Gürcüstanda kütləvi etiraz aksiyaları

Gürcüstanda kütləvi etiraz aksiyaları

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiyanın miqyası genişlənib və paytaxtda gərginlik artıb.

Aksiya iştirakçıları əvvəlcə bu gün polis tərəfindən saxlanılan Zaza Saralidzenin azadlığa buraxılmasını tələb ediblər. “Zazanı azad edin!” şüarı altında keçirilən aksiyada bir neçə gənc parlament qarşısındakı çadıra daxil olaraq Z.Saralidzenin saxlanılmasına etirazlarını bildiriblər.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildiriblər ki, Z.Saralidze bu gün parlamentin qarşısında polis əməkdaşlarına dəyənəklə hücum etdiyinə görə saxlanılıb.

Z.Saralidze və onunla birlikdə saxlanılan daha iki nəfər azadlığa buraxılıb. Z.Saralidzenin səhhəti pisləşdiyindən o, xəstəxanaya yerləşdirilib. Aksiya bundan sonra da davam edib və prezidentliyə namizədlər, “Qirçi” partiyasının lideri Zurab Caparidze, “Güc birlikdədir” müxalif siyasi birliyin namizədi Qriqol Vaşadze və “Avropalı Gürcüstan” partiyasının namizədi David Bakradze də parlamentin qarşısına gələrək etirazçılarla həmrəy olduqlarını bildiriblər.

Axşam saatlarında aksiya iştirakçıları çadır qurmağa cəhd ediblər. Polis əməkdaşları onların bu cəhdinin qarşısını alıb. Aksiya iştirakçıları və polis arasında yaranmış qarşıdurma zamanı bir qadının halı pisləşib. Hadisə yerinə çağırılan təcili tibbi yardım maşını qadını xəstəxanaya çatdırıb.

Ölkənin Daxili İşlər Nazirliyi aksiyada baş vermiş insident zamanı saxlanılanların olmadığı bildirilib.

Məlumat üçün qeyd edək ki, ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş məktəbli David Saralidzenin atası Z.Saralidze sentyabrın 10-dan etibarən Gürcüstan parlamentinin binası qarşısında hökumətin istefası tələbi ilə etiraz aksiyasını davam etdirir. O, oğlunun qətlə yetirilməsi ilə bağlı istintaqın nəticələrindən narazıdır. Aksiyaya Pankisidə ötən ilin sonunda keçirilmiş xüsusi əməliyyat zamanı ölən Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili də dəstək verir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə