Bu il Cümhuriyyət Parlamentinin də 100 illiyidir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyət göstərdiyi 23 ay ərzində 270-dən çox qanun layihəsini müzakirəyə çıxarıb, onlardan 230-a yaxını qəbul edilib.
Bu qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər. Elə Parlamentdə də 11 komissiya fəaliyyət göstərirdi: Maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər, sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar.
Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə – "Azərbaycan Parlamentinin nakazı (təlimatı)" əsasında idarə olunurdu.
Azərbaycan Məclisi Məbusanın birinci dövrü – 1918-ci il mayın 27-dən noyabrın 19-dək olan dövrü əhatə edir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir.
İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal bəyannaməsini qəbul etmişdir.