Narkoloji Mərkəzdə baş verən yanğının səbəbi məlum oldu

Narkoloji Mərkəzdə baş verən yanğının səbəbi məlum oldu
Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğının səbəbi məlum olub.

Real TV xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Verilən məlumata görə, hadisədən sonra xüsusi araşdırma qrupu yaradılıb. Aparılan araşdırmalar zamanı hadisənin qəsdən törədildiyi məlum olub.

Görülən tədbirlər nəticəsində Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

İlkin dindirmə zamanı Məhəmməd Məmmədov cinayəti törətdiyini etiraf edib. O, bildirib ki, Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək istəyib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırıb. Lakin alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb. Bu səbəbdən də, yanan yorğanı çarpayısının üstünə atıb. Alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk edib.

Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər