Mir Şahinin vaxtı - 01.08.2021 (VİDEO)

Mir Şahinin vaxtı - 01.08.2021 (VİDEO)
REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir!

“Mən yanmasam, sən yanmasan, biz yanmasaq necə çıxar qaranlıqlar aydınlığa” demişdi Böyük Türk Şairi Nazim Hikmət.

Tarix sübut etdi Ki, Türkiyə və Azərbaycan bir-birinin halına yanmağı müttəfiqcəsinə bacarır. Türkiyənin meşələrindən başlayan alov dilləri, Azərbaycanın, Bakının alov qüllələrindən göründü. Şuşa Bəyannaməsi imzalanandan sonra bu, qarşılaşdığımız ilk ciddi təhdid idi. Müttəfiqlik münasibətlərimizin rastlaşdığı ilk imtahan. Biz bu imtahandan birlikdə çıxırıq. Prezident İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər birinin yerinə deyilmişdi. Hamımızın adından imzalanmışdı.

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbər bizi son dərəcə kədərləndirir.

Əminəm ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir.

Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır.

Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

Birinci vitse-prezident Mehriban Əliyevanın təcili paylaşımı da eyni ovqatı daşıyırdı. Azərbaycanın Birinci xanımının ürək sözləri belə oldu:

MEHRİBAN ƏLİYEVA

“Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!"

Ortada bir fövqəladə qardaşlıq, fövqəladə müttəfiqlik nümunəsi var idi. Türkiyəyə yola düşən yanğınsöndürənlərimiz qardaş ölkənin mütəxəssisləri ilə birlikdə ən qaynar, ən riskli yerlərdə dərhal işə başladılar. Şuşa bəyannaməsi mükəmməl işlədi. Təsəvvür edin: Azərbaycan malik olduğu iki amifibiya təyyarəsindən birini, 700-dən artıq mütəxəssisini hadisə rayonuna yola saldı. Baxmayaraq ki, bizim də müxtəlif yerlərdə yanğın ocaqlarımız var idi. Amma Şuşa bəyannaməsi iki dövlətin bir millətinin üzərinə ilahi bir məsuliyyət qoyur. Biz biri-birimizə bir-birimizdən də yaxınıq.

Hadisənin ilk çağlarından qaynar nöqtələrdə işləyiən Türkiyə təmsilçimiz Natiq Nailəoğlu ilə rabitəmizi fəlakət baş verəndən bir sutka sonra yarada bildik. Elə ərazilərdə işləmişdi ki, orda nə şəbəkə var idi, nə də hər hansı təmas imkanı. Müxbirimiz evi yanan, var-dövləti talanan qardaş-bacılarımıza hətta vedrələrdə su daşıya-daşıya yanğını söndürməyə kömək etməyə çalışırdı. Bu gün də vəziyyət tez-tez dəyişir. Məsələn bu saat siz verilişimizi izlədiyiniz zamanlarda da yeni ocaqlar yarana bilir, köhnə ocaqlar söndürülür. Amma xoş xəbərimiz də var və bu da ondan ibarətdir ki, vəziyyət nəzarət altına alınır. Dövlət təfəkkürü, sınmaz kamil vətəndaş iradəsi, iki dövlət bir millətin fenomenal vəhdəti artıq PKK terrorunun da bağlı ola biləcəyi, yanğınların qəsdən törədilə bilmə ehtimalları doğuran fəlakəti qorxunc saymamağa əsas verir. Biz artıq bir-birimizin yanında deyilik. 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycan olmuşdu, bir neçə gündür ki, yanğın zonasında Azərbaycan Türkiyələşib! Biz Türkiyə iləyik demirik! Biz Türkiyəyik!-deyirik...

Yanan ağacların yerinə yeni meşələr salınacaq! 2018-ci ilin noyabrında Ankarada Heydər Əliyev parkında cənab Ərdoğan ağac əkmişdi, yadınızdadı yəqin. “Fidanlar fidanlarla böyüyür!” demişdi. Bax o fidanlar yenə də böyüyəcək. Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı ilə müsahibəyə baxın. Sayın səfirlə əməkdaşımız Kamran Qasımov danışır. Biz səfirimizə baş verən fəlakətdən dolayı üzüntülərimizi, həyatını itirmiş soydaşlarımıza görə başsağlığımızı çatdırırıq.

Əlbəttə metafora ilə, bədii təyinlə də danışa bilərik. Məsələn, bu saat ağlıma gələn fikirlərdən biri də kağızın ağacdan hazırlanması oldu. Şuşa bəyanaməsinin də yazıldığı kağız. Türkiyə ağaclarına qəsd varsa deməli həmin o kağıza qəsddir-deyə düşündüm. Amma o saat da ağlıma gəldi ki, bir meşəyə qəsd edənlər o meşələrin sərhədlərinin Şuşaya aparan zəfər yolundan da keçdiyini bilməli idilər. Biz meşələr qədərik. Hər birimiz ağac ola bilərik! Dəmir Ağac! Torpağın təkinə işləmiş ağac. Bu dəmir ağaclardan biri Şurnuxuda idi. Ötən dəfə biz ondan müsahibə almışdıq. Dərin, səmimi, hər sıravi adama xas olmayan bir müdrikliklə yadımda qalıb:

Türkiyə bizim bölgədədir. Müharibə aparmır. Qurur, tikir, bərpa edir, yol çəkir. Bizimlə bir yerdə, bir göydə. Mahiyyət tərəqqipərvərdir. Bəşəridir. Hər şey onu göstərir ki, Azərbaycan-Türkiyə müttəfiqliyi yeni keyfiyyət səhifələri vəd edir. Şuşa bəyannaməsi təkcə imkanların, xoş niyyətlərin birliyinə vəsilə deyil. Bu sənəd həm də hər iki dövlətin düşmənlərini sərvaxtlığa, birliyə təhrik etdi. Biz dostluq ətrafında birləşdiyimiz kimi, onlar da düşmənlik ətrafında birləşdilər. Zəfər günlərində Bakının küçələrini bürüyən Azərbaycan-Türkiyə-Pakistan bayraqdaşlığı artıq Qarabağa, işğaldan azad edilmiş ərazilərimizə yüksək səviyyəli ziyarətlərlə köçür. Bölgədə yeni reallıqlar yaranır. Qələbə mənəzərələri. Zəfər coğrafiyası. Pakistan və Türkiyə parlamentlərinin rəhbərlərinin Şuşada REAL-a verdiyi müsahibələri xahiş edərdim ki, yeni gerçəkliklərin şəkli kimi qəbul edək:

Əlbəttə tarixi hadisələr, əslində hər biri milli-dövləti bəxtəvərlik nümunəsi sayıla biləcək olaylar o qədər tez-tez baş verir ki, proseslər adiləşir. Amma bizim də borcumuz budur ki, qaragüruhun bəsit təbliğatı, təkhüceyrəli maraq səviyyəsinin fundamental tarixi hadisələri ört-basdır etməsinə imkan verməyək. Sosial şəbəkələrin və ya sosiakl şəbədələrin, xüsusilə facebook-un və ya feykbook-un yaratdığı primitiv zir-zibildən informasiya mühitimizi arıtlayaq, təmizləyək. İndi deyəcəyim sözləri aram-aram söyləyəcəm. Yavaş yavaş. Söhbət Şuşadan gedir. Şuşaya Türkiyə Böyük Millət Məclisinin rəhbəri gəlib. Ola bilsin ki, biz artıq Türkiyə Qardaşımızın səfərlərinə öyrənmişik. Xoşbəxt öyrəşmədir. Amma Şuşaya həm də Pakistan gəlib. Nüvə dövlətinin rəhbərlərindən biri. Bakı Bəyannaməsinin yaratdığı yeni geosiyasi arxitektiranın tərkib hissəsi tək. İndi isə gəlin Sizinlə keçilənləri qısaca təkrar etməyə çalışaq. Azərbaycanın 44 günlük müharibəsi ərəfəsində, bu davanın gedişində və sonunda İlham Əliyevin apardığı informasiya müharibəsi. Niyə bu mövzuya toxunduğumu deyəcəm. Az sonra. Mahir Məmmədlinin hazırladığı məşhur reportaja bir də baxaq:

İnformasiya müharibəsi yalnız bu idimi? Əlbəttə yox. Dinc insanları hədəfə alan, terror həmlələri ilə Gəncədə, Tərtərdə, Bərdədə, Naftalanda törədilən faciə məkanlarına yola düşən xarici media nümayəndələrinin, müntəzəm diplomat səfərləri də bu mübarizənin tərkib hissəsi idi. İşğaldan azad edilmiş ərazilərə təşkil edilmiş ezamiyyətlərin də fəlsəfəsi hadisə rayonunda olmaqla, ermənilərin vəhşi təbiəti, dağıdıcı-tarmarçı manyakal psixologiyası barədə tam təsəvvür formalaşdırmaq idi. Bu sırada kimlər yox idi... Doğma Türkiyə... Ərəb mediası, Avropa mediası, Latın amerikasının media təmsilçiləri, Rusiyanın, Fransanın ədalət hissini itirməyən kütləvi informasiya vasitələri. Bu media siyasəti üzü Biləcəriyə, arxası Xırdalana deyildi. Azərbaycanın lideri dünyanın onlarla televiziyasının 50-dən artıq sualına cavab verdiyi mətbuat konfransının vaxtının Xocalı soyqırımı gününə salınması belə xüsusi gediş idi. Prezident 21-ci əsrin müharibəsini belə apardı. Sözün həm məcazi həm də birbaşa mənasında. Və bu gün Laçın dağılarında bal pətəkləri sərgiləyən azərbaycan kəndlisinin yaradıcılığı əfsanəvi fotoqraf Rza Diqqətinin nümayiş etdirdiyi foto sərginin bəlkə də davamıdır.

Və məncə qalib kənd təsərrüafatının, o cümlədən öz məskəninə qayıtmış arıçılarımız bu pətəklərlə həm də Azərbaycanın Ali Baş komandanı başda olmaqla xalqımızın, silahlı qüvvələrimizin fədakarlıq vəhdətinə ən yüksək balla qiymət verirlər. Və Necə Şirinsən Qələbə!demək olar. Şuşa bəyannaməsi, Bakı Bəyannaməsi tək birlik, birgəlik sənədləri məhz arı müttəfiqliyinə görə qısqanclıq yaradır. Məşhur avantürist Vladimir Jirinovskinin dövlət müstəqilliyimizi hədəfə-hədyana alan çıxışını şəxsən mən Türkiyə-Pakistan-Azərbaycan birgəliyinin rəmzi olan Bakı bəyannaməsinə reaksiya tək qiymətləndirirəm.

Bax elə belə pristuplara görədir ki, Ermənistanın nümayiş etdirdiyi davakar inad, imkanlarından, boyundan yuxarı oppanmaq çapaları mənə ən azı qəribə görünür. Suallar yaranır. Axı ordusunun onurğası sındırılmış Ermənistan Azərbaycanla dövlət sərhədində niyə gərginlik yaratmaq istəsin.Ermənistan rəhbərliyində olan bəzi şəxslər məğlubiyyət sindromundan çıxmaq üçün beynəlxalq dərəcəli avantüralara əl atırlar. Nəticədə Amerika Birləşmiş Ştatların Ermənistandakı səfirini Zəngəzura aparıb çıxarırlar, Fransa səfiri ağlasığmaz bəyanat verir, sərsəm sözünü qəsdən işlətmədim ki təhqir etməyim. Bu həftə ATƏT-in Minsk Qrupu belə deyək bir bəyanat asqırdı. Bəyanat ziddiyyətlidir. Həm ovqatdan elə çıxır ki, Ağdam sanki işğal altındadır, amma o da görünür ki həmsədrlər həm də reallığı qəbul edirlər. Əlbəttə, həmsədrlər əvvəlki formata iddia etməklə Ermənistanın ərazi iddiasını gündəmdə saxlamaq istəyənlər kimi görünürlər. Çünki tonun o yerini başqa cür anlamaq olmur. Və Ermənistanı 10 noyabr kapitulyasiyasına məcbur etmiş Azərbaycan təbii ki, həmsədrlərin bu pozasına imkan verməyəcək. Əgər onlar doğrudan faydalı olmaq istəyirlərsə, sərhədlərin müəyyənləşdirilməsi tək aktual işlərlə məşğul olmalıdır. Yeni şərtləri qəbul etməlidir. Fürsətdən istifadə edərək konqresin Amerika birləşmiş Ştatlarının Azərbaycana ayırdığı hərbi yardımı dayandırmaq qərarına da toxunum. Əlbəttə burda erməni lobbisinin təsiri var. Amma söhbət indi həm də Amerikanın öz maraqlarına zərbə vurmasından gedir. Çünki Azərbaycana hərbi yardımın Qarabağda aparılan əməliyyatla hər hansı bağlılığı yox idi. Bu yardım dünyada sülhməramlı əməliyyatlar aparılması üçündür. Belə çıxır ki, ABŞ həm də öz oturduğu budaqdan kəsir. İndi isə mətləbə qayıdıram: tez-tez ODKB-nin adını çəkən Ermənistan əslində bu cəhdlərlə sərhəd mövzusunu artıq başa çatmış Qarabağ münaqişəsinə müncər etmək, mövzuya xarici dövlətləri cəlb etmək istəyir. Amma yəqin artıq İrəvan dəqiq qərar verməlidir. O kim olacaq? Öz sərhədini, dövlət məsuliyyətini, müstəqil siyasətini müəyyən etmiş respublika, yoxsa kiminsə forpostu, hansısa dövlətin gizli ərazisi və əhalisi, çirkli niyyət yumaq poliqonu. O zaman Azərbaycan da öz mövqeyini müəyyən edəcək, öz sərhəd danışıqlarını Ermənistanla yox, onun sahibi ilə aparacaq! Ermənistan ya Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin müəyyənləşdirilməsi prosesində ağılla-başla iştirak etməli, qurucu gələcəyin səmərəli halqasına çevrilməlidir, əks təqdirdə, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Heç dünəndən, srağagündən, tasrağagündən tanımayacaq. O dünəndə, srağagündə, tasrağagündə Göycə var, Zəngəzur var, İrəvan var... Və bir də bilirsiniz nə var?! Azərbaycanın da İsrail kimi, öz doktrinası var. Bir əsgərimizin itkisinin qarşısı beş düşmən itkisi ilə alınacaq. Necə ki, bu yaxınlarda Kəlbəcər istiqamətində kimsə baş qaldırmaq istəyirdi, bizim Dəmir yumruğun bir şəhadət barmağı kifayət etdi. Azərbaycan artıq 90-cı illərin qaragüruh idarəçiliyindən əziyyət çəkən invalid dövləti deyil, regionun ən güclü, qalib ölkəsidir. Bu həftə biz Ağdamın işğalının növbəti ilini yad etdik. Doğrudur, Ağdam artıq azad edilib. Amma bu o demək deyil ki, sosial şəbəkələrdə sadəcə deyiliş cazibədarlığına görə belə təhlükəli ovqat paylaşsın: “Ağdamın işğalından 28 il keçmədi!” xeyr. Keçdi. Biz o tarixlərin heç birini unutmamalıyıq. Sosial şəbəkələrdə müəyyən təsirə malik qaragüruhun da istədiyi elə budur. Onlar unutqanlıq aşılayırlar! 30 il işğal altında qalmış ərazilərimizə, didərgin salınmış əhalilərimizə, uğursuz əməliyyatlar nəticəsində həlak olmuş minlərlə vətəndaşımıza, təhqir olunmuş milli qürurumuza görə məsuliyyət daşımasınlar deyə Ağdamın işğal tarixinin yanından oğru kimi sivişib keçmək istəyirlər. “Azadlığın ad günü filmi”ndən Ağdam bölməsinə baxaq.

Əlimdəki bu kitab sözün bütün mənalarında Böyükdür. Zəfər Salnaməsi adlanır. Prezident Adminstrasiyasının dəstəyi ilə hazırlanıb. 2016-cı ilin aprel döyüşlərindən 2020-ci ili Zəfər tarixinədək, həm ərəfə, həm sonrakı dövrü əhatə edir. Kitaba Prezident İlham Əliyev ön söz yazıb. Ön sözün bu yerini oxuyuram:

“Bizim apardığımız müharibə ədalətli idi. Çünki həm tarixi, həm də beynəlxalq hüquq baxımından biz haqlı idik. Xalqımızın gücü və iradəsi, iqtidar-xalq ordu birliyi şanlı qələbəmizi təmin etdi. Erməni təcavüzkarlarının torpağımızı nə hala saldıqlarını hamı görməlidir. Ermənistan rəhbərləri buna görə cavab verməlidirlər. Biz isə düşmən tərəfindən viran qoyulmuş torpaqlarımızı bərpa edəcəyik, onu çiçəklənən diyara çevirəcəyik!”

Azad olunmuş torpaqlar bütöv və yeni Azərbaycanın rəmzinə çevriləcək! Qarabağ Azərbaycandır. Və biz həmişəlik qayıtmışıq!” Yeni Azərbaycan dedikdə bu yalnız ifadənin adı deyil. Ortada tam yeni konsepsiya var. Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycan diplomatlarının yeni vəzifələri barədə aydın tapşırıqlar verdi. Xarici ölkədəki səfirlərimiz, müxtəlif hökumətlərarası komissiyalarda işləyən təmsilçilərimizdən yeni daxili məzmun tələb olunur. Bir də yadımıza salaq:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Bununla bərabər, mən indi bizim bütün xarici ölkələrdəki səfirliklərə göstəriş verirəm ki, öz təmasları əsnasında bu zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat versinlər. Bizim bir çox ölkələrlə hökumətlərarası komissiyalarımız var. Bu komissiyaların rəhbərlərinə də tapşırıram ki, komissiyaların iclaslarının keçirilməsi zamanı Azad İqtisadi Zonanın nümayəndələri mütləq təmsil olunsunlar və bu mövzu mütləq gündəliyə salınsın. Bir daha demək istəyirəm, çünki bizim bir çox ölkələrlə belə komissiyalarımız var. Amma bu komissiyaların işini təhlil edərkən görürəm ki, xarici şirkətlər Azərbaycanda daha çox podratçı kimi fəaliyyətə cəhd göstərirlər. Yəni, Azərbaycanda daha çox pul qazanmaq istəyirlər, bunun mənası budur. Biz etiraz etmirik. Çünki indi biz hətta azad edilmiş torpaqlara xarici podratçıları, kontraktorları cəlb edirik. Ancaq biz istəyirik ki, xarici investorlar Azərbaycana sərmayə qoysunlar. Çünki dövlət sərmayəsi artıq öz rolunu oynayıb. Biz bütün əsas infrastruktur layihələrini icra etmişik. Təbii ki, azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq biz başa düşməliyik ki, birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, xaricdən vəsaiti Azərbaycana gətirməkdir. Hesab edirəm ki, məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər".

Və mən bu sitata həm də ona görə müraciət edirəm ki, son zamanlar tez-tez tələffüz olunan iqtisadi diplomatiiya ifadəsinin sadəcə bir söz birləşməsi olduğunu düşünməyək. Son günlər bir çox ölkələrdəki səfirlərimiz geri çağrıldı, dəyişdirildi. Məncə səbəblərdən biri də dövlətin yeni diplomatik təqvim tərtib etməsi ilə bağlıdır. Hər bir səfir bundan sonra yəqin ki, fövqəladə və səlahiyyətli səfir adlanmaqla yanaşı, fövqəladə və iqtisadi səlahiyyətli səfir olacaq! Bu yeni dövrün əsas tələblərindən biridir. Səfirlərin dəyişməsi: yeni iqtisadi diplomatiyanın tələbi kimi. Artıq gedib formal iclaslar çağırmaqla, formal protokollar imzalamaqla məsələ bitməyəcək. Real nəticələr, cəlb ediləcək investisiyalar qiymətləndiriləcək. Səfirlərimizin fəaliyyəti ədəbi-publisistikdən, riyazi-iqtisadiyə keçməli olacaq. Dövlətin yenilənmə miqyası olduqca genişdir. Pandemiya şəraitinin gətirdiyi yeni qaydalar, vətəndaş intizamının yeni keyfiyyət mərhələsinə keçməsinin doğurduğu çətinliklərlə yanaşı, məsələn son zamanlar narkomaniya və narkotik vasitələrin ticarəti ilə mübarizə. Hüquq mühafizə orqanlarının cəmiyyətin müxtəlif sfera və laylarını əhatə edən mübarizəsi səmərə verməkdədir. Ən maraqlısı da elə bu zəmində baş verir. Bu gün polis şadlıq saraylarının qarşısında maskaya və sosial məsafəyə nəzarət edir. Yaxud son günlər allahsızcasına vüsət alan narkomaniyanın qarşısına çıxır və elə bu arada da polis əməkdaşı hansısa millət vəkili tərəfindən döyülür. Əlbəttə, hadisənin üstündən keçmək olardı. Ona görə ki, daxili işlər naziri hadisəni dərhal nəzarətə götürdü, Baş prokurorluğun müraciəti əsasında Parlamenmt deputatın toxunilmazlığının aradan qaldırılması məsələsinə baxacaq. Yəqin ki, məsələ məntiqə uyğun da həll ediləcək. Və mövzunu qapamaq olardı. Amma mən məsələyə başqa tərəfdən yanaşmaq istərdim. Əvvəla gəlin polis əməkdaşının müxtəlif vaxtlarda məruz qaldığı hadisələrin kiçik bir xülasəsi ilə tanış olaq. Baxın. Bu kadrda Leyla Yunus polis əməkdaşının papağını yerə salırdı:

Bu kadrlarda isə polisə qab-qaşıq atırdılar...

Gəncədə öz vəzifə borcunu özü də silah işlətmədən yerinə yetirərkən qətlə yetirilən polis zabitlərini də yadımıza salaq. Və sosial şəbəkələrdə polisin, nazirdən tutmuş sıravi polis əməkdaşınadək- polisin nüfuzdan salınmasına, təhqir edilməsinə, onların imicinin dayanmadan gözdən salınmasına cəhdlər edilməsi istiqamətində aparılan təbliğat...Və gəlin indi bu sadaladıqlarımdan sonra millət vəkili Eldəniz Səlimovun polis əməkdaşına əl qaldırması faktına qayıdaq. Eldəniz Səlimovun əli Leyla Yunusun da, polis əməkdaşına damdan qab-qacaq atan vətəndaşın da, hətta Gəncədə polisə bıçaq çəkən qatilin də əlinə bənzəyir. Unutmayaq ki, polisin üzərində gerbimiz və bayrağımız əks olunur. Eldəniz Səlimov da gerbə və bayrağa Leyla Yunus kimi əl qaldırıb. Özü də daha qaba və daha qəddar formada! Xüsusilə sosial şəbəkələrin artan avantürası və təhlükəli yayım başıpozuqluğu fonunda belə addımların ziyanı çoxalır. Yaxşı ki, Türk Şurasında Azərbaycanın təşəbbüsü ilə davamlı olaraq aparılan müzakirələrdə sosial şəbəkələrdə, ümumiyyətlə beynəlxalq sosial platformalarda birgə işləmək kimi mövzular ciddi təqib edilir. Facebook, Tvitter, Youtube və s. kimi siqmentlərdə birgə fəaliyyətin effektini tezliklə görəcəyik və bu bizə imkan verəcək ki, cahil zümrənin daha çox söz sahibi olduğu facebook kimi platformalarda ən azı Türkiyədə olduğu kimi müəyyən qaydalar sistemi yaradaq. Yoxsa, əcayib tendensiyaların şahidi oluruq. Məsələn tutaq ki, bir deputat qəbahətə, cinayətə yol verib. O saat facebook-un pop-ulduzları şilyageri şiltyagerə calayırlar, məndə sığa riki cahan mən mən mən... qaragüruh kompaniyasında son parlament seçkilərində deputat ola bilməyənlər daha fəaldır və onların bir çoxu milli məclisin buraxılmasını tələb edir... A bala niyə? Axı söhbət bir deputatdan gedir?! Sosial şəbəkələrin yönəldiciliyi ilə intensiv, ekstensiv qaralama qampaniyasılna start verilir... Və elə bu yerdə də Media inkişafı üzrə dövlət agentliyinin üzərində işlədiyi Media haqqında Qanunu yada salmaq istərdim. Bu qanun qəbul edilənədək bir sıra boşluqlardan yamaya düşməyimiz təbiidir. Fəaliyyətimizin əsas qanunu üzərində iş ciddi şəkildə gedir. Əlbəttə Qanunun qəbul edilməsi ilə hər şeyin yoluna düşəcəyini zənn etmək sadəlövhlük olardı. Bir az bundan əvvəl qanun verici Eldəniz Səlimovun qanun qoruyucu Zaur Mirzəyevi döyməsindən danışırdıq. Deməli vətəndaşın qanuna münasibətdə hələ də problemi var. Biz hələ başa düşməkdə çətinlik çəkirik ki, ölkənin yiyəsi olmaq lazımdır, yiyəni yox! Çox şeyi düzgün hesablaya bilmirik. Hesablama Palatasınını sədri Vüqar Gülməmmədovla kiçik bir söhbətimiz var. Məncə, faydalı dialoq alındı. Suallar da çoxdu, cavablar da. Amma hamısı bir yerdə 10 dəqiqədir... Məncə bu sualların cavablarına diqqətlə qulaq asılmalıdır ki, sonradan müstəntiq suallarına cavab verməyə lüzum qalmasın. Söhbətimizə təbriklə başlamışıq. Baxın və salamat qalın!

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər