Mir Şahinin vaxtı - 22.08.2021 (VİDEO)

Mir Şahinin vaxtı - 22.08.2021 (VİDEO)

REAL Təhlil və informasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir.

Vətəndaş dövlətini öz ailəsi, öz namusu tək qorumalıdır. Qorumalıdır ki, dövlət də onu özü, yəni ailəsi və namusu tək qorusun.

: Amerika Birləşmiş Ştatlarının Prezidentinin bu sözlərini qəribçiliyə salmaq olmaz: "Mən hazırda üzləşdiyimiz faktlarla bağlı dərindən kədərlənirəm, amma Amerikanın Əfqanıstanda hərbi əməliyyatlara son qoymaq qərarından təəssüflənmirəm. Əfqanların özlərinin döyüşmək istəmədikləri müharibədə amerikalıların döyüşməyi və ölməyi düzgün deyil və bu belə olmamalıdır". Azərbaycanın Ermənistan üzərində ədalətli və parlaq qələbəsi həm də bu fikrə özünəməxsus dəstəkdir. Daha doğrusu Azərbaycanlı özü uğrunda. Dövləti. Vətəni uğrunda döyüşmək istədi, döyüşdü, şəhid oldu! Qalib gəldi! Ali Baş komandan İlham Əliyevin Kəlbəcər və Laçına tarixi səfərinə bizim- Kabildən keçərək gəlməyimizin bir neçə səbəbi var.

Birincisi: Əfqanıstanda və Əfqanıstan ətrafında baş verən hadisələr dünyada uzun müddət dəbdə olmuş bir çox dəyərlərin artıq sürətlə sıradan çıxdığını nümayiş etdirdi. Məsələn, kimin ağlına gələrdi ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi bir saat əvvələdək terrorçu təşkilat hesab etdiyi Talibana müraciət edə bilər. Amma etdi!

İkincisi: İnsan haqları və azadlıqlarını təmin etməyə çağırmaq vəkilliyini bütün dünyada öz üzərinə götürmüş Birləşmiş Ştatlar bütöv bir xalqı qısa bir müddətdə öz qanadı altından Kabil Hava limanının stop-da dayanmış təyyarələrinin qanadı altına buraxaraq uçub getdi. İnsan haqqı da, insan azadlıqları da qaldı hava limanının divarlarının o tayında. Amerika getdi. Getdi ki, bundan sonra pozulacaq insan haqları, zorakılığa məruq qoyulacaq insanlar, baş verəcək terror hadisələri və başqa antibəşəri hadisələri pisləyən bəyanatlar versin. Axı ondan mütləq soruşacaqlar: bacarırdın on illər boyu sülhünlə, silahınla mövcud olduğun Əfqanıstanda bir model yaradaydın. Əlində bütün imkanlar olduğu halda bunu etmədən gedib hansı bəyanatı verə bilərsən axı. Və ya kimə lazım olacaq belə ağız-kağız bəyanatlar!??

Əlbəttə, hadisəni onlarla baxış bucağı altından təhlil etmək olar: Kimsə burda Baydenin geridurmasını Rusiyaya qarşı kombinasiya hesab edə bilər. Çünki Əfqanıstanda nəzarəti ələ keçirməklə Taliban həm də Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv olan dövlətlərin, MDB-nin kənarında, deməli Rusiyanın öz tərəfdaşları ilə birlikdə qoruduğu sərhədlərdə dayanacaq. Bu da MDB NATO-su üçün ciddi təhdid olacaq. Təkrar edirəm: ODKB-nin, amma ilk növbədə Rusiyanın başı üçün ağrı yaranacaq. Bayden belə düşünərsə, deməli çox bilmiş qocadır! Və onu da əlavə edim ki, Bayden Rusiyaya qarşı sanksiyaların növbəti paketini də bu həftə elan etdi. Yəni təzyiq tridedir. Çoxölçülüdür.

Amma kiməsə elə gələ bilər ki, bu, Əfqanıstandan ABŞ-ın çıxması elə Rusiyanın öz kombinasiyasıdır, çünki Taliban nümayəndələri ilə Moskva bu hadisələrə qədər də danışıqlar aparmışdı, deməli torbada pişik, yaxud ayı var. Əfqanıstandan Amerikanın çıxması Vaşinqtonun beynəlxalq meydançada Rusiyaya acınacaqlı məğlubiyyəti də sayıla bilər.

Üçüncü rəyə görə, udan Pakistandır. Çünki bu islam dövləti Talibana təsir imkanları sayəsində daha güclü olacaq və eyni zamanda Türkiyənin müdrik addımları ilə müsəlman aləminin nüfuzlu cinahına çevriləcək. Xüsusilə də ona görə ki, Türkiyə Talibanla əməkdaşlığa hazır olduğunu bəyan etdi.

Şah Məsudun oğlu və Əfqanıstanın vitse-prezidenti ətrafında toplanan kiçik müqavimət hərəkatı isə hələkil yalnız kiçik toqquşmalar vəd edir ki, bu da uzun bir vətəndaş müharibəsi anonsudur.

Göründüyü kimi, ehtimallar çoxdur. Amma böyük həqiqət budur: Əfqanıstanın paytaxtı Kabildə dolaşan bu silahlı əcayiblər.

Fərziyyələr çoxdur. Amma böyük HƏQİQƏT budur. Kabil hava limanında baş verən apoakalipsis...

Ən böyük həqiqət həm də Baydenin bu fikirləridir: “Əfqanların özlərinin döyüşmək istəmədikləri müharibədə amerikalıların döyüşməyi və ölməyi düzgün deyil və bu belə olmamalıdır" Bax bu fikirlər. Amma soyuqqanlı şəkildə dərk etməyə çalışaq. Axı sarsılmadan, bir gün də öz məqsədindən geri çəkilmədən mübarizə aparan da elə əfqanlardır. Daha doğrusu əfqanların başqa bir hissəsi. Axı əfqan TALİBAN-da məhz özünün döyüşmək və ölmək istədiyi müharibənin qalibi oldu! Belə çıxır ki, Əl-Qaidə, İŞİD-dən sonra yeni bir müharibə odabaşıları yaranır, ya da yaradılır və bu odabaşılar da islamla, müsəlmanla bağlı olacaqlar. Az əvvəl dedik ki, vətəndaş dövləti, dövlət də vətəndaşı qorumalıdır. Fikrimizi bir az da izah edək. Əfqanıstanda vətəndaş-yəni yerli ordu dövləti, xalqı qorumaq əvəzinə könüllü şəkildə özünü tərksilah etdi və qaçdı. Dövlət də, xalq da məğlub oldu. İndi bundan sonra nə qədər istəyirsən bəhanə gətir. De ki, qan tökülməsini istəmədim. De ki, Taliban Əfqansıtanın dövlət müstəqilliyini qorumağa zəmanət vermiş bolşeviklərdən təşkil olunmuşdu... ona görə inandıq-bütün bunlar təfərrüatdır. Vəssəlam. Bu gün hardan baxırsan bax: Əfqanıstan dövlətinin birinci kabinetinin mənzərəsi belə görünür.

Əfqanıstan bizə yad ölkə deyil. 44 günlük vətən müharibəsində bu dövlət öz dəstəyini imkanı çatdığı qədər nümayiş etdirdi. Yəqin ki, təhlilçiləri bundan sonra həm də Qoşulmama Hərəkatının dünənədək fəal üzvü olşmuş Əfqanıstanın bu estafetlə nə edəcəyi düşündürür. Ötürəcək, ya itirəcək?! Hərəkatda qalacaq, ya gedəcək?! Suallar var. Fərziyyələr var. Gözləyək və elə burda dayanıb gözlədiyimiz yerdə də vaxtı itirməyək bir az daha əvvələ qayıdaq. Öz əvvəlimizə. Yəni keçmişimizə. Amma əvvəlcə bir bu kadrlara da baxaq. Kabil hava limanında Azərbaycan sülhməramlılarının davranışına:

Biz əsgərlərimizə və Birinci döyüşçümüzə qayıdacağıq. Bu kadrları göstərməyimizin səbəbi ayrıdır. Əlbəttə, ölkəmiz dünya sahmanında birbaşa iştirak edir, bu öz yerində, bu məqamın qüruru bir ayrıdır. Amma Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı söylədiyi bəzi fikirləri təftiş etməyi özünə rəva bilənlər də var və belələri məhz həmin bədnam keçmişin, məğlub aqibətin daşıyıcılarıdır. Prezidentin dediyi həqiqətlər bunlar idi:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Kəlbəcərin işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi. Çünki Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında işğal altına düşəndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər idi. Şuşa və Laçının işğalı ilə bağlı artıq Azərbaycanda çox dəqiq təsəvvür var. Hər kəs bilir ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdir. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi, AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı demək olar ki, ermənilərə təhvil verdilər və Şuşa demək olar ki, müdafiə olunmadı. Şuşada olan bəzi silahlı dəstələr Şuşadan çıxdı və faktiki olaraq Şuşa ermənilərə təslim edildi. Məhz bunun nəticəsində Azərbaycanda hakimiyyət böhranı yaşandı və AXC-Müsavat cütlüyü bundan istifadə edib qanunsuz yollarla hakimiyyəti uzaqlaşdırıb, hərbi çevriliş törədib hakimiyyətə gəldi“.

Əvvəlcə bir şey deyim: deməli, artıq neçənci dəfədir ki, Prezident faktlara istinad edərək ən yaxın tariximizi danışır. Xüsusi maraqla izləyirəm ki, o dövrü yaşamış tarixçilər, ziyalılar, alimlər, yazıçılar, şairlər mövzunu necə inkişaf etdirəcək, dövlət başçısının təqdim etdiyi, doğruluğu şübhə yeri qoymayan məlumatların təfərrüatlarını hansı tərzdə çatdıracaqlar. Etiraf edim ki, gözlədiyim materialları ala bilmirəm. Hörmətli alimlər, şahidlər, vətəndaşlar, övladlarınıza tarix öyrədin. Cəmiyyətə danışın. Biz isə elə buna görə ən yaxın tariximizi oktyabr ayından xüsusi layihə ilə təqdim edəcəyik. İndi isə Prezidentin Kəlbəcərin süqutu ilə bağlı söylədikərinə qulaq asaq:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC-Müsavat cütlüyü öz çirkin məqsədlərinə çatmışdı, hakimiyyətdə idi. Təxminən bir ilə yaxın hakimiyyətdə idi. Kəlbəcər 1993-cü il aprel ayının əvvəlində işğal altına düşmüşdü və bunun da günahkarı AXC-Müsavat cütlüyüdür, AXC-Müsavat hakimiyyətidir. Onların xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi. Çünki 1992-ci ilin bahar-yay aylarından onlar demək olar ki, hakimiyyətdə idilər və bir il ərzində ancaq talançılıqla, rüşvətxorluqla, soyğunçuluqla, qanunsuzluqla və digər çirkin əməllərlə məşğul idilər. İndi bir çoxları bunu unudur. Gənc nəsil isə bundan xəbərsizdir. O dövr bizim milli faciəmiz, milli rəzalət dövrü idi. AXC-Müsavat hakimiyyəti dünya miqyasında bəlkə də ən biabırçı hakimiyyətlərdən biri idi, bəlkə də birincisi idi. Ölkə əldən gedirdi, ölkədə vətəndaş qarşıdurması pik həddə çatmışdı, torpaqlar işğal altına düşürdü, ancaq onlar yalnız öz mənafeyini, öz maraqlarını düşünürdülər. Hakimiyyətə gəlmiş antimilli ünsürlər Azərbaycanı demək olar ki, bütün beynəlxalq tərəfdaşlardan, xarici tərəfdaşlardan təcrid etdilər və həm xarici, həm daxili siyasətdə kobud səhvlər buraxdılar və cinayətlər törətdilər. Kəlbəcərin işğala məruz qalması satqın AXC-Müsavat hakimiyyətinin əməlləridir. Kəlbəcər işğal altına düşəndən sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında birbaşa coğrafi bağlantı yarandı və artıq digər torpaqların işğalı da labüd idi. Çünki AXC-Müsavat hakimiyyəti ordu quruculuğuna fikir vermirdi, orduda heç bir islahat aparılmırdı. Əksinə, ordumuzu zəiflətmək üçün hər vasitədən istifadə edirdi”.

Söhbət nədən gedir, bilirsiz? Diqqətli tamaşaçımızın yadında olar: 2019-cu ildə hərbi müxbir İlham Ələkbərov qonağımız idi. Biz onunla AXC-Müsavat cütlüyünün yaratdığı ordudan danışırdıq. İlham döyüşçülərimizin Birinci Qarabağ müharibəsindəki fədakarlığını qeyd etməklə yanaşı, onların çox acınacaqlı vəziyyətdə olduqlarından da bəhs etmişdi. Həmin ağır kadrları yenidən diqqətinizə təqdim edir, eyni zamanda dəhşətli durumda olmasına baxmayaraq fədakarcasına vuruşan əsgər və zabitlərimiz qarşısında baş əyirəm. Baxın. İkinci Qarabağ mühaibəsində atasının, babasınını qisasını alan, torpaqlarımızı işğaldan azad edən, ərazi bütövlüyümüzü bərpa edən, bu gün isə Əfqanıstanda sülh məramına yüksələn döyüşçülərimizin 1992-93-cü illərdəki həmkarlarının o vəziyyətini, AXC-Müsavat rəhbərliyi zamanındakı halını xatırlayaq.

Bax, ordumuzun zəiflədilməsi üçün hər vasitədən istifadə etmək bu idi. Belə zəiflədilirdi ordu! Mən dövlət başçısının çıxışından daha bir parçanı təqdim edirəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Torpaqlar işğal altına düşürdü, onlar isə öz laxlamış hakimiyyətini qorumaq üçün Gəncəni bombalayırdılar. Onlar Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Bu videokadrlar var. Burada ermənilər soyqırımı törədirdilər, şəhərlərimizi viran qoyurdular. Baxın, Kəlbəcər nə gündədir, digər şəhərlər nə gündədir. Onlar isə Azərbaycan əsgərlərini əsir götürüb, öz hakimiyyətini möhkəmləndirmək istəyirdilər”.

Bəli, doğrudan da o videokadrlar var. Azərbaycan əsgərlərinin azərbaycanlılar tərəfindən əsir götürüldüyünü təsdiq edən kadrlar. Məşhur hərbi reportyor Ədil Arifoğlunun arxivindən əldə etdiyimiz bu kadrlara baxın.

Və sonra da “qaçdılar gizləndilər, dövlət səviyyəsində fərarilik etdilər. AXC-Müsavat hakimiyyəti, onun başında duranlar fəraridirlər, satqındırlar, qorxaqdırlar, xaindirlər və bu, əsl həqiqətdir. Bəli, tam şəhadət verirəm ki, belədir. Prezidentə opponentlik edən müxalifət cahiliyyəsi tarixçilərimizin passivliyinə, o zamanların şahidilərinin total qaragüruhun təhdidi qarşısında bu gün susacağına əmindirlər. Ona görə də ultra sırtıqlıq nümayiş etdirirlər. Etiraf etmək əvəzinə ittiham edirlər! Amma İlham Əliyevin qarşısında özünü əbədi borclu hiss etmək, onları tarix qarşısında xəcalətli qalmaq aqibətindən qurtarmış bir Rəhbərə daim minnətdar olmaq lazım idi. Qalib Ali baş komandanı əsassız tənqid etmək cəsarətində bulunmaq kimi, üzr istəyirəm ifadəmə görə, amma başqa söz tapa bilmirəm, sırtıqlıq nümayiş etdirmək həm də tarixi məsuliyyətsizlikdir. Tarix məsuliyyətsizliyidir. Və əgər Prezidentin, Birinci vitse-prezidentin işğaldan azad edilmiş ərazilərdə bu gün arıçılarla səmimi görüşünü belə milli iftixar və xalq qürurunun timsalı hesab etməyə dərrakəsi çatmayan varsa, burda artıq məsələ klinikilikdir. Əlbəttə biz o fikirdə deyilik ki, Prezident Kəlbəcər dağlarına ona görə getmişdi ki, Qurani Kərimdə bir bal arısı surəsi var, bu arıçı ziyarəti və saf bal ziyafəti də mübarək məhərrəm ayına məxsusi salınmışdı. Amma heç nə elə-belə olmur!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

...İcazə versəydiniz, bunlardan Sizə iki dənə hədiyyə verərdim.

Prezident İlham Əliyev: İki dənə çoxdur, yox. Bir dənə bəsdir. Biz Kəlbəcər balından da dadarıq. Hazırdır da bu?

Arıçılar: Bəli, artıq hazırdır. Biri budur, birini də başqa yeşikdən taparam.

Prezident İlham Əliyev: Yox, biri bəsdir. Bir dənə bəsdir dadmaq üçün.

Birinci xanım Mehriban Əliyeva: Bir dənə bəsdir.

Arıçılar: Vuracaq indi.

Prezident İlham Əliyev: Yox, bizə dəyməz, o, bilir ki, biz kimik. Sizdən başqa da arıçılar var?

Arıçılar: Var, başqa arıçılar da var. Pilot layihə kimi 5 arıçı gəldi. Sonra başqa arıçılar gəldilər. Qoy bir dənə də çıxarım.

Prezident İlham Əliyev: Yox, yox bəsdir.

Birinci xanım Mehriban Əliyeva: Orada arı qalıb üstündə.

Arıçı: Bu, tam möhürlü olmadı, istəyirəm tam möhürlüsünü verim.

Prezident İlham Əliyev: Yox, elə bu, kifayətdir.

Birinci xanım Mehriban Əliyeva: Orada arılar var. Çəkirəm.

Prezident İlham Əliyev: Gəlin birlikdə şəkil çəkdirək.

Sağ olun. Mən bütün köçkünlərə söz vermişdim ki, onları dədə-baba yurduna qaytaracağam.

Arıçılar: Biz inanırdıq, ona görə ki, biz Sizə inanırdıq, xalqımıza inanırdıq, şəhidlərimizə inanırdıq. Bizim təsərrüfatımızın builki məhsulunun 20 faizi şəhid ailələrinə yönəldiləcək.

Prezident İlham Əliyev: Çox yaxşı. Yəqin ki, təsərrüfatınızı getdikcə genişləndirəcəksiniz.

Arıçı: Bəli genişləndirəcəyik. Çünki tək Kəlbəcər yox, ümumiyyətlə, işğaldan azad olunmuş torpaqlar arıçılıq üçün böyük yem bazasıdır. Ermənilərin böyük təsərrüfatları var idi burada və ixracla məşğul idilər.

Prezident İlham Əliyev: Sovet vaxtında da Kəlbəcərdə arıçılıq inkişaf etmişdi.

Arıçılar: Kəndin özündə olub sovet vaxtında. Sovet İttifaqında Kəlbəcər balının adı çıxmışdı. Bu adı inşallah, özünə qaytaracağıq.

Prezident İlham Əliyev: Ermənilər çox qanunsuz işlər görüblər, təbiətimizi məhv ediblər, istismar ediblər.

Arıçı: Ata-babalarımızın kökü buradadır, atamın qəbri buradadır. Kəlbəcərdə heç vaxt erməni yaşamayıb.

Prezident İlham Əliyev: Bilirəm, heç vaxt. Amma sonra Kəlbəcəri özününküləşdirmək istədilər, adını dəyişdirməyə çalışdılar. Biz də gəldik, dərsini verdik, torpağımızı geri aldıq.

Arıçılar: Çox sağ olun. Təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun, uğurlar sizə. Çox sağ olun.

Prezident İlham Əliyev: Bütün qohum-qardaşlara salam deyin.

Arıçılar: Allah Sizi bu xalqımıza çox görməsin. Sağ olun.

İndi də bu hadisəni xatırlayaq. Ermənilər Kəlbəcəri tərk edəndə mahiyyət etibarilə ilahi müqəddəslik sayılan bu varlıqlara-bal arılarının evinə, yurduna, nemətinə, balalarına od vurmuşdular. Bu həm də QURANİ-KƏRİM-in Nəhl surəsinə- Bal arısı surəsinə od vurmaq idi.

Və şəhid edilmiş arıların da ruhu azad edilmiş torpaqlarımıza, çiçəklərimizə, bayrağımızın hakimiyyəti altına qaytarılmış bizim səmaya qayıdır. Arılarla bərabər yaranışın ən ədalətli nizamının, ilahi quruluşun maketi də. Əliyev Böyük Qayıdışda bal arısınadək hər şeyi hesablayıb. Yəni müqəddəs qələbə məqamından yanaşanda hər şeydə bir rəmz tapmaq olar. Əlbəttə istərsənsə, arzularsansa... Amma faciəlicəsinə maraqlıdır: Ali Baş komandan sənin tarixə rüsvayçı qiyafədə itələdiyin, yıxdığın dövləti dibdən qaldırır, mənfur məqamdan məğrur məqama ucaldır, həm də səni qərq olduğun alçaqlıdan dikəldir, ən azı sənin korladığını bərpa edib tarixin uca rəfinə qoyur, sən isə ona hər addımda mane olmağa çalışırsan. Cahiliyyə müxalifətçiliyi Böyük Qələbəni həzm edə bilmir. Öz məğlubiyyətini, bu biabırçılığın ruhunu, aorasını qoruyub saxlamağa çalışır. Niyə? Çünki bütün siyasətlərini bu məğlubiyyət platforması üzərində qurublar. İndi Qarabağ münaqişəsi başa çatıb. Əllərindən bu baza, ideoloji möhrə çıxıb. ATƏT-in Minsk Qrupu ab-havasını istəyirlər, danışıqlarda yenidən hansısa statusu müzakirə etməyi istəyirlər. Zəngəzur, Dilican, Göycə, Basarkeçər kimi tarixi adların çəkilməməsini istəyirlər. Oyuncaq müxalifət eynilə ermənilər kimi düşünür. Onların mübarizə üsulları da sinxrondur. Sanki hər iki qütb materialı eyni bazadan alır. Təlimatları da elə ATƏT-in həmin o Minsk qrupuna həmsədrlik edən dövlətlərin, xüsusilə Birləşmiş Ştatlar və Fransanın səfirliklərindən alırlar. Ya Bakıdakı, ya da İrəvandakı səfirliklərdən. Təkrar edirəm: Prezident Şərqi Zəngəzurdan bəhs edir, bu geosiyasi layihənin az qala hər işarəsinin əhəmiyyətini izah edir. Bu proyektin təkcə Azərbaycana deyil, bütün regiona və dünyaya verəcəyi faydanı aşılamağa çalışır. Amma qaragüruh və ya pleps eynilə ermənilər kimi xofa düşür, mövzunu yanlış səmtə yönəldirlər. Prezident hər şeyi öz adı ilə çağırmağa dəvət edir, vadar edir, məcbur edir. Basarkeçərə, Göycəyə, Zəngəzura qayıdacağımızı elan edir. Qaragüruh və pleps isə ermənilər kimi qıcıqlanır. Yəni doğrudanmı anlamaq çətindir ki, Azərbaycan sərhədlərin demarkasiyasından söhbət getdiyi, xüsusilə də Ermənistan ərazi bütövlüyümüzü tanımayacağını həyasızcasına iddia etdiyi bir zamanda bu ritorikanın bir başqa mənası var?! Bu həm də “Ermənistan Azərbaycanın ərazi bötövlüyünü tanımalıdır!” deməkdir! Əks təqdirdə biz də tanımayacağıq-deməkdir! Bu ritorika məhz həmin kursun məntiqi görünüşüdür. Yəni Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürəcəksə, bizim də Ermənistana ərazi iddiamız olacaq! Həm də bizim belə bir iddiaya düşməyimizdən ötrü qarşı tərəfdən fərqli olaraq həm də tarixi əsaslarımız, mənəvi haqqımız var. Əliyevin bu platforması həm də 40-50 il sonra Azərbaycana qarşı baş qaldıra biləcək revanşizmə cavabdır! Əlbəttə, bir gün Şuşanı, 10 gün sonra Laçını, bir il sonra Kəlbəcəri təslim etmiş, satmış məsuliyyətsiz plepsbaşı üçün bunu anlamaq çətindir. Amma biz hər halda daha bir dəfə başa salmağa cəhd etdik...

Əliyevin üslubu bilirsiz həm də nədir? Fikir vermədən, baş qoşmadan, davam etmək. Dünən səngər qazdığı yerdə indi hava limanı tikmək. Daha uca nöqtələr uğrunda. Ən inanılmaz, ağlagəlməz yerlərdə.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Bu gün bu tarixi hadisə baş verir, biz Laçın Beynəlxalq Hava Limanının tikintisinə start veririk. Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz müstəqil Azərbaycan dövlətiyik, buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var. Bu hava limanını inşa edən Azərbaycan şirkəti olacaq. Bu da çox sevindiricidir. Çünki azad edilmiş torpaqlarda yerli şirkətlərin fəal işləməsi önəmli amillərdən biridir. Bizimlə bərabər, böyük layihələrdə qardaş Türkiyə şirkətləri də fəal iştirak edirlər.

Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək. Bu gözəl hadisə münasibətilə Azərbaycan xalqını, laçınlıları, kəlbəcərliləri, bütün keçmiş köçkünləri ürəkdən təbrik edirəm”.

Bu gün Azərbaycan qələbəni artıq realizə etməyə başlayıb. İstər bal arılarının qanadı, istərsə də təyyarələrin qanadı üçün olsun fərq etməz. Qalib Azərbaycan Bayrağının dalğalandığı səmada həm o, həm bu qanada yer var... Müzəffər Ali Baş komandanın rəhbərliyi altında birinci döyüşçüdüən tutmuş sonuncu gözətçiyədək xalqın mükəmməl vəhdəti sayəsində əldə etdiyimiz bu səmanın 28 il əvvəlini xatırlayaq. Biz yerimizi itirib göyə pənah aparmış və sadəcə... qaçmışdıq. Bacarıqsız, məsuliyyətsiz, səriştəsiz, təcrübəsiz və daha nə qədər siz-sız AXC-Müsavat cütlüyünün qoşa qanadılarında.

Yəni kimin də olsa, o pleps qanadının, AXC-Müsavat bədnam güruhunun bu gün Kabil hava limanında Talibanın qarxusundan yük təyyarəsinin içinə, hərbi təyyarənin üstünə doluşmasına istehza ilə yanaşmağa haqqı yoxdur. Təfəkkürcə özləri də elə həmin göyərtədə, həmin trapdadırlar... Hər iki düşərgədə əziyyət çəkən sadə xalq idi.

Qarabağ münaqişəsi bitib. Bizdən ötrü bitib. Bu ovqata mümkün qədər tez köçməliyik. 30 il ərzində öyrəşdiyimiz, qaynayıb-qarışdığmız məğlubiyyət ovqatını kürüyüb içimizdən bayıra atmalıyıq. Amma eyni zamanda da müharibəyə hazır olmalıyıq. Ona görə Kəlbəcərdə və Laçında Əliyev Ali Baş komandan mundirində idi... Ona görə Əliyev yola da hərbi qənimət gözü ilə baxırdı.. Çünki bu həm də döyüş yoludur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Bu asfalt yolu da ermənilər Basarkeçərdən çəkiblər. Kəlbəcərə getmək üçün Laçın dəhlizinə alternativ bir yol çəkmişdilər. Görün, gözəl də yoldur. İndi biz bu yoldan istifadə edirik. Bu yol çəkiləndə Azərbaycan tərəfi buna ciddi etiraz etmişdir. Deyirdik ki, buna yol vermək olmaz. Bu, ermənilərin məskunlaşma siyasətinin bir hissəsidir. Ancaq bizi eşidən olmadı. Nəticədə biz gəldik, bayrağımızı qaldırdıq. Düşməni torpağımızdan qovduq və indi bu yoldan istifadə edirik. Ermənilər isə bu yoldan məhrum oldular. Ona görə bu yolu da hərbi qənimət saymaq olar”.

Müstəqillik hər gün verilən və qəbul edilən imtahandır. Əfqanıstandan da məhz ona görə başladıq ki, beynimizə bu hökmü vuraq. Şahid olduq ki, bütün demokratiya və əhaliləşdirmə-əhilləşdirmə eksperimentlərinə baxmayaraq Əfqanıstanda alınmadı. Başqalarının arzuladığı demokratik dövlət, özgə ağzının dadına hesablanmış xörək alınmadı. Dünyanın ən güclü dövlətinin bütün alət və cəhdlərinə baxmayaraq alınmadı. Deməli Azərbaycan Prezidenti növbəti dəfə haqlı çıxdı. Deməli hər bir xalq öz müstəqilliyini, öz dövlətini özünəməxsus tərzdə qoruyur və bir dövlət üçün keçərli olan qaydalar sistemi başqa dövləti sadəcə dövlət olmaqdan məhrum edir. Reallıqlar qalib gəlir, arzular, illüziyalar yox. Ermənistanın məğlubiyyəti və Azərbaycanın qələbəsinə də məhz bu kontekstdə yanaşılmalıdır. Ali Baş Komandanın müraciətində belə bir mühüm yer də var:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!”

Bu bəyanatda feilin 3 zamanı var. Dünən şəklində: “Ermənistan ordusunu məhv edərək, erməni faşizminin başını əzərək, erməni cəlladlarını məhv edərək, şəhidlərimizin qanını alaraq qayıtdıq! Bu gün var “Qayıtmışıq, bu gün burada durmuşuq!” şəklində. Və gələcək var: Əbədi duracağıq. Prezident bu duruşda tək özü deyil. Xalqın, dövlətin ümumiləşmiş portretidir. Həm də Ermənistanda baş qaldırılmasına cəhd olunan revanşist meyllərə profilaktik mesajdır. Bu həm də əsəblər müharibəsində də vəziyyətə nəzarət edən tərəfin Azərbaycan olması deməkdir. Qələbəmizi şərtləndirən cəhətlərə bir də baxaq:

Ermənistan ideoloji cəbhədə uduzdu. On illər boyu xalqa danışılan yalanlar müharibənin ilk həftəsindəcə tar-mar oldu.

Ermənilərin siyasi məğlubiyyəti Prezident Əliyevin qəti və barışmaz mövqeyi ilə toqquşanda baş verdi.

Hərbi məğlubiyyət dava meydanında qeydə alındı. Bütün uydurulmuş qəhrəmanları şar kimi partladı.

Diaspora söz-söhbətinin boş nağıllığı üzə çıxdı. Azəbaycan bütün dünyada erməni lobbisi bütününü sındırdı.

Dünya mətbuatı ermənilərin əlindədir! təsəvvürünü Əliyevin media master klasları darmadağın etdi.

Və nəhayət 10 noyabr kapitulyasiya aktını xalq sonradan Paşinyana səs verməklə özünəməxsus referendum nəticəsinə çevirdi.

Başlıcası: bu qələbə Azərbaycan xalqının özünəinamını qaytardı! Millətə nə vaxtsa rus şairi Tixonovun sırıdığı şair xalq ayamasını döyüşçü xalq, əsgər xalq, zabit xalq ifadələri əvəz etdi!

Bu gün Azərbaycanın bütün suallara konkret cavabı var. Məsələn belə bir sual: Niyə Xankəndinə girmədik? Cavab: ona görə ki, biz o ərazilərdəki erməniləri əhalimizin tərkib hissəsi hesab edirik. Onları Azərbaycan qanunları ilə yaşamağa öyərədəcəyik, maarifləndirəcəyik, edəcəyik. Hədəf budur. Xankəndində və ətraf kəndlərdə yaşayan ermənilər cəmiyyətimizə mütləq inteqrə edilməlidir. Ölkənin başqa hissələrində yaşayan ermənilər kimi. Başqa bir sual: kapitulyasiya olubsa onda indi atanlar kimdir? Biz kimi susdururuq? Cavab: İkinci dünya müharibəsi başa çatmışdı, amma sonralar hələ uzun müddət ölkə ərazisində faşist vılezkaları ilə, düşmən tör-töküntüləri ilə açıq-gizli döyüşlər aparıldı. Azərbaycan antiterror əməliyyatları da aparır, qaçıb dağlara sığınmış silahlı bandalarla da... Bir sözlə suallar ola bilər. Amma cavablar da olmalıdır. Çünki qaragüruhun artıq çoxdan siyasi yox, kriminal mahiyyət kəsb edən kərimli qalıqları uydurduqları yalanlara o qədər inanıblar ki, artıq hamının hər şeyi və hər kəsi unutduğunu zənn edirlər. Məsələn sosial şəbəkələrdəki səviyyədaş və səviyyəbaşlarına qəflətən bağırırlar ki, biz müharibə zamanı dövlətə dəstək verdik, arxalarınca su atdıq və s. Amma ay bəycik və gəlinciklər axı bu dünən olub, necə belə yalan danışa bilirsiz axı?! Siz deyildinizmi , qoymayın vətəndaşların p-kaplarını apardılar- deyə müharibə ərəfəsində hay-küy qaldıran! Məgər bu p-kapları maşın bazarına aparırdılar? Ya da döyüşün qızğın çağında döyüşənlər arasında zəif iradəliləri tapıb şikayətlərini paylaşmaqla orduda vəziyyətin yaxşı olmadığını sübut etməyə çalışmaqda məqsəd nə idi? Həlledici cinahlarda döyüşlərə rəhbərlik edən ayrı-ayrı komandirlərin, ordu rəhbərliyinin ünvanına ən sərt ittihamlar səsləndirmələr nə idi bəs? axı müharibə gedirdi! Su atırdız hə, amma burnunuzin suyu idi bu ən yaxşı halda. Bir psixoloji məqam da var. Biz Prezidentin Qarabağa, işğaldan azad edilmiş ərazilərə səfərinə öz səfərimiz, hər birimizin səfəri kimi yanaşmağa öyrəşməliyik. Başa düşürəm, xoşbəxtliyə adət etmişik. Şuşada, düz cıdır düzündə şəkil çəkdiririk, Laçında soyuq suda araq sərinlədirik, aramızda hətta Zəfər yolunun asfalt qabığına ağız büzən də tapılacaq... Amma Böyük Qayıdış platforması indi işə düşür. Prezidentin bu gün etdiyinin adı belədir: Qələbənin, müharibənin nəticələrinin möhkəmləndirilməsi. O ideologiya-informasiya savaşını yalnız Ermənistanla deyil, onu himayə edən ölkələrlə də aparır. Ermənistana daha çətindir. Nəzərə alsaq ki, Azərbaycan cəmiyyəti özünün qalib ovqatına bu qədər çətin öyrəşir. Görün 30 illik üstünlükdən 44 gün ərzində məhrum olan on illərin qalib dövlətinin vətəndaşlarının öz məğlub durumlarına alışması nə qədər ağır və çətindir. Prezident bizə qələbəni, düşmənə isə məğlubiyyəti aşılayır. Təsəvvür edin, əgər bizdə, yəni qalib ölkədə---əsrlərin tarixi qələbəsini qəbul etməyənlər, “10 noyabrda biz kapitulyasiyaya uğramışıq, ermənilər yox!” deyən əbləhlər, qələbəmizlə barışmayanlar varsa, Ermənistanda məğlubiyyətilə barışmayanların daxili vəziyyəti necədi... Prezidentin Laçın-Kəlbəcər səfərində səslənən xeyli informasiya məndən ötrü tam yeni oldu. Məsələn, bəlli oldu ki, Kəlbəcər hərbi əməliyyatlar bitdikdən sonra boşaldılsa da, müharibənin taleyini həll edən döyüşlər elə burda olub. Savaşın əvvəlində Murov dağı və ətraf yerlərdəki strateji yüksəkliklərin azad olunması ilə düşmənin hərəkətlərini məhdudlaşdırıb və onlar nəticədə Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilməyib. Prezidentin son çıxışında İşğal dövründə Azərbaycanın təbii sərvətlərini talayan xarici şirkətlərin cinayətləri – ekoloji cinayətləri ilə bağlı fikirlər var idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Ermənilər işğal dövründə, eyni zamanda, bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan edirdilər. Bu işlərdə bəzi xarici şirkətlər onlara yardım edirdi. Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər.

Artıq məhkəmə prosedurları başlamışdır. Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər. Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı bizə ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər.

Bizim meşələrimiz ermənilər tərəfindən məhv edilib. İndi bizim “Azərkosmos”un fotoları var - işğaldan əvvəl neçə min hektar meşə altında idi və indi nə qədərdir. Ağacla dolu olan altmış min hektara yaxın sahəni, meşə fondunu ermənilər dağıdıblar, yəni, kəsiblər. Kəsiblər, talayıblar, aparıblar. Eşitdiyimə görə orada parket işləri, bu biznes çox sürətlə gedirdi. Bu da talançılıqdır. Bu talançılığa görə də cavab verəcəklər. Bizim çaylarımızı zəhərləyiblər. Oxçuçay nə gündədir? Oxçuçay təbii fəlakətdir və onu zəhərləyən yenə də xarici şirkətdir. O şirkət də cavab verməlidir və verəcəkdir. Dəymiş hər bir ziyan hesablanır. Azad edilmiş bütün torpaqlarda, şəhərlərlə, kəndlərdə indi monitorinq aparılır, pasportlaşdırma aparılır, bütün evlərin pasportları hazırlanır, dəymiş ziyan təsbit edilir və biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik.

Təbii sərvətlər talan edilib, istismar edilib, çaylarımız zəhərlənib, meşələrimiz qırılıb, evlərimiz dağıdılıb, məscidlərimiz sökülüb. Bunu kim edib? Ermənilər! Cavab verməlidirlər və verəcəklər.

Böyük Qayıdış dövlətin əsas iqtisadi-siyasi prioritetdir. Belə deyək: Əgər 2020-ci ilin 10 noyabrınadək bir nömrəli vəzifə torpaqlarımızın azad edilməsi idisə, indi bir nömrəli vəzifə həmin torpaqların abad edilməsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Biz isə indi genişmiqyaslı bərpa işlərinə start verdik. O cümlədən Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda. Artıq bu işlərin bir hissəsi bu gün qeyd olundu – yarımstansiya fəaliyyətə başladı, su elektrik stansiyasının tikintisi ilə tanış oldum, Laçın rayonunda beynəlxalq hava limanının təməli qoyuldu, iki tunelin təməli qoyuldu və digər infrastruktur layihələri artıq icra edilməkdədir. Eyni zamanda, biz pilot layihələr kimi Kəlbəcər və Laçın rayonlarının arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərini buraya göndərdik, ezam etdik, şərait yaratdıq ki, onlar işə başlasınlar və artıq bu işlərə də start verildi.

Daha bir tarixi informasiya. Təkrar edirəm, cəmiyyətdə xoşbəxtliklərə öyrəşmək, onların adiləşməsi prosesi baş verir deyə biz bəzən ən tarixi məlumatları belə ötürə bilirik. Bu yol verilməzdir. Məsələn Prezidentin çıxışının bu hissəsinə xüsusilə diqqətlə qulaq asaq:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Biz, eyni zamanda, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk. Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın. Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik

Prezidentin “Zəngəzur və Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq” fikrini isə gələcəyin proqramı kimi yadda saxlamalıyıq. Bu bizim yeni informasiya-təhlil korpusumuzuzun istinad divarı olmalıldır. Və adiləşmiş bəxtəvərliyin daha bir gerçəyi: bir neçə aydan sonra Zəngilan rayonunda… keçmiş köçkünlərin ilk qrupu yerləşəcək. Fikir verirsinizsə biz işğaldan azad edilmiş ərazilərə keçmiş köçkünlərimizin qaytarılmasına Zəngəzurdan başlayırıq! Bu elə belə deyil. Bu tarixə elandır! İnsan şəklində, ailə şəklində yaşayış məskəni cildində elan! Zəngəzur Azərbaycandır. Azərbaycanın adı bayrağı, himni, şəhid tabutu ucalığındadır və o ad indi özünə yeni yanaşma tələb edir. Tam adına layiq! Daha Azərbaycan adlı nəşriyyatın rəhbəri Ağabəy Əsgərovun dilindən səslənən bu ifadəni yox:

Ağabəy Əsgərov: “İT DAMINA DA OLSA VERƏCƏM!”

Azərbaycan adlı nəşriyyatı it damı üçün kirayə verməyə hazır olan Ağabəylə məscidləri donuzlara kirayə verənlər arasında bir mənəvi bağlılıq da ola bilər. Bu adam sözün həm həqiqi, həm də məcazi mənasında “Azərbaycan”ın adını batırır. Ondan ötrü “Azərbaycan” təkcə dırnaqarası yazılmır, həm də dırnaqarası düşünülür. Azərbaycan adlı nəşriyyatın adına olan ehtirama görə bütöv bir prospekt Mətbuat Prospekt adlanır. O isə bu məbədə potensial it damı gözündə baxır. Bu nəşriyyat bir zamanlar ölkənin ən hörmətli binalarından idi. Tələbə vaxtı ora bizi ekskursiyaya aparmışdılar. O da yadıma gəlir ki, bəzi əşyalara və dəzgahlara əllə toxunmağa belə izn vermirdilər. Burda dəhlizdə sakit gəzmək müsafirlərə verilən ilk tapşırıq idi. Respublika mətbuatının doğum evi idi bura. Bəzi işçilər isə tibb bacısı tək elə ağ xalatda da gəzirdilər. Amma indi AZƏRBAYCAN adlı bu nəşriyyat reket yuvasına çevrilib, vulkaniyaziya, maşın alverxanasına çevrilib. Məncə bu qapalı məkanın üzərindən örtüyü götürməliyik. Biz, hüquq-mühahizə orqanları, cəmiyyətin fəalları. Bəlkə zirzəmilərində araq çəkirlər?: Əminəm ki, dırnaqarası Nəşriyyatda yoxlama aparılarsa, maliyyə-təsərrüfat fəaliyyətində, kağız ehtiyatları, insan resurslarının idarə edilməsi, nəşriyyatın balansında olan əmlaklar, icarə sahələri və müqavilələrdə saysız nöqsanlar aşkarlanacaq. Vergi orqanlarına təqdim edilmiş bəyannamələrə baxmaq lazımdır. Yüz faiz görəcəyik ki, reallığa uyğun olmayan göstəricilər var, şahid olacağıq ki, zərər süni surətdə artırılıb. Niyə belə arxayın danışıram: adətən belə qurumların iş üsulu eynidir. Davam edim: Belə bir təftiş üzə çıxara bilər ki, işıq pulundan tutmuş əməkdaşların maaşlarına qədər bütün xərclər dırnaqarası “nəşriyyatın” gəlirindən deyil, dövlət büdcəsindən dövlət sifarişi üzrə qəzetlərin çapı üçün ayrılan vəsait hesabına aparılıb. Yoxlanılsa, o da ortaya çıxacaq ki, mal-material satınalma metodu tətbiq edilmədən orta bazar qiymətlərindən 3-4 dəfə baha alınıb. Faktlar uzrə yeyintilər 100 min manatlarla ölçüləcək. Buna da əminəm. “Azərbaycan” adını dırnaqdan çıxarmaq lazımdır. Hər yerdə və o dırnaqları bu ada it damı kimi baxanların gözünə soxmaq lazımdır. Ağabəy Əsgərov hələ sonadək dərk etmir ki, bu binanı saxlamaq ona görə lazımdır ki, nəşriyyat kimi çalışsın. Nəşriyyatı öldürüb, gəbərdib, binanı istənilən ad altında, hətta it damı kimi saxlamaq lazım deyil. Nəşriyyat deyilsə o bina saxlanılmamalıdır. Nə süni nəfəs aparatında, nə də prezident aparatında.! Onsuz da orda “Gecəniz xeyİrə qalsın!”-ı “Gecəniz xeyrə qalsın!” oxuyaraq hökküldəyən, boğazını arıtlayaraq kiməsəəə sənə vəəəz oxuyanların qaramat yuvasına dönüb və bu oturumların mediaya faydası yoxdur... Kirpi jurnalı olsaydı iynəsinə layiq felyeton olardı... Ağabəy və onun dırnaqarası nəşriyyatı. Belə. Biz bu gün Talibandan qaçıb Amerika birləşmiş Ştatlarına məxsus yük təyyarələrinə doluşan, dırmaşan biçarə əfqanların çıxdığı təyyarələrin qanadından da, 93-cü ildə Kəlbəcərdən camaatı çıxaran AXC-Müsavat helikopterinin qanadından da, təməli bu həftə qoyulan Laçın hava limanına tez bir zamanda enəcək Azərbaycan təyyarələrinin qanadından da, Kəlbəcərə Azərbaycanın birinci döyüşçüsünün sayəsində və NƏHL surəsində qayıdan bal arılarının qanadından danışdıq. Bal arılarının iynəsi də olur. Amma onlar sancan kimi özü ölür. Biz isə başqa iynədən danışacağıq. Yaşatmaq üçün sancılan iynədən. Planetar fəlakət-COVİD-19-la mübarizənin əsas silahlı qüvvəsinin əsas sursatından: Peyvənddən. Həmsöhbətimiz Azərbaycan Respublikasının səhiyyə nazirinin birinci müavini Teymur Hacıyevdir. Bu müsahibədə biz təkcə pandemiya ilə mübarizədən yox, həm də peyvənd mədəniyyətindən, dövlətin səhiyyə strategiyasından, narkomaniya ilə mübarizənin gedişindən də danışmışıq. Baxın. Maraqlı müsahibədir.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər