Blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin ilkin təqdimatı keçirilib

Blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin ilkin təqdimatı keçirilib

Prezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərinin innovativ texnologiyalar platformasında quraraq daha təhlükəsiz və operativ elektron xidmətlərin son müştəriyə çatdırılması məqsədilə Azərbaycan Mərkəzi Bankı blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı layihəni fəaliyyət planına uyğun olaraq həyata keçilməkdədir.

Bu barədə REAL-a qurumdan bildirilib. 

Məlumata görə, Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsi çərçivəsində pilot olaraq fiziki və hüquqi şəxslər üçün məsafədən bank hesablarının açılması funksionallığı tam olaraq rəqəmsallaşdırılmış və sistemin Beynəlxalq Maliyyə Korporasiyasının (IFC), "Azərbaycan Banklar Assosiasiyası" ictimai Birliyinin və bankların nümayəndələri üçün video konfrans rejimində geniş təqdimatı keçirilib. Video konfransda cari ilin avqust ayında real istismara verilməsi planlaşdırılan sistemin funksional imkanları nümayiş etdirilib, o cümlədən sistemin gələcək inkişaf perspektivləri istiqamətində müzakirələr aparılıb.

Layihənin realizasiyası nəticəsində fiziki və hüquqi şəxslər banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ şəkildə əldə edə biləcək, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsinə ehtiyac olmayacaq və bununla da məlumatların tamlığının, əlçatanlığının və məxfiliyinin qorunması təmin olunacaq. Layihənin müvəffəqiyyətlə tamamlanması və strateji olaraq digər istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı fəaliyyət əlaqədar təşkilatlarla davam etdiriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər