“Mənim atam qəhrəmandır“ (VİDEO)

“Mənim atam qəhrəmandır“ (VİDEO)
Şəhid övladlarının səmərəli istirahəti üçün layihə həyata keçirilib

Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün reallaşdırılan “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi, eyni zamanda "Fire Land Production”ın təşkilatçılığı ilə gerçəkləşdirilib.

Mərasimdə şəhid qəhrəmanlarımızın övladları və həyat yoldaşları bu dəfə yoqa idmanı üzrə mütəxəssislərlə məşqlər keçiblər. Məqsəd onlarda idmana maraq oyatmaq, eləcə də qəhrəman övladlarının səmərəli istirahətini təşkil etmək, uşaqlara tək olmadıqlarını, onların daim xalqımızın diqqət mərkəzində olduqlarını hiss etdirməkdir.

Uşaqların əyləncəli günündə iştirak edən müxtəlif nağıl personajları da onlarda unudulmaz təəssürat oyadıb.Türkiyə bayrağı ilə şəkillər çəkdirən şəhid övladları “Bu birliklə əzəmətsən, sən sevgisən, məhəbbətsən, Azərbaycan-Türkiyə!” şüarını səsləndirərək çətin gündə qardaş ölkəyə dəstək ifadə ediblər.

Gecənin xüsusi qonağı olan Xalq artisti Röya Ayxan uşaqların əyləncəsini daha rəngarəng və maraqlı edib.

Sonra tədbirin rəsmi hissəsində Müdafiə Nazirliyinin rəsmisi Aydın Eyyubov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək deyiblər ki, layihənin əsas məqsədi müzəffər Azərbaycan Ordusunun nüfuzunu cəmiyyətdə daha da yüksəltmək, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini yad etmək və gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsinə töhfə verməkdir.

Yekunda qəhrəman şəhidlərimizin ailə fotolarından ibarət videoçarx nümayiş olunub və onların övladlarına “Xarıbülbül” döş nişanları təqdim edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər