Şəhid ailəsinin yol problemi - VİDEO

Şəhid ailəsinin yol problemi - VİDEO
Hökməli bələdiyyəsi problemin həllinə söz verdi

Şəhidlər bizim baş tacımız, and yerimizdir. Hər bir vətəndaş ərazi bütövlüyümüzün bərpası uğrunda canından keçmiş şəhidlərin ruhuna hörmətlə yanaşmalı, onlardan yadigar qalan ailələrin bundan sonrakı həyatının problemsiz davam etməsi üçün əlindən gələni əsirgəməməlidir. Bu əlbəttə ki, dövlət qurumlarının da əsas vəzifələrindən biridir.

Bu gün belə ailələrdən biri – şəhidimiz Malik Əliyevin ailəsinin problemləri haqqında danışacağıq. Əvvəlcə şəhidimiz haqqında qısa arayış verək. 1986-cı il təvəllüdlü Malik Əliyev rütbəcə mayor olub. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan hərbçimiz Füzuli, Hadrut, Cəbrayıl rayonları istiqamətində misilsiz şücaət göstərib. Malik Əliyevin son döyüşü Cəbrayıl rayonu istiqamətində 2020-ci ilin oktyabr ayının 13-də olub. Həmin döyüşdə qəhrəmancasına həlak olaraq şəhadətə yüksəlib.

Bu gün şəhidimizin anası Məleykə xanımın “Problem”ə üz tutma səbəbləri arasında həm təşəkkür var, həm də giley. Belə ki, bir müddət öncə Real TV-yə kanalizasiya probleminə görə müraciət etmiş ananın həmin problemi artıq həllini tapıb.

İndi isə giley haqqında. Məleykə ananın problemi yolla bağlıdır. Daha doğrusu, yaşadığı və artıq şəhid oğlu Malik Əliyevin adını daşıyan küçənin asfaltlanmaması ilə. Gediş-gəlişi müşkülə çevirən bu yolun aqibətini yəqin ki kadrlardan görə bilirsiniz, vəziyyəti şərh etmək isə ananın öhdəsinə düşür.

Sözügedən problemlə bağlı Abşeron rayon Hökməli Bələdiyyəsinin sədri Ramil Orucovla əlaqə saxladıq. Bələdiyyə sədri problemin yaxın zamanlarda həll olunacağını və artıq bu istiqamətdə işlər görüldüyünü diqqətimizə çatdırdı.

Bu problem həllini tapandan, şəhid adını daşıyan küçə onun adına layiq şəkildə təmir olunandan sonra növbəti dəfə Məleykə ananın ziyarətinə gəlmək ümidilə...

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər