Şiddətə susmağın sonu ölümdür - VİDEO

Şiddətə susmağın sonu ölümdür - VİDEO
Ailədaxili zorakılığa məruz qalan qadınların yalnız 38 faizi boşanır

Azərbaycanda qadınlara qarşı zorakılıq halları ciddi sosial problem olaraq qalmaqdadır. Son günlərin statistikasına nəzər saldıqda görərik ki, ailə-məişət zəminində yaxın 9 gün ərzində 4 qadın öldülüb. Baş verənlər özü-özlüyündə həyəcan təbilinin çalmasına səbəbdir. Digər tərəfdən, normal evliliklərin 50%-i boşanma ilə nəticələndiyi halda, şiddətə məruz qalan qadınların sadəcə 38%-i evliliyini bitirir. Təəssüflər olsun ki, qorxu, təcrid, utanc, uşaq, cəmiyyət və maddi problemlər səbəbi ilə şiddətə məruz qalan qadınlar problemin kənara çıxmasını istəmirlər.

Məişət zorakılığı spesifik olaraq genderlə bağlı davranış olduğundan hadisəni törədənlərin böyük əksəriyyəti də kişilərdir. Mütəxəssislər bildirir ki, çox vaxt öz ailəsində zorakılıq görən və birbaşa olaraq valideyni tərəfindən şiddətə məruz qalan şəxslər bu cür əməllər törədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı araşdırma zamanı məlum olub ki, məişət zorakılığına daha çox 21-35 yaş arası şəxslər məruz qalır. Qurumun rəsmisinin sözlərinə görə, hazırda məişət zorakılığının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflər planı hazırlanır.

Nəticə etibarilə, aparılan araşdırmalar onu deməyə əsas verir ki, ailədaxili şiddətə məruz qalan şəxslərin böyük əksəriyyəti məişət zorakılığı ilə əlaqədar müraciətlərə baxan, məişət zorakılığı qurbanlarına yardım edən təsisatlar barədə məlumatsızdır.

Xatırladaq ki, şiddətə məruz qalan kəslər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun dəstəyi ilə yaradılan 860 nömrəli qaynar xəttə müraciət edə bilərlər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər