Şamaxıda yollar yenidən qurulur - VİDEO

Şamaxıda yollar yenidən qurulur - VİDEO
126 adda prospekt və küçə təmir ediləcək

Prezident İlham Əliyevin sərəncamına əsasən, Şamaxıda yol infrastrukturunun müasir səviyyəyə çatdırılaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri aparılır.

Ümumi uzunluğu 12,3 km olan 20 adda prospekt və küçədə aparılan yenidənqurma və bərpa işləri artıq yekunlaşmaq üzrədir.

Asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunur, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılır.

Bundan başqa, Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 120-ci km-də paytaxt istiqamətindən Şamaxı şəhərinə və yolun 123-cü km-də Ağsu istiqamətindən Şamaxı şəhərinə giriş-çıxış yollarında nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə eyni səviyyəli yol qovşaqlarının tikintisi aparılır.

Sözügedən layihəyə uyğun olaraq, Ağsu rayonu istiqamətindən Bakı şəhəri istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin 123-cü km-də yerləşən dairəyə daxil olmadan Bakı şəhəri istiqamətində rahat və maneəsiz hərəkətinin təmin olunması məqsədi ilə əlavə hərəkət zolağının tikintisi icra olunur.

Şamaxı rayonunda avtomobil yollarının təmiri və saxlanılması istiqamətində yerli əhəmiyyətli Şamaxı-Çuxuryurd-Zarat-Xeybəri avtomobil yolunun Şamaxı-Əngəxaran hissəsində 3450 metr və Çuxuryurd yaşayış məntəqəsinin daxilindən keçən hissəsində 2300 metr məsafədə yolun asfalt-beton örtüyünün aşınma layı da kompleks tədbirlər çərçivəsində yenidən tikilib.

Bütün işlər qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Ümumilikdə, yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Şamaxıda aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, həm də kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək. Bu isə turizm potensialı yüksək olan rayon üçün xüsusi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Şamaxıda 126 adda prospekt və küçələrdə təmir işlərinin aparılması nəzərdə tutulur.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər