqdansa, qalxıb su kranını sıxmaq ki, artıq damcı düşməsin... İstər "Azərsu", istərsə də "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin fəaliyyətini ciddi tənqid edən Prezident vəziyyəti tənzimləməyi şəxsən öz nəzarətinə götürdü.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan İnvestisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər. Bəs sonra necə xərclənirdi? Buna son qoyulmalıdır. Ona görə bugünkü müşavirədə mən giriş sözümdə deyirəm hansı işlər görülüb. Amma bu işlərin görülməsi nəticəsində daha böyük səmərə əldə oluna bilərdi. Əfsuslar olsun ki, bu, belə deyil. Bundan sonra bu işlər yalnız koordinasiya şəklində aparılmalıdır. İndi mənə məlumat verilir ki, bizdə heç vaxt su balansı tərtib edilməmişdir. Necə ola bilər? Bizim enerji balansımız tərtib olunur. Buna görə biz bilirik ilboyu bu sahədə nə etmək lazımdır? Hansı quruma nə qədər yanacaq lazımdır? Məgər su balansını tərtib etməyi Prezidentmi deməlidir?! Bunu aidiyyəti qurumlar etməlidirlər. Bizim yeraltı, yerüstü su ehtiyatlarımız qiymətləndirilməyib. Son dəfə sovet vaxtında qiymətləndirilib, ondan sonra qiymətləndirilməyib. İndi artezian quyularının qazılması prosesi gedir. Amma baxmaq lazımdır, harada qazılmalıdır, necə qazılmalıdır? Yeraltı su mənbələrinə bunun təsiri necə olacaq? Düzgün yerlər seçilməlidir. Çünki mən deyirəm, burada əsas məqsədi bu qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver su çəkim, pul ver nə bilim bunu edim. Yaxşı, bunu veririk, amma sonra? Bir çox hallarda səmərəsiz olur. Xərclərə nəzarət çox aşağı səviyyədədir..”

Prezident yaxın 10 ildə ölkə ərazisinə səhralaşmanın gələcəyi barədə xəbərdarlıq etdi. Bu isə təkcə elə Kür çayının quruması təhlükəsindən müvazinətini itirən istehlakçını sadəcə yıxa bilər. Ona görə də Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə komissiya yaradılıb. Və əgər Prezident deyirsə ki, vəziyyətə nəzarəti şəxsən öz üzərinə götürəcək, deməli fövqəladə vəziyyət qrifi ilə dərəcə 1 nömrəlidir. Çünki neftsiz keçinmək olar, susuz yox! Elə ona görə də Prezident suya milli təhlükəsizlik məzmunu verdi. Xatırlayaq: Bir ay əvvəl ölkənin bir neçə yaşayış məntəqəsində lokal su narazılıqları baş vermişdi, bəlkə də adda-budda yenə də baş verir. Bundan istifadə etməyə çalışan siyasi dəllallar meydana çıxmışdı, yəqin elə indi də var. Su ilə vəziyyət yüngül deyil. Qıtlıq yaşanan bəzi rayonlarda əhalinin su ilə təminatı maşın daşımalarıyla ödənilir. Bir sözlə, “su kimi asan”, “su qiymətinə” anlayışlarından imtina etmək vaxtı gəlib çatdı. İndi bir damcı suyun da qədri bilinməlidir. Ümumiyyətlə, yeni dövr ümumi məsuliyyətin yükünü sürətlə fərdi məsuliyyətlərə parçalayır. Özün etməlisən. Maska taxmaqla təhlükəsizliyini özün qorumalısan. Özün sosial məsafə saxlamalısan. əllərini yumağa adət etməlisən. Pandemiya bizi özünü idarəyə, ən xırda məişət qayğılarına görə belə fərdi məsuliyyətə vadar edir. Eləcə də su itkisinin qarşısını özün almalısan. Suyun qiymətinə də məncə, yenidən baxılmaıdır. Neftin qiyməti kimi suyun da qiyməti dürüst müəyyənləşdirilməli, müntəzəm müşayiət qrafikinə uyğun olaraq real dəyər və ödənişin ixtiyarına buraxılmalıdır. Su həyatdır! Deməli bu gün söhbət su ehtiyatlarının azalmasından deyil, həm də həyatın azalmasından, su çatışmazlığından yox, həyatın çatışmazlığından, suya qənaətdən yox, həyata qənaətdən, suyu qorumaqdan yox, həyatı qorumaqdan gedir. Təfəkkür dəyişməlidir. Unutmamalıyıq ki, su yerin altında da azalmaqdadır. Bizim bilmədiyimiz, amma vəziyyətin sadə olmadığını bildirən onlarla detal var. Məsələn müşavirədə baş vermiş dialoqlardan yalnız birinə baxaq. Tribunada Əhməd Əhmədzadədir:

 

Əhməd Əhmədzadə: “Cənab Prezident, indi içməli su ilə bağlı çox söhbətlər getdi. Mən bir mütəxəssis, uzun müddətdir bu sahədə çalışan şəxs kimi demək istəyirəm ki, Bakı şəhərinin su təchizatı məsələsində planlaşmada, ümumiyyətlə, işin aparılmasında müəyyən məsələlər nəzərə alınmayıb. Bakı şəhərinə su daxil olur, hamı deyir ki, içməli sudur. Biz içməli su da veririk. Amma bunun 50 faizdən azı içməli su kimi gedir. Yerdə qalanı texniki su kimi, sənaye müəssislərinə, başqa sahələrə, eyni zamanda, yaşıllıqların suvarılmasına sərf olunur. Sovet dönəmində Bakıya iki cür su girirdi - biri texniki su, biri içməli su. Şollar içməli su, Ceyranbatandan götürülən su isə texniki su idi. Bu məsələyə - Bakının texniki su məsələsinə baxılmalıdır, həm suvarma üçün, həm də sənaye müəssisələri üçün. İndi Sumqayıtın yaxınlığında böyük sənaye kompleksi yaradılıb. Bunların hamısı su ilə işləyir, susuz işləyən sənaye yoxdur. Bu məsələyə baxılmalıdır."

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: "Komissiya baxacaq, bu məsələyə də baxacaq. Elə komissiya ona görə yaradılıb ki, bu məsələyə və bütün başqa məsələlərə baxsın. Müşavirənin yekunu olaraq, Prezidentin Sərəncamı hazırlanmalıdır. Bütün tapşırıqlar orada yer almalıdır, eyni zamanda, proqram artıq imzalamağa hazır olmalıdır. Hesab edirəm ki, bütün bu işlərdə aidiyyəti qurumlarla yanaşı, ictimaiyyət nümayəndələri də iştirak etməlidir. Komissiya öz işinə ictimaiyyət nümayəndələrini də cəlb etsin. İlk növbədə, alımlər bu işlərdə fəal rol oynamalıdırlar. Su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Bu işlərə Ekologiya üzrə mütəxəssisləri mütləq cəlb edin. Biz sudan elə istifadə etməliyik ki, bunun ekoloji tarazlığa mənfi təsiri olmasın. Çünki biz tarixdən bilirik ki, bəzi ölkələrdə böyük su layihələri icra edilirdi. Amma mənbələr və su ehtiyatları düzgün təhlil edilmirdi. Ona görə indi suvarma üçün bunun yaxşı təsiri olubdur, amma ekoloji vəziyyəti gərginləşdiribdir. Ona görə mütləq ekologiya üzrə mütəxəssislər cəlb edilməlidir. Qeyri-hökumət təşkilatlarını cəlb edin. Vətəndaş cəmiyyəti nümayəndələri də bu işlərdə fəal olsunlar. Sizin bəlkə də görə bilmədiyiniz məsələləri onlar diqqətə çatdıracaqlar. Media nümayəndələrini cəlb edin. Hesab edirəm ki, geniş mətbuat konfransı keçirilməlidir. Ümumiyyətlə, bütün dövlət qurumları mətbuatla çox sıx əlaqədə olmalıdır. Görülmüş işlər haqqında müntəzəm olaraq məlumat verməlidirlər.Bizim bu müşavirəmiz də bir növ vətəndaşlara verilən hesabatdır. Eyni zamanda, vətəndaşlar bilsinlər ki, biz hansı işləri görməyi planlaşdırırıq, onlardan da təkliflər gözləyirik. Çünki əgər bu müşavirələri biz qapalı şəkildə keçirsək, heç kim bilməyəcək, onda yerlərdən təkliflər gəlməyəcək. Ona görə bu müşavirə də ictimaiyyət üçün açıq olacaq. Yerlərdən təkliflər, əlbəttə, hesab edirəm ki, işimizə kömək göstərəcək."

Prezident bu həyati əhəmiyyətli məsələdə mediya nümayəndələrinin də roluna bel bağlayır. Ona görə də biz REAL olaraq bundan sonra xüsusi olaraq suyun mənsəbindən mənbəyinə qədər gedəcəyik.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Xətai rayonunda keçirilən, şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasiminə keçirəm. Dövlət tərəfindən bu dəfə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil verilib. Mənzillərin 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçündür. İlham Əliyev çıxışında bir neçə əsas istiqamətə toxundu. Amma mən Ali Baş komandanın nitqinin bu hissəsi üzərində xüsusi dayanmaq istərdim.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm - beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim və bu, siyasətimin bir hissəsidir, o hissəsi ki, bu haqda hələ ki, açıq danışmaq olar.

Mənim fikrim nədən ibarətdir, siz hamınız yaxşı bilirsiniz. Azərbaycan öz tarixi keçmişinə sadiq olan ölkədir və tarixi yaxşı bilirik. Gələcəyi necə görmək istəyirik, onu da bilirik və Azərbaycan xalqı da bilir. Ona görə, ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq. İnşallah, ondan sonra orada sizinlə bir yerdə görüşüb bu günləri də xatırlayacağıq”.

Azərbaycanın Tovuz istiqamətində üzləşdiyi düşmən təxribatı həm müharibə meydanında, həm diplomatik düşərgədə, həm də ümumiyyətlə dünyada dövlətimizdən ötrü yeni vəziyyət yaratdı. Erməni silahlı qüvvələrinin aldığı sərt cavab həm hərbi-siyasi fonu, beynəlxalq geosiyasi şəraiti yenilədi, həm də dünya azərbaycanlısı portretinin konturlarını qətiləşdirdi. Əvvəla, bir həftəyə yaxın davam edən döyüşlər nümayiş etdirdi ki, Ermənistan-Azərbaycan münaqişəsi hər dəqiqə alovlana bilər. İkincisi döyüşlər həm də müxtəlif beynəlxalq güclərin prosesə cəlb olunması anonsunu verdi, üçüncüsü hadisə rayonu heç də Dağlıq Qarabağ deyil, ermənilər Azərbaycanın dövlət sərhədini hədəf seçiblər. Bu məsələ ətrafında xüsusi dayanmağı lazım bilirəm. Çünki erməni işğalçılığının tarixi xronikası göstərir ki, o Azərbaycanın bir ərazisini ələ keçirəndən sonra o arealda proseslərin uzun müddətə dondurulmasına nail olur, sonra yeni ərazilərimizi ələ keçirir, işğala məruz qalan tərəf kimi biz artıq köhnə faktları bir müddət arxa plana atırıq. Məsələn, əvvəl Şuşa-Laçın yarası təzə idisə, sonra Kəlbəcər önə çıxdı, sonra Ağdam, sonra Zəngilan. Bütünlükdə Dağlıq Qarabağın arxa plana keçirilməsi üçün ermənilərə yeni münaqişə nöqtələri lazımdır. Tovuz istiqamətindəki davamlı təxribat da eynilə bu məqsədə xidmət edir. Dünya mətbuatı, mediyası baxın daha çox nədən yazır: Azərbaycan-Ermənistan sərhədində baş verən insidentdən. Sanki iki qonşu dövlət arasında qəflətən bir insident baş verib. Sanki yeni bir hadisədir. Dünyada gedən Ümumazərbaycan aksiyalarının ən faydalı tərəfi isə məhz həmin faktın Dağlıq Qarabağ problemini yenidən gündəliyə gətirmək, diqqəti Azərbaycanın ərazi bütövlüyünün 30 ildən artıq davam edən pozulması faktına cəlb etməkdə bir vəsilə kimi istifadəsidir. Bir sözlə, bütün dünya boyu ayağa qalxan azərbaycanlılar məsələnin sadəcə Tovuzla yox, Dağlıq Qarabağla bağlı olduğunu bəyan etməklə, bununla da ermənilər və havadarlarının münaqişə ünvanını qarışdırmaq, çaşdırmaq planını pozurlar. Və ilk dəfədir ki, diasporlarımız, səfirliklərimiz, sadəcə soydaşlarımız planet boyu batal həmrəylik aksiyalarının təşkilində belə fəal, mütəşəkkil iştirak edirlər.

Azərbaycançılıq dünyada geniş vüsət alıb. Bu nəhəng ümummilli panoramı görməmək mümkün deyil. Tovuz istiqamətində ciddi zərbə alan ermənilərin dünyanın müxtəlif ölkələrində soydaşlarımızın izdihamlı mitinq və yürüşləri vasitəsilə əhval-ruhiyyə, ovqat baxımından da məğlub edilməsi düşmən tərəfini yaxşı bacardığı işə əl atmağa məcur etdi. Kiçik bir statistika: Avropanın Multikultural dəyərlər baxımından lideri Fransanın Luvr muzeyində, İtaliya katakombalarında, Pakistanda, Rusiyada bərpa əli olan Azərbaycan həm də dünyanın, Avropanın ən nüfuzlu tədbirləri üçün platformadır. İslam Həmrəyliyi Oyunları, Avropa Oyunları, Avroviziya festivalının qalibi kimi yarışların tarixində ən möhtəşəm ev sahibliyi, Formula-1 yarışları, Avropa Kubokunun finalı... BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatının lideri... Xüsusilə pandemiya şəraitində Azərbaycan öz bioloji boyundan çox yuxarı qalxdı. Dünyanın ən dəhşətli virusu ilə mübarizədə bir nümunə olaraq önə çıxdı, bir sıra beynəlxalq çağırışlarla planetin müxtəlif ölkələrini bir yerə topladı. İlham Əliyevin son belə təşəbbüsü isə BMT-nin xüsusi sessiyasını çağırmaq oldu... Bir sözlə, bütün bu sadaladıqlarım Azərbaycanın dünyadakı imicinin böyük hərflərlə pozitiv olmasının tərkib hissəsidir. İndi isə Ermənistanın beynəlxalq portretini cızmağa çalışaq. Ölkə işğalçıdır. Artıq əksər platformalarda onu öz damğası ilə tanıyırlar. Paşinyanın hakimiyyətə guya demokratik dəyişikliklər yolu ilə gəlməsi ilə bağlı nağıllara isə artıq o qədər də inanmırlar. Əməkdaşlıq etdiyi beynəlxalq qurumlar, hesabına ayaqda qaldığı müttəfiqlərlə etibarsız rəftarı Ermənistanı “beləsi ilə müharibəyə getmək olmaz!” aqiibətilə üz-üzə qoyub. Ona görə də nə ODKB, nə də NATO onunla müharibəyə getdi. Buyurun. Sizə Ermənistanın bir nömrəli strateji müttəfiqinin bu quraşdırılmış dövlətlə bağlı mövqeyini təqdim edəcəm. Deyim ki, aparıcı Azərbaycana xüsusi rəğbəti olan biridir, xeyr. Çünki fəaliyyətini izləmişəm. Paylaşımlarını araşdırmışam. Elə deyil. Diqqətimi də ona görə çəkdi ki, Ermənistanın etibarsızlığını olduqca sərrast izah edir.

Ermənistanda insan haqlarının boğulması, cəmiyyətdə faşist əhval-ruhiyyəsinin mövcudluğu, mövcud rejimin diktatura mahiyyəti artıq gizlədiləsi mümkün olmayan reallıqlarıdır. Ermənistan budur. Ya da əsasən budur. Ermənistanın və Azərbaycanın imici, nüfuz baqajları barədə müəyyən nəticə hasil etdik. İndi isə dünya azərbaycanlılarının tarixi vətənlərinin apardığı ədalətli mübarizəyə dinc yolla dəstək aksiyalarına keçək. Məsələ burasındadır ki, dünyanın milli-dövləti xarakter etibarilə hörmətə, ehtirama layiq, nümunəvi ölkə olaraq qəbul etdiyi Azərbaycana, azərbaycanlıların dinc, sivil mitinqlərinə münasibəti qıcıq doğurmur. Əksinə, mərhəmətli, tolerant, qədim və yüksək mədəniyyətli bir xalqa rəğbət nümayiş etdirir. Bax elə bu da erməniləri beynəlxalq vitrində Azərbaycanı gözdən salmağa, “cəhənnəmə gedən özünə yoldaş axtarar!” məntiqinə təhrik edir. Təxminən belə: “Baxmayın Luvr muzeyini təmir edir!” o da bizim birimizdir. Ermənistanın itirməyə heç nəyi yoxdur. Kim Qardaşyandan başqa. O da itirib... Deməli, azərbaycanlılarımız ermənilərin, və ya həm də ermənilərin qurduğu tələdən yan keçməlidir. Buna görə də Birinci vitse-prezident Mehriban Əliyevanın həyəcanlı müraciətini bir daha xatırlayaq. Müraciətdə həm vətənpərvər olmaq, Azərbycanın haqlı maraqlarını müdafiə etmək çağırışı var, həm erməniçiliyin faşist mahiyyətinin ifşası baxımından sadalanan çoxlu faciə tarixləri, həm də özünü, sağlamlığını və dövlətin müsbət imicini provakasiyadan qorumaq tövsiyəsi var. Burada dünya azərbaycanlılarının keçirdiyi aksiyaların dinc xarakter daşıdığı və bundan sonra da daşımalı olduğu bildirilir. Erməniçiliyin istinad etdiyi qəddarlığa düzlənməmək məsləhət görülür. Mehriban Əliyeva dünyanın müxtəlif şəhərlərində baş vermiş dinc insanlara erməni saldırılarının təsadüf olmadığını, Ermənistanda faşizm daşıyıcılarının milli xüsusiyyəti olduğunu faktlarla göstərir. Xocalı soyqırımı, 2 yaşlı Zəhranın güllələnməsi, ağsaqqal Əziz dayının öldürülməsi... Bunlar bir zəncirin həlqələridir. Terrorçu erməniçiliyin.

Mehriban Əliyeva: “Əziz həmvətənlər! Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib. Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib.Yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından istifadə edib dinc nümayişçilərə hücum çəkərək onlara xəsarət yetiriblər. Bir sıra hallarda aqressiv əhval-ruhiyyəli erməni qrupları, həmin vaxt azlıqda qaldığına görə, azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara hücum ediblər. Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar. Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilməsini xatırlamaq kifayətdir. Bu faciəli hadisələr 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanınıb və beynəlxalq təşkilatlar səviyyəsində pislənib. O qanlı gecədə təpədən dırnağa qədər silahlanmış erməni döyüşçülər xüsusi qəddarlıqla 613 nəfəri qətlə yetirib, 421 dinc sakin işgəncələrə və təhqirlərə məruz qalıb, 1275 nəfər itkin düşüb və ya girov götürülüb, şəhər özü isə tamamilə yandırılıb. Mindən çox dinc vətəndaş odlu silah yaraları nəticəsində şikəst olub. Öldürülənlər arasında 106 qadın, 63 uşaq, 70 ahıl şəxs olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılıb.

İki yaşlı Zəhra Quliyevanın erməni təcavüzkarlar tərəfindən qətlə yetirilməsini də qeyd etməmək olmaz. Zəhra 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində nənəsi ilə birlikdə həlak olub. Başqa bir misal. 2020-ci il iyulun 14-də Tovuz rayonunun 76 yaşlı dinc sakini Əziz Əzizov erməni silahlı qüvvələri tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması nəticəsində həlak olub. Erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır. Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir. Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər. Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin daşa basılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək olar? Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur.

Həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar? Mən bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır. Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər."

Mehriban Əliyevanın müraciətində beynəlxalq qanunların iflic olmasına, daha doğrusu iflic edilməsinə, onu edənlərə kəskin etiraz var. Əslində dinc aksiyalara ermənilərin vəhşicəsinə basqını Azərbaycanlıların indiyədək sübut etdiyi həqiqətlərə dəstəkdir. Neçə illərdir ki, bütün tribunalardan beynəlxalq qanunların etibarsızlaşdırılması məhkum edilir!

Mehriban Əliyeva: “Əziz qardaşlar və bacılar!

Baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olmasını dünya birliyinə əyani şəkildə nümayiş etdirir. Belə hallarda bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır. Bizim vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir. Hər bir səsin əhəmiyyəti var! Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram."

Mən burda xüsusi diqqət istəyəcəm: ona görə ki, bir az əvvəl toxunduğum tələ məsələsinə gəldik. Bu ermənilərin bizi özünə oxşatmaq cəhdləridir. Uzun illər ərzində özümüzü, xeyirxah təbiətimizi tanıtmışıq. Nəsimi ilə planetar, Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə nə qədər geni sağlam, BMT-yə insanlığın xilası naminə müraciətimizdə isə nə qədər insansevər olduğumuzu göstərmişik. Ona görə də bizim başqa vəzifəmiz, başqa mükəlləfiyyətimiz var:

Mehriban Əliyeva: “Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır."

Burdan da Prezidentin milli məsələ kimi təsbit etdiyi vətən və vicdan prioritetinə qayıdaq. Bütün mübarizə üsulları Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına aparmalıdır. Təxribatdan, təhrikçilikdən uzaq.

Mehriban Əliyeva: “Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm. Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək. Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!”

Bu müraciətdən əvvəl birinci xanımın başqa bir paylaşımı olmuşdu. O paylaşımın ünvanı daha çox sosial şəbəkə istifadəçiləri idi. Bu müraciət bizi bir vətəndaşlıq, bir vicdan, bir ləyaqət borclusu edir. Ləyaqətli Azərbaycan kişisi ölkənin birinci xanımının müraciətinə bir qardaş, bir övlad, bir ana, bir bacı ləyaqətilə hay verməlidir.

Mehriban Əliyeva: “Əziz dostlar! Sosial şəbəkələrdə nümayiş etdirdiyiniz qarşılıqlı dəstəyi, səbri, həmrəyliyi, təmkini və özünənəzarəti görməmək mümkün deyil. Buna görə sizə minnətdaram! Biz hamımız sayıq olmalı, təxribata uymamalıyıq. Gəlin hər dəfə yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq və qarşı tərəf informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə bilər. Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur”.

Mehriban Əliyevanın tarqit qrup kimi sosial şəbəkə istifadəçilərini seçməsi təsadüfi deyil. Ona görə ki, burada fəaliyyət göstərənlər arasında demokratiya, insan haqları, söz əzabkeşləri qiyafəsinə girərək əslində dövlət, millət düşmənləri də var. Azərbaycanın dünyaya Qarabağ həqiqətləri harayladığı, ədalət tələb etdiyi bir vaxtda belə vətən satanlar piştaxtaya mənliklərini, vicdan və mənəviyyatlarını da qoyublar. Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun bu həftə Milli Mətbuatımızın yaranmasının 145 illiyi münasibətilə təşkil etdiyi onlayn konfrans yeni dövr üçün Azərbaycanda informasiya siyasətinin detallarına nəzər salmağa imkan verdi. Əvvəla, yeni zaman şərtləri informasiya siyasətinin, informasiya müharibəsinin ənənəvi üsullarını rədd edir. Bu gün sosial şəbəkə istifadəçilərinin özlərinin başı hər hansı mərkəzə bağlanmadan, ümumi informasiya cəbhəsində lokal toqquşmalara girib vuruşmaq imkanı var. Bundan ötrü Ali Baş komandandan xüsusi əmr, birinci xanımdan dəvətnamə gözləmək lazım deyil. Hər bir şəbəkə istifadəçisi öz sosial səhifəsini mini studiyaya çevirib birbaşa yayımda bacardığı kimi mübarizə apara bilər. İnformasiya müharibəsini dünyanın nüfuzlu televiziyalarında Azərbaycanın həqiqətləri barədə reportajlar şəklində təsəvvür etmək nimdaş yanaşmadır. Bu gün hər bir şəbəkə fəalının, əlbəttə ki sağlam fəalın, Azərbaycanın üzərinə təxribat istehsalı ilə basıb gələn Osmanqızı TV, Meydan TV, Azad Söz, Turan TV və s. bu kimi alabaş yayımçılarına cavab vermək, onların dövlət və xalq əleyhinə fəaliyyətinin qarşısına təkzibolunmaz faktlarla çıxmaq imkanı var. Axı bu xüsusi təyinatlı mediya gəlini Amerika fəaliyyətinə qədər Azərbaycanda da çalışıb. Doğrudanmı onun təhlükəli keçmişi barədə yalnız mən məlumatlıyam?! Elə onlayn konfransda da mən bu mövzuların müzakirəsini gözləyirdim. Fondun yeni rəhbərliyinin çox həssas bir zamanda bizi bir yerə toplaması yüksək qiymətə və təqdirə layiqdir. Maraqlı çıxışlar oldu. Xüsusilə Prezident adminstrasiyasının qeyri-hökumət təşkilatları və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifovanın çıxışı üzərində dayanmaq istərdim. Səadət xanım yeni şəraitdə dünya mediyasının sürətli transformasiyasına adekvat olmaq zərurətinə toxundu. Adminstrasiya rəsmisi mediya və sosial mediya faktoruna əlahiddə yanaşmadı. Səadət Yusifovaya görə, sürətli dəyişiklik Prezidentin islahatlar kursunun bütün istiqamətlərə sirayət edən yenilikçi dövlət ab-havasının məntiqi nəticəsitək ortadadır və əgər Prezident Azərbaycanın xarici siyasət kursu üçün hücum diplomatiyasını xarakterik hesab edirsə, deməli müdafiədə oturmaq mediya üçün də faydasız sayılmalıdır.

Biz Səadət Yusifova ilə Mətbuat günündə xüsusi buraxılışda görüşdük və Prezidentin islahatlar kursunun yeni şərtlər və şəraitləri nəzərə alan siyasətinin detallarını həm də studiyada müzakirə etdik. Həmin müsahibəni təqdim edirəm. Düşünürəm ki, burada səslənən fikirlər hər bir mediya mənsubu üçün olduğu kimi, özünü mediyaya aid edən istənilən sərbəst sosial tribundan ötrü də vacib olmalıdır.

 

Beləliklə, biz yeni dövr üçün yeni mediya reallıqları, bu gerçəkliklərin yaratdığı problemlər, sosial şəbəkələrin formalaşdırdığı törəmə böhranlar, məlumat aşırılığı fonunda doğrunun seçilməsi, "fake" xəbərlərlə mübarizənin səmərəliliyi kimi olduqca vacib məsələlərdən danışacağıq. Sosial şəbəkələr peşəkar mediya və pozucu ruporları, fərdi danışmanları, alabaş yayımçıları bir-birinə qarışdırıb. Azərbaycan kimi kiçik respublikalarda insanların tanınmaq meyli təbiidir və bu baxımdan 10 milyonluq əhalinin mütləq əksəriyyətinin ulduz olmaq şansı var. Baş verənləri mən həm də belə meyllərlə izah edirəm. Elə buna görə də düşünürəm ki, belə sosial mediya fiqurlarının tamaşaçıları ilk növbədə Xüsusi Xidmət Orqanları olmalıdır. Məhz onlar! Çünki sosial şəbəkələrdə məsuliyyətsiz-məsuliyyətsiz çərənləyənlər, öz beyinlərinə bab beyinləri pozub özükimilərin sayını artıranlar təhlükə doğurur. Təsadüfi deyil ki, Azərbaycanın haqq səsinin dünyaya dinc aksiyalar vasitəsilə çatdırılması kimi bir göyərçin məramı bəzən elə bizim qarğa-quzğunların müşayiətinə düçar olur. Bu gün Azərbaycan üçün təhlükə təkcə ermənilər və ya erməni dillilər deyil. Onlardan az təhlükəli olmayan azərbaycan dilli erməni məramlılar da var. Onların başında Osmanqızı TV və bu xüsusi təyinatlı gəlinin ətrafında mərkəzləşən qrup durur. Sosial şəbəkələrdə son bir neçə günün ən çox baxılan və tirajlanan çarxını təqdim edirəm:

Sanki birdən ayılmışıq. Sanki Sevinc indi edib həyatının, vətəndaşlıq bioqrafiyasının ilk xətasını. Amma bu belə deyil axı. Real Təhlil və informasiya Mərkəzi neçə müddətdir ki, bu qadını, bu xanımı, bu gəlini, bu canlını təqdim edir, onun tanıtımını keçirir. Sosial şəbəkələşmiş əlahiddə bir taqım isə anonim adlar altında dərhal olun müdafiəsinə qalxır, bu şəbəkə həyalısının birbaşa göstərişilə linç kompaniyasına start verirdi. Bizim apardığımız əslində informasiya müharibəsinin özü idi. Amma onda bir sıra oyuncaq ziyalılar, üzdən iraq ekspertlər, nə vaxtsa bu təbliğat tərbiyəsizi ilə bir duz-çörək kisəsinə baş qoymuş sifətsizlər gözləmə-gizlənmə mövqeyi tutmuşdular. Əminəm ki, elə bu gün də siz onların sifətini görməyəcəksiniz. Ona görə onların sifəti sadəcə yoxdur. Axı informasiya müharibəsi indi başlamayıb. Bu müharibədə Osmanqızının, Meydan tv-nin, Tural Sadiqli Orduxan kimi peşəkar küçə adamının cavabını onlar hələ təzə böhtanlayanda vermək lazım idi. İnformasiya müharibəsini onlarla, belə qaçaqmal idbarları ilə aparmaq lazım idi. Baxın. Üzü-gözü eybəcərcəsinə əyilən, danışanda baxışlarını obyektivdən o yana bu yana qaçıran, psixi böhran keçirdiyi hər jestində hiss olunan bu qadın nə qədər ikrahdoğurucudur.

Osmanqızı tək deyildi ki... Məgər bu sözləri onun həftə səkkiz mən doqquz efirə çıxarıb xəriflətdiyi Cəmil Həsənli deməmişdi? “Paşinyan çox təmiz adamdlr!”

Bir fakta da hazır olun. Deməli belə. Dinc aksiyalarda Azərbaycan Dağlıq Qarabağı heç vaxt güzəştə getməyəcəyini, ərazi bütövlüyümüzün mütləq təmin olunacağını elan edib. Bu şüarlarla dünya boyunca dinc aksiyalar keçirən soydaşlarımız erməni vəhşiliyinin hədəfi olub, qanlarına qəltan edilib. Başqa ölkələrin vətəndaşları olan, amma Qarabağ adına, həqiqət adına aksiyalara qatıldığına görə erməni terroru ilə üzləşən bu insanlar məxsus olduqları ölkələrin hüquq-mühafizə orqanlarının iştirakı ilə onlara hücum edənlərin tanınmasına cəlb olunur. Hər yerdə qayda belədir. Səni döyəni, sənə zərər yetirəni, səndən oğurlayanı tanımaq üçün dəvət olunursan, hadisə rayonuna aparılırsan. Bu təhqiqat, istintaq, araşdırma şərtidir. Bakıda da, Brüseldə də. Bəs nə baş verir? Almaniyada yaşayan, Osmanqızı-Kərimli güruhunun Avropadakı fəal üzvü Camal Əli adlı bir dırnaqarası soydaşımız, vətən nifrətlisi Belçika polisinə rəsmi qaydada müraciət edir ki, Azərbaycan qrupları ermənilərə qarşı teraktlar hazırlayır! Və ya erməni platformasında birləşən başqa bir xain. Nə vaxtsa diplomat olmuş Arif Məmmədov. Onun çıxışını bu gün qondarma Dağlıq Qarabağ respublikasının kanalları yayır. Buyurun. Baxın. Dünyanın bütün azərbaycanlıları dinc aksiyalarda ayağa qalxaraq Qarabağın Azərbaycana məxsus olduğunu, Ermənistanın aqressor olduğunu, işğalçı olduğunu bəyan edir! Hamı eyni həqiqəti söyləyir! Vətənə, dövlətə xəyanəti üstündə olan Arif Məmmədov isə separatçı Dağlıq Qarabağ üçün bunu deyir:

 

Arif Məmmədov, Qaragüruhçu diplomat: “Biz başa başa düşməliyik ki, bütün bunlar daxili problemlərdən xalqı yayındırmaq məqsədilə edilir! Biz bunu başa düşmıəliyik! Bunu daxili problemlərdən fikri yayındırmaq üçün edirlər!”

Bu isə Osmanqızının mıəslək yoldaşı. İdeya müttəfiqi Vidadi İsgəndərli. İndi onun çıxışından bir kiçik parçaya qulaq asın. O da Sevinc kimi erməniləri düşmən hesab etmir.

Vidadi İsgəndərli, Qaragüruhçu bloqer: “Ermənilər bizə nə pislik ediblər ki...”

Bu isə iki oğlunu hərbi xidmətdən yayındıraraq xaricə qaçıran, uğursuz siyasətçi Əli Kərimlinin Türkiyə üzrə nümayəndəsi Kamil Vəli Nərimanoğlunun xalqın ruhunun sınmasına hesabladığı namərd mesajı. Milli ruhun ən yüksək nöqtədə bərərar olduğu, atanın şəhid övladınını alnılndan öpüb əbədiyyətə yola salandan sonra Azərbaycan bayrağını oğlu yerinə qəbul etdiyi vətənpərvərlik atmiosferinə hansı zəhəri üfürür.

Vicdansızcasına. “Şəhidlər bizim, ölkənin sərvəti sizin”.

İki övladı fərari! Hər şeydən görünür ki, qaragüruhun əsas ideoloji platforması ermənilər ilə iş birliyi, onlarla eyni qafanı, vahid konsepsiyanı paylaşmaqdır. Ermənistan kimi qaragüruhun da əsas qorxusu xalqın Qarabağ uğrunda möhtəşəm həmrəyliyindəndir. Elə ona görə də 15 iyulda xalqın orduya dəstək aksiyasını Milli Məclisin ələ keçirilməsinə yönəldən güruh məndən ötrü Ermənistanın müttəfiqidir. Çünki bu addım da Tovuz istiqamətində erməni fəallaşmasıtək eyni ocaqdan od götürür. İsti-isti yaxalanan, hüquq-mühafizə orqanlarında sərbəst ifadə verən, əməllərini etiraf edən şəxslər 15 iyulun mahiyyətinin açılmasında yaxından iştirak edirlər.

Yenidən yadımıza salaq. O günlər xoş məramlı dinc aksiyanı iğtişaşa sürükləyənlərin önündə kim və hansı kanallar gedirdi: Meydan TV, Azad Söz, Osmanqızı və Bakıda fəaliyyət göstərən bir sıra internet tv-lər. Yeri gəlmişkən növbəti verilişlərdə onların da adlarını, məramlarını açıqlayacağıq. Palamentə hücum üzərində niyə mən daha çox dayanıram və hadisəni dövlət çevrilişinə cəhd hesab edirəm... Ona görə ki, baş tutmayan inqilabın arxitektorları, maestroları 1992-ci ilin mart-may ssenarilərindən ev tapşırığı kimi bəhrələnmək istəmişdilər. İndi isə ola bilsin ki, unutduğunuz bir-iki faktı xatırladım. Neçə ildir ki, qaragüruhun Kərimli, Yaqublu və başqa liderləri 20 Yanvar ərəfəsində provakasiyalar hazırlamağa çalışırlar. Bunu ya Şəhidlər Xiyabanının ümumxalq ziyarəti zamanına planlaşdırırlar, ya da Xocalı soyqırımı günü Ana harayı abidəsi ətrafına. Hər dəfə də polis əməkdaşları ilə yüngül narazılıqlar baş verir. Unutmamısınızsa, bir dəfə hətta Cəmil Həsənli və Əli Kərimli Şəhidlər Xiyabanında sanksiyalaşdırılmamış tədbir keçirdiklərinə görə saxlanılmış, inzibati cəzalandırılandan sonra buraxılmışdılar. Deməli, insanların hisslərinin, emosiyalarının xüsusi vəziyyətinə hesablanan təxribat addımları ilk dəfə deyildi. Və hətta belə də hesab etmək olar ki, o addımlar 15 iyula hazırlıq idi, təlim idi. Və bu gün hadisənin mahiyyətini kiçildən, bununla da gələcəkdə daha böyük fəsadlarla müşayiət olunası olaylara xeyir-dua verən, Fazil Mustafanın təbirincə desək ziyalı qaragüruhu gərək daha məsuliyyətli, və daha ağıllı olsun. Öz aləmində nə şiş, nə də kababın tərəfində olan mənasız bir ziyalı kontingenti var ki, parlamenti zəbt edən və bir müddətdən sonra Prezident Aparatına, Azərbaycan Dövlət Teleradiosunun binasına yolu açılacaq qara güruhun hərəkətlərinə istehza qatmaqda, baş verənlərin əslində o qədər də təhlükəli olmadığına açıq işarə verməkdədir. Buyurun. Solmaz Rüstəmova-Tohidi.

Məncə bu qadın alim olmalıdır. Deməli çalışaq hadisələri bərpa edək. Qaragüruh polis maşınını çevirib, yararsız hala salıb, Milli Məclisin qapılarını sındırıb içəri daxil olub. Burada bir eyforiya yaşanır. Hüquq mühafizə orqanları yubanarsa, vəziyyət nəzarətdən çıxa bilər. Dərhal Prezident Aparatı və dövlətin başqa mühüm təsisatlarını mühafizəsi barədə tədbirlər görülür. Dövlət faktiki olaraq çevrilişə cəhd edən bir qızğın qrupun hədəfindədir. Solmaz xanım siyasi analitik deyil. Araşdırmaçı deyil. Onun məntiqi “pəncərə sındırmış uşağa tənbeh yanaşmasıdır! " Ən yaxşı halda. Ən pis halda isə belə:

Solmaz Rüstəmova-Tohidi: “Niyə bütün Azərbaycan xalqının görünməmiş gərginlik yaşadığı, cəbhədən ağır xəbərlər gəldiyi, Dövlətçiliyə, Vətənə ciddi təhlükə yarandığı günlərdə Milli Məclis özünün Dövlət hakimiyyət orqanının bir qolu kimi varlığını təsdiq etmir, fövqəladə iclas çağırmır, vəziyyəti müzakirə etmir (qapalı olsa belə) ? Amma MM deputatları öz azsaylı seçicilərinin MM-binasında törətdiyi dağıntılara dərhal diqqət çəkir? (Ümid edək ki, bu dağıntılar arasında millət vəkillərinin zər-zibalı kresloları yoxdur)...

Azərbaycan seçicisi, indi sənin öz deputatına çox sadə bir sorğu verməyə tam haqqın var: 14 iyulda, həmin o gecə saatlarında - Dövlət başçısının, hökumət adamlarının, Azərbaycan xalqının yatmadığı və həyəcanlar yaşadığı vaxtda sən harada idin?"

Təhlükəli sualdır, qorxaqların, dövlət təfəkkürlü olmayanların beyninə hesablanmış sualdır. Həmin məntiqi inkişaf etdirək. Tutaq ki, başqa bir qrup Dövlət Televiziyasına soxulmuşdu, onda kimi axtaracaqdılar. Diktorları? Onda Solmaz Rüstəmova-Tohidi xanım AzTv-nin əməkdaşlarına təpinəcəkdi ki, niyə işdə deyilsiz, görmürsüz studiyalarınıza çağrılmamış qonaqlar gəlib. Yaxud iraq olsun başqa bir qrup Mərkəzi Banka hücum etsəydi. Onda hansı məntiqi qoyacaqdı ortaya alim xanım? Camaat pul ardınca gəliblər? Aeroporta soxulsaydılar hamıya bilet verilməliydi, təyyarələr dərhal uçuş xəttinə çıxarılmalıydı? Heç düşünürsüz nə danışırsınız? O gecə yalnız bircə sual verilə bilərdi. Cəmisi bircə sual. Milli Məclisə hücum ediləndə polis hardaydı və o sualın da cavabı var. Polis iş başında oldu və onun peşəkar müdaxiləsi nəticəsində təhlükə sovuşdu. Yeri gəlmişkən, Solmaz Rüstəmova-Tohidinin yanaşmasında təhlükəli bir məqam da var. Deməli xanım bacımız hesab edir ki, millət vəkilləri işdə olmalıydı o qarma-qarışıq gecə. Kütlə qızışmış beyinlə o deputatlarla nə müzakirəsi aparacaqdı görəsən? Bu barədə alimə bəlkə deyib qaragüruhdan kimsə? Amma mən 6 mart və 15 may 1992-ci ildə görmüşəm döyülən, təhqir edilən deputatlarımızı. Bütün mənəvi-fiziki vücudu 3 qəpiyə dəyməyən qaragüruh tikələrinin ziyalı, alim demədən təpiklə içəri, qapazla bayıra buraxdığl deputatları. Əli Kərimlinin məsuliyyət haqqında təfəkkürü belədir. Biz onu dəfələrlə səsləndirmişik. Dar ayaqda məsuliyyətdən də fərarilik etmək.

Əli Kərimli: "Belə çıxır ki, stadiondan kənarda da nəsə baş verəcəksə, biz ona məsuliyyət daşıyacağıq?!"

Əsil o məqam idi. Tutdu inqilab, tutmadı ayran. Solmaz Rüstəmova-Tohidini təsadüfən seçmədim. Statusuna, keçdiyi elm yoluna görə mən məhz ona bəzi mətləbləri izah etməyə çalışdım. Yoxsa şairə, daha çox “Seksin poeziyası” kitabına görə tanıdığım Aysel Əlizadəyə və şou-biznes alovlusu Ülviyyəyə başa salmağa çalışardım. Biri hələ xalqla qaragüruhu ayırd edə bilmir. O birisi isə qrafikini çaşdırıb. Başına ağrı axtarır.

Hörmətli tamaşaçılar. Biz sizinlə ziyalı əfəlliyi və dişsizliyinin şahidiyik. Onlar sosial şəbəkələrdə bir iki hüceyrənin "Lke" işarəsinə işləyirlər. Amma bizim üzərimizə dövləti qorumaq, vətəni müdafiə etmək kimi çətin, amma çox şərəfli vəzifə öhdəlik düşür. Ayaqlayıb keçəcəyik. Dost Serbiyaya məxsus silah-sursatı qardaş Gürcüstanın düşmən lüləsinə ötürdüyü bir zamanda hər bir vətəndaş diqqətli olmalıdır. Məsələn, o saat barmağını dişləməlidir ki, ay dadi-bidad, deməli o Qareçi Monastırı ətrafında baş verənlər bir şeytana lənətlik deyilmiş. Və mən indi başa düşürəm ki, Salome Zurabişvili niyə REAL-a müsahibədən əvvəl “Mənə Putinlə bağlı sual verməyin, xahiş edirəm!” demişdi. Millət Vəkili Fazil Mustafa ilə tam razıyam:

Millət Vəkili Fazil Mustafa: “Xalq dediyiniz o böyük və ali qüvvə məhz döyüşdəki əsgəri düşünənlər idi. Bu savaşda dövlətin başının qarışdığını fürsət bilib Milli Məclisə daxil olaraq təxribat yaradanlar xalq ola bilməz. Onların hərəkətini hansı baxış bucağından olursa olsun bəyənmək, dəstəkləmək faciəli bir nəticələr ortaya qoya bilər. İndi təsəvvür edin ki, ordumuz düşmənlə bir ay döyüş aparmalı olsa, hər gün də labüd itkilərimiz olsa, hər gün nəyisə bəhanə edib küçələrə tökülməliyik? Dövlətin, ordunun, polisin diqqətini cəbhədən yayındırıb Bakıya yönəltməliyik? Bu hadisə hər nə qədər bizim vətənpərvərlik duyğularımızı qaldırdısa da, uzunmüddətli müharibəyə psixoloji hazırlığımızın olmadığını ortaya qoydu. Biz yalnız karantin qaydalarını pozmadıq, müharibənin sərt xəbərlərinə hədsiz emosionallığımızı, hətta zəifliyimizi də büruzə verdik. Belə durumlarda üzü Bakıya doğru deyil, cəbhə xəttinə doğru baxmalıyıq. Ordu milləti olmağı öyrənməliyik. Ordu millətinin əsgəri və zabiti şəhidi dəfn edəndən sonra göz yaşını silib, kədərini içinə basdırıb dərhal savaşa qayıdır. Qalan vətəndaşları da Bakinin küçələrində mitinqə deyil, səfərbərlik idarələrinə savaş üçün qeydiyyata üz tutur. Son vaxtlar bu kateqoriyadan duyarlı insanlarımızın sayının artması ordu milləti olma yolumuzda ümidverici aura yaratmış oldu.

Vaxtilə Azərbaycanda ziyalı qaragüruhunun ən bariz obrazı Rəhim Qazıyev idi. Bu elə bir xəstəlikdir ki, illər keçəndən sonra da sağalmır. Necə ki, ahıl yaşında öz dövlətinə qarşı etdiyi təxribatçı çağırışla sağalmadığını bir daha təsdiqlədi. Sizlər də onun yolunu gedirsiniz və əminəm ki, eyni təxribatçı ruhun daşıyıcılarısınız. Ancaq bu dövləti qorumaq gücündə, iradəsində və qətiyyətində olan ziyalıların sağlam düşüncə həmrəyliyi yetərlidir ki, gəncləri öz dövlətinə qarşı aqresivliyə yönəltmənizi, fikir həyatımızda meydan sulamanızı dayandırasınız."

Mən dövlətə sarsıntılar arzulayan, onun parçalanmasına, süqutuna çalışan qaragüruhun 15 iyul çevriliş cəhdiylə ermənilərin dünyanın müxtəlif şəhərlərində soydaşlarımıza qarşı terror hücumları, müxbirimiz Xatirə Sərdarqızı da daxil olmaqla təzyiqə, şiddətə məruz qalmış hər bir azərbaycanlımızın qanı arasında bir bağlılıq görürəm. Yəni dinc aksiyalarda Azərbaycan deyən soydaşlarımızın qanına qəltan olunmasında erməni terroru ilə yanaşı Osmanqızının, Əli Kərimlinin, Vidadi İsgəndərlinin, Cəmil Həsənlinin, və onların digər Çingiz Sultansoylarının əli var! Barmaq izlərinizi yadımızda saxlayacağıq. Azərbaycan Qanununun sizə də yolu düşəcək!

Digər xəbərlər
Bu gün
Dünən