Turistlər niyə ölkəmizə axın edir? (VİDEO)

Turistlər niyə ölkəmizə axın edir? (VİDEO)
Hansı çatışmazlıqlar turistləri narahat edir?

Novruz bayramı ərəfəsində Azərbaycana xeyli sayda turist axını gözlənilir. Artıq, paytaxta gələcək qonaqların çoxu əvvəlcədən, qalacaqları otellərdə yerlərini bron etdiriblər.

Real TV müxbirinin apardığı araşdırmalardan belə məlum oldu ki, otellərdə yerlərin çoxunu İran, Ərəb ölkələri, Türkiyə və Rusiyadan gələn turistlər tutub. Otellərdə əsasən 1 və 2 nəfərlik otaqlara tələbat daha çoxdur. Bir nəfərlik otaqlar 120 manatdan başlayır, 2 nəfərlik otaqlar isə 190 manat civarındadır. Hazırda otellərdə əsasən 3 nəfərlik boş otaqlar qalıb.

Qeyd edək ki, ölkəmizə gələn qonaqlar otellərlə yanaşı fərdi evlərdə də yerləşirlər. Belə evlərdə qalmaq turistlərə gündəlik 50, 100, şəraitindən aslı olaraq 150 manata başa gəlir.

Mədəniyyət və Turizm Nazirliyindən Real TV-yə verilən məlumata görə, ötən illərə nisbətən bu ilin ilk aylarında ölkəyə gələn turistlərin sayında artım müşahidə olunur. Rəsmi statistikaya görə, cari ilin yanvar ayında 185 913, fevral ayında isə 166 161 nəfər xarici vətəndaş Azərbaycana gəlib. Ümumilikdə 2 ay ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 352 074 nəfər təşkil edir.

Müqayisə üçün deyək ki, 2017-ci ilin ilk 2 ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 313 418 təşkil edib. Onlardan 159 262 nəfəri yanvar ayında, 154 156 nəfəri isə fevral ayında ölkəmizə gəlib. Ötən ilin 2 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə Azərbaycana 38 656 (12.3%) nəfərdən çox xarici vətəndaş gəlib.

Mütəxəssislərin hesablamalarına görə, Azərbaycana gələn xarici vətəndaşların sayında yenə də artım olacaq. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Real TV-yə açıqlamasında bildirib ki, ölkəmizdə olan sabitlik və infrastruktur turistləri bura cəlb edir. Onun sözlərinə görə, bu il ölkəmizə qonşu ölkələrdən başqa, Orta Asiya və Avropadan da çoxlu qonaqların gələcəyi proqnozlaşdırılır.

“Gələn qonaqlar Bakıdan başqa, regionlara da səfər edəcəklər. Xüsusən də şimal-qərb və şimal-şərq regionları- Quba, Qusar, Xaçmaz, Qəbələ və Şəkiyə maraq daha çox olacaq”.

Ekspert deyir ki, ölkəmizə daha çox turistin cəlb olunması üçün 1, 2 və 3 ulduzlu otellər də tikilməlidir. Belə otellər paytaxtla yanaşı regionlarda da inşa olunmalıdır. Xüsusən, turistlərin can atdığı bölgələrə bu baxımdan diqqət artırılmalıdır.
Boşluqlar təkcə bunlardan ibarət deyil. Gəlin görək, turistlərin özləri Azərbaycanda normal istirahətləri üçün nələri görmək istəyirlər və ya hansı çatışmazlıqlar onları narahat edir?

Qardaş Türkiyədən gələn Yusif Kara:

“Mən Bakını çox sevdim. 3 aya yaxındır buradayam. Dünyada yaşayan hər kəsə bu şəhəri görməyi tövsiyyə edirəm. Bakıda görmək istədiyim hər şeyi görə bildim. Lakin turistlərin daha çox axın etdiyi İçərişəhərdə və ya digər tarixi ərazilərdə göstərilən xidməti daha mükəmməl etmək lazımdır”.

Moskvadan gələn Lida İqorenevna isə Bakıda turistlər üçün məlumatları əks etdirən kitabçaların az olduğundan şikayətlənir:

“Bakıda turistlər üçün lazım olan məlumatlar azdır. Burada informasiya yazılan kitabçalar satılmır və ya çox yerdə satılmır. Köşklərdə məlumat kitabçaları yox, çoxlu siqaretlər satılır”.

Müşahidələrimizin nəticəsi olaraq deyə bilərik ki, şəhərimizin qonaqlarını ən çox məmnun edən xalqımızın qonaqpərvərliyidir.

Qeyd edək ki, Azərbaycanda Novruz bayramı martın 20-21-də qeyd ediləcək. Novruz bayramı ilə əlaqədar bir həftəlik istirahət günü təsdiqlənib. 

Ziya Babayev

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər