BMT-dən İdlib xəbərdarlığı

BMT-dən İdlib xəbərdarlığı
Hərbi əməliyyatlar kimyəvi savaşa yol açacaq

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya, İran və Türkiyəyə Suriyanın İdlib təhlükəsizlik zonasında keçiriləcək istənilən hərbi əməliyyatın milyonlarla mülki əhaliyə təsir edəcəyi, həmçinin, kimyəvi savaşa yol açacağına dair xəbərdarlıq edib.

Bu barədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bəyan edib. Onun sözlərinə görə, İdlibdə çox sayda xarici hərbçilər və 10 min nəfər də silahlı terrorçular yerləşib. Bu səbəbdən də, İdlibə hərbi hücum planlaşdırmaq əvəzinə, bölgəyə humanitar dəhlizlərin açılmasına kömək edilməlidir.

Mistura xüsusilə xəbərdarlıq edib ki, İdlibə hücum həyata keçirilərsə, bu oradakı müxtəlif silahlı qrupları kimyəvi silahdan istifadəyə təşviq edəcək.

Qeyd edək ki, Rusiya və İranın dəstəyi ilə Bəşər Əsəd hökumətinə bağlı ordunun suriyalı müxalifətin son dayaq nöqtəsi kimi tanınan, Əl Qaidənin bir qolu olan “Həyat Təhriri Şam” qruplaşmasının nəzarətində olan İdlibə hücum planlaşdırdığına dair mlumatlar yayılıb. Ötən həftə Moskvaya səfərində rusiyalı həmkarı Sergey Lavrovla görüşən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan etmişdi ki, radikal qrupları neytrallaşdırmaq üçün İdlibə hücum etmək humanitar fəlakət olacaq, 3,5 milyon insan yenidən qaçqın düşəcək. Türkiyəli nazirə görə, bu cür hücum planı Astana danışıqlarının ruhuna ziddir. / azvision.az

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər