Mir Şahinin vaxtı - 25.07.2021 (VİDEO)

Mir Şahinin vaxtı - 25.07.2021 (VİDEO)

REAL Təhlil və informasiya Mərkəzi. Mir Şahin. Axşamınız xeyir!

Təvazökarlıqdan kənar olsa da deməliyəm: maraqlı olacağıq!

Bu dəfə də müstəqillikdən danışacağıq. Vətəndaş və dövlət müstəqillikləri anlayışlarının yanaşı yaşaması və eyni zamanda bu dünyagörüşlərinin toqquşduğu nöqtələrdən. Əvvəlcə həftənin əsas hadisəsi, Prezident İlham Əliyevin Azərbaycanın rəsmi dövlət kanalına verdiyi müsahibə üzərində dayanaq. Müsahibəni “İyul Doktrinası” adlandıranlar tam haqlıdırlar. Ona görə ki, məzmunun çox şaxəliliyi, irəli sürülən fikir və verilən istiqamətlərin stratejiliyi məhz bu təyini doğurur. Əliyevin çıxışının iqtisadi məzmunundan başlayaq. Uzun müddətdir ki, dünya pandemiya qaydalarına tabedir. Bütün azadlıqlar, xarakterindən asılı olmayaraq, məhdudlaşıb. Qlobal inkişaf stəndbay rejiminə keçib. Adda- budda irəliləmələr isə yalnız ayrı-ayrı respublikaların lyuksudur: özü də o respubikaların ki, iqtisadi saatını dünyada gedən proseslərə uyğun qurub. Məsələn Azərbaycan kimi. Təsəvvür edin: Çin kimi nəhəng dövlət nəhayət ki, böhrandan çıxmağa başlayır və iqtisadi tərəqqisini ancaq cüzi bərpa edib və yalnız 1976-cı ilin səviyyəsinə çatıb. Azərbaycan Prezidenti isə iyul doktrinasında 17 ilin inkişaf modelini təqdim edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“... altı ayın yekunları onu göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız 2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür”.

Və bu inkişaf üç ölçülü səciyyə daşıyır. Bəzən müstəqillik ifadəsinin arxasında hansı mənanın dayandığını düşünmürük. Əslində isə müstəqilliyin kökü məhz iqtisadi müstəqillikdir. Regionların inkişafı-iqtisadi müstəqilliyi yerlərdə etibarlı edir. Sosial dövlət fəlsəfəsi kənd, rayon, şəhər və paytaxt arasındakı rifah səviyyəsini bərabərləşdirməyi nəzərdə tutur. Tutaq ki, Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi əladır. Amma təkcə qızıl yox, digər qiymətli metalların da hasilatı artacaq. Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı da konkret planlar var. Dövlət işğaldan azad olunmuş əraziləri də uğurla ümumi iqtisadi inkişaf konseptinə daxil etməkdədir. Məsələn Naftalan Suqovuşan arasındakı əlaqəylə Daşkəsən-Kəlbəcər vahid bir iqtisadi zəncirdə birləşir. Eyni zamanda illər boyu qəsbkarların qəsb etdiyi təbii sərvətlərimizin aqibəti də masadadır. Belə demək mümkünsə, bizim olan hər şeyin inventarı aparılır. Oğurlanan, yağmalanan nə varsa, onların da hesabı sorulacaq:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

"Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda da bu sahənin çox böyük perspektivi var. Bildiyiniz kimi, uzun illər xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir və mən bu haqda artıq öz sözümü demişəm, bir daha demək istəyirəm, bu şirkətlərin iki yolu var: ya bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. Onu da deməliyəm ki, bütün hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Bizim həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarımızın bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Bir daha demək istəyirəm ki, onlar vurulmuş ziyanın təzminatını öz xoşu ilə həll etsinlər, Azərbaycan dövlətinə vurulmuş ziyanı ödəsinlər və ondan sonra, ancaq ondan sonra onlar rahat yaşaya bilərlər. Yoxsa ki, bu şirkətlərin başqa yerlərdə də əməliyyatları var və onların iş reputasiyasına çox böyük ziyan dəyəcək. Hər halda biz artıq öz mövqeyimizi açıq şəkildə ifadə etmişik".

Burda mən sözü Azərqold qapalı Səhmdar cəmiyyəti İdarə Heyətinin sədri Zakir İbrahimova verirəm. Azəbaycanın ən yeni tarixinin qızıl dövrünü elə qızıla istinadla şərh edək:

Prezidentin respublikanı yuxarıdan görmə məharəti onu bütün ölçülərdən hali edir. Qızıl, dəmir, ... sanatoriya. Fərqli istiqamətlərdir. Amma dövlətin iqtisadi müstəqilliyinin etibarlı sütunlarda bərqərar olması baxımından çox vektorlu yanaşma labüddür. Bir az əvvəl dediyim kimi Naftalanla Suqovuşan arasındakı əlaqəylə Daşkəsən-Kəlbəcər vahid zəncirinə baxaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“İkinci Qarabağ müharibəsində Suqovuşan qəsəbəsi də işğaldan azad edildi və Naftalandan Suqovuşan qəsəbəsinə məsafə o qədər də böyük deyil. Mənim tapşırığımla yeni yolun çəkilişi də təmin edilir və beləliklə, bu zona vahid bir turizm məkanı olacaq. Çünki Naftalana gələn qonaqların, – istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar olsun, - ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər, eyni zamanda, Suqovuşan qəsəbəsinə. Şiddətli döyüşlər gedən əraziyə gedib baxmaq həm onlar üçün maraqlı olar, həm də ki, Suqovuşan çox mənzərəli bir yerdir - dağlar, böyük su anbarı və həyat o bölgələrə qayıdır“.

Pandemiyanın ağır fəsadlarından özünə gələrək qibtədioğuracaq sürətlə müsbət nəticələrə çıxmış Azərbaycanın nailiyyətlərini ikiqat əhəmiyyətli edən həm də onun müharibədən çıxmasıdır. Müharibədən Azərbaycan yeni reallıqlar yaratmaqla çıxdı. Həm də bu reallıq hövzə xarakterli deyil, miqyaslıdır, geniş radiusludur. İyul Doktrinasına istinad etsək aydın görərik ki, qələbə qardaş Türkiyə və Rusiya Federasiyasını Azərbaycan maraqlarında bir araya gətirməyə nail oldu. NATO-nun aparıcı üzvü olan bir dövlət NATO-ya antaqonist olan dövlətlə necə yola gedə bilər sualının cavabı məhz Bakı ətrafında əl sıxan Moskva-Ankaradır. Burda bir maraqlı gediş var. Birgə izləyək:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Bizim yanaşmamızda fikir ayrılığı yoxdur. Biz - Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimuma endirilməlidir və aradan qaldırılmalıdır”

Biz az sonra Rusiya-Azərbaycan münasibətlərinə qayıdacağıq əlbəttə, sadəcə yeri gəldi deyə, bu çıxarışı etdim. İndi isə biz burda bir tarixi hadisə üzərində dayanmalı olacağıq. Bildiyiniz kimi, Azərbaycan Qoşulmama Hərəkatına daha bir il sədrlik edəcək. Burda bir incə məqam da var. Bəzən bir respublikada rəhbərin bir neçə möhlətə seçilməsini qıcıqla qarşılayanlar BMT-dən sonra ikinci ən böyük təşkilatın- İlham Əliyevi, tarixdə ilk dəfə olaraq məhz Azərbaycan respublikasının sədrliyini uzatmasına mənuniyyətlə reaksiya verdilər. Bu etirafdır! Beynəlxalq etiraf! Bəs niyə oldu bu? Niyə baş verdi?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "Mən hesab edirəm ki, bir neçə səbəb var. İlk növbədə, bizim sədrliyimiz dövründə bütün üzv ölkələr gördülər ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bakı Zirvə görüşündə rəsmən Azərbaycan sədrliyi öz üzərinə götürmüşdü. Mən öz çıxışımda demişdim ki, biz üzv ölkələrin maraqlarını müdafiə edəcəyik, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və bunu edirik".

Prezidentin Qarabağ məsələsini həll etməsi məhz qlobal ədalətçiliyin nəticəsi olaraq baş verdi. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək iradəsi göstərdi. Bununla da Qoşulmama Hərəkatı aydın gördü ki, Əliyev ən ağır problemi həll etmək gücündədir. Deməli belə bir lider başqa xalqların da oxşar probleminin həllinə kömək edə bilər. Yeri gəlmişkən, bu yaxınlarda Taciksitan Prezidenti İlham Əliyevə məhz Əfqanıstan-Tacikistan sərhədində yaranmış vəziyyəti müzakirə etmək üçün zəng etmişdi… Bəli, Azərbaycan nümunə yaratmağı bacardı. Və Qoşulmama hərəkatı sədrinin qələbə qazanması həm də Qoşulmama hərəkatının qələbəsidir. Unutmayaq ki, Qoşulmama Hərəkatının 60 illik tarixi var və bu müddət ərzində qurumun belə möhtəşəm qələbəsi olmamışdı. Özü də məsələ burda heç də sədrlik edən dövlətin öz probleminə daha həssas yanaşmasında, obrazlı desək fürsətdən istifadə edib külü öz qabına çəkməsində deyil. Qarabağ bizim problemimiz idi, bəli. Amma COVID-19 da var və Azərbaycan bu qlobal fəlakətlə mübarizədə də öz məsuliyyətinə elə öz ərazi bütövlüyü kimi yanaşır:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Bizim təşəbbüsümüzlə COVID-lə bağlı Zirvə görüşü keçirildi. Biz 30-dan çox ölkəyə humanitar və maddi yardım göstərdik. Onların böyük hissəsi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Bizim təşəbbüsümüzlə COVID-lə bağlı BMT Baş Assambleyasının Xüsusi sessiyası keçirildi. BMT çərçivəsində digər addımlar atıldı. Biz vaksin millətçiliyinə qarşı öz səsimizi ucaltmışıq. Mən bunu rəqəmlərlə dəfələrlə ən yüksək kürsülərdən səsləndirmişəm ki, zəngin ölkələr vaksinlərin 82 faizini özünə götürüb, əl qoyub, amma kasıb ölkələrin cəmi 0,3 faiz vaksinə əli çatır. Bu, nə dərəcədə ədalətlidir? Əlbəttə, ədalətsizlikdir. Müstəmləkəçiliyin elə bil ki, növbəti təzahürüdür. Vaksin millətçiliyinə qarşı biz fəal mübarizə aparırıq. Mən deyə bilərəm ki, dünyada ön sıralardayıq. Bu məsələ ilə bağlı bizim qədər, yəni, ölkə qismində çıxış edən, sözünü deyən ikinci ölkə yoxdur. Bəli, Ümumdünya Səhiyyə Təşkilatı deyir, BMT deyir, amma bunun təşəbbüskarı, deyə bilərəm ki, biz olmuşuq. Üzv ölkələr də görürlər ki, biz doğrudan da, onları müdafiə etməyə çalışırıq, öz imkanlarımız daxilində kömək göstəririk, beynəlxalq tribunalarda onları müdafiə edirik. Bütün bu amillər və əlbəttə ki, bizim tarixi Zəfərimiz bizə olan hörməti daha da artırdı. Hesab edirəm ki, üzv ölkələr gördülər ki, biz nəyi deyiriksə, onu da edirik. Gördülər ki, Azərbaycan əgər Qoşulmama Hərəkatına bir il də sədrlik etsə, 2023-cü ilə qədər bu Hərəkatın nüfuzu da artacaq, təsir imkanları da artacaq”.

Bilmirəm nə qədər haqlıyam, amma mənə elə gəlir ki, Qoşulmama Hərəkatı məhz Azərbaycanın rəhbərliyi altında ən ciddi şəkildə dəyişdi, qəti olaraq Qoşulanlar Hərəkatına çevrildi, ən ciddi məsələlərin həllinə ən hiss olunan tərzdə təsir etdi. Məsələn, Prezidentin İyul Doktrinasından bu parçanı izləyək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“…tarixdə ilk dəfə olaraq, Qoşulmama Hərəkatının Zirvə görüşündə Avropa İttifaqının yüksək vəzifəli şəxsi - xarici siyasət üzrə xüsusi nümayəndə iştirak edirdi, vitse-prezident statusunda. Tarixdə olmayıb və Qoşulmama Hərəkatını digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bağlanması bizim gündəliyimizdə duran məsələdir. Bu yaxınlarda mən Azərbaycanda səfərdə olmuş Avropa İttifaqı Şurasının sədri cənab Mişellə bu məsələni müzakirə etdim və hesab edirəm ki, bu əməkdaşlığın perspektivləri var. Bu faktorlar, bu amillər bu rolu oynadı və ilk növbədə, bizə müraciət olundu. Bizim razılığımız alındı və mən bu razılığı verdim. Ondan sonra bu yaxınlarda keçirilmiş aralıq konfransda bu məsələ gündəliyə gətirildi və bütün üzv ölkələr adından Azərbaycana minnətdarlıq bildirildi”.

Bax belə. Qoşulmama Hərəkatının qarışmama kimi əsas fəlsəfəsini qlobal proqressiv dəyişikliklərə adekvat etməklə, öz iradəsini əhəmiyyətli şəkildə diqtə edən Hərəkat sədrinin, bizim, məhz bizim Əliyevin manevrləri, gedişləri sizə nə deyir? İyul doktrinasında postkonflikt sətiraltılar da var. Məsələn status məsələsi. 25 min adama status verərlər? sualı məncə həm də əla yumor hissi olan adamın ustalıqla atdığı atmacadır. Bir babat qəsəbəyə doğrudan da status düşmür axı. Elə buna görə də bu replika həm hazır cavablıq nümunəsidir, həm də ki, Qarabağa status arzulayanlara hazır cavabdır ki, var:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“başqa yerdə beş dənə Dağlıq Qarabağ yaratsınlar, mən etiraz etmirəm. Mən onu tanıyacağam. Amma Azərbaycanda yox…”

Hə, yeri gəlmişkən, bir zamanlar, yəni Qarabağ məsələsi həll olunmamışdan belə bir ritorika var idi e: “Azərbaycan və Ermənistan prezidentəri öz aralarında razılığa gəlsinlər, münaqişənin həlli ilə bağlı istənilən ümumi qərarı biz dəstəkləyəcəyik!” kimin yadındadı?!:) Şəxsən mənim yadımdadır. Bunu elə ATƏT-in Minsk Qrupunun həmsədrləri deyirdi ki… Bəs nə oldu? 10 noyabr-Ermənistanın kapitulyasiya sənədi-Azərbaycan və Ermənistanın razılaşdığı ümumi sənəd deyil? Bəs onda bu nə demoqoqiyadır belə?! Niyə dəstəkləmirsiniz? 30 il! Otuz il e! Həmsədr dövlətlərə öz iqtidarsızlığını anlamaq üçün 30 il bəs etmədi? Minsk qrupunun özünün status yoxdu artıq! Hansı statusdan bəhs edir onlar? Əgər Fransa üçün Qarabağ problemi bitməyibsə, onda Azərbaycan üçün də Korsika problemi həll edilməyib. Bu həftə biz Ermənistanın Kəlbəcəri atəşə tutmasının şahidi olduq. Ola bilər ki, kimlərsə doğrudan da burda ermənilərin revanş meyllərini görür və bu mülahizənin də yaşamaq haqqı var. Amma mənə elə gəlir ki, Ermənistan yeni psixoloji havaya köklənə bilmir sadəcə. Ermənistan öz aqibətilə barışa bilmir. Buna öyrəşə bilmir. Qanuna, qanuni sərhəd anlayışına öyrəşməlidir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Ermənistanın, əlbəttə, məyus olması ondan irəli gəlir ki, onlar yenə də xülyalarla yaşayırlar. Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Hesab edirəm ki, burada psixoloji amil da öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib”.

Belə. Ermənistan- sivil dünyaya öyrəşməlidir ki, barışda yaşasın, dinc yaşasın, evinə tabut getməsin. Delimitasiya, demarkasiya, sərhədlənmə, bir-birinin ərazi bütövlüyünü tanıma, bir sözlə beynəlxalq qanunlara uyğunlaşaraq yanaşı mövcud olma kimi yeni situasiyaya adət etməlidir. Bir zamanılar ondan ötrü sərhəd Alxanlıdan keçirdi, indi isə Ermənistan Azərbaycan sərhədi onun düz burnunun ucuna, Şurnuxuya dirənib. Sizi Şurnuxuya dəvət edirəm. 6 ay əvvəl orda olmuşduq. Təəssüratlarımızı təzələmək üçün Zəngəzura bir də getdik.

Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycan xalqına iki tarixi faktı xatırlatdı. Birincisi buydu ki, Azərbaycanın tarixi Zəngəzur mahalının yarıdan çoxunu təşkil edən qərb hissəsi hələ də işğal altındadır. İkincisi isə 1921-ci ilə kimi hüquqi baxımdan Azərbacanın ayrılmaz hissəsi olan Qərbi Zəngəzurun- ermənilərin törətdiyi bir neçə soyqırım və bolşevik hakimiyyətinin hiylələri və şantajı nəticəsində Ermənistanın nəzarətinə verilməsi.

Əliyevin iyul doktrinasında həm də Zəngəzur mövzusu üzərində dayanmasına gəlin bu arayışdan sonra baxaq. Prezidentin Avropa ittifaqı şurasının Prezidenti ilə görüşdən irəli gələrək söylədiyi fikirləri xatırlayaq. Avropaya mesaj budur:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Bəli, Ermənistanın məyusluğu davam edəcək. Çünki görünür ki, onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar. Çünki onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik. Təbii ki, bu məsələ səfər zamanı müzakirə olundu və mən izah etməyə çalışdım ki, biz öz sərhədimizə çıxmışıq. Nə üçün may ayında çıxmışıq? Çünki qar əridi. Qar idi, iki-üç metrlik qar idi. Ora çıxmaq mümkün deyildi. Qar əriyəndən sonra biz çıxdıq, lazım bildiyimiz nöqtələri götürdük və orada yerləşdik, orada möhkəmlənirik və möhkəmlənəcəyik”.

İndi isə Vladimir Putinlə görüşün şərhi zamanı bəyan edilənlər. Beləliklə, uzun illər Ermənistanın əsas müttəfiqi olmuş Rusiya lideri ilə söhbətdən sonra. Prezident Rusiya ilə danışıqları eyni zamanda Şarl Mişellə görüşü zamanı dediklərinə paralel olaraq təqdim edir. Daha bir uzaqmənzilli mesaj.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Zəngəzur dəhlizinə gəldikdə, mən cənab Putinə bildirdim ki, bizdə olan məlumata görə, Ermənistan bu məsələ ilə bağlı yenə də özünü səmimi aparmır. Fikir vermisinizsə, mən cənab Şarl Mişellə mətbuat konfransında dedim ki, bütün yollar paralel şəkildə açılmalıdır və selektiv yanaşma olmamalıdır, yəni ayrı-seçkilik olmamalıdır. Amma biz görürük ki, Ermənistan burada da növbəti dəfə hansısa oyun oynamaq istəyir. Dəmir yolunun Zəngəzur dəhlizindən keçməsinə razılıq verib, halbuki müharibədən dərhal sonra buna etiraz edirdi. Mən deyirdim ki, biz onları məcbur edəcəyik, bəziləri bunu təhdid kimi qəbul edirdi. Amma mən nəzərdə tuturdum ki, biz onları o mənada inandıracağıq. Ancaq avtomobil yolunun çəkilişinə etiraz edir. Bu da 10 noyabr tarixində imzalanmış Bəyannaməyə ziddir. Çünki orada 9-cu maddədə göstərilir: yollar açılır - dəmir yolu, avtomobil yolları. Necə ola bilər dəmir yolu açılsın ki, Ermənistan İranla, Rusiya ilə dəmir yoluna malik olsun, amma biz avtomobillə Naxçıvana gedə bilməyək? Belə şey olar? Belə şey ola bilməz. Bu məsələ ilə bağlı Rusiya Prezidenti ilə fikir mübadiləsi apardıq və hesab edirəm ki, növbəti mərhələdə İrəvandan daha ümidverici xəbərlər gələcək. Üçtərəfli işçi qrupuna Ermənistan elə bil ki, müvəqqəti olaraq son qoydu. İyunun əvvəlindən bu işçi qrup yığışmır. Rusiyanın Baş nazirinin müavini Ermənistana, Azərbaycana səfərlər edir və məsələləri ikitərəfli formatda müzakirə edir. Hər halda bizim mövqeyimiz dəyişməz olaraq qalır və Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır”.

Və mənim də Zəngəzur mövzusunu məhz Şurnuxuda dayanaraq izah etməyim səbəbsiz deyil. Necə deyərlər mən Şərqi Zəngəzurun sonuncu nöqtəsində durub Qərbi Zəngəzura boylandım.

Sərhədçilərimizin bu torpaqlarda necə möhkəmləndiyini görüb qürurlanmamaq mümkün deyil. Bu onların yaşadığı yeni binadır.

Bir az sonra mayor Aslanov da gəldi və təqdimatda mənə kömək etməyə başladı. Xahiş edirəm bir detalı nəzərə alaq: söhbət dağların başında yerləşən Şurnuxudan gedir. Əlçatmaz, bütün mülki komfortlar üçün olduqca əlverişsiz məkandan. Baxaq və sərhədçilərimizin təmin olunduğu ən rahat imkanları seyr edək.

Şurnuxuda gedən inşaat-bərpa prosesini bizə anladan isə türk qardaşımız oldu. Onun təhkiyəsində hər şey o qədər cazibədar, o qədər gözəl, o qədər məğrur idi ki... Yorğun simasına, tarixi xidmət müqabilində əldə etdiyi ruh bəxtəvərliyinin nuru çökmüşdü:

Sözün həqiqi mənasında əməlin, işin oğlan vaxtını, dəliqanlı igid oğlan vaxtını yaşayan Şunuxuda bir neçə sərhədçi ilə də söhbət etdik. Bunlardan biri ilə danışığımız yaşadığı binada oldu. Bayaq sizə otaqlarını, şəraitini göstərdiyimiz evdə:

İkinci müsahibəmiz isə dövlət sərhəd xidmətinin əməkdaşlarının müharibədən dərhal sonra yaratmağa başladığı və artıq içində xidmət çəkdiyi diviziyanın həyətində oldu. Təkrarlamaq ləzzət edir: Bura meqapolis deyil. Oturuşmuş şəhər deyil. İşğaldan azad edilmiş ərazilərimizdir. Bu yerlərə azadlıq kimi qayıdan sərhədçilərimizin yaşadığı, xidmət çəkdiyi yerdir. Danışan sərhədçimizin adı da çoxmənalıdir. Ozal.

Çəkiliş qrupundan xüsusi icazə tələb etməyə cürət edən Rusiya sərhədçisinə Azərbaycan sərhədçisinin soyuqqanlı bir qətiyyətlə “biz burda öz ərazimizdə, Azərbaycan dövlətinin ərazisində dayanmışıq! Çəkilişə də biz icazə vermişik. İkinci icazəyə ehtiyac yoxdur. İşinizlə məşğul olun” deyən BÖYÜK HƏRFLƏRLƏ AZƏRBAYCANIN mövqeyindən qürurlanmamaq mümkün deyildi. Bu qürura bərabər eyni hissi bir də bilirsiniz, nə vaxt keçirdim: Rusiya sərhədçisi bu sözlərdən sonra, acizanə surətdə, tabe bir şəkildə çest verib geri dönərkən! Biz Zəngəzurdaydıq. Öz doğma, tarixi, Prezidentin sözləri ilə desək, dədə-baba torpağımızda!

Bax budur Azərbaycanın, onun Ali Baş komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı qalib tarixin xalqımızın keçmişindən fərqi. Budur Azərbaycanın Ermənistanı gec-tez delimitasiyaya məcbur edəcəyinə bizi inandıran. Həqiqət torpaq arxlarla axan su kimidir. Mənzil başına gec çatır. Ona görə ki, hopa-hopa axır. Həmişə belədir. Zəngəzura səfər isə həm də hər dəfə uca bir yerdən tarixə baxmaq imkanıdır.

Amma biz heç vaxt zəlil və zəif olduğumuz o qara, o məğlub günləri unutmamalıyıq. Bu helikopterlə ucalarda, ucalıqlarda getdiyimiz yolun eyforiyası o alçaldılmış, qara günləri yadımızdan çıxarmamalıdır. Məsələn. 1993-cü ilin Kəlbəcərini. O yerlərdən qaçıb, daha doğrusu uçub canını qurtarmağa çalışan zavallı soydaşlarımızı. Bu kadrları... bu helikopteri...

O günlər hər bir Azərbaycan vətəndaşının yadında səriştəsiz, məsuliyyətsiz insan qrupunun həvəskar idarəçiliyinin yaratdığı katastrofa, dövləti qəza, avariya kimi qalmalıdır. Bir daha o dəhşətləri yaşamamaqdan ötrü o tip siyasi çəlpələnglərə azad vətən səması etibar edilməməlidir. O rəhbərciklərin oxşarları, onların əhval-ruhiyyəsinin qaragüruhçu varisliyi Azərbaycanda bir daha yaşanmamalıdır. Qoşulmama Hərəkatının, deməli dünyanın BMT-dən sonra ikinci ən böyük təşkilatının sədri olmuş Azərbaycanın nailiyyətlərinin bəşəri, planetar faydası bizi tam yeni cavabdehliyə daşıyır. Və mən sizi yenidən tariximizin ən uca yerində, Xanın səsi, Qarabağın şikəstəsi tək havalanan bu helikopterə dəvət edirəm. Bu ucalıqdan sonra qədəm basdığımız qələbə nöqtələrində hər addım şərəfdir, şandır, sadəcə misilsizdir. Ötən verilişdə sizinlə tanış etdiyimiz erməni ailəsi isə bu dəfə evində deyildi. Bəlkə də evdə idi, özü görünmək istəmədi. Amma hayıf... Yaxşı suallarımız var idi.

Bu həftə milli mətbuatımız öz gününü qeyd etdi. Rəhmətlik Zərdabinin əkdiyi toxumdan nələrin bitdiyini, nələrin bitmədiyini, nəyin alaq, nəyin quşəppəyi, nəyin baldırğan, nəyin də sadəcə buğda olduğunu bir daha gördük. Bayram ərəfəsində Qafqaz info.az saytının rəhbəri Elbrus Ərud, Haqqın.az saytının rəhbəri və mən mediamızın günü, səviyyəsi barədə son zamanlar bu mühitdə baş verən yeniliklər fonunda xeyli dərdləşdik. Maraqlı qənaətlər hasil etdik. Əslində bu formatda müzakirələrin bir qəlib olaraq başqa sahələrin də sərf-nəzxər edilməsində istifadə oluna biləcəyini yəqin etdik. Eynulla Fətullayevin intensiv intellektual, Elbrus Ərudun təkzibolunmaz məntiqli yanaşmaları sübut etdi ki, mənim də narazı qaldığım ənənəvi və klassik media cameəsinin fundamental dəyişikliklərə ehtiyacı var. Və biz əslində müstəqil Azəbaycan üçün hansı əfzəldir: vətəndaş müstəqilliyi, yoxsa dövlət müstəqilliyi, ya da vətəndaş azadlığı, yoxsa dövlət azadlığı sualına cavab axtardıq. Düzdür hər birimiz öz fikrimizdə qaldıq. Amma hər üç düşüncə arxitekturasında müəyyən dəyişikliklərin baş verdiyinə və ya verəcəyinə şübhə etmirəm. Və bu müzakirələri apararkən hansısa şirkətin hansısa gizli avadanlıqlarla Azərbaycanın mən də daxil olmaqla bəzi nümayəndələrinin telefonlarının dinlədiyi barədə məlumat yayıldı. Dövlət Təhlükəsizlik Xidmətinin peşəkarlığına tam etibar etdiyimdən prosesləri sadəcə soyuqqanlı tərzdə izləməyə başladım. Sonda hər şey aydın oldu. Heç demə, ortada Fransa Prezidenti Makronun dinlənilməsi məsələsi varmış. Ayının min bir oyunu da bu armudun başındaymış. Fransa xüsusi xidmət orqanlarının əməliyyatıymiş bu. İngilislərdə belə bir söz var: yuzful idiot. Yəni faydalı axmaqlar. Və məhz bu axmaqlar bu skandalı insan haqlarının qorunması məcrasına soxuşdurmaq istəyiblər. Vəssəlam. Ona görə müxtəlif adamlara azərbaycan dilində hazır mətnlər göndərilirdi, hadisənin doğruya oxşaması üçün müəyyən mənzərələr tərtib edilirdi. Müharibə zamanı Azərbaycanın sözün bütün mənalarında silahdaşı olmuş İsrailin adının çəkilməsi də səbəbsiz deyildi. Yəni qeyri-ciddi bir olaya bundan çox vaxt ayırmayaq. Amma bu olaya həm də bir test kimi baxmaq olar. Beynəlxalq dərəcəli şayiədən Azərbaycan dövlətinin üzərinə getmək fürsəti kimi yararlanan kim, adlarının, nömrələrinin çıxdığı siyahıya az qala Şindlersiyahısı etibarı verməyə çalışan kim... Bu hadisə göstərdi ki, milli mətbuatımızın ən böyük problemi peşəkarlığın kəmiyyət və keyfiyyət etibarı ilə böyük hesabla uduzmasıdır. Bəli, hörmətli tamaşaçılar! Azərbaycan mediası bu gün qeyri-peşəkarların, təhlükəlicəsinə cahillərin, təşəbüskar axmaqların ən çox toplaşdığı məkandır. Ona görə də MEDİA-nın inkişafı dövlət agentliyinin fəaliyyəti bəlkə də bu gün müdafiə nazirliyinin, yaxud Əmək və Əhalininn sosial müdafiəsi nazirliyinin fəaliyyəti qədər mühümdür. Stratejidir. Bu qurum mətbuatın ələbaxan olmaması, yaradıcı fərdin özünümaliyyələşdirməsi və bunun da tam şəffaf baş verməsi üçün ciddi fəaliyyət göstərir. Köhnə vərdişlər, dövlətdən ayırmalar hesabına dolanışıq, az qala əlil müavinəti kimi ələ keçirilən maddi imkanlarla gün-güzəran düzəltmələr, “allah bir tikə çörəyi harda olsa verəcək təfəkkürünün jurnalistikamızı sadəcə maaş vermə yerinə, yeni iş yeri, evinə bir tikə çörək aparır, hayıf filan kanal bağlandı, 120-200 adam işsiz qaldı” fəlsəfəsinə kökləməsi mətbuat mühitində mövcud olan çatışmazlıqların əsas səbəbidir. Mətbuat günümüzdə mətbuatımızn bu günü barədə ən yaxşı təhlili yəqin ki, Mehman Əliyev yazdı. Turan agentliyinin direktoru. Ən xırda detallaradək, peşəkarcasına, ustadcasına işlənmiş bu təhqiqata görə, bir institutun işini gördüyünə görə Mehmana sağ ol düşür. Məncə biz bu araşdırmanı diqqətlə oxumalı və mətbuatımızın həm azad olaq, həm də asılı!” təfəkkürünündən xilas olması üçün ilk növbədə bu ziddiyyəti aradan qaldrmalıyıq. Mətbuatın azad olması iqtisadi müstəqilliklə birbaşa bağlıdır və biz gərək hər şeyi edək ki, reklam bazarı söz sahibi olsun. Hər bir media qurumu rəqabətdə inkişaf etsin. Bundan ötrü isə hökumətdən asılılıq yığışdırılmalıdır. Azad rəqabət azad reklam imkanları. Məncə media qurumları Medianın inkişafı dövlət agentliyinin məhz bunu etmək istədiyini anlamalı, ona adekvat reaksiya verməlidir, yeni qurumdan köhnə qurumluq tələb etməməlidir. Müstəqil Azərbaycan dövləti sosial dövlətdir. Amma sovet sosialist dövləti deyil. “Mənə sərf edəndə kapitalistəm, sərf etməyəndə sosialistəm!” olmur. Sosial dövlət vətəndaşın yanında olmalıdır. Əlbəttə. Amma imkanlar yaratmaqla. Bu imkanlar vətəndaşın, amma son nəticədə dövlətin güclənməsinə kömək etməlidir. İmkanlar media əməkdaşlarının öz fəaliyyəti nəticəsində yaxşı qazanmasına, şəffaf və qanuni qazanmasına kömək etməlidir. Dövlətin yaxasından asılmaq yol verilməzdir. Müharibədən çıxmış dövlətin Qarabağı yenidən qurmaq, işğaldan azad edilmiş torpaqlarda faktiki olaraq ikinci Azərbaycanı yaratmaq kimi nəhəng hədəfi var. Ümimiyyətlə dövlətdən xüsusilə bu günlərdə sağmaq, müəyyən adlar altında pul istəmək, hətta Milli Məclis üzvləri səviyyəsində “onu qaldır, bunu qaldır!” tipində bir az da bəlkə nevropataloqvari komandalarla, tapşırıqlarla məşğuil olmağı dayandırmaq lazımdır. Azərbaycan azad etdiyi torpaqları abad etməlidir! Bir müddət əvvəl Avropa İttifaqı Şurasının Prezidentinin Ermənistan və Gürcüstana, hər birinə ayrılıqda 2 milyard yarım avrodan artıq, Azərbaycana isə 150 milyon avro ayırmaq niyyətini elə media mənsubları pafosla işıqlandırmışdı... Az qala Fransaya media müharibəsi elan edirdik. Deməli, kənardan yardım gözləmək ən azı sadəcə xoş arzudur. Deməli bərpa prosesini Azərbaycan dövləti və xalqı özü həyata keçirməlidir. Bir binadan nə olacaqdı, biz də əsgərik, biz də döyüşmüşük, vuruşmuşuq kimi bəyanatları isə gəlin bağırmayaq, pıçıldayaq. Dama-dama göl olar. Bir artıq bina tikilməyəcək demək, demək o binanı Qarabağda tikəcəyik. Deyəsən o qədər “Biz informasiya müharibəsində elə qalib gəldik, belə qalib gəldik!” sözlərini o qədər demişik ki, Xlestakovvari öz yalanımıza özümüzü inandırmışıq axı. Arabir düşünün ki, informasiya müharibəsini kim udub! Belə də öz aramızda. Bu günlərdə mən də daxil olmaqla media və qeyri hökumət təşkilatlarıının rəhbərləri, ictimai fəallar Prezidentə müraciət dərc etdik. Xahiş etdik ki, jurnalistlər üçün nəzərdə tutulan üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən müharibəsi qəhrəmanlarına təqdim olunsun. Əslində bu müraciət Azərbaycan Mətbuatının tarixində əbədi şərəf səhifəsi tək qalmalıdır. Biz fəxr etməliyik ki, xalqın ən şərəfli övladları məhz bizim müraciətimiz nəticəsində bizim adımıza tikilmiş binaya bizim dəvətimizlə köçəcəklər. Sosial şəbəkə qaragüruhçuluğu, yeri gəlmişkən, mən bu barədə az qala hər həftə danışıram, bu təşəbbüs ətrafında xoşagəlməz aura yaratmağa çalışırlar. Amma nahaq. REAL-ın əməkdaşları arasında da sosial şəbəkələrdə məsələyə fərdi maraq baxımınmdan yanaşanlar var. Anlayıram. Amma biz bu kanalı şəhidlərin, qazilərin kanalı elan etmişik. Bu sadəcə söz deyil. Bu prinsipdir. Fəlsəfədir.

Təsəvvür edirsiz, xüsusi təyinatlı şəhidlərin ailələri o binalarda yaşayacaq, ora canlı məbəd olacaq. Qənimətlər parkı varımızdı. Bu da olsun qənimlərin binası. Əksinə mən düşünürəm ki, o ailələrlə qonşu olmaq böyük məsuliyyətdir. Azərbaycan tarixinin ən uca məqamında qərar tutmuş insanların qonşusu olan digər iki binanın jurnalistlərindən təşəbbüs gözləyirəm. Bu binanın şəhid ailələrinə, Qarabağı, müqəddəs Şuşa şəhərimizi işğaldan azad etmiş xüsusi təyinatlılara verilməsindən sonra o şəhərcik müqəddəs olacaq. Kəbə kimi. Bax o müqəddəs ruhların əhatə dairəsində yaşayan jurnalistlərimizə çətin olmayacaq ki? Məncə olacaq... Bəlkə diskusiyanın səmtini dəyişək?! Jurnalistlərimiz üçün daha əvvəl tikilmiş iki binada neçə jurnalist var: bizim təşəbbüsümüzə qoşulan?! Gözləyirəm. Vicdan vücud sözündəndir. Bunu bilirdiniz? Ya vücud, ya da vicdan! Rza Deqati ilə söhbətimizin bir adı da budur: Baxın. Əminəm ki, bu müsahibədən sonra çox şey dəyişəcək həyatınızda. Hətta çay qaşığına münasibətiniz də.

 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər