Şuşanın azadlıq dastanı - VİDEO

Şuşanın azadlıq dastanı - VİDEO
Vətən müharibəsinin dünyaya səs salan unikal döyüşü

44 günlük Vətən müharibəsində Şuşanın azad edilməsi həm mənəvi, həm də strateji baxımdan Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Müzəffər ordumuz şəhər ətrafında ermənilər tərəfindən qurulmuş xüsusi müdafiə zolaqlarını, möhkəm mühəndis-istehkam qurğularını darmadağın edərək, Şuşa qayalıqlarına dırmanıblar. Sözün həqiqi mənasında şəhəri diş və dırnaqla azad ediblər. Məhz bu səbəbdən də Şuşa şəhərinin alınması Azərbaycan əsgərinin zəfər dastanı hesab olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

"Onlar bizim Şuşaya necə gedib çıxmağımızı hələ də başa düşə bilmirlər. Başa düşə bilmirlər, bir-birindən soruşurlar. Bəzən bu məsələ mətbuata çıxır. Lakin haçansa başa düşəcəklər, bu da Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı ilə bağlı ayrıca bir əhvalatdır. Lakin bu gün artıq sirr deyil ki, döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi. 44 gün ərzində ərazilərimizi azad etməyimizdə xüsusi təyinatlıların böyük xidməti olub. Orada uzunmüddətli istehkamlardan əlavə təbii relyef də çətinlik törədir. Axı, dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq lazımdır. Şuşanın alınması isə, ümumiyyətlə, ayrıca dastandır, bəli, bu, epos kimidir".

Dünya hərb tarixinə öz damğasını vuran bu əməliyyat həm də süngü-bıçağın top-tüfəngə qalib gəldiyi bir mübarizədir. Bu mübarizənin qalibi isə xüsusi təyinatlı hazırlığa malik olmalı və qələbəyə ürəkdən inanmalı idi. Necə ki, bunu Azərbaycan əsgəri edib.

Şuşa döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü və qüdrətini göstərdi. Xüsusi təyinatlılarımızın peşəkarlığı və mərdliyi bütün dünyaya səs saldı. Şübhə yox ki, gələcək hərb dərsliklərində bu əməliyyata xüsusi yer veriləcək. Hətta bir çox ölkələrin aparıcı hərbi mərkəzləri Şuşa döyüşlərinin sirrlərini açmaq üçün araşdırmalar aparır, dünyanın XXI əsrdə belə döyüşlərə şahidlik etmədiyini söyləyirlər.

Şuşanın azad olunması həm də bütün torpaqlarımızın azadlığı və Azərbaycanın mövqeyinin həmin ərazilərdə möhkəmlənməsi deməkdir. Şuşanın Azərbaycan üçün əhəmiyyətini hələ 2020-ci ilin oktyabr ayında, döyüşlərin qızğın getdiyi günlərdə Prezident İlham Əliyev xarici media nümayəndələrinə verdiyi müsahibə zamanı vurğulamışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
 

"Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar"

Azərbaycanın mədəniyyət beşiyi, Üzeyirin, Bülbülün, Xan qızı Natəvanın ocağı olan Şuşa öz unikal təbiəti, Cıdır düzü, İsa bulağı, Xarı bülbülü ilə də seçilir.

1992-ci ilin 8 mayından Ermənistan işğalçı qüvvələrinin zəbt etdiyi Şuşa şəhəri – Qarabağın baş tacı – 28 il 6 ay sonra, 2020-ci ilin 8 noyabrında işğaldan azad olundu. Şanlı Azərbaycan Ordusunun bu möhtəşəm Zəfər xəbərini, Prezident, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqımıza müraciətində elan etdi. Dövlət başçısı həmin gün çıxşını bu sözlərlə tamamladı:


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
"Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir".

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər